Məhkəmə qərarları › İş №2(106)-1253/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1253/2023

07.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1253/2023 07.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Həsənov Ramin Rizvan oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)353/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 avqust 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, "xxxx" ASCnin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 1060 manat borcun silinməsi və bununla bağlı tərtib olunmuş aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Biləsuvar rayon Ağayrı kəndində yaşayır. Evinə qanunamüvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. Hər ay 10-12 manatlıq elektrik enerjisindən istifadə edir və pulunu ödəyir. 2022-ci ilin dekabr ayının 24-də saat 18 radələrində onun işıq sayğacından işıq keçməməklə qaranlığa qalmışdır. Sahə nəzarətçisinə telefon edərkən, o, toy şənliyində olduğunu bildirmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, sayğaca gələn naqilin yararsız olduğunu bilmək üçün əlavə naqili dirəyə çəkmişdir ki, işığın yanmamasının naqildən, yaxud sayğacdan olmasını aydınlaşdırsın. Bu vaxt ona məlum olmuşdur ki, sayğacda problem var. 10 dəqiqə sonra işıq idarəsinin əməkdaşları gəlib ona bildirmişlər ki, guya o, sayğacdan kənar işıqdan istifadə edir. Halbuki, belə bir hal olmamışdır. O, onlara bildirmişdir ki, işıq sayğacdan keçmir. Lakin onlar buna əhəmiyyət verməmişlər. Bundan iki gün sonra "xxxx" ASC-nin işçiləri gəlib onun işığını sayğacdan ayırmışlar. O, bununla bağlı işıq idarəsinə gedərək sayğacın naqilində problem olduğunu bildirmişdir. Ona bildirmişlər ki, onu 1060 manat cərimə etmişlər, həmin pulun 60 faizini ödəyərsə işığı qoşulacaq. O, 2 gün işıqsız qaldığından, evdə ağır xəstəsi olduğundan məcburuyyət qarşısında qalıb 60 faiz qanunsuz cəriməni ödəmişdir. 28 dekabr 2022-ci il tarixdə işıq idarəsinin əməkdaşları gəlib işığı qoşarkən görmüşlər ki, sayğacdan elektik enerjisi keçmir. Onlar bundan sonra sayğaca baxış keçirərkən sayğaca giriş naqilin izolyasiyanın altında naqilin qırıq olduğunu müəyyən etmiş və onun dediyinin həqiqət olduğunu başa düşmüşlər. Həmin naqili dəyişərək işığı bərpa etmişlər. Lakin buna baxmayaraq qanunsuz aktı dəyişdirməmişlər. Dəfələrlə onun cərimə olunmasına dair Aktı işıq idarəsindən istəsə də ona verməmişlər. Bu yaxınlarda ona bəlli olmuşdur ki, işıq idarəsinin əməkdaşları 24 dekabr 280652 saylı Akt yazaraq göstərmişlər ki, guya o, işq xəttinə əlavə xətt qoşmuşdur. Buna gərə də onu cərimə etmişlər. O, həmin Aktı qanunsuz və əsassız hesab edir. Belə ki, əgər 24 dekabr 2022-ci il tarixdə Akt yazılırdısa ona bildirilməli və Akta imza etməsi təklif olunmalı idi. Qanunun tələbinə görə 2 hal şahidi dəvət edilməli və ya videoçəkilişı aparılmalı idi. Lakin bunların heç biri olunmamış və ona bəlli deyil ki, bu Akt harada yazılmışdır. Ona görə hesab edir Akt qanunsuzdur. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)353/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: N.Mirzəyev), İddiaçı Azərişıq ASC tərəfindən barəsində tərtib olunmuş 24 dekabr 2022-ci il tarixli 280652 saylı aktın ləğv olunması və 1060 manat cərimənin onun abonent hesabəndan silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Quliyev X1 Rayon Məhkəməsinin 2(022)353/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qəbul olunmuş qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Biləsuvar Rayon Məhkəməsinin 2(022)353/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Elektrik enerjisindən istifadə Qaydaları”-nın: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.9-cu bəndinə əsasən Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10-cu bəndinə əsasən Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)353/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X1 rayonu Ağayrı kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Ağayrı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 01 saylı arayışından görünür ki, Quliyev X1 rayonu Ağayrı kəndində yaşayır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 24 dekabr 2022-ci il tarixli AKT R № № 280652 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********00146 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent 0,4 kv-luq hava xəttindən kabel vasitəsi ilə əlavə xətt qoşaraq sayğacdan kənar elektrik enerjisindən istifadə edir.. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir . Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.17-1-ci bəndində nəzərdə tutulan pozuntular “İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda.....” aşkar edilmiş yəni iddiaçının yaşadığı evdə elektrik enerjisindən qanunsuz olaraq kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilmişdir. Qeyd olunan pozuntu müvafiq olaraq iddiaçının iddia ərizəsində həmçinin birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmə iclasında verdiyi ifadədən də aydın olur. Belə ki, o iddia ərizəsində qeyd etmişdir ki, “.................. Mən məcburiyyət qarşısında qalıb, sayğaca gələn naqilin yararsız olduğunu bilmək üçün əlavə naqili dirəyə çəkdim ki, işığın yanmaması naqildəndi, yoxsa sayğac işığı buraxmır”. Göründüyü kimi, iddiaçı iddia ərizəsində əlavə naqilin çəkildiyini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, əgər işıqla bağlı hər hansı bir nasazlıq var idisə belə bu iddiaçıya həmin nasazlığın özü tərəfindən aradan qaldırılması həmçinin nasazlığın sayğacdan və ya naqildən olduğunu yoxlamaq üçün əlavə naqil çəkməsi hüququnu vermir. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Həmin nasazlıqların aradan qaldırılması vəzifəsi isə enerjitəchizatı müəssisəsinə üzərinə düşür. Kollegiya hesab edir ki, mübahisəli 1060 manat məbləğində cərimələnməsinin iddiaçı tərəfin qüsurunun olması sübuta yetirilir. Odur ki kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla əksini tapmayan formal mülahizə hesab edir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyinəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)353/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)353/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar