Məhkəmə qərarları › İş №2(106)-1409/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1409/2025

22.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1409/2025 22.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X3 X1 Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-935/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 X1 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 15000 manat əsas borc, 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(073)-935/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 15000 (on beş min) manat əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 (bir yüz otuz beş) manat və xidmət haqqının əvəzi qismində 0,40 (qırx qəpik) manat alınıb iddiaçı "xxxx" X3 X1 Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(073)-935/2025 saylı qətnaməsi ləğv edilərək, apellyasiya şikayətinin təmin edilməsini, işə yenidən baxılmasını və düzgün hüquqi qiymət verilməsi, iddia tələbinin 10220 manat hissədə təmin edilməsini, avtomobilinin ona geri qaytarılaraq yeni qrafik üzrə 10220 manat borcun aylara bölünməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(073)-935/2025 saylı qərardadı ilə Cavabdeh tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(073)- 935/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Məhkəmənin qərardadı ilə razılaşmayan cavabdeh Qasımov X2 rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(073)-935/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və mülki işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, eyni zamanda, Cavabdeh ötürülmuş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, e-2(073)-935/2025 saylı qərardadı ilə, Cavabdeh Cəlilabad rayon məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(073)-935/2025 saylı qərardadının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. İş materiallarından (səh. 82) görünür ki, Cavabdeh prosessual müddətin üzrlü hesab edilməsi barədə vəsatət təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi Cəlilabad Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(073)-935/2025 saylı qərardadında cavabdehin bu vəsatətinə hüquqi qiymət verməmiş, qərardadda vəsatətlə bağlı heç bir mövqe bildirməmişdir. Bunun əvəzində, şikayəti təmin etməyərək mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Halbuki nəzərə alınmalıdır ki, apellyasiya şikayətinə dair müddətin bərpası barədə ərizə həmin şikayətlə həm funksional, həm də hüquqi baxımdan əlaqəli olub, ondan asılı xarakter daşıyır. Buna görə də, birinci instansiya məhkəməsi hər bir halda həmin şikayətin hüquqi əsası və ilkin tərkib hissəsi olan müddətin bərpası barədə ərizəyə də hüquqi qiymət verməli idi. Əks təqdirdə, şikayət təmin edildiyi halda prosessual müddətin bərpası barədə ərizənin mahiyyəti üzrə baxılmaması, nəticə etibarilə apellyasiya şikayətinin qəbul edilməsi və məzmun üzrə araşdırılması üçün hüquqi zəmin yaradır ki, bu da prosessual hüquq normalarının sistematik və məqsədyönlü tətbiqi baxımından ziddiyyətli nəticə doğurur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh prosessual müddətin üzrlü hesab edilməsi barədə vəsatətə hüquqi qiymət vermədən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Buna görə də, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-935/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar