Məhkəmə qərarları › İş №2(106)-1372/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1372/2025

03.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1372/2025 03.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2307/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “26000 ABŞ dolları və 9200 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh 26000 ABŞ dolları və 9100 manat pulun, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı Fəzail Əbilov vasitəsilə tanımışdır. Belə ki, Fəzail onun uşaqlıq dostu Kamranla bir sinifdə oxumuşdur. 2020-ci ildə Fəzail ona bildirmişdir ki, qardaşı Alimin Yasamal rayonunda paltar mağazası vardır və dövriyyə malını artırmaq, Türkiyədən, Çindən paltar almaq üçün borc pul lazımdır, alacağı borcu artıqlaması ilə qaytaracaqdır. Bununla da 2020-ci ilin payız aylarında Fəzailə müxtəlif məbləğlərdə borc pul vermiş və həmin pullar ona qaytarılmışdır. 2022-ci ilin may ayında Alimə 10000 ABŞ dolları borc pul vermişdir. Bir müddət sonra Dağıstana mal vurmaq adı ilə ondan borc pul istəmiş və o, Alimə 11000 ABŞ dolları pul vermişdir. Daha sonra Şəki şəhərində də mağaza açmaq istədiyini bildirmişdir. Orada bir nəfər tanışı olduğunu, onun vasitəsilə iş görəcəyini bilmişdir və ona inanaraq 5000 ABŞ dolları pul vermişdir. Bir müddət sonra verdiyi pulları geri tələb etdikdə çətinlikləri olduğunu, pandemiya səbəbindən alver olmadığını bildirərək ona möhlət verilməsini xahiş etmiş və aldığı pulların hamısını qaytaracağına söz vermişdir İddiaçı pandemiya dövründə verdiyi pullardan əlavə hissə-hissə olmaqla ümumilikdə 3000 manat Alimə borc pul vermişdir. Cavabdeh 2023-cü ildə avqust ayında malların karqoda qaldığını əsas gətirib, iddiaçıdan 5400 manat və 5500 manat pul almışdır. Sonuncu aldığı 5500 manat puldan cəmi 800 manat pul qaytarmış və 4700 manat borclu qalmışdır. 2023-cü ilin noyabr ayında məhkəməyə müraciət etdikdən sonra cavabdeh həmin ilin dekabr ayında borcundan 4000 manat qaytarmış və 2024-cü ilin may ayına qədər möhlət istəyib bütün borcu qaytaracağını bildirmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsini geri götürmüşdür. İddiaçı aldığı pulları geri istədikdə müxtəlif bəhanələr gətirərək, borcu etiraf etmiş və qısa müddətdə qaytaracağına vədlər vermişdir. Bu barədə telefon danışıqları, sms və “WhatsApp” yazışmaları, səs yazıları məhkəməyə təqdim edilmişdir. Lakin bütün bu vədlərin yalan olduğunu, aldığı borcları qaytarmaq fikrinin olmadığını başa düşdüyündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh iddiaçıya 10000 ABŞ dolları, 5000 ABŞ dolları, 11000 ABŞ dolları, 5400 manat, 3000 manat, 700 manat olmaqla, ümumilikdə 26000 ABŞ dolları və 9100 manat borcu vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, borcu qəbul etdiyini bildirmişdir. Lakin maddi imkanı zəif olduğundan ödəyə bilmədiyini qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2307/2024 saylı qətnaməsi ilə (Hakim: Ellara Abbasova) iddia təmin edilmiş, Cavabdeh 26000 ABŞ dolları və 9100 manat pul və 251 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, İddiaçı ona qarşı iddia qaldırıb 2020-ci ilin payız ayından 2023-cu ilin noyabr ayına kimi ondan cəmi 26.000 ABŞ dolları və 9.100 manat pul borc aldığını və borcu qaytarmadığını bildirmiş və həmin məbləğin ondan tutulub iddiaçıya verilməsini tələb etmişdir. Masallı Rayon Məhkəməsində Anardan pulu faizə aldığını etiraf etmiş və aldığı pulun əvəzində ondan bir neçə dəfə çox faiz pulu qaytardğını bildirmiş, eyni zamanda, iddiaçıdan nə üçün ona ödədiyi faizlər barədə məhkəməyə məlumat vermədiyini soruşmuşdur. İddiaçı ona ödədiyi faizləri boynuna almamışdır. O, iddiaçıdan borc aldığını etiraf etdiyinə və faizləri qaytarmaq barədə sübut təqdim edə bilmədiyinə görə məhkəmə iddianı tam təmin etmişdir. İddiaçıya “m10” və digər elektron bank köşkləri vasitəsi ilə hissə-hissə pul qaytarmış və qəbzlərin şəkillərini telefonuna çəkib saxlamışdır. Lakin həmin ödəmə qəbzlərinin şəkili olan köhnə telefonu əlindən düşüb sıradan çıxdığına görə onları məhkəməyə təqdim edə bilməmişdir. Bakı şəhərində bir çox telefon və kompüter texniklərinin yanına gedib telefonunun yaddaşını bərpa etmyə çalışmışdır. Lakin telefonu çox sıradan çıxdığına görə yaddaşını bərpa etmək mümkün olmamışdır. Çoxlu cəhddən sonra telefon ustaları xüsusi proqramlar əldə edib xx.xx.2025-ci il tarixdə telefonunun yaddaşını bərpa edə bildilər. Bu barədə Masallı Rayon Məhkəməsinə məlumat vermiş, Nizami rayon icra şöbəsində barəsində olan icra işi ilə əlaqədar ona möhlət verilməsini xahiş etmişdir (xx.xx.2025-ci il tarixdə). İddiaçının tələb etdiyi 26.000 ABŞ dolları və 9.100 manat əvəzinə ona cəmi 84.390 manat pul qaytarmışdır. Bundan başqa əlbəəl də pullar vermişdir. Bu barədə sübutları yoxdur. Yəni onun iddiaçıya yox, iddiaçının ona borcu vardır. Ödəniş çeklərini məhkəməyə tədim edir. Birinci instansiya məhkəməsinə özündən asılı olmayan səbəblərdən sübutları tədim edə bilmədiyini nəzərə alıb tədim etdiyi sübutları nəzərə almaqla yeni qətnamə çıxarılmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsin xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə da məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2307/2024 saylı qətnaməsinə əsasən Cavabdeh 26000 ABŞ dolları və 9100 manat pul və 251 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya iddiaçıya borcu yoxdur, İddiaçıya olan borclarını ödəmiş, sonradan telefonunu format etdirərək bu barədə qəbzləri tapmışdır. Bu tamamilə absurddur, cəfəngiyyatdır. Apellyasiya şikayətinə etiraz edir və məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh keçirilmiş bütün məhkəmə iclaslarında şəxsən özü iştirak etmiş, iddiaçıya borclu olduğunu tam olaraq etiraf etmiş, maddi imkanı zəif olduğundan ödəyə bilmədiyini, gələcəkdə ödəyəcəyini bildirmişdir. Cavabdehin Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdiyi qəbzlər 2021-ci il tarixə aiddir. Halbuki iddia tələbi 2022-ci il tarixdən sonra yaranmış borcla bağlı olmuş və cavabdeh də borcu qəbul etmiş, borcun ödənilməsi üçün möhlət istəmişdir. Bundan başqa, iş materillarına iddiaçı ilə cavabdeh arasında aparılmış telefon danışıqları və whatsapp yazışmaları sübut kimi təqdim edilmişdir. 2023-2024-cü ilə aid telefon danışıqlarında cavabdeh iddiçıya olan bütün borcunu etiraf etmiş, dəfələrlə ona möhlət verilməsini xahiş etmişdir. Həmçinin cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra Şöbəsində izahat verərək borcu tam ödəməyə imkanı olmadığını, qətnamədən sonra ümumi borc məbləğindən 3500 manat ödədiyini, 50051 manat tələbkara borcu qaldığını, xx.xx.2025-ci il tarixə kimi evini satıb pulu ödəyəcəyini bildirmişdir. Lakin görünən odur ki, cavabdehin niyyəti müxtəlif üsullarla qətnamənin icrasından yayınmaqdır. İcra məmurunun sonuncu xəbərdarlığından və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyindən qorxan cavabdeh, Masallı Rayon Məhkəməsinə qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə verməklə eyni zamanda qətnamədən apellyasiya şikayəti vermişdir. Möhlətlə bağlı cavabdehin ərizəsi rədd edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alıb, cavabdehin Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2307/2024 saylı qətnaməsinindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2307/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2307/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsaəsn yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pulu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən hallar iş materialları ilə öz təsdiqini tapmaqdadır. Məhkəmə tərəflər arasında mövcud olan mülki hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq norması kimi qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmamış, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar maddi və prosessual hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 54. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə, bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır. Kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibəti yaranan zaman həmin hüquq münasibətinə tətbiq edilməli maddi hüquq norması kimi borc müqaviləsinə deyil, MM-nin əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya onu da nəzərdən qaçırmır ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin birbaşa göstərişi 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanması tələb olunurdu. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi, cavabdehin pulu iddiaçıdan alması, daha sonra həmin pulları tam qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsinə və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya “m10” və digər elektron bank köşkləri vasitəsi ilə hissə-hissə pul qaytarmış və qəbzlərin şəkillərini telefonuna çəkib saxlamışdır. Lakin həmin ödəmə qəbzlərinin şəkili olan köhnə telefonu əlindən düşüb sıradan çıxdığına görə onları məhkəməyə təqdim edə bilməmişdir. Bakı şəhərində bir çox telefon və kompüter texniklərinin yanına gedib telefonunun yaddaşını bərpa etmyə çalışmışdır. Lakin telefonu çox sıradan çıxdığına görə yaddaşını bərpa etmək mümkün olmamışdır. Çoxlu cəhddən sonra telefon ustaları xüsusi proqramlar əldə edib xx.xx.2025-ci il tarixdə telefonunun yaddaşını bərpa edə bildilər. Bu barədə Masallı Rayon Məhkəməsinə məlumat vermiş, Nizami rayon icra şöbəsində barəsində olan icra işi ilə əlaqədar ona möhlət verilməsini xahiş etmişdir (xx.xx.2025-ci il tarixdə). İddiaçının tələb etdiyi 26.000 ABŞ dolları və 9.100 manat əvəzinə ona cəmi 84.390 manat pul qaytarmışdır. Bundan başqa əlbəəl də pullar vermişdir. Bu barədə sübutları yoxdur. Yəni onun iddiaçıya yox, iddiaçının ona borcu vardır. Bundan başqa, Cavabdeh apellyasiya icraatı zamanı ödəniş qəzbləri təqdim edərək iddiaçıya borcunun qalmadığını, birinci instansiya məhkəməsində işə baxılan zaman telefonunda nasazlıq olduğu üçün sübutlarını təqdim edə bilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda, Konstitusiya Məhkəməsinin bir çox qərarlarında apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə, onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Göründüyü kimi, qanunverici sübutların yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun. Halbuki birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının və xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, Cavabdeh izahatında iddianı qəbul etmiş, borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmiş, borcunu ödəməsi barədə hər hansı sübutlarının olduğunu və ya olacağını bildirməmişdir. Eyni zamanda, əgər həqiqətən cavabdehin borcu qalmamışdırsa, bu halda o, ən azı sübutları olmasa belə borcunun qalmadığını bildirməli idi. Lakin cavabdeh bu barədə bildirməmiş, hətta məhkəmə çıxışı zamanı iddianın təmin edilməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan icra işinə dair sənədlərdən görünür ki, Cavabdeh vaxt verilməsini xahiş etmiş və borcunu xx.xx.2025-ci il tarixə kimi ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh ödənişlə bağlı təqdim etdiyi sübutları ondan asılı olmayan səbəblərdən birinci instansiya məhkəməsində təqdim edə bilməməsini sübut edə bilmədiyindən həmin sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edə bilməz. Bu, qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı olan borcundan artıq 3500 manat ödəniş etmişdir. Odur ki, həmin məbləğ ümumi məbləğdən çıxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2307/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 26000 ABŞ dolları və 5600 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2307/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə 26000 ABŞ dolları və 5600 manat pul alınıb İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 251 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar