Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1403/2022 12.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Qənimət oğluna qarşı “pul və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)-47/2022 saylı qətnaməsindən Cavabdeh Qənimət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qənimət oğlundan 21720 manat məbləğində pulun, 22000 manat məbləğində zərərin, cəmi 43720 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə məcburi qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qənimət oğlu 15 may 2019cu il tarixində ondan 5 gün sonra qaytarmaq şərti ilə 600 manat, 10 iyul 2019-cu il tarixli qəbzlə 8 ay müddətinə qaytarmaq şərti ilə 20000 manat, 08 may 2019-cu il il tarixində isə 2 ay müddətinə qaytarmaq şərti ilə 1120 manat borc pul götürmüş, bu barədə öz xətti ilə yazaraq qəbz vermiş, qəbzlərdə göstərilən müddət başa çatdıqdan sonra dəfələrlə tələb etməsinə baxmayaraq, pulunu qaytarmamaqla iddiaçıya 21720 manat pul ziyanı, öz vəsaitindən istifadə edə bilmədiyinə görə 22000 manat ziyan, cəmi 43720 manat əmlak ziyanı vurmuşdur. İddiaçı hesab edir ki, pozulmuş mülkiyyət hüququ məhkəmə müdafiəsi vasitəsilə bərpa edilməlidir. Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)-47/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh Qənimət oğlundan 21720 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Qənimət oğlu apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)- 47/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh iddiaçını təxminən iki ildir ki, tanıyır və onun evində usta kimi işləmişdir. O, 04 may 2019-cu il tarixində iddiaçıdan 400 manat pulu Ağdam rayonu, Əffətli kənd sakini Fikrət Həsənov və Ağcabədi şəhər sakini X6 yanında almış və bununla bağlı qəbz yazmış, orada olan şahidlər də həmin qəbzi imzalamışdır. 15 may 2019-cu il tarixində cavabdehə pul lazım olduğu üçün yenidən iddiaçıdan pul istəmiş, 600 manat pulu yenə də Fikrət Həsənov və Babək Səfərovun yanında almış və bununla bağlı da qəbz yazmış, şahidlər isə həmin qəbzi də imzalamışlar. xx.xx.2019-cu il tarixində Ağcabədi şəhər sakini X3 cavabdehin yanına gələrək, ona 2000 manat pul lazım olduğunu bildirmiş, Laçın rayon sakini X10 problemi olduğu üçün ona 2000 manat pul axtardığını demişdir. Cavabdeh isə Zamiq və Elmirlə birlikdə iddiaçının yaşadığı Avşar kəndinə gedib onunla görüşmüş, Zamiqə 2000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı isə qeyd etmişdir ki, o, cavabdehi tanıyır, əgər o, zamin dursa, pul verər. Bundan sonra, iddiaçı cavabdehdən pul götürməsi ilə bağlı qəbz yazmasını istəmişdir. Cavabdeh həmin qəbzi yazan zaman iddiaçı etibarlı olması üçün qəbzə 2000 manat əvəzinə, 20000 manat yazmasını istəmişdir. Həmin vaxt Zamiqə pul lazım olduğu üçün cavabdeh məcbur qalıb qəbzə 2000 manat əvəzinə 20000 manat yazmışdır. İddiaçı həmin vaxt cavabdehin savadsız və pula ehtiyacının olmasından istifadə edərək, belə bir qəbz yazdırmışdır. Həmin 2000 manat pulu təxminən 2019-cu ilin iyul ayında Ağcabədi şəhərində Ağcabədi Rayon İcra Hakimiyyətinin Şəhər Ərazi Nümayəndəliyinin inzibati binasının qarşısında almışdır. Həmin vaxt orada X14 və X5 da olmuş, cavabdehin yazmış olduğu qəbzi imzalamışlar. İddiaçı hər dəfə cavabdeh pul götürən zaman etibarlı olması üçün qəbz yazdırmış və həmin qəbzlərdə götürülmüş pulların məbləğlərinin artıq yazılmasını istəmişdir. Əslində isə o, iddiaçıdan həmin məbləğlərdə pul almamış, hissə-hissə olmaqla, ümumilikdə 3000 manat pul almış və həmin məbləğdə pula görə öhdəlik daşıyır. Məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilməmiş, həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Belə ki, iddiaçı ona 2019-cu ilin may ayının 8-də 1120 manat, may ayının 15-də 600 manat, iyul ayının 10-da isə 20000 manat borc pul verdiyini bildirsə də, məhkəmə bu halların sübut edilməsini cavabdehdən tələb etməmiş, iddiaçı tərəfindən nə məqsədlə bu məbləğdə pulların cavabdehə verilməsini aydınlaşdırmamışdır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almadan səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsi və Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)-47/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin dəlilləri əsassızdır. Ağcabədi Rayon Məhkəməsi iddia ərizəsinin surətini cavabdehə göndərmiş, iddiaya qarşı etirazlarını və etirazları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməsini təklif etmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə bildirişlərini alan cavabdeh etirazını bildirməmiş, sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində göstərdiyi kimi, cavabdeh borcunu təsdiq edən qəbzləri mübahisələndirməmiş, əksinə könüllü imzaladığını, borc aldığını təsdiqləmişdir. Borcun məbləği barəsində cavabdehin göstərdikləri yalandır. Çünki apellyasiya şikayətində göstərdiyi kimi, qəbzləri könüllü imzalamış, iddiaçıdan heç bir asılılığı olmamışdır. Cavabdehin aldığı borcu 10 dəfə artıq göstərməsi üçün heç bir əsas olmamışdır. Apellyasiya məhkəməsinin iclasında İddiaçı çıxış edərək bildirmişdir ki, o, cavabdehə 3 dəfəyə olmaqla, cəmi 21720 manat pul vermişdir. 600 manat və 1120 manat pulun alınması ilə bağlı, cavabdeh özü qəbzlər yazaraq imzalamış, 20000 manatın verilməsi ilə bağlı qəbz isə kompüter vasitəsilə yazılaraq imzalanmışdır. 20000 manat məbləğində pulu iddiaçı cavabdehə verərkən əvvəlcə notariusa getmək barədə ona təklif etsə də, cavabdeh notariusa getməyin ona ziyan vuracağını qeyd edərək bundan imtina etmişdir. Ona görə də şəhər icra nümayəndəliyinə gedərək yazılmış qəbzi möhürlətmişlər. Verilmiş borc məbləğlərindən hər hansı ödəniş edilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh Qənimət oğlu məhkəmə iclasına gəlməmişdir. Odur ki, MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)-47/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, apellyasiya şikayəti iddia tələbinin rədd edilməsi istiqamətində olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)-47/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazma qəbzdə “8 may 2019 c ildə X1 Akif Yaqub oğlunan 1120 (min yüz irmi) manat yoldaşlar işdirakıylə pul göturdum” və “Mən Bu pulu 2 ay kaytaracam, qaytarmasam məkəməyə müracyət edə bilər” yazıları icra edilmiş, Cavabdeh, Hüseynov Fikrət, Səfərov Babək və İddiaçı tərəfindən imza çəkilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazma qəbzdə “Mən X2 Akif Yaquv oğlunan 600 mat pul götürdüm 15 may 2019ç ildə pul götürdüm 20 may 2019 ildə qaytarmaq şərtilə əgər pulu geri qaytarmasam məykəməyə ver bilər” yazıları icra edilmiş, Cavabdeh, Hüseynov Fikrət, Səfərov Babək, Alıyev Cəsarət və İddiaçı tərəfindən imza çəkilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli texniki vasitə ilə yazılmış qəbzdə “Cavabdeh Qənimət oğlu (AZE-14386671, xx.xx.2014, Ağcabədi RPŞ) Mən İddiaçı (AZE- 07837874, xx.xx.2010, Ağcabədi RPŞ) 20000 (iyirmi min) manat pul aldım, 8 ay müddətinə bu pulu qaytarmasam yaşadığım ev yoldaşımla mənim adıma olmadığına baxmayaraq pulumun əvəzinə evim ona qalacaq məhkəməyə verməyə heç bir ehtirazım yoxdu və vəkili iştirak edə bilər.” yazısı icra edilmiş, Cavabdeh Qənimət oğlu, X15, X16, X3 və İddiaçı tərəfindən imza çəkilmişdir. Həmçinin həmin qəbzdə əlyazısı ilə “Qəbz bizim iştirakımızla imzalandı. Odur ki, imzaların doğruluğunu təsdiq edirəm. Ağcabədi İƏD-si üzrə nümayəndəsi: V.Mehdiyev” yazılmış, imza icra edilmiş və qəbzə Ağcabədi RİHB-nin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin möhürü vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. MM-in 529.3-cü maddəsindən də göründüyü kimi, borclu tərəfindən kreditora verilən borc qəbzləri onlar arasında öhdəlik münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı sənəd kimi çıxış edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi qəbzlər tərəflər arasında öhdəlik münasibətini təsdiq etməklə yanaşı, həm də müqavilə hesab edilir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. MM-in 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 407.2-ci maddəsinin məzmunu baxımından tərəflərin yazaraq imzaladıqları qəbzlər müqavilə kimi imzalandığı andan bağlanmış hesab edilmişdir. Həmçinin, MM-in 529.3-cü maddəsinə görə, borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bu isə o deməkdir ki, borc sənədi olan qəbzlər, əgər hələ də kreditorda (iddiaçıda) qalırsa, deməli, öhdəliyə xitam verilməmiş və borc məbləği ödənilməmişdir. Cavabdeh isə həmin borc qəbzlərində göstərilmiş rəqəmlərin həqiqətə uyğun olmadığını və iddiaçının qəbzlərin etibarlı olması üçün məbləğlərin yuxarı göstərilməsi barədə istəyinə əsasən miqdarın 600, 1120 və 20000 manat göstərilməsinə razı olduğunu və qəbzləri imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin borc məbləğlərinin etibarlı olması üçün yuxarı həddə yazılması ilə bağlı söylədiklərini inandırıcı hesab etmir. Belə ki, cavabdeh həmin halı təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmiş, yalnız borcu götürərkən və qəbzlər yazılarkən yanında bir neçə şahidin olduğunu qeyd etmişdir. Lakin cavabdehin şahid kimi göstərdiyi şəxslər də iddiaçının istinad etdiyi qəbzləri imzalamış və həmin qəbzlərin doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, qəbzdə olan imzalar məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh və onun şahid kimi göstərdiyi şəxslər də öz imzaları ilə iradələrini bəyan etmiş və qəbzin məzmununun həqiqiliyini təsdiq etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin həqiqi borc məbləğinin 400, 600 və 2000 manat olması ilə bağlı bildirdiklərini formal mülahizə hesab edir və onun ağlabatan olmadığı nəticəsinə gəlir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının cavabdehin apellyasiya şikayətinə etirazının dəlillərini əsaslı hesab edir. Beləliklə, iş materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qəbzlərlə cavabdehin iddiaçıdan müvafiq olaraq 1120, 600 və 20000 manat borc alması və cavabdehin həmin borc məbləğini ödəməməsi faktı öz təsdiqini tapdığından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbinin qismən təmin edilməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi çıxış edən halları təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, cavabdeh yalnız formal mülahizələrlə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)-47/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)-47/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh Qənimət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(017)-47/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-1403/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1403/2022
12.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver