Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1360/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-915/2024 saylı, 13 may 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 yanvar 2024-cü il tarixli, 8İ-1 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla X7 arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, 3M-549 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 100000 manat məbləğində pul borc vermişdir. Həmin müqaviləyə əsasən borc alan krediti 14 iyun 2020-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüş və tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. X7 notariat ofisinə müraciət edərkən tələb olunan sənədləri natamam təqdim etmiş, əsas borc məbləğini ödənilməmiş kimi qeyd etmişdir, bu isə öz növbəsində hazırkı icra sənədi üzrə işin mübahisəli olmasına dəlalət edir. Belə ki, İddiaçı Nicat Cəfərova borc müqaviləsi üzrə müxtəlif vaxtlarda həm nağd, həm də onun cari bank kartı hesabına borc məbləğləri üzrə ödənişlər etmişdir. Bundan başqa, kreditor və ya notariat ofisi tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş iddiaçıya təqdim edilməmişdir. Əlavə olaraq, 14 iyun 2019-cu il tarixli, 3M-549 nömrəli kredit müqaviləsinin və onun təminatı olaraq rəsmiləşdirilmiş ipoteka müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırılmışdır və hal-hazırda həmin iddia ərizəsi ilə bağlı e-2(011)-1794/2024 nömrəli mülki iş Xətai Rayon Məhkəməsinin icraatındadır. Lənkəran rayon İcra və Probasiya şöbəsinin bildirişi və icraata başlama haqqında qərarından iddiaçıya məlum olmuşdur ki, X5 ödəmiş olduğu ödənişlər nəzərə alınmamış və hazırkı icra sənədi üzrə mübahisənin mövcud olmasına baxmayaraq, cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisi 04 yanvar 2024-cü il tarixli, 8İ-1 reyestr nömrəli icra qeydi vermişdir. Həmin icra qeydinə əsasən iddiaçıdan X3 xeyrinə əsas borc üzrə 100000 manat tutulmalıdır. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi isə icra sənədinə bərabərdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 saylı, 11 sentyabr 2000-ci il tarixli Qərarının 162-ci bəndinin 2-ci bəndinə əsasən tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi verilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Notariat ofisi tərəfindən təqdim edilmiş notariat işində olan sənədlərdən görünür ki, kredit müqaviləsinin müddəti 14 sentyabr 2020-ci il tarixdə bitmişdir və kredit məbləği həmin tarixədək qaytarılmalı idi. Notarius tərəfindən icra qeydi 04 yanvar 2024-cü ildə verilmişdir. Bu da o deməkdir ki, icra qeydi verilən tarixə iddia müddəti artıq üç aydır ki ötmüşdür. Göründüyü kimi, cavabdeh iddia müddətinin aşkar surətdə ötməsini nəzərə almamış və əsassız olaraq icra qeydi vermişdir. Bununla da icra qeydinin ləğv olunması üçün əsaslar yaranmışdır. Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(049)-915/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Anar Pənahov) iddia təmin edilmiş, Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 yanvar 2024-cü il tarixli, 8İ-1 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X7 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(049)-915/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs Nicat Cəfərov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, 3M-549 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 100000 manat məbləğində pul borc vermişdir. Həmin müqaviləyə əsasən borc alan krediti 14 iyun 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş və tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Nicat Cəfərov tərəfindən notariat ofisinə müraciət edilərkən tələb olunan sənədlər tam təqdim edilmiş, əsas borc məbləği ödənilməmiş kimi qeyd edilmiş, bu isə öz növbəsində hazırkı icra sənədi üzrə işin mübahisəli olmaması deməkdir. Bundan başqa, onun tərəfindən dəfələrlə borcluya borcun qaytarılması, qaytarmadığı halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 3M-549 reyestr nömrəli, 14 iyun 2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən, borc verən X7 borc alan İddiaçı 100000 manat məbləğində borc vermiş və İddiaçı həmin borcu 14 iyun 2020-ci il tarixədək Nicat Cəfərova qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu ilə aralarındakı şifahi razılaşmaya görə o öhdəliyini yerinə yetirəcəyinə dair hər dəfə söz vermişdir. Bu səbəbdən mübahisə yaransa belə, öz aralarında həll olunacağı barədə razılığa gəlmişlər. Sonradan borclu öhdəliyini yerinə yetirmədikdə icra qeydinin aparılması barədə notariusa müraciət olunmuşdur. Həmçinin, qətnamənin iddia tələbinin əsaslandırıldığı hallar hissəsində bəhs olunan “borc müqaviləsi üzrə müxtəlif vaxtlarda həm nağd, həm onun cari bank kart hesabına borc məbləğləri üzrə ödənişlər edilmişdir” sözləri həqiqətə uyğun deyil. Belə ki, iddiaçı ondan əlavə olaraq nağd formada aldığı borcları kart vasitəsilə qaytarmışdır. Müqavilə üzrə borcun qaytarılması ancaq notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilməli və bu barədə müqavilədə dəyişiklər öz əksini tapmalı idi. Əslində 14 iyun 2019-cu il tarixli, 3M- 549 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 14 iyun 2019-cu il tarixdə X8 adına verilmiş **********40-05101- 093017 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, məhəllə 565, ev 3, mənzil 9, yeni qeydiyyatla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 246,3 kv.m olan mənzilin tam mülkiyyəti üzrə 14 iyun 2019-cu il tarixli, 3M-550 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmçinin, 18 sentyabr 2019-cu il tarixli, 3M-871 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə a) ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 14 iyun 2019-cu il tarixdə X8 adına verilmiş **********40-05101-093017 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, məhəllə 565, ev 3, mənzil 9, yeni qeydiyyatla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 246,3 kv.m olan mənzilin tam mülkiyyəti üzrə 14 iyun 2019-cu il tarixli, 3M-871 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir; b) ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 24 yanvar 2018-ci il tarixdə X1 adına verilmiş **********95-05301-083003 reyestr nömrəli, **********0 qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X16 Naxçıvani küçəsi, 616-cı məhəllə 10 ünvanında yerləşən ümumi sahəsi 97,7 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə 18 sentyabr 2019-cu il tarixli, 3M-871 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən yuxarıda göstərilən hər iki kredit müqaviləsinin iddia müddətini sonuncu müqavilənin iddia müddəti kimi hesab etməli idi. Həmçinin, iddiaçı 14 iyun 2019-cu il tarixli, 3M-549 nömrəli kredit müqaviləsinin və onun təminatı olaraq rəsmiləşdirilmiş ipoteka müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır və hal-hazırda həmin iddia ərizəsi ilə bağlı e-2(011)-1794/2024 nömrəli mülki iş Xətai Rayon Məhkəməsinin icraatındadır. Hesab edir ki, ipoteka müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsinə dair iddia ərizəsi icraata qəbul edilməməli idi. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarının nəticə hissəsinə əsasən, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Əslində, iddia müddəti keçməmişdən əvvəl dəfələrlə borcluya göndərilmiş bildirişlərə məhkəmə münasibət bildirməmiş, borclunun təqdim etdiyi sənədlər içərisinə bildiriş əlavə edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(049)-915/2024 saylı qətnaməsi qanuni və əsaslı olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi, üçüncü şəxslər X7 və X6 məhkəmə iclasına gəlməmişlər. İş materiallarına əlavə olunmuş 154 nömrəli telefonoqramdan göründüyü kimi, üçüncü şəxs Nicat Cəfərovla telefon vasitəsilə əlaqə saxlanılmış, o, məhkəmə iclasının vaxtını unutduğunu və vəkilinin ona məhkəmə iclasının vaxtını xatırlatmadığını bildirmişdir. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə üçüncü şəxs Nicat Cəfərov apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(049)-915/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən də görünür ki, o, iddia tələbinin rədd edilməsinə yönəlmişdir. Beləliklə də, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin üçüncü şəxs Nicat Cəfərovun apellyasiya şikayətinə münasibətdə tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı onunla üçüncü şəxs Nicat Cəfərov arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, 3M-549 nömrəli kredit müqaviləsi üzrə cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 yanvar 2024-cü il tarixli, 8İ-1 reyestr nömrəli icra qeydinin ləğv edilməsini tələb edir və tələbini kredit müqaviləsi üzrə iddia müddətinin ötməsi, icra qeydinin aparılacağı ilə bağlı ona bildirişin göndərilməməsi və tələb üzrə mübahisə olması ilə əsaslandırmışdır. Lənkəran Rayon Məhkəməsi 13 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbini təmin etmiş, öz mövqeyini onunla əsaslandırmışdır ki, icra qeydi əsas öhdəliyə dair iddia müddəti keçdikdən sonra verilmiş və bununla da borc alanın və ipoteka qoyanın hüquqları pozulmuşdur. Həmin qətnamədən narazı qalan üçüncü şəxs Nicat Cəfərov apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğvini xahiş etmiş, apellyasiya şikayətini iddia müddətinin düzgün hesablanmaması və iddia ərizəsində qeyd edilənlərin həqiqətə uyğun olmaması ilə əsaslandırmışdır. İşdə surəti olan borc verən X7 ilə borc alan İddiaçı arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, reyestrdə 3M-549 nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, borc verən borc alana 100000 manat məbləğində pul borc verir, borc alan krediti 14 iyun 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə surəti olan ipoteka saxlayan X7, ipoteka qoyan X12 və borc alan İddiaçı arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, reyestrdə 3M-550 nömrəsi ilə qeyd edilmiş ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, məhəllə 565, ev 3, mənzil 9, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 246,3 kv.m olan mənzili) 3M-549 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən aparılmış 8İ-1 reyestr nömrəli notariat işinə X7 tərəfindən X10, İddiaçı və X4 ünvanlanmış icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən 30 noyabr 2023-cü il tarixli bildiriş əlavə olunmuşdur. İşdə surəti olan Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 yanvar 2024-cü il tarixli, reyestrdə 8İ-1 nömrəsi ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka saxlayan X3 tələbi ilə ipoteka qoyan İddiaçı və X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 3, mənzil 9, yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 139, M4 ünvanında yerləşən ümumi sahəsi 246,3 kv.m olan 1 saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməsi təklif olunmuşdur (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 100000 manat əsas borc olmaqla, cəmi tutulmalı məbləğ 100000 manat təşkil edir). İşdə surəti olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin 08 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-1 nömrəli iş üzrə icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədləri sayılır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Göründüyü kimi, notarius tərəfindən verilən icra qeydləri məcburi icra sənədi sayılır. Bu səbəbdən də onun verilməsi üçün qanunvericilikdə ciddi qaydalar nəzərdə tutulmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-3-cü hissələrinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Həmin Qanunun 76-cı maddəsinin 6-cı hissəsinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Hazırda icra qeydinin verilməsi üçün əsas olmuş 14 iyun 2019-cu il tarixli, reyestrdə 3M-549 nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsindən aydın olur ki, həmin müqavilə üzrə öhdəliklər borc verən tərəfindən 14 iyun 2020-ci il tarixədək icra olunmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, 14 iyun 2019-cu il tarixli, reyestrdə 3M-549 nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 14 iyun 2020-ci ildə başa çatmış və həmin kredit müqaviləsi üzrə iddia müddəti 14 iyun 2023-cü ildə başa çatmışdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin icra qeydinin əsas öhdəliyə dair iddia müddəti keçdikdən sonra verilməsinə dair mövqeyi ilə razılaşır. Üçüncü şəxs Nicat Cəfərov apellyasiya şikayətində tərəflər arasında 14 iyun 2019cu il tarixli və 18 sentyabr 2019-cu il tarixli iki kredit müqaviləsinin bağlandığını bildirmiş və qeyd etmişdir ki, iddia müddətinin axımı sonuncu kredit müqaviləsinə uyğun hesablanmalı idi. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında bir neçə müqavilənin olması bütün müqavilələr üzrə iddia müddətinin axımının sonuncu müqavilənin icra müddətinin bitməsindən etibarən başlanmasına əsas vermir və hər bir müqavilə üzrə iddia müddəti müstəqil qaydada hesablanır. Bundan əlavə, məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri sayır: Hazırda müəyyən olunur ki, icra qeydinin verilməsi üçün əsas olmuş borc ilə bağlı mübahisə mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, e-2(011)-9750/2023 saylı və 22 yanvar 2024-cü il tarixli, e-2(011)-1794/2024 saylı qərardadlarından görünür ki, İddiaçı cavabdeh X5 qarşı tərəflər arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, 3M-549 nömrəli və 18 sentyabr 2019cu il tarixli, 3M-871 nömrəli kredit müqavilələrinin, eləcə də, 11 iyun 2019-cu il tarixli, 3M- 550 nömrəli və 18 sentyabr 2019-cu il tarixli, 3M-871 nömrəli ipoteka müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf həmin iş üzrə kredit müqavilələri üzrə borcların tam ödənildiyini bildirmişdir. Göründüyü kimi, borc ilə bağlı mübahisə mövcud olmuş, notarius tərəfindən borcun mübahisəsizliyi aydınlaşdırılmamışdır. Nicat Cəfərov apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin iş üzrə iddia ərizəsini icraata qəbul etməməli olduğunu bildirsə də, həmin məsələ hazırkı apellyasiya baxışının predmetinə aid deyil. Bundan başqa, apellyasiya şikayətində müqavilə üzrə borcun qaytarılmasının ancaq notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilməli olduğu qeyd edilsə də, 14 iyun 2019-cu il tarixli kredit müqaviləsində borcun məhz notariusun depozit hesabı vasitəsilə qaytarılmasına dair şərt nəzərdə tutulmamışdır. Beləliklə, barəsində icra qeydinin verildiyi tələb üzrə mübahisənin mövcud olduğu, həmin mübahisə üzrə iddia ərizəsinin məhkəməyə hələ icra qeydinin aparılmasından əvvəl, 2023-cü ilin dekabr ayının sonunda daxil olduğu və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edildiyi müəyyən olunur. Bundan əlavə, Nicat Cəfərov icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət edərkən, hazırda iddiaçı olan İddiaçı da ünvanlanmış icra qeydinin aparılacağı barədə 30 noyabr 2023-cü il tarixli bildirişi təqdim etmişdir. Lakin həmin bildirişin İddiaçı çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Hazırkı iş materiallarının 55-ci vərəqinə əlavə edilmiş “Mega Ekspress” çatdırma xidmətinin qəbzində Nicat Cəfərov tərəfindən İddiaçı icra qeydi və ipotekaya tutma bildirişlərinin göndərildiyi qeyd olunsa da, həmin qəbzdə “ünvanda imtina” sözləri yazılmışdır. Lakin icra qeydinin aparılacağı barədə bildirişin həqiqətən İddiaçı çatdırıldığı, bildirişi almaqdan həqiqətən də İddiaçı tərəfindən imtina olunduğu hazırda müəyyən olunmur. Notarius isə icra qeydini verərkən bu halı da nəzərə almamışdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Qeyd edilənlərdən də göründüyü kimi, qanunvericilik icra qeydinin aparıla bilməsi üçün bildirişin sadəcə göndərilməsini deyil, onun göndərildiyi şəxs tərəfindən alınmasını da tələb edir. Hazırkı işin hallarından isə Nicat Cəfərov tərəfindən İddiaçı ünvanlanmış bildirişin onun tərəfindən alınması halı müəyyən edilmir. Əksinə, iddiaçı iddia ərizəsində qeyd edir ki, icra qeydinin aparılacağına dair bildiriş ona təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin çatdırılması borcun mübahisəsiz olmasının təsdiqi üçün əhəmiyyət kəsb edir və borcluya həmin tələb üzrə hər hansı mübahisəsi olduqda, öz etirazını bildirmək və ya məhkəmə müraciət etmək üçün şərait yaradır. Hazırkı halda isə borcluya (iddiaçıya) göndərilməli olan bu cür bildirişin borclu (iddiaçı) tərəfindən alınması faktı iş materialları ilə öz təsdiqini tapmadığından borclu (iddiaçı) bu imkanından məhrum olmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən aparılmış 04 yanvar 2024-cü il tarixli, 8İ-1 reyestr nömrəli icra qeydi qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə, birinci instansiya məhkəməsi həmin icra qeydinin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxs Nicat Cəfərov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(049)-915/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1360/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1360/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver