Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1342/2022 04.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğundan borc olaraq verdiyi 7.000 (yeddi min) manatın, mənəvi zərərə görə 1.000 (bir min) manat kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Qonşusu, hazırki iş üzrə cavabdeh olan Cavabdeh 2019-cu ilin iyul ayında onun yanına gələrək ondan ehtiyacı olduğu üçün 7.000 manat məbləğində borca pul almış və həmin borcu istənilən vaxt qaytaracağına söz vermişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. Cavabdehdən borcun qaytarılmasını tələb etsə də, bunun nəticəsi olmamışdır. O, rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, polisdə araşdırma aparılmış, araşdırma zamanı, Cavabdeh izahatında ona 7.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən müraciətinin mülki xarakterli olması ilə əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, o, İddiaçı 7.000 manat məbləğində borc pul almış, sonradan o, həmin pulu qaytarmışdır. Hazırda İddiaçı heç bir borcu yoxdur. Ağcabədi Rayon Məhkəməsinin (hakim S.Ləzimov) 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borca görə 7.000 (yeddi min) manat məbləğində vəsaitin və mənəvi zərərə görə 1.000 manat kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1, 740.1, 740.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, birinci instansiya məhkəməsi qətnamədə cavabdehin iddiaçıdan borc aldığını etiraf etdiyini və aldığı pulların qaytarılmasını müəyyən edilmiş hal kimi göstərsə də, cavabdehin aldığı borcun qaytarmasının hər-hansı sübutla təsdiqləndiyini göstərməmişdir. Belə ki, məhkəmə tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisənin olması faktını müəyyən etsə də, borcun qaytarılması barədə heç bir mötəbər sübutun olmamasına baxmayaraq, cavabdehin mülahizəsi əsasında səhv olaraq həmin borc məbləğinin qaytarılması qənaətinə gəlmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya baxışında yazılı ərizə təqdim etmiş, ərizəsində 2019-cu ildə iddiaçıdan 4000 manat borca pul götürdüyünü, borcunu hissə-hissə qaytardığını onun borcunun qalmadığını, hazırki tələb edilən pulun isə iddiaçı tərəfindən borca əsassız hesablanmış faiz olduğunu bildirmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı, tərəflər arasında borc mübasibətlərinin olduğuna əsaslanaraq cavabdehdən 7000 manat borcunu tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2019-cu ildən ondan borca pul götürmüş, lakin borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya qeyd edir ki, borc üzrə iddiaçının tələbinin təmin edilməsi üçün tərəflər borc münasibətində olmalı, onların arasında borc müqaviləsi bağlanmalı, müqavilənin şərtləri, o cümlədən borcun məbləği, onun qaytarılma müddəti və s. şərtlər dəqiq müəyyən edilməli, borc məbləğinin cavabdehə verilməsi, cavabdehin borcu qaytarmaması, pul məbləğinin cavabdehin qanunsuz sahibliyində (istifadəsində) qalması, cavabdehin onu qaytarmaqdan imtina etməsi kimi hallar müəyyən edilməlidir. Bu hallardan hər-hansı birinin müəyyən edilməməsi iddianın təmin edilməsindən imtinaya əsas verir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30 iyun 2016-cı il tarixdən qüvvədə olan 740.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında, nəinki borc müqaviləsinin şərtlərinə əməl edilməklə yazılı müqavilə, ümumiyyətlə hər-hansı başqa yazılı razılaşma olmamışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 739 və 740-cı maddələrinin digər dispozitiv şərtləri (müqavilənin nə vaxt bağlanması, müddəti, şərtləri və s.) də ödənilmir. Birinci instansiya məhkəməsində cavabdeh borclu olduğunu şifahi olaraq etiraf etsə də, borcu qaytardığını bildirmiş, lakin bu halı təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı tərəf apellyasiya şikayətində cavabdehin borcu etiraf etdiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya hesab edir ki, iş üzrə yalnız iddiaçının şifahi izahatı və cavabdehin polisdəki verdiyi izahatı tərəflərin arasında borc münasibətlərinin olmasını, onların arasında borc müqaviləsinin (razılaşmasının) bağlanmasını tam təsdiq etmir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qanunun tələbinə görə iddianın etirafı məhkəmə iclasının protokoluna yazılmalı, həmin protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalamalıdır, yaxud cavabdehin iddianı etiraf etməsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə göstərilməlidir. Birinci instansiya məhkəməsində, cavabdehin iddianı qanunla müəyyən edilmiş qaydada etiraf etməsi müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı etiraf etməsə də, iddiaçıdan borca pul aldığını (faktı) etiraf etmiş, lakin borcunu qaytardığını bildirmişdir. Birinci instansiya məhkəmsində cavabdeh iddiaçıdan borca pul alması faktını etiraf etsə də, etirafının qeyd edilməsi cavabdehin imzası ilə təsdiq edilməmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya baxışında izahatında və məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsində iddiaçıdan 4000 manat borca pul aldığını (faktı) etiraf etmiş, lakin borcunu qaytardığını bildirmişdir. Kollegiya cavabdehin yazılı ərizəsindəki faktın etirafını qəbul edir. Kollegiya hesab edir ki, cavabdehin iddiaçıdan borca 4000 manat pul götürdüyü təsdiq olunduqdan sonra, həmin borcun qaytarılmasını sübuta yetirmək cavabdehin üzərindədir. Lakin cavabdeh həmin borcun qaytarılmasını sübuta yetirə bilməmişdir. İddiaçının digər hissədə tələbi mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Bu hissədə iddianı sübuta yetirmək vəzifəsi iddiaçının üzərindədir. İddiaçı bu hissədə öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Kollegiya mənəvi ziyanın ödənilməsi tələbini əsassız sayır və hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehdən 4000 manat alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(017)-1582/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-1342/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1342/2022
04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver