Məhkəmə qərarları › İş №2(106)-1245/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1245/2024

05.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1245/2024 05.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-724/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızının avtoqəza zamanı vurulması nəticəsində ona vurulmuş 8500 manat məbləğində maddi ziyanın və 1500 manat məbləğində mənəvi zərərin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) iddia qismən təmin olunmuş, Cavabdeh maddi ziyanın əvəzi olaraq 4500 manatın və mənəvi zərərə görə 1500 manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh 72 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Cavabdeh apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, iş materiallarının 66-cı vərəqində olan ödəniş qəbzinin surətindən görünür ki, 14 avqust 2023-cü il tarixində apellyasiya şikayətinin verilməsinə görə 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsindən də göründüyü kimi, o, qiymətləndirilən iddialara aiddir və iddianın ümumi qiyməti 10000 manatdır. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin ödənilməsinə görə dövlət rüsumunun məbləği birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsinin qiymətinə deyil, ümumi iddia tələbinin qiymətinə uyğun hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətinin verilməsinə görə 60 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən həm də o müəyyən edilir ki, apellyasiya şikayəti cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində hazırkı işə əlavə edilməmişdir. Beləliklə, onun elektron kabinet vasitəsilə verilməsini və elektron imza ilə imzalanmasını da müəyyən etmək mümkün olmur. Nəzərə alınmalıdır ki, Cəlilabad Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrin sırasına daxildir. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-724/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar