Məhkəmə qərarları › İş №2(106)-1265/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1265/2024

16.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1265/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan cehiz əşyalarının onun evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuşlar. Sonradan nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehə məxsus olan cehiz-əmlakları ona məxsus olan evdə qalmışdır. İddiaçı məxsus olan evdə olan cehiz əmlakı götürməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş lakin müraciətinə heç bir məhəl qoyulmamışdır. Daha sonra o Mediasiya Şurasına müraciət etmiş ərizəsi mediator X7 tərəfindən icraata götürülmüş və ona xx.xx.2024-cü il tarixli 00510 nömrəli X3 iştirak edilməməsi barədə arayış verilmişdir. Mediasiya sessiyasinin keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci ödəmiş və bu mediator tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli 00510 nömrəli arayışda öz əksini tapmışdır. Onlara məxsus fərdi yaşayış evində qalmış əşyalar: Qonaq dəsti mebeli (Şifoner, güzgülü termo, taxt, tumba və 1 ədəd oturacaq), Yataq dəsti mebeli (divan, 2 kreslo, jurnal stolu, qorka, və televizor altlığı), Lüstur yataq otağı üçün (6 şamdanlı), Xalça 1 ədəd (çiçi xalçası), Xalça 4 ədəd (İran istehsalı qonaq otağı üçün), 3 ədəd yerli xalça (palaz), 4 ədəd tək adamlıq yun döşək, 5 ədəd yorğan, 1 ədəd taxt yorğanı, 9 ədəd tük balış, 6 ədəd nalça, 2 ədəd xovlu adyal, 2 ədəd yun balış, 7 ədəd taxt üçün dəst, 7 ədəd bir nəfərlik dəst, 7 ədəd tək adamlıq yataq örtüyü, 10 ədəd tək adamlıq balış üzləri, Çaynikli elektrikli çaydan (Tefal) 1 ədəd, Tozsovuran “geepas” markalı 1 ədəd, Ətçəkən maşın “geepas” 1 ədəd, Ütü “geepas” markalı 1 ədəd, Əl mikseri “geepas” 1 ədəd, Elektrik sobası 1 ədəd, 2 dəst boşqab dəsti (hər dəstdə 48 ədəd olmaqla), 15 ədəd kiçik, 12 ədəd orta, 18 ədəd düz aş boşqabı, böyük dərin boşqab, böyük ovalşəkilli, 2 ədəd orta ölçülü oval şəkilli aş buludu, maskura, 32 ədəd kasa, 24 ədəd yemək qaşığı, 24 ədəd çay qaşığı, 24 ədəd çəngəl, 12 ədəd tort çəngəli, 24 ədəd meyvə bıçağı, 6 ədəd yağ bıçağı, 6 ədəd aş qaşığı, sadə armudu stəkan, 36 ədəd nəlbəki, 3 mərtəbəli meyvə qabı, 2 dəst (hər dəst 6 ədəd olmaqla) tort boşqabı, Dəst dairəvi boşqab seti 1 böyük, 6 balaca və 2 duz qabı ilə birlikdə, çaynik, 1 ədəd qazan dəsti, çaydan çaynik dəsti ilə birlikdə, qənd qabı, çay servisi, 1 ədəd kofe servisi, 1 ədəd yemək dəsti servisi, xrustal meyvə qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, qrafin 6 stəkanla birlikdə, 6 ədəd xrustal armudu stəkan, 6 ədəd xrustal çay stəkanı, 12 ədəd xrustal rumka, 6 ədəd xrustal duz qabı, şüşə qrafin 6 stəkanla birlikdə, 1 dəst qaşlı şüşə rumka, 1 ədəd bogema qrafin və 6 sok stəkanı ilə birlikdə, kofe fincanı 6 nəlbəki ilə birlikdə, çay fincanı (nəlbəki iləbirlikdə), əl-üz dəsmalı, 10 ədəd bədən dəsmalı, 38 ədəd çay dəsmalı, çay süfrəsi, 3 ədəd jurnal stolu üçün süfrə, çuğun qəhvədan, 2 dəst 3 lü qapaqlı çuğun qazan dəsti (1-i böyük 1-i balaca), aliminum xəmir qabı, 1 ədəd qabaqlı aliminum tava, 2 ədəd balaca qapaqlı aliminum qazan, böyük nikel sini, ərizəçiyə məxsus diplom, tibbi sertifikat, qiymət kitabçası və doğum haqqında şəhadətnamə cehiz-əmlak əşyaları qalmışdır. Əlavə olaraq bildirir ki, həmin bu cehiz əmlakların siyahıya alınması barədə cavabdeh məhkəməyə müvəqqəti təminat tədbiri ilə bağlı ərizə ilə müraciət etmişdir. İcra məmurları gəlib cehiz-əmlaka baxış keçirən zaman əmlakların evdə olduğunu təsdiq edən akt da tərtib etmişdirlər. Cavabdeh onları könüllü götürməkdən boyun qaçırır. Qanunvericiliyə uyğun olaraq o ilk növbədə Mediasiya Şurasına müraciət etmiş cavabdeh mediasiya prosessində iştirak etmədiyindən mediatorun səyləri ilə cehizəmlakı çıxarılmasına çalışılsa da bu hərəkətlər heç bir nəticə verməmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında bildirdi ki, məhkəmə cehiz əşyalara baxış keçirilməsini və götürülməsini bildirsədə heç kim gəlməmişdir. Onun oğlu 1 il 7 ay bundan əvvəl cavabdehlə boşanmışdır. Bu müddət ərzində cavabdeh əşyaları gəlib aparmamışdır. Əşyaların hamısı həyətə yığılmış və əşyalara heç bir zərər dəyməyib. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi, cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Orxan Bayramov), iddia təmin edilərək Cavabdeh məxsus əşyalar – Qonaq dəsti mebeli (Şifoner, güzgülü termo, taxt, tumba və 1 ədəd oturacaq), Yataq dəsti mebeli (divan, 2 kreslo, jurnal stolu, qorka, və televizor altlığı), Lüstur yataq otağı üçün (6 şamdanlı), Xalça 1 ədəd (çiçi xalçası), Xalça 4 ədəd (İran istehsalı qonaq otağı üçün), 3 ədəd yerli xalça (palaz), 4 ədəd tək adamlıq yun döşək, 5 ədəd yorğan, 1 ədəd taxt yorğanı, 9 ədəd tük balış, 6 ədəd nalça, 2 ədəd xovlu adyal, 2 ədəd yun balış, 7 ədəd taxt üçün dəst, 7 ədəd bir nəfərlik dəst, 7 ədəd tək adamlıq yataq örtüyü, 10 ədəd tək adamlıq balış üzləri, Çaynikli elektrikli çaydan (Tefal) 1 ədəd, Tozsovuran “geepas” markalı 1 ədəd, Ətçəkən maşın “geepas” 1 ədəd, Ütü “geepas” markalı 1 ədəd, Əl mikseri “geepas” 1 ədəd, Elektrik sobası 1 ədəd, 2 dəst boşqab dəsti (hər dəstdə 48 ədəd olmaqla), 15 ədəd kiçik, 12 ədəd orta, 18 ədəd düz aş boşqabı, böyük dərin boşqab, böyük ovalşəkilli, 2 ədəd orta ölçülü oval şəkilli aş buludu, maskura, 32 ədəd kasa, 24 ədəd yemək qaşığı, 24 ədəd çay qaşığı, 24 ədəd çəngəl, 12 ədəd tort çəngəli, 24 ədəd meyvə bıçağı, 6 ədəd yağ bıçağı, 6 ədəd aş qaşığı, sadə armudu stəkan, 36 ədəd nəlbəki, 3 mərtəbəli meyvə qabı, 2 dəst (hər dəst 6 ədəd olmaqla) tort boşqabı, Dəst dairəvi boşqab seti 1 böyük, 6 balaca və 2 duz qabı ilə birlikdə, çaynik, 1 ədəd qazan dəsti, çaydan çaynik dəsti ilə birlikdə, qənd qabı, çay servisi, 1 ədəd kofe servisi, 1 ədəd yemək dəsti servisi, xrustal meyvə qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, qrafin 6 stəkanla birlikdə, 6 ədəd xrustal armudu stəkan, 6 ədəd xrustal çay stəkanı, 12 ədəd xrustal rumka, 6 ədəd xrustal duz qabı, şüşə qrafin 6 stəkanla birlikdə, 1 dəst qaşlı şüşə rumka, 1 ədəd bogema qrafin və 6 sok stəkanı ilə birlikdə, kofe fincanı 6 nəlbəki ilə birlikdə, çay fincanı (nəlbəki iləbirlikdə), əl-üz dəsmalı, 10 ədəd bədən dəsmalı, 38 ədəd çay dəsmalı, çay süfrəsi, 3 ədəd jurnal stolu üçün süfrə, çuğun qəhvədan, 2 dəst 3 lü qapaqlı çuğun qazan dəsti (1-i böyük 1-i balaca), aliminum xəmir qabı, 1 ədəd qabaqlı aliminum tava, 2 ədəd balaca qabaqlı aliminum qazan, böyük nikel sini, ərizəçiyə məxsus diplom, tibbi sertifikat, qiymət kitabçası və doğum haqqında şəhadətnamə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdırlar ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, kollegiya iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən “mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur”. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahiblikdən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2024 saylı, 20 may 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Muğan Bələdiyyəsi tərəfindən daxil olmuş arayışdan görünür ki, Muğan qəsəbə sakini xx.xx.1963-cü il təvəllüdlü Qarayev X4 rayon Muğan qəsəbəsində ailə üzvləri ilə birlikdə xx.xx.1994-cü ildə tikilmiş özünə məxsus fərdi yaşayış evində yaşayır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair Hacıqabul rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş JN-558F KOD:91000018 saylı şəhadətnamədən görünür ki, Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X1 rayonu Muğan qəsəbəsində atası xx.xx.1962-ci il təvəllüdlü İddiaçı və anası xx.xx.1962-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Hacıqabul rayon məhkəməsinin 16(071)-52/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilərkən icra vərəqəsində qeyd edilən əmlakdan yalnız “Kamot, 6 şamdanlı lüstur və ətçəkən maşından” başqa digər əmlak siyahıya alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Hazırkı işdə hər iki instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 157.4, 157.8 və 164.1-ci maddələrinə istinad etmişlər. İddiaçı iddia tələbində iddia edir ki, cavabdeh ilə rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuşlar. Sonradan nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehə məxsus olan cehiz-əmlakları ona məxsus olan evdə qalmışdır. İddiaçı məxsus olan evdə olan cehiz əmlakı götürməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş lakin müraciətinə heç bir məhəl qoyulmamışdır.. Kollegiya əvvəlcə MM-in 164.1-ci maddəsi ilə bağlı qeyd edir ki, bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Məhkəmənin tətbiq etdiyi MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmə bu qaydada hüquqi dəyərləndirmə aparmış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli mübahisəli evin mülkiyyətçisi olmasa da həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olduğu, ona görə də iddiaçının həmin evə gözlənilən mülkiyyət hüququnun olması, cavabdehə məxsus əmlakların isə həmin evdə qalmasının iddiaçının sahiblik və istifadə hüququnu pozduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehə aid əşyaların fərdi yaşayış evində saxlanılması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.” qənəatinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ qanunla qorunur və bu hüquq mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, “mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur”. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasdən isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində həmçinin qətnamənin qanunsuz və əsassız olmasını bildirsə də, konkret olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsinin həmçinin gəlinən nəticənin işin faktiki hallarına uyğun olmamasının nədən ibarət olmasını göstərməmişdir. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar