Məhkəmə qərarları › İş №2(106)-1302/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1302/2023

31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1302/2023 31.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(064)-1897/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 822,56 ABŞ dollarının Azərbaycan manat məzənnəsi ilə ekvivalenti olan 1400 manat məruz qaldığı zərərin əvəzinin və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC-nin Babək filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə cavabdeh həmin bank təşkilatından 5000 ABŞ dolları kredit götürmüş və o. digər 3 nəfər şəxs (X1, Gözəlov Məhəbbət inşallah oğlu, X4) ilə birlikdə həmin kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icra edilməsinin təminatı kimi zamin dayanmışdır. Cavabdeh krediti götürmüş, istifadə etmiş, lakin ödəmədiyi üçün Füzuli rayon məhkəməsinin 2(064)-2100/2021 nömrəli, xx.xx.2021-cı il tarixli məhkəmə qətnaməsi ilə 2232,71 ABŞ dolları kredit borcunun, 602,1 ABŞ dolları faiz borcunun, 100 ABŞ dolları cərimə borcunun, 30 manat dövlət rüsumunun İddiaçı, Cavabdeh, X2, Gözəlov Məhəbbət inşallah oğlu, X3 müştərək qaydada tutulması qət edilmişdir. Həmin məbləğin 822,56 ABŞ dolları (Azərbaycan manatı ilə 1400 manat) hissəsi ondan tutularaq banka ödənilmişdir. Belə ki, onun istifadəsində olan avtomobilə həbs qoyulduğuna və habelə əmək haqqına tutma yönəldiyinə görə o həmin borcu ödəməyə məcbur olmuşdur. Bunun da nəticəsində İddiaçı zamin kimi 822,56 ABŞ dolları (Azərbaycan manatı ilə 1400 manat) bankın xeyrinə tutulmuşdur və borc tam ödənilmişdir. Cavabdehin təqsirindən o, qeyd edilən məbləğdə zərərə məruz qalmış və hesab edir ki, həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Ona görə də. hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, cavabdehin mövqeyi bəlli olmamışdır. Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(064)-1897/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 822,56 ABŞ dollarının Azərbaycan manatı ilə ekvivalenti olan 1.400 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 35 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın 321 ABŞ dolları hissəsində təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işi araşdırarkən, öz qətnaməsində onlar arasında olan borc məbləğinin yaranma səbəbini və dəqiq miqdarını tam araşdırmamışdır. "xxxx" QSCyə ödənilmiş 822 dollar pulun 500 dollar hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Həmin qəbz cavabdehdə deyil, iddiaçıda qalmışdır. Birinci instansiya məhkəməsi onunla iddiaçı arasında hansı öhdəlikdən, hansı növ hüquq münasibətlərindən əmələ gəlmiş öhdəliklərin onun tərəfindən yerinə-yetirilməli olmasını göstərməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin hansı öhdəliyi icra etmədiyini, aralarında ödəməni təsdiq edəcək yeganə sənəd olan Bank ödəmələrini lazımi qaydada araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı onun kredit borcu üzrə zaminlərdən biri olmuşdur. Qeyd etmişdir ki, iddiaçını birbaşa olaraq tanımamışdır. Onunla dostu Anar vasitəsilə tanış olmuşdur. Dolların bahalaşması ilə əlaqədar ödənişlər edə bilməmiş, buna görə də bank onları məhkəməyə vermiş və kredit borclarını tələb etmişdir. Məhkəmə bununla bağlı müvafiq qətnamə çıxarmışdır. Dostu Anar ona zəng vuraraq Əkbərin avtomobilinin üzərinə həbs qoyulduğunu bildirmiş, buna görə də borcu ödəməsini xahiş etmişdir. O da Anara 500 dollar pul göndərmişdir ki, Əkbər borcundan ödənişlər etsin. Əkbər tərəfindən ödənilmiş qəbz üzrə pulun 500 dollarını o vermişdir. Buna görə də apellyasiya şikayətini müdafiə etmişdir. İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və göstərmişdir ki, cavabdehin dedikləri həqiqəti əks etdirmişdir. O, məhkəməyə düzgün izahat vermir. 822.56 dolları özü ödəmişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün qərar qəbul etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın 321 ABŞ dolları hissəsində təmin edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1 -ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsıdıar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxıl olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbim ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh-borclu Cavabdehla "xxxx" QSC-nin Babək filialı arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə cavabdeh bankdan 5.000 ABŞ dolları kredit götürmüş və cavabdeh İddiaçı digər şəxslərlə birlikdə həmin kredit müqaviləsi üzrə cavabdeh-borclunun öhdəliklərinin icra edilməsinin təminatı kimi zamin dayanmışdır. Cavabdeh krediti götürmüş, lakin ödəmədiyi üçün Füzuli Rayon Məhkəməsinin 2(064)-2100/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə 2232,71 ABŞ dolları kredit borcunun, 602,1 ABŞ dolları faiz borcunun, 100 ABŞ dolları cərimə borcunun, 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən, o cümlədən cavabdeh-zamin İddiaçı tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, qətnamə üzrə qət edilmiş həmin məbləğin 822,56 ABŞ dolları (Azərbaycan manatı ilə 1400,0 manat) hissəsi cavabdeh-zamin İddiaçı tutularaq banka ödənilmişdir. Belə olan halda cavabdeh-zamin İddiaçı cavabdeh-borclu Cavabdeh qarşı reqres qaydada iddia qaldırmaqda və həmin pul məbləğini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(064)-1897/2022 saylı dəyişdirilmədən saxlanmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(064)-1897/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar