Məhkəmə qərarları › İş №2(106)-1293/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1293/2023

31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1293/2023 31.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı aktların etibarsız hesab edilməsi və aktlara əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(041)-509/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ‘‘Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış ümumilikdə 604,8 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evdə Ağsu RQİİ ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 15758 nömrəli alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edir. Yaşadığı evin qaz abunə kodu da öz adınadır. Bu yaxınlarda istifadə etdikləri təbii qazın dəyərini ödəyərkən onun hesabına 604,8 manat məbləğində qaz pulu hesablandığını görmüşdür. Bununla bağlı Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinə müraciət edib hesablanan borcun nəyə görə hesablandığı ilə maraqlanarkən orada onun barəsində xx.xx.2017-ci il tarixdə ******* nömrəli və xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini və xx.xx.2017-ci il tarixdə tərtib edilmiş akta əsasən itirilmiş dəbii qazın miqdarının 1944 kub metr müəyyən edilib 388,8 manat məbləğində, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən itirilmiş təbii qazın miqdarı 2160 kub metr müəyyən edilib 216 manat məbləğində, hər iki akt üzrə ümumilikdə 604,8 manat məbləğində borc hesablandığını bildirmişlər. Bundan sonra o, barəsində tərtib edilən xx.xx.2017-ci il tarixdə ******* nömrəli və xx.xx.2021-ci il tarixdə ******* nömrəli aktları və hər iki akt üzrə Dəymiş ziyanın bərpasına dair tələbnamələri almış və həmin sənədlərə baxanda ona hər iki akt üzrə həqiqətən də ümumilikdə 604,8 manat borc hesablandığını görmüşdür. Kürdəmir Xidmət Sahəsində hər iki aktın istifadə etdiyi qaz sayğacına labaratoriyada baxış keçirilərkən müdaxiələ halı müəyyən edildiyinə görə yazıldığını bildirmişlər. O, cavabdeh təşkilatın əməkdaşları ilə razılaşmayaraq istifadə etdiyi qaz sayğaclarının küçədə yerləşməklə heç bir qoruyucu şkafının olmadığını və sayğaclara müdaxilə etmədiyiklərini bildirsə də heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə barəsində tərtib edilən aktların heç birindən onun məlumatı olmamış, akta imza etməkdən imtina etməsi aktlarda qeyd edilsə də həmin aktlar imza edilməsi üçün ona təqdim edilməmişdir. Hesab edir ki, həmin aktlar etibarsız hesab edilməli və hər iki akta əsasən ona hesablanmış ümumilikdə 604,8 manat borc onun adına qeydə alınmış abonent hesabından silinməlidir. Ona görə də cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış ümumilikdə 604,8 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, "Azəriqaz” X2 RQİİ-nin ünvan 3 ünvanında yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacına 2017-ci və 2021-ci illərdə növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Mənzildən açılmış qaz sayğacları hər iki halda növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə sayğacın plastmas qapağının yan hissəsinin kənar təsir nəticəsində əzildiyi, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Bundan sonra İddiaçı yaşadığı evdə istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2017-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın miqdarı 1944 kub met hesablanmaqla dəyəri 388,8 manat, xx.xx.2021-ci il tarixli, 0258130 nömrəli akt üzrə itirilmiş təbii qazın miqdarı 2160 kub metr hesablanmaqla dəyəri 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq iddiaçının hesabına vurulmuşdur. Ona görə də İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı Birliyininin əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış ümumilikdə 604,8 manat məbləğində borcun onun hesabından silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(041)-509/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021- ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə 388,8 manat borc, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə 216 manat borc olmaqla, ümumilikdə 604,8 manat məbləğində borcun İddiaçı hesabından silinməsi, Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, "Azəriqaz” İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər [rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfdindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, iddiaçı akta imza etməkdən imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmiıı edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və bunun üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən mülki iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, 15758 nömrəli müqavilədən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricxisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilənhesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində "Azəriqaz” İstehsalat Birliyinin Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2017-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə "sayğacın plastmas qapağının yan hissəsi kənar təsir nəticəsində əzilib”. göstərilmişdir. Qeyd edilən akt "Azəriqaz” X1 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçının aktı imza etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş "Azəriqaz” İB-nin X6 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat və 08 kub metr/saat, orta günlük iş rejimi 6 və 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 1944 kub.metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində "Azəriqaz” X1 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2021-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə "sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var və təbii qaz itgisi yaranmışdır”. göstərilmişdir. Qeyd edilən akt "Azəriqaz” X1 RQİİ-nin Kürdəmir XS- nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçının aktı imza etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş "Azəriqaz” İB-nin X6 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 2160 kub.metr üzrə hesablanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(041)- 509/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Kürdəmir Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(041)-509/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(041)-509/2023 nömrəli qətnaməsi cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar