Məhkəmə qərarları › İş №2(106)-1316/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1316/2024

23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1316/2024 23.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 30000 (otuz min) manat məbləğində əsas borc və 6000 (altı min) əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)-2390/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 30000 (otuz min) manat məbləğində əsas borc və 6000 (altı min) manat həcmində əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 30000 (otuz min) manat əsas borc, 6000 (altı min) manat əldən çıxmış fayda, cəmi 36000 (otuz altı min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmaını mümkün hesab edtmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafə edərək, verdiyi izahatında göstərmişdir ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********68015 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 illik 6 faiz olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və həmin cədvələ əsasən Cavabdeh1 xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək hər ay hissə-hissə ödəməklə cəmi 16875.45 (on altı min səkkiz yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində vəsaiti Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC "xxxx" Bankı ilə onun (iddiaçı) arasında xx.xx.2015-ci il tarixli, **********68015/İM saylı ipoteka müqaviləsi bağlanmış və özünə məxsus ünvan 1 ünvanda 123.1 kv.metr ümumi, 65.5 kv.metr yaşayış, 57.6 kv.metr yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış ev yerləşdiyi 0.0579 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş və nəticədə Banka borcu yaranmışdır. Bank tərəfindən tələb edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Buna görə də ASC "xxxx" Bankı ona (iddiaçıya) və X2, X10, X6 və X7 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli, **********68015/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən 0.0579 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, xx.xx.2015-ci il tarixli, **********68015 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında 14447.75 (on dörd min dörd yüz qırx yeddi manat yetmiş beş qəpik) manat əsas borcu, 933.44 (doqquz yüz otuz üç manat qırx dörd qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, 300 (üç yüz) manat penya, cəmi 15681.19 (on beş min altı yüz səksən bir manat on doqquz qəpik) manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 (on dörd) manat məbləğində çəkilmiş xərclərin, 30 (otuz) manat dövlət rüsumunun ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra həmin evdə yaşayan İddiaçı1, X1, X9, X3 və X4, onların ailə üzvlərinin və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və ipoteka predmetinin ilkin satış qiymətinin 37 000 (otuz yeddi min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra mərhələsində ipoteka predmeti olmuş fərdi yaşyayış evi açıq hərracda 23587.50 (iyirmi üç min beş yüz səksən yeddi manat əlli qəpik) manat qiymətləndirilmiş və ASC "xxxx" Bankının mülkiyyətinə keçmişdir. Cavabdeh onun etibarında sui-istifadə edərək aldatmış və cavabdehin hərəkətləri nəticəsində onun əmlakı əlindən çıxmış və ona maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehdən mənzilin dəyərinin ödənilməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin qardaşı Cavabdeh2 Cavabdeh1 borcunun ödənilməsinə görə öhdəlik götürsə də, o da sözünə əməl etməmiş və borcun ödənilməsi təmin edilməmişdir. Dəfələrlə cavabdehlərdən vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)-2390/2021 saylı (Hakim: Qalib Paşayev) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 30000 (otuz min) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, apelyasiya şikayətində dəlil kimi aşağıdakıları qeyd edir:

1. Birinci instansiya məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməmiş, bununla da çəkişmə prinsipi pozulmuşdur.

2. İddiaçı1 Cavabdeh2 gəlib pula ehtiyacı olduğunu bildirmiş, buna görə də ondan bankdan kreditə pul götürməsini xahiş edərək, özü isə onsuzda yaşamadığına görə ünvan 1 ünvanda yerləşən evini banka girov qoyacağını bildirmişdir. Ceyhunla bu barədə razılaşmışlar. Onların adına bankda borc olduğuna görə, Xalq Bank ASC-dən Ceyhunun qardaşı Cavabdeh1 adına birlikdə 15000 manat kredit götürmüşlər, Nəcəfin evini isə kreditin təminatı kimi ipoteka qoymuşlar. Götürdükləri 15000 manat krediti Ceyhunla öz aralarında hərəyə 7500 manat olmaqla bölmüşlər. Cavabdeh2 öz üzərinə düşən 7500 manatı tam ödəmişdir. İddiaçı1 isə üzərinə 7500 manatı ödəmədiyi üçün bank məhkəməyə müraciət edərək, qalan borcu tələb etməklə yanaşı, ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmiş və məhkəmə iddia tələbini təmin etmişdir. Qətnamədə evin ilkin satış qiyməti 37000 manat müəyyən edilmişdir. Ev 23587 manata satılaraq borc ödənilmişdir. İddiaçı1 satışdan əldə olunan pulun 5000 manatını götürmüşdür. İddiaçı1la Cavabdeh2 krediti birlikdə götürüb xərcləmişlər. Ceyhun öz götürdüyünü banka qaytarsa da, İddiaçı1 qaytarmamışdır.

3. Ev 23587 manata satılsa da, lakin iddiaçı iddia tələbində evin qiymətini 30000 manat dəyərində qiymətləndirirək tələbin o həddə təmin olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də tələbi həmin həddə təmin etmişdir. Halbuki evin satılmasından sonra banka olan borc çıxıldıqdan sonra geri qalan pulun iddiaçıya qaytarılmasına baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmanov X5 Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)-2390/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)-2390/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)-2390/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)- 2390/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)-2390/2021 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 311.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddianın qismən əsaslı olması və həmin hissədə iş üzrə toplanmış sübutlarla təsdiq edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.057 ha torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1 mülkiyyətində olmuşdur. İşdə olan ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********68015 saylı kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh1 illik 6 faiz olmaqla 36 ay müddətinə 15 000 (on beş min) manat məbləğində kredit verməyi, borc alan isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ASC "xxxx" Bankı ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********68015/İM saylı ipoteka müqaviləsindən görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********68015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədi ilə İddiaçı1 məxsus ünvan 1 ünvanda 123.1 kv.metr ümumi, 65.5 kv.metr yaşayış, 57.6 kv.metr yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış ev yerləşdiyi 0.0579 ha torpaq sahəsi ilə birlikdə ASC "xxxx" Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-111/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli, **********68015/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh İddiaçı1 məxsus ünvan 2 ünvanda yerləşən 0.0579 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, xx.xx.2015-ci il tarixli, **********68015 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 14 447.75 (on dörd min dörd yüz qırx yeddi manat yetmiş beş qəpik) manat əsas borcu, 933.44 (doqquz yüz otuz üç manat qırx dörd qəpik) manat kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcu, 300 (üç yüz) manat penya, cəmi 15 681.19 (on beş min altı yüz səksən bir manat on doqquz qəpik) manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 14 (on dörd) manat məbləğində çəkilmiş xərclərin və 30 (otuz) manat dövlət rüsumunun ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra həmin evdə yaşayan İddiaçı1, X1, X9, X3 və X4, onların ailə üzvlərinin və digər şəxslərin fərdi yaşayış evinin 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinın 37 000 (otuz yeddi min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 02/20 saylı protokolun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.0579 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi satılmadığından həmin əmlak 23587.50 manata iddiaçı ASC "xxxx" Bankına təklif edilmişdir. İşdə olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.0579 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 23587.50 manata ASC "xxxx" Bankına satılmışdır. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-111/2018 saylı icra sənədi üzrə icraata «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 09 sentyabr 2024cü il tarixli, 173889/30-8 saylı məktubdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli, 02 saylı ödəniş tapşırığına uyğun olaraq Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən 5000 manat pul vəsaiti İddiaçı1 adına köçürülmüş, həmçinin xx.xx.2019-cu il tarixli, 79998 saylı ödəniş tapşırığı əsasında "xxxx" Bank ASC tərəfindən Cəlilabad rayon İcra və Probasiya şöbəsinin depozit hesabına 1.102.86 manat 7% icra ödənişi köçürülmüşdür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı cavabdehin bank qarşısında olan öhdəliyinə görə evini ipoteka ilə yüklü etdiyini, lakin cavabdeh tərəfindən öhdəlik icra edilmədiyinə görə evinin açıq hərracda satıldığını, ona görə də cavabdehlərdən 30000 (otuz min) manat əsas borc, 6000 (altı min) manat əldən çıxmış fayda tələb etmişdir. Belə ki, iddiaçının iddia tələbindən müəyyən edilir ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********68015 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 illik 6 faiz olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və həmin cədvələ əsasən Cavabdeh1 xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək hər ay hissə-hissə ödəməklə cəmi 16875.45 (on altı min səkkiz yüz yetmiş beş manat qırx beş qəpik) manat məbləğində vəsaiti Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC "xxxx" Bankı ilə onun (iddiaçı) arasında xx.xx.2015-ci il tarixli, **********68015/İM saylı ipoteka müqaviləsi bağlanmış və iddiaçıya məxsus ünvan 1 ünvanda 123.1 kv.metr ümumi, 65.5 kv.metr yaşayış, 57.6 kv.metr yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış ev yerləşdiyi 0.0579 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyini lazımınca yerinə yetirmədiyindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borcun tutulması ipoteka predmetinə yönəldilmiş və evin ilkin satış qiymətinin 37 000 (otuz yeddi min) manat məbləğində müəyyən edilmişdir. İcra mərhələsində ipoteka predmeti olmuş fərdi yaşyayış evi açıq hərracda 23587.50 (iyirmi üç min beş yüz səksən yeddi manat əlli qəpik) manat qiymətləndirilmiş və ASC "xxxx" Bankının mülkiyyətinə keçmişdir. Hesab etmişdir ki, cavabdeh onun etibarından sui-istifadə edərək aldatmış və cavabdehin hərəkətləri nəticəsində onun əmlakı əlindən çıxmış və ona maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehdən mənzilin dəyərinin ödənilməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin qardaşı Cavabdeh2 Cavabdeh1 borcunun ödənilməsinə görə öhdəlik götürsə də, o da sözünə əməl etməmiş və borcun ödənilməsi təmin edilməmişdir. Dəfələrlə cavabdehlərdən vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh özünün apelyasiya şikayətinin dəlillərində iddiaçının tələbinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməmiş, bununla da çəkişmə prinsipi pozulmuşdur. Bundan başqa cavabdehlər iddiaçı ilə əmi oğludurlar. İddiaçı1 Cavabdeh2 gəlib pula ehtiyacı olduğunu bildirmiş, buna görə də ondan bankdan kreditə pul götürməsini xahiş edərək, özü isə onsuzda yaşamadığına görə ünvan 1 ünvanda yerləşən evini banka girov qoyacağını bildirmişdir. Ceyhunla bu barədə razılaşmışlar. Onların adına bankda borc olduğuna görə, Xalq Bank ASC-dən Ceyhunun qardaşı Cavabdeh1 adına birlikdə 15000 manat kredit götürmüşlər, Nəcəfin evini isə kreditin təminatı kimi ipoteka qoymuşlar. Götürdükləri 15000 manat krediti Ceyhunla öz aralarında hərəyə 7500 manat olmaqla bölmüşlər. Cavabdeh2 öz üzərinə düşən 7500 manatı tam ödəmişdir. İddiaçı1 isə üzərinə 7500 manatı ödəmədiyi üçün bank məhkəməyə müraciət edərək, qalan borcu tələb etməklə yanaşı, ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmiş və məhkəmə iddia tələbini təmin etmişdir. Qətnamədə evin ilkin satış qiyməti 37000 manat müəyyən edilmişdir. Ev 23587 manata satılaraq borc ödənilmişdir. İddiaçı1 satışdan əldə olunan pulun 5000 manatını götürmüşdür. İddiaçı1la Cavabdeh2 krediti birlikdə götürüb xərcləmişlər. Ceyhun öz götürdüyünü banka qaytarsa da, İddiaçı1 qaytarmamışdır. Kredit Cavabdeh1 adına rəsmiləşdirilmiş, lakin ona heç bir aidiyyəti olmamışdır. Məhkəmə kollegiyası mövcud hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarını təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya məxsus yaşayış evinin bankda ipotekaya qoyularaq yüklü edilməsi yolu ilə öz adına kredit götürmüş, daha sonra müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla da iddiaçı ona məxsus əmlakdan məhrum olmuş və buna istinad edən iddiaçı cavabdehdən reqres qaydada həmin evə görə məhrum olduğu pulun geri qaytarılmasını tələb etmişdir. Kollegiya iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, cavabdehlər iddiaçı ilə aralarında olan qohumluq münasibəti əsasında iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 123.1 kv.metr ümumi, 65.5 kv.metr yaşayış, 57.6 kv.metr yardımçı sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini yerləşdiyi 0.0579 ha torpaq sahəsi ilə birlikdə bank qarşısında ipoteka ilə yüklü edilməklə ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında kredit müqavilə bağlamış və müqavilə üzrə Cavabdeh1 illik 6 faiz olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyinə görə tutma ipoteka predmetinə yönəldilmiş və evin ilkin likvid dəyəri 37000 manat müəyyən edilmişdir. Yaşyayış evi açıq hərracda 23587.50 manat qiymətləndirilmiş və ASC "xxxx" Bankının mülkiyyətinə keçmişdir. Bundan sonra iddiaçıya xx.xx.2021-ci il tarixli, 02 saylı ödəniş tapşırığına uyğun olaraq Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən 5000 manat pul vəsaiti İddiaçı1 adına köçürülmüş, həmçinin xx.xx.2019-cu il tarixli, 79998 saylı ödəniş tapşırığı əsasında "xxxx" Bank ASC tərəfindən Cəlilabad rayon İcra və Probasiya şöbəsinin depozit hesabına 1.102.86 manat 7% icra ödənişi köçürülmüşdür. Daha sonra iddiaçı məhrum olduğu mənzilin dəyərinin cavabdeh tərəfindən geri qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kollegiya qeyd edir ki, işin faktiki hallarının təhlilindən görünür ki, iddiaçının iddia tələbi reqres iddia olmaqla Cavabdeh1 bank qarşısında öhdəliyini icra etməməsi səbəbindən həmin öhdəlik iddiaçıya məxsus əmlak hesabına ödənilmiş, ona görə də iddiaçı cavabdehdən məhrum olduğu yaşayış sahəsinin dəyərini tələb etmişdir. “Reqres iddia” (əks tələb)başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində İddiaçı1la Cavabdeh2 krediti birlikdə götürüb xərclədiklərini, həmin pulun bərabər bölünərək 7500 manatının Cavabdeh2, 7500 manatının isə Cavabdeh1 çatdığını, lakin Ceyhunun öz götürdüyü pulu banka qaytarsa da, İddiaçı1 qaytarmadığını, kreditin Cavabdeh1 adına rəsmiləşdirilmiş olsa da ona heç bir aidiyyətinın olmamasını, birinci instansiya məhkəməsində məhkəmə baxışın onları iştirakı olmadan keçirildiyini və buna görə də sübutlarını təqdim edə bilmədiklərini bildirmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində yuxarıda qeyd edilən halları göstərsə də, kredit müqaviləsinin İddiaçı1la Cavabdeh2 birlikdə götürdüklərini, Cavabdeh2 öz öhdəliklərini icra edərək pulun yarısını ödəsə də İddiaçı1 icra etmədiyini, ona görə də evin satıldığını bildirsə də bu halları təsdiq edəcək sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Cavabdehlər birinci instansiya məhkəmə baxışı iclasında iştirak etməsələr belə, iddiaya münasibətlərini təsdiq edəcək sübut növünü də apelyasiya icraatı zamanı təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası ümumiyyətlə cavabdehin həmin pulun iddiaçı ilə birlikdə götürmələri və bu barədə şifahi razılıqlarının olmasını bildirməsini cavabdehin iş üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışları kimi qiymətləndirir. Məhkəmə ümumiyyətlə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olar. Cavabdehin iddiaçı ilə aralarında olan dediyi kimi şifahi razılaşma olmasına istinad etməsi, krediti birlikdə götürdüklərini bildirməsi və buna görə də öhdəliyi icra etmədiyini bildirməsi iddia tələbinin təmin edilməməsinin qanuni əsası kimi çıxış edə bilməz. Bundan başqa cavabdeh apelyasiya şikayətinin dəlillərində evin 23587 manata satıldığını, lakin iddiaçının evin qiymətini 30000 manat qoyduğunu bildirmişdir. Kollegiya cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, əvvəla əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərarda da Ali Məhkəmə "İpoteka haqqında" Qanunun 1.0.9-cu maddəsinə əsaslanaraq həmin normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışının aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi qənaətinə gələrkən borcalan, ipoteka qoyan və ipoteka saxlayanın qanuni maraqlarını da nəzərə almışdır. Göründüyü kimi əmlakın likvid dəyəri onun bazar qiymətini deyil, bazar qiymətindən də aşağı (cüzi fərqlə) olan qiymətini ehtiva edir. Əmlakın satılarkən likvid dəyərinin müəyyən edilməsi, əslində iddiaçının həmin vaxt əmlakına verilən dəyər olduğundan dolayı yolla cavabdehin qanunsuz hərəkəti nəticəsində əmlakdan məhrum olması nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləğini də ehtiva edir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə də əmlakın ilkin likvid dəyəri 37000 manat müəyyən edilmiş, əmlak satıldıqdan sonra 5000 manat iddiaçıya geri qaytarılmış, 1.102.86 manat isə icra ödənişinə yönəldilmişdir. Göründüyü kimi iddiaçının əslində 30897.14 manat tələb hüququ yaranmış, lakin 30000 manat məbləğində tələb irəli sürdüyündən məhkəmə həmin həddə iddiaya baxaraq həmin hissədə tələbi əsaslı hesab etmişdir. Qeyd edilənlər onu göstərir ki, əmlak açıq hərrac yolu ilə 23587 manata satılsa da əmlakın likvid dəyəri 37000 manat müəyyən edildiyindən elə iddiaçının tələbi də həmin hissədə əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)-2390/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2021-cü il tarixli, 2(073)-2390/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar