Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1354/2024 13.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(055)-778/2023 saylı qərardadından iş üzrə borclu Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və onun üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi və cavabdehin həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-778/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.90 kv.m olan qeyri-yaşayış binasının Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi və cavabdehin həmin torpaq sahəsi və qeyri-yaşayış binasından çıxarılması, hazırki iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra Saatlı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 16(055)16/2023 saylı qərardadının ləğv edilməsi, iddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2(106)-1797/2023 saylı qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)- 778/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-778/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında 13 mart 2024-cü il tarixdə icra vərəqəsi verilmişdir. Saatlı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 15 may 2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və tələb 10 gün müddətində könüllü icra edilməsi üçün qərarın surəti borclu Cavabdeh göndərilmişdir. Borclu Cavabdeh şikayətlə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Saatlı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 15 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Saatlı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(055)-778/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu Cavabdeh Saatlı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(055)- 778/2023 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, işin təxirə salınmasını xahiş etmişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Saatlı Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, borclu tərəfindən verilmiş qərardaddan şikayət elektron kabinetə yüklənərək elektron imza ilə deyil, adi qaydada, poçt vasitəsilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, şikayətin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulsa da, hazırkı iş üzrə icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərardaddan kassasiya şikayəti verilməsi imkanı nəzərdə tutulmadığından, həmin qərardaddan verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi barədə qərardaddan da, kassasiya şikayəti verilməsi imkanı nəzərdə tutula bilməz. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Saatlı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(055)-778/2023 saylı qərardadından iş üzrə borclu Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1354/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1354/2024
13.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver