Məhkəmə qərarları › İş №2(106)-1301/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1301/2025

08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1301/2025 08.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(072)-135/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan 26 fevral 2022-ci il tarixli “qəbz”in surətindən görünür ki, qəbzdə 26 fevral 2022-ci il tarixdə “Mən Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır) əl borcu 1100 (min yüz) manat pul aldım, vaxtında qaytarmasam qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan 30 mart 2022-ci il tarixli “qəbz”dən görünür ki, qəbzdə 30 mart 2022-ci il tarixdə “Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır...) 1650 (min altı yüz əlli) manat əl borcu pul aldım” qeydi yazılmışdır. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “qəbz”dən görünür ki, qəbzdə 15 aprel 2022-ci il tarixdə “Mən Yusifov X3 (Nadirəni Nazilə adlandırır...) 1150 (min yüz əlli) manat əl borcu aldım, 3 (üç) ay ərzində qaytarmasam qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli “qəbz”in surətindən görünür ki, qəbzdə 01 iyul 2022ci il tarixdə “Mən Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır...) 1100 (min yüz) manat əl borcu pul aldım. 3 (üç) ay ərzində qaytarmasam, qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan 04 avqust 2022-ci il tarixli “qəbz”dən görünür ki, qəbzdə 04 avqust 2022-ci il tarixdə “Mən Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır...) 1510 (min beş yüz on) manat əl borcu pul aldım, 4 (dörd) ay ərzində qaytarmasam qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli “qəbz”dən görünür ki, qəbzdə 06 sentyabr 2022-ci il tarixdə “Mən Cavabdeh Yeni Suraxanıda yaşayan Nazilədən (Nadirəni Nazilə adlandırır...) əl borcu 400 (dörd yüz) manat aldım, vaxtında qaytarmasam qanun qarşısında cavab verməyə hazıram” qeydi yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cavabdeh uzun müddətdir tanıyır. Belə ki, Cavabdeh ondan müxtəlif vaxtlarda, yəni 30 mart 2022-ci il tarixdə 1650 (min altı yüz əlli) AZN məbləğində, 15 aprel 2022-ci il tarixdə 1150 (min yüz əlli) AZN məbləğində, 04 avqust 2022-ci il tarixdə 1510 (min beş yüz on) AZN məbləğində, 06 sentyabr 2022-ci il tarixdə 400 (dörd yüz) AZN məbləğində, 26 fevral 2022-ci il tarixdə 1100 (min yüz) AZN məbləğində və 01 iyul 2022-ci il tarixdə 1100 (min yüz) AZN məbləğində, ümumilikdə 6910 (altı min doqquz yüz on) AZN məbləğində borc pul almışdır. Bu barədə Cavabdeh öz xətti ilə yazdığı əlyazması da vardır. Onun Etimadın anası Almaz xanım ilə yaxın münasibəti olduğu üçün pulun borc verilməsinə dair notarial qaydada yazılı “borc” müqaviləsi bağlanmamışdır. Qarşılıqlı razılığa əsasən Cavabdeh 3-4 ay müddət ərzində həmin borc pul məbləğini ona geri qaytarmağı öz üzərinə öhdəlik götürmüşdür. Düzdür, Cavabdeh ümumilikdə 6910 (altı min doqquz yüz on) AZN məbləğində borc pulun bir hissəsini ona geri qaytarmışdır. Belə ki, səhv etmirsə, o, Polisə şikayət etdikdən sonra Etimad 500 (beş yüz) AZN məbləğində pulu onun bank kartı hesabına, atası Natiq kişi 600 (altı yüz) AZN məbləğində pulu onun bank kartı hesabına (daha sonra atası Natiq kişi bu işə qarışmış və ona demişdir ki, Etimadın borcunu o ödəyəcəkdir...), qardaşı Etibar 1000 (min) AZN məbləğində pulu şəxsən əlbəəl, qayınatası İlşad kişi 1000 (min) AZN məbləğində pulu şəxsən əlbəəl və 400 AZN məbləğində pulu onun bank kartı hesabına (daha sonra qayınatası İlşad kişi bu işə qarımış və ona demişdir ki, Etimadın borcunu o ödəyəcəkdir...) ödəmişlər. Eyni zamanda, şahid X2 ifadəsinə etiraz edərək bildirmişdir ki, Etimadın qardaşı Etibarın özünün ona pul borcu olduğu üçün məhz özünün borcunu ödəmək üçün 2000 (iki min) AZN məbləğində pulu ona geri qaytarmışdır. Eyni zamanda, şahid X1 ifadəsinə etiraz edərək bildirmişdir ki, Etimadın qayınatası İlşad kişi Etimadın borcuna görə ona ümumilikdə 1400 (min dörd yüz) AZN məbləğində puldan başqa, 1000 (min) AZN məbləğində pulu geri qaytarmamış və ya ödəməmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh qalan 3400 (üç min dörd yüz) AZN məbləğində borc pulu bu günədək ona geri qayratmamışdır. O, qalan borc pul məbləğinin geri qaytarılması barədə dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hətta o, bu barədə Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin mübahisə mülki hüquqi xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 3400 (üç min dörd yüz) AZN məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ç.Mustafayev adına “Pioner” düşərgəsində yaşayır. İddiaçı uzun müddətdir tanıyır. Belə ki, o, İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 6910 (altı min doqquz yüz on) AZN məbləğində borc pul almışdır. Bu barədə onun öz xətti ilə yazdığı və imzaladığı əlyazması da vardır. Nadirə xanımın anası Almaz xanım ilə yaxın münasibəti olduğu üçün pulun borc verilməsinə dair notarial qaydada yazılı “borc” müqaviləsi bağlanmamışdır. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri həqiqətə uyğun deyil. Belə ki, o, atası Natiq kişi və qayınatası İlşad kişi müxtəlif vaxtlarda onun İddiaçı olan borc pulu geri qaytarmışlar. Daha doğrusu, Nadirə xanım Polisə şikayət etdikdən sonra özü 500 (beş yüz) AZN məbləğində pulu onun bank kartı hesabına, qardaşı Etibar (atası Natiq kişi hər dəfə 1000 manat pulu qardaşı Etibara vermişdir ki, onun Nadirəyə olan pul borcunu ödəsin...) 3 dəfəyə 1000 (min) AZN məbləği olmaqla, ümumilikdə 3000 (üç min) AZN məbləğində pulu şəxsən əlbəəl, qayınatası İlşad kişi təxminən 500-600 AZN məbləğində pulu Nadirə xanımın bank kartı hesabına və bir neçə dəfə ümumilikdə 2000 (iki min) AZN məbləğində pulu Nadirə xanıma ödəmişlər. Hətta o, Polisdə araşdırma zamanı 1900 (min doqquz yüz) AZN məbləğində pul vermişdir ki, Nadirə xanıma olan borcu bağlansın və mübahisəyə son qoyulsun. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “pul” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin (hakim Tərlan Nüsrətov) e-2(072)-135/2025 saylı, 27 may 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 385.1, 442, 739.1, 739.2, 405.1, 406.1, 406.2, 406.3, 331.1, 1.1, 1.2, 5.3, 6.1.1, 6.1.2, 6.1.5, 324.1, 324.2, 324.4, 329.2, 357, 389.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 218.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, 1. İddiaçı ilə Cavabdeh arasında yazılı formada bağlanmış “borc” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi; 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı, bununla yanaşı, cavabdeh tərəf etirazının (iddiaçı tərəfindən mübahisələndirilməyən və (və ya) cavabdehin izahatını, şahidlərin ifadəsini təkzib edən, lakin məhkəməyə təqdim edilməyən təkzibedici hallar istisna olmaqla...) əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etmədiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla qismən öz təsdiqini tapdığı üçün iddia qismən təmin edilməli, Cavabdeh 410 (dörd yüz on) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh iddiaçıdan 2022-ci ilin aprel ayından sentyabr ayına olan müddət ərzində ümumilikdə 6910 manat məbləğində pul alaraq hər məbləği aldıqda verdiyi qəbzdə qaytarma müddətini göstərməklə yanaşı «qaytarmasam qanun qarşısında cavab verməyə hazıram» cümləsini də qeyd etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı verdiyi 6910 manat məbləğindən qaytarılmış pulları nəzərə alaraq cavabdehin ona hazırda 3400 manat borcu qalmasını iddia edir, cavabdeh isə iddiaçıdan 5400 manat borc almasını və bu məbləği tam qaytarmasını iddia edir. Əvvəla qeyd edir ki, cavabdehin ümumilikdə iddiaçıdan 6910 manat məğbləğində borc pul alması və bu məbləğlə bağlı qəbzlərin mövcudluğu işin mübahisəsiz halı olmaqla qəbzlər iş materiallarına əlavə edilmişdir. İkincisi də, məhkəmə qətnamədə gəldiyi nəticəsinə gələrkən cavabdehin iddia tələbini qəbul etməməsinə dair izahatı və şahid ifadələrini göstərməklə kifayətlənmiş, iddiaçının tələbinin əsası kimi istinad etdiyi mühüm və diqqətə layiq hallara dair irəli sürülən dəlillərə və şahid ifadələrinin mötəbər olmamasına isə düzgün qiymət verməmişdir. Halbuki, qanunvericiliyə əsasən işdə olan sübutları təhliletmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbuledilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə qətnamədə göstərilən normalarının tələblərini pozaraq Cavabdeh iddiaçıya məhz 3400 (üç min dörd yüz) AZN məbləğində pul borcu olmasını tam əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim edə bilməməsi və cavabdehin iddiaçıya qaytarılmamış olan borcunun 410 manat olması kimi səhv nəticəyə gəlmişdir. Məhkəmə bu səhv nəticəsini İddiaçı tərəfindən Cavabdeh ona məhz 410 (dörd yüz on) AZN məbləğində borcu olmasına dair məhkəməyə təqdim edilmiş sübutların kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanması, gətirdiyi dəlillər əsaslı hesab edilməsi ilə əsaslandırmışdır. Məhkəmə Cavabdeh ona məhz 410 (dörd yüz on) AZN məbləğində borcu olmasına dair nəticəsini əsasən şahid ifadələri əsasında qurarkən nəzərə almamışdır ki, Etimadın Nadirənin bank kartı hesabına köçürdüyü 500 manat pul, Etimadın atası Natiq kişinin Nadirənin bank kartı hesabına köçürdüyü 600 manat pul, atası Natiqin bu işə qarışandan sonra qardaşı Etibar 1000 (min) AZN məbləğində pulu şəxsən əlbəəl, qayınatası İlşad kişi də bu işə qarışandan sonra 1000 (min) AZN məbləğində pulu şəxsən əlbəəl və 400 AZN məbləğində pulu onun bank kartı hesabına ödəmələrini iddiaçı özü etiraf etdiyindən məhz qalıq borc olan 3400 manat qaytarılmadığından əvvəl polisə, sonra isə məhkəməyə müraciət etməli olmuşdur. 410 manatdən başqa qalan məbləğləri qaytarılmış hesab edən məhkəmə Etimadın qardaşı Etibarın atası Natiqin hər dəfə 1000 manat pulu qardaşı ona Nadirəyə olan pul borcunun ödəməsi üçün 3 dəfəyə 1000 (min) AZN məbləği verməsini və onun da şəxsən əlbəəl ümumilikdə 3000 (üç min) AZN məbləğində Nadirəyə ödəməsini, həmçinin Etimadın qayınatası İlşadın 2 dəfəyə 1000 (min) AZN məbləği olmaqla, Nadirəyə ödədiyi ümumilikdə 2000 (iki min) AZN məbləğində pul verməsini yalnız şahid ifadələri əsasında müəyyən etmişdir. Lakin məhkəmə iddiaçının cavabdehin qardaşıEtibarın özünün iddiaçıya pul borcu olduğu üçün məhz özünün də borcunu ödəmək üçün 2000 (iki min) AZN məbləğində pulu ona geri qaytarması kimi dəlilinə diqqət yetirməmiş və ya yetirmək istəməmişdir. Başqa sözlə, Etibarın özünün iddiaçıya məhz özünün borcunu ödəmək üçün 2000 (ikimin) AZN məbləğində pulu ona geri qaytarmasını qardaşının borcuna çıxmışdır. Həmçinin də Etimadın qayınatası İlşad kişi Etimadın borcuna görə ona ümumilikdə 1400 (min dörd yüz) AZN məbləğində puldan başqa, 1000 (min) AZN məbləğində pulu geri qaytarmamasına dair iddiaçının dəlilinə məhkəmə düzgün qiymət verməmiş, nəyə görə bu hissədə Etimadın qayınatası İlşad kişinin ifadəsinin inandırı və mötəbər olmasını isə ümumiyyətlə araşdırmamışdır. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, tərəflər arasında borc münasibəti olub, 6900 manat məbləğində cavabdeh iddiaçıdan borc alıb. Həmin borcdan 3400 manat ödənilməmiş qalmışdır. Cavabdeh məhkəmədə bildirdi ki, qəbzdə göstərilən məbləği deyil, cəmi 5400 manat borc alıb, onun müəyyən hissəsinin ödənişini edib. İddiaçı cavabdehi polisə şikayət edib. Halhazırda iddiaçıya borcu olduğunu qəbul etmir. Cavabdeh tərəfindən 3500 manat ödəniş edilib, 3400 manat borcu qalıb. Əgər daha artıq ödəniş edibsə, qəbzlərini məhkəməyə təqdim etsin. Borc olaraq qalan 3400 manatın ödənişi ilə bağlı yalnız şahid ifadələri var. Şahidlərin bildirdikləri ödənişləri toplasaq borc məbləğindən də çox edir. Birinci instansiya məhkəməsində cavabdehin iştirak etdiyi bir iclasda cavabdeh özü etiraf edir, qəbzdəki məbləği tam qəbul etməsə də, 5400 manat borcunu qəbul edir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmiş, teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, Cəbrayıl rayon Məhkəməsinin 27 may 2025-ci il, e-2(072)-135/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməlidir. Mülki iş üzrə tərəflər arasında mübahisə, İddiaçı Cavabdeh müxtəlif tarixlərdə ümumilikdə 6910 (altı min doqquz yüz on) manat borc pul verməsi və həmin borcun yalnız bir hissəsinin qaytarılması, qalan 3400 manat məbləğin ödənilməməsi iddiası ilə bağlıdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırdığını göstərərək, nəticədə iddianı qismən təmin etmiş, cavabdehdən yalnız 410 manat borcun tutulmasına dair qətnamə qəbul etmişdir. Lakin iş materiallarının, şahid ifadələrinin və təqdim edilmiş yazılı sübutların təhlili göstərir ki, birinci instansiya məhkəməsi sübutların hüquqi çəkisini, qarşılıqlı əlaqəsini və sübutetmə yükünün bölgüsünü düzgün qiymətləndirməmiş, nəticədə səhv hüquqi nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların mötəbərliyinə və hüquqi qüvvəsinə lazımi qiymət verilməmişdir. Göründüyü kimi, iş materiallarında Cavabdeh öz əli ilə yazdığı qəbzlər mövcuddur. Hər bir qəbzdə konkret tarix və məbləğ göstərilmişdir. Bu ifadələr təkcə borcun faktını deyil, həm də cavabdehin borc öhdəliyinin hüquqi nəticələrini dərk edərək bu öhdəliyi qəbul etdiyini göstərir. Belə sənədlər Mülki Prosessual Məcəllənin 80.1-ci maddəsinə əsasən birbaşa və yazılı sübut hesab olunur və şahid ifadələrinə nisbətən daha yüksək hüquqi dəyərə malikdir. Birinci instansiya məhkəməsi isə bu sənədlərin hüquqi gücünü nəzərə almadan, nəticəsini əsasən şahid ifadələrinə söykənərək formalaşdırmışdır. Bu, sübutların iyerarxik dəyərinin pozulması deməkdir və MPM-nin 88-ci maddəsində nəzərdə tutulan sübutlara obyektiv, hərətəfli və tam baxılmasını nəzərdə tutan qiymətləndirmə prinsipinə ziddir. Bundan əlavə Kollegiya qeyd edir ki, iş üzrə dindirilmiş şahidlərin hamısı cavabdehlə yaxın qohumluq münasibətində olan şəxslərdir. Bu hal isə onların işin nəticəsində maraqlı ola biləcəyini göstərir və belə şahidlərin ifadələri yalnız başqa obyektiv sübutlarla təsdiq olunduğu halda hüquqi əhəmiyyət kəsb edə bilər. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan, həmin şahidlərin ifadələrini “təkzib olunmaz və bir-birinə uyğun faktlara əsaslanan sübutlar” kimi qiymətləndirib və nəticəsini məhz onların dediklərinə əsasən formalaşdırıb. Əslində isə bu ifadələr arasında ziddiyyətlər mövcuddur, məbləğlər fərqli göstərilmiş, ödənişlərin kim tərəfindən və hansı məqsədlə edildiyi dəqiq izah edilməmişdir. Buna baxmayaraq, məhkəmə onların ifadələrinə obyektiv dəyər vermədən nəticə çıxarmışdır. Bundan başqa birinci instansiya məhkəməsi sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77 və 78-ci maddələrinə əsasən, hər bir tərəf öz tələbinin və ya etirazının əsasını sübut etməyə borcludur. Əgər cavabdeh tərəf borc almasını etiraf edir, lakin borcu qaytardığını iddia edirsə, artıq sübutetmə yükü həmin şəxsə – borcluya keçir. Hazırki işdə cavabdeh Etimad borc almasını açıq şəkildə etiraf etmişdir. Buna görə də o, borcun qaytarıldığını sübut etməli idi. Lakin birinci instansiya məhkəməsi bu prinsipi tətbiq etməyərək, sanki borcun qaytarılmadığını iddiaçının sübut etməsi vəzifəsinin olması kimi yanaşıb. Beləliklə, sübutetmə yükü prosessual cəhətdən yanlış istiqamətə yönəldilmişdir. Bu isə MPM-nin 77-ci maddəsinin mahiyyətinə ziddir. Birinci instansiya məhkəməsi həmçinin hesablamalarda daxili məntiqi uyğunsuzluğu və fakt ziddiyyətlərini nəzərə almamışdır. Qətnamədə “ümumi borc 6910 manat, ödənilmiş 6500 manat, qalıq 410 manat” göstərilsə də, şahid ifadələri və ödəniş ardıcıllığı bu nəticəni dəstəkləmir. Belə ki, Etibarın 3 dəfəyə 1000 manat olmaqla ümumilikdə 3000 manat ödədiyi göstərilsə də, iddiaçı əsaslı şəkildə bəyan etmişdir ki, bu məbləğin 2000 manatı Etibarın öz şəxsi borcunun qaytarılması ilə bağlı olmuşdur. Həmçinin, İlşadın 2 dəfəyə 1000 manat və 400 manat köçürmə etməsi qeyd edilsə də, iddiaçı bu ödənişlərin cəmi 1400 manat olduğunu, qalan 1000 manatın ödənilmədiyini bildirmişdir. Bu ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış, onların səbəbi və hüquqi mənsubiyyəti müəyyən edilmədən yekun riyazi fərq əsasında nəticə çıxarılmışdır. Beləliklə, faktiki vəziyyət 6500 manat ödənişin baş verdiyini deyil, qalıq 3400 manat borcun qalmaqda olduğunu göstərir. Məhkəmə bu halları nəzərə almadan yalnız rəqəmlərin fərqinə istinad etmiş, bununla da sübutların məntiqi ardıcıllığını və daxili uyğunluğunu pozmuşdur. Birinci instansiya qətnaməsində sadəcə qeyd olunmuşdur ki, “iddiaçının etirazı formal mülahizələrə əsaslanır”. Lakin bu “formallığın” nədən ibarət olduğu, niyə belə qiymətləndirildiyi və hansı sübutlarla ziddiyyət təşkil etdiyi göstərilməmişdir. Halbuki məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onların qəbul və ya rədd edilmə səbəblərini də aydın izah etməlidir. Əsaslandırma tələbinə əməl edilməməsi nəticəsində qəbul edilən qətnamə hüquqi sabitlik və ədalətli məhkəmə araşdırması hüququ prinsiplərinə cavab vermir. Beləliklə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi sübutların növ iyerarxiyasını (yazılı və şifahi sübutların dəyər fərqini) düzgün müəyyən etməmiş, sübutetmə yükünü yanlış istiqamətə yönəltmiş və nəticədə sübutların qiymətləndirilməsi baxımından daxili məntiqi uyğunluğu pozmuşdur. Məhkəmə cavabdehin borcu etiraf etməsi faktını nəzərə almamış, bu halda sübutetmə yükünün Mülki Prosessual Məcəllənin 77 və 78-ci maddələrinə uyğun olaraq borcun ödənilməsini sübut etmək vəzifəsini cavabdehin üzərinə keçirdiyini tətbiq etməmişdir. Halbuki, borcun etiraf olunduğu hallarda artıq iddiaçı deyil, cavabdeh borcun qaytarıldığını sübut etməli idi. Birinci instansiya məhkəməsi bu prosessual prinsipi nəzərə almadan əksinə, sübutetmə yükünü iddiaçıya yönəltmişdir. İddiaçı yazılı qəbzlər, bank köçürmələri və şahid ifadələrinə qarşı faktiki etirazlar təqdim etməklə iddiasını hüquqi baxımdan əsaslandırmış, cavabdeh isə yalnız ailə üzvlərinin subyektiv ifadələrinə istinad etmiş, borcun ödənilməsini təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Bu səbəbdən, sübutların dəyəri, ardıcıllığı və obyektivliyi baxımından iddiaçının mövqeyi daha əsaslı və hüquqi cəhətdən sübut olunmuş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.

2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(072)- 135/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi:

İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(072)-135/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar