Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1333/2023 07.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(022)109/2023 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri məhkəmədə iddia qaldıraraq Cavabdeh və DƏDRX-in 8 saylı ərazi idarəsindən daşınmaz əmlaklardan payların müəyyən edilməsi və DƏDRX tərəfindən verilmiş çıxarışlarının ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və qeyriləri iddianın predmetini dəyişdirərək cavabdehlər Cavabdeh və DƏDRX-nin 8 saylı ərazi idarəsindən tikililərin qiymətləndirərək paylarının bazar qiymətinə uyğun pul şəkilində verilməsinə, Cavabdeh paylarına düşən pulu ödəyə bilməzsə tələbin tikililər hesabına icra olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar eyni zamanda iddianı təmin etmək məqsədilə mübahisəli Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən aptek binasının, Nizami küçəsi dalanda yerləşən və M.Müşfiq küçəsində kommersiya məqsədli ilə əlaqədar tikilimiş binalar üzərinə həbs qoyulmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(022)109/16 saylı qərardadı ilə, ərizənin təmin edilməsi Cavabdeh məxsus Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən aptek binasının, Nizami küçəsi dalanda və M.Müşfiq küçəsində kommersiya məqsədli binalar üzərinə həbs qoyulması qərara alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 2(022)109/16 saylı, 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 hər birinə 18.600 (on səkkiz min altı yüz) manat alınıb verilməsi, cavabdeh iddiaçılara düşən payı ödəyə bilməzsə tələb Cavabdeh adına olan ünvan 1 ünvanda, ünvan 26A saylı ünvanda yerləşən tikililər hesabına icra olunması qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)109/16 saylı, 26 dekabr 2016-cı il tarixli qətnaməsi icra edilməsi üçün 04 aprel 2017-ci il tarixində Biləsuvar Rayon İcra Şöbəsinə göndərilmişdir. Biləsuvar Rayon İcra Şöbəsinin icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu X.Əzimov 10 aprel 2017-ci il tarixdə icra sənədi üzrə icraata başlanması haqqında qərar qəbul etmişdir. İddiaçı1 ərizə ilə Biləsuvar Rayon İcra Şöbəsinə 10 dekabr 2018-ci il tarixdə müraciət edərək məhkəmə qətnaməsi tam icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, ərizədə qeyd etmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 18600 manat pul cavabdeh tərəfindən iddiaçıların hər birinə ayrı-ayrılıqda (18000 manat olmaqla) ödənmişdir. Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X1 10 aprel 2017-ci il tarixli qərarla icraata başlanılmış, Biləsuvar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(022)109/16 saylı, 26 dekabr 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 10 dekabr 2018-ci il tarixində qərar qəbul etmişdir. İddiaçılar 16 may 2023-cü il tarixində Biləsuvar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh əmlaklarına qoyulmuş həbs qərarının götürülməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Biləsuvar Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(022)109/2016 saylı qərardadı ilə, ərizənin rədd edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar şikayət vermişdir. Biləsuvar Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(022)109/2016 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(022)109/2016 saylı qərardadının dəyişdirilmədən saxlanılması, iş materialları ilə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Biləsuvar Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(022)109/2023 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışı (yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan) 07 avqust 2023-cü il tarixə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) təyin edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə mülki iş üzrə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsindən imtina edilməsini icra sənədi üzrə tutulmalı olan pul məbləğinin 7 faizi həcmində, yəni 6510 manat pul cavabdeh tərəfindən ödənilməməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin aktı ilə razılaşmayan iddiaçılar Biləsuvar Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(022)109/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 162.4. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd: yuxarıda göstərilən prosessual normalar əvvəllər yəni mübahisəli əmlaklar üzərinə həbs qoyularkən hazırkı müvəqqəti təminat tədbiri - iddianın təmin etmə tədbiri kimi adlanırdı. Yuxarıda göstərilən prosessual hüquq normalarının mənasından görünür ki, müvəqqəti təminat tədbiri kimi əmlakın üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə həyata keçirilən tədbir olmaqla müvəqqəti xarakter daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən müvəqqəti təminat tədbiri kimi mübahisəli əmalk üzərində həbs qoyulmuş, lakin sonradan qətnamə əmlak hesabına deyil, tərəflərin öz aralarında razılaşması yəni tələb olunan kompensasiya şəkilində pulun ödənilməsi ilə icra olunmuş, nəticədə üzərinə həbs qoyulmuş əmlakın qətnamənin icrası üçün heç bir əhəmiyyəti qalmamışdır. Sonradan isə tərəflərin ərizəsinə əsasən 10 dekabr 2018-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Daha sonra iddiaçılar hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən aptek binasının, həmin küçənin dalanında və M.Müşfiq küçəsində yerləşən kommersiya məqsədli binalar üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş, Biləsuvar rayon məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(022)109/2016 saylı qərardadı ilə, ərizə təmin edilməmiş, ərizənin təmin edilməməsini isə məhkəmə icra sənədi üzrə tutulmalı olan pul məbləğinin 7 faizi həcmində, yəni 6510 manat pul cavabdeh tərəfindən ödənilməməsi ilə əlaqələndirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmçinin, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra haqqında» Azərbaycan Respublikası qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 12-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra üzrə icraata xitam verilir. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. 78.2-ci maddəsinə əsasən icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)109/16 saylı, 26 dekabr 2016-cı il tarixli qətnaməsi üzrə 04 aprel 2017-ci il tarixdə icra sənədi vermiş və həmin icra sənədi tam icra olunduğundan iddiaçıların müraciəti əsasında icra məmurunun 10 dekabr 2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra icra məmuru İcra haqqında qanunun tələblərini pozaraq 05 iyun 2023-cü il tarixində borclu Cavabdeh icra sənədi üzrə borcun 7%-i həcmində, yəni 6510 manat icra ödənişinin tutulması haqqında qərar qəbul etmişdir. İcra məmuru nəzərə almamışdır ki, icra haqqında qanunun 20.3-cü maddəsinə əsasən İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qeyd olunan maddənin məzmunundan başa düşülür ki, hər hansı icra sənədi üzrə icraata xitam verilərsə icra məmuru tərəfindən icra sənədi üzrə hər hansı hərəkətlərin keçirilməsinə o cümlədən icra ödənişlərinin alınması haqqında qərar belə qəbul etmək səlahiyyətinə malik deyildir. Birinci instansiya məhkəməsi məhz həmin qərara istinadən hesab etmişdir ki, ərizəçilərin əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi icra başa çatmadığına görə təmin edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, hətta icra məmurunun 05 iyun 2023-cü il tarixində borclu Cavabdeh icra sənədi üzrə borcun 7%-i həcmində, yəni 6510 manat icra ödənişinin tutulması haqqında qərar qəbul (icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edə bilər) etməsi belə, əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin təmin edilməməsi üçün əsas ola bilməz, çünki icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılmaqla, təyin edilmiş bütün icra tədbirlərini ləğv etməlidir. Məhkəmə ərizəninin təmin edilməməsi qənətinə gələrkən həmçinin qeyd edir ki, o, daxil olan ərizə ilə araşdırma aparmış və müəyyən edilmişdir ki, icra məmuru təyin edilmiş icra sənədi üzrə aparılmış icra tədbirlərinin ləğvi barədə nə iş materiallarında nə də ki, icra işində hər hansı qərar olmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, icra məmurunun qanunun onun üzərinə qoyduğu vəzifənin qanunla müəyyən olunmuş qaydada yerinə yetirməməsi, başqa şəxslərinin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına xidmət etməməlidir. O, ki, qaldı Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri İlkin Əzizovun 05 iyun 2023-cü il tarixli icra ödənişinin alınması haqqında qərarına, bu qərar icra məmuru tərəfində icra haqqında qanunun tələblərini pozmaqla qəbul edilmiş qərardır. İcra məmuru bu qərarı qəbul edərkən Biləsuvar Rayon Məhkəməsi tərəfindən 2(022)109/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədini əsas götürmüş, hansı ki, həmin icra sənədi üzrə icraata məhz özünün 10 dekabr 2018-ci il tarixlin qərarı ilə xitam verilmişdir. Necə ola bilər ki, icra sənədi üzrə icraata xitam verilir və sonradan isə həmin qərar ləğv edilmədən, məhkəmənin icra sənədi olmadan yenidən icra tədbirləri davam etdirilməsi barədə qərar qəbul edilir. Halbuki qanunvericilik icra sənədinin yenidən icraya yönəldilməsini icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra haqqında qanunun 20-ci maddəsində göstərilən əsaslar olduqda və məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu halda isə icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi icra məmuru qanunun tələblərindən kənara çıxaraq əsassız və qanunsuz qərar qəbul etmiş bununla da lüzumsuz məhkəmə çəkişməsinə şərait yaratmışdır. Birinci instansiya məhkəməsi icra məmurunun yuxarıda qeyd olunan qanunsuz və əsassız qərarı ilə razılaşaraq icra sənədi üzrə icraata xitam verilməsinə baxmayaraq əmlak üzərindən həbsi götürməmiş, nəticədə bu ərizəçilərin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Halbuki bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. O, da nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azdlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütəanasib olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçilər (iddiaçılar) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən verilmiş şikayət əsaslı hesab edilərək təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(022)109/2016 saylı qərardadı ləğv edilməli, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən aptek binasının, həmin küçənin dalanında və M.Müşfiq küçəsində yerləşən kommersiya məqsədli binalar üzərindən həbs götürülməsi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçilər (iddiaçılar) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 tərəfindən verilmiş şikayət təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(022)109/2016 saylı qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Cavabdeh məxsus Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən aptek binasının, Nizami küçəsi dalanda və M.Müşfiq küçəsində yerləşən kommersiya məqsədli binaların üzərinə qoyulmuş həbs götürülsün. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1333/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1333/2023
07.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver