Məhkəmə qərarları › İş №2(106)-1264/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1264/2023

05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1264/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakı ilə, Cəbrayıl Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzinin və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 120 manat məbləğində xidmət haqqının tutularaq, özünün xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh onun keçmiş qayınatasıdır. Belə ki, o, X4 ilə 26 may 2019-cu ildə rəsmi nikaha daxil olmuş, Cəbrayıl Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Onların arasında olan nikah münasibətləri qısa müddətli olmuş və 05 iyun 2020-ci il tarixdə faktiki olaraq ayrılmışlar. Belə ki, keçmiş əri Anar 05 iyun 2020-ci il tarixdə onu aldadaraq, məcburi qaydada valideynlərinin yaşadığı evə göndərmişdir. “Məcburi köçkün” statusu olduğu üçün Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən ona 60 (altmış) manat məbləğində aylıq müavinət verilir. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən ona 2020ci ilin iyun ayından etibarən 2022-ci ilin noyabr ayınadək ümumilikdə 1680 (min altı yüz səksən) manat məbləğində müavinət ödənilmiş, X4 ilə rəsmi nikahda olduğu üçün hesablanmış aylıq müavinətin 1500 (min beş yüz) manat məbləği keçmiş qayınatası Cavabdeh kart hesabına və rəsmi nikahlarına xitam verildikdən sonra isə 180 (yüz səksən) manat məbləği isə atası Xankişiyev Mətləb Cəmil oğlunun kart hesabına köçürülmüşdür. 05 iyun 2020-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək keçmiş əri Anar ilə rəsmi nikah münasibətlərində olsa da, faktiki olaraq ayrı yaşamışdır. Hesab edir ki, keçmiş əri X4 ilə rəsmi nikah münasibətlərində olsa da, faktiki olaraq ayrı yaşadıqları müddət ərzində Cavabdeh əsassız olaraq ona ayrılmış 1500 (min beş yüz) manat məbləğində müavinəti əldə etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, oğlu Anar ilə Qətibə xanım 26 may 2019-cu ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili səbəblərə görə Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onların rəsmi nkahına xitam verilmişdir. Onlar ailə qurduqdan sonra ər-arvad kimi Sumqayıt şəhəri, yeni yaşayış sahəsi, məhəllə 3 ünvanda yerləşən fərdi yaşayış evində yaşamış və birgə təsərrüfat aparmışlar. İddiaçı “məcburi köçkün” statusu olduğu üçün Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən ona 60 (altmış) manat məbləğində aylıq müavinət verilir. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən ona 2020-ci ilin iyun ayından etibarən 2022-ci ilin noyabr ayınadək ümumilikdə 1680 (min altı yüz səksən) manat məbləğində müavinət ödənilmişdir. Onlar rəsmi nikaha daxil olaraq, ailə qurduğu üçün Qətibə xanıma hesablanmış aylıq müavinətin 1500 (min beş yüz) manat məbləği onun kart hesabına və rəsmi nikahlarına xitam verildiyi üçün 180 (yüz səksən) manat məbləği isə Qətibə xanımın atası Xankişiyev Mətləb Cəmil oğlun kart hesabına köçürülmüşdür. Keçmiş gəlini Qətibə xanım müalicə olunduğu, hamiləliyi və doğuşdan sonrakı müddətdə həm onların evində, həm də valideynlərinin evində yaşamışdır. Onların ailə münasibətləri 2022-ci ilin fevral ayından etibarən gərginləşməyə başlamışdır. Belə ki, onlar 28 fevral 2022-ci il tarixdə mediatora müraciət edərək, uşağın saxlanması üçün aliment öhdəliyi ilə bağlı 10 mart 2022-ci il tarixdə “Mediasiya prosesi nəticəsində barışıq sazişi” bağlamışlar. 2022-ci ilin fevral ayından etibarən 2022-ci ilin avqust ayınadək, yəni 6 (altı) ay müddət ərzində İddiaçı ayrılmış ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində aylıq müavinət onun kart hesabına köçürülmüşdür. Bu səbəbdən də, o, 360 (üç yüz altmış) manat məbləğində pulun ondan tutularaq, İddiaçı xeyrinə ödənilməsinə razıdır. Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 04 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində pul və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qaldırılması üçün ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu, İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmi olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Apellyasiya şikayətinə görə, məhkəmə Mülki Məcəllənin 1091 və 1093-cü maddələrini pozmuşdur. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmi olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı əri ilə 05 iyun 2020-ci ildən faktiki ayrılmışlar. Arada iki ay barışıq olsa da sonradan yenidən ayrı yaşamışlar. İddiaçıya məxsus müavinət də həmin vaxtdan qayınatasının kartına köçürülmüşdür. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında göstərmişdir ki, keçmiş gəlini Qətibə xanım müalicə olunduğu, hamiləliyi və doğuşdan sonrakı müddətlərdə həm onların evində, həm də valideynlərinin evində yaşamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatlar dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İddiaçı keçmiş qayınatası olmuş Cavabdeh 1500 manat məbləğində pulun tutulmasını tələb etmiş, tələbini onunla əsaslandırmışdır ki, “Məcburi köçkün” statusu olduğu üçün Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmış 60 manat məbləğində aylıq müavinət 2020-ci ilin iyun ayından cavabdehin kart hesabına köçürülmüşdür. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091- 1092-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq pul vəsaitinin və ya malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına məxsus vəsaiti, yaxud başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. İzahatlardan müəyyən edilir ki, İddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış 60 manat vəsait iddiaçı ilə cavabdehin oğlunun birgə nikahda olduğu vaxt ərzində Cavabdeh kart hesabına köçürülmüşdür. Cəbrayıl Rayon İcra Hakimiyyətinin 102 saylı, 15 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı 2020-ci ilin iyun ayından etibarən 2022-ci ilin noyabr ayınadək 1680 (min altı yüz səksən) manat məbləğində vahid aylıq müavinət ödənilmişdir. Ödənilən məbləğin 1500 (min beç yüz) manatı hissəsi qayınatası Cavabdeh İbrahiç oğlunun kart hesabına və 180 (yüz səksən) manatı isə atası Xankişiyev Mətləb Cəmil oğlunun kart hesabına köçürülmüşdür. İzahatlardan müəyyən edilir ki, iddiaçıya məxsus vəsaitin ilkin olaraq (birgə yaşadıqları müddətdə) cavabdehin kartına ödənilməsinə İddiaçı etiraz etməsə də sonradan tərəflər arasında münasibətlər pozulmuşdur. Cavabdeh iddia edilən məbləğin onun kart hesabına köçürüldüyünü etiraf etmişdir. Cavabdehin etirazı ondan ibarətdir ki, iddiaçı onun oğlu ilə birgə nikahda olduğu dövrdə tələb etməsi əsassızdır, belə ki, iddiaçı onlarla birgə yaşamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona əsaslanmışdır ki, iddiaçının cavabdehin ailə üzvlərindən ayrılıqda yaşaması müəyyən edilmir. Belə ki, məhkəmə iş materiallarında olan “Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Minbaşılı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 saylı, 22 fevral 2023-cü il tarixli arayışı”nın mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab etmişdir ki, həmin arayış, İddiaçı 05 iyun 2020-ci il tarixdən etibarən faktiki olaraq ayrı yaşamasını sübut etmir. Belə ki, həmin arayışda “İddiaçı ailə üzvlərinin və qonşularının deməsinə görə 05 iyun 2020-ci il tarixdə küsülü vəziyyətdə valideynlərinin yanına gəlməsi” kimi yazılmış qeyd məhkəmə tərəfindən ciddi qəbul edilməməlidir. Çünki obyektiv cəhətdən icra nümayəndəsinin ərazidə yaşayan sakinin hansı tarixlərdə valideynlərinin yanına gəlib-getməsini, eləcə də küskün və ya digər formada olub-olmamasını müəyyən etmək imkanı qeyri-mümkündür. Xüsusilə də belə bir qeyd İddiaçı işdə marağı olmaq ehtimalı kifayət qədər yüksək olan yaxın qohumları (valideynləri) məlumatına əsasən qeyd edilmişdir. Beləliklə, həmin arayış işin obyektiv həll olunmasına görə yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən ciddi qəbul edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsassız nəticəyə gəlmişdir. İddiaçı izahatında bildirmişdir ki, öz ərindən faktiki olaraq, 05 iyun 2020-ci ildən ayrılmışlar. Arada iki ay barışıq olsa da sonradan yenidən ayrı yaşamışlar. İddiaçının, Cavabdeh və onun oğlu ilə birgə yaşamaması, nikahın məhkəmə qaydasında pozulmasınadan xeyli əvvəldən faktiki olaraq ailə münasibətlərinə xitam verilməsi nikahın pozulmasına dair Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. Bununla yanaşı, Kollegiya qeyd edir ki, iddiaçı üçün ayrılan və iddia edilən 1500 manat məbləğində müavinətin cavabdehin kart hesabına köçürülməsi mübahisəsizdir. Bu halı hər iki tərəf təsdiq edir. Cavabdeh, iddiaçının ailə üzvü deyil. İddiaçı ödənilən vəsait də onun özünə aiddir, onun əmlakıdır. Cavabdehin bu vəsaitə hər-hansı hüquq yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddia edilən pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya verilməsini (qaytarılmasını) sübut etmək vəzifəsi cavabdehin üzərindədir. Cavabdeh isə bu halı sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissəsə işin hallarını düzgün müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da həmin hissədə qətnamənin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia əsaslıdır, ona görə iddia tam təmin edilməli, cavabdehdən tələb edilən, əsassız varlanma nəticəsində əldə edilmiş 1500 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə tərəflər dövlət rüsumu ödəməkdən azadddırlar. İddiaçı hüquqi xidmətin göstərilməsi üçün 110 (yüz on) manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə həmin hissədə cavabdehdən 100 manat tutulmasını təmin etmişdir. Bu hissədə mübahisə yoxdur. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə də iddia təmin edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tam təmin edilməli, cavabdehdən 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 100 (yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(072)-144/2023 saylı qətnaməsi qismən- iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tam təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar