Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1413/2024 29.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi, əsassız varlanma. X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(049)-73/2024 saylı qətnaməsindən (hakim Muradağa Qasımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 53000 manat pulun, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildən etibarən cavabdehin qardaşı Elşən Əkbərov onun Novxanı kəndində yerləşən bağında yaşayır və bağa faktiki olaraq nəzarət edir. 2019-cu ildə Elşən ona müraciət edərək bildirmişdir ki, cavabdeh olan qardaşı Eldəniz «Ağçiçəyim» gül dükanında Sədra adlı şəxsin yanında işləyib, yaxşı əl qabiliyyəti var, gül işini yaxşı bilir və bu sahədə işləmək istədiyindən maddi dəstəyə ehtiyacı olduğundan onunla görüşüb danışmaq istəyir. Elşəni uzun illər tanıdığından qardaşı Eldənizlə görüşməyə razılıq vermiş və onlar ikisi onunla görüşmüşlər. Görüş zamanı Eldəniz ona şərikli biznes qurmağı təklif edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində gül dükanı var və oranı icarəyə götürüb təmir etdirdikdə yüksək gəlir əldə etmək olar, özünün bu işdən başı çıxsa da, «bir qəpik» belə pulu yoxdur, ona pul versə qısa müddətdə onun pullarını qaytarmaqla yanaşı ona gəlir də verəcəkdir. O, Elşənin öz qardaşına zamin durması ilə bağlı sözlərinə və Eldənizin dediklərinə inanmış və bu səbəbdən də 2019-cu ilin payız aylarında Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində gül dükanını «hazır biznes» şəkilində işlədən icarədar Arzu adlı xanımdan 9.000 manat pul ödəməklə alınmış, 7000 manat təmirinə, 6 000 manat kamera, reklam və təhlükəsizlik sisteminin quraşdırılmasına, 5000 manat rəflər, aksessuar və avadanlığa, habelə 10000 manat güllər üçün olmaqla, cəmi 37000 manat məbləğində vəsaiti hissə-hissə olmaqla cavabdehə vermişdir. Qeyd olunan vəsaitləri ödədikdən sonra qısa müddət ərzində Cavabdeh gül dükanını işlətməyə başlamış, bir neçə dəfə özü də gedib ora baş çəkmişdir. Gül dükanı işləməyə başladığı vaxtdan bir müddət sonra məlum «Covid-19» virusu ilə bağlı ölkədə pandemiya şəraitinin yarandığını və işlərin yaxşı getmədiyini bəhanə edən Cavabdeh ona verdiyi vəsaiti ona qaytarmaq iqtidarında olmadığım bildirmiş və o da, ona inanıb ondan pullarını qətiyyətlə tələb etmirdi. 2021-ci ilin fevral ayında cavabdeh yenidən ona müraciət edərək «8 mart» bayramı ərəfəsində güllər almaq üçün vəsaitə ehtiyacının olmasını və ona pul verəcəyi təqdirdə həm həmin vəsaiti, həm də daha öncə verilmiş pulları ona qaytara biləcəyini deyib onu inandıraraq 25000 manat məbləğində vəsait istəmişdir. O, dost-tanışdan həmin məbləği taparaq ona vermiş və bayramın səhərisi günü həmin məbləğdən 15.000 manat vəsaiti ona qaytarsa da, qalan 10.000 manat hissəsini ona qaytarmadığından o, Eldənizin qardaşı Elşənə bu barədə demiş, Elşən qardaşının onu aldatmaqda davam etdiyini gördüyündən və bu işə onu qatmaqda səbəbkar olduğundan rayonda olan mal-qarasını satıb qardaşının əvəzinə 10.000 manat vəsaiti ona qaytarmışdır. Cavabdeh yenə də, müxtəlif bəhanələr irəli sürərək dükanın açılması ilə əlaqədar 2019-cu ildə ona verdiyi ümumilikdə 37.000 manat məbləğində vəsaiti qaytarmamış, dükandan əldə etdiyi gəlirdən indiyə kimi ona heç bir manat da olsun verməmiş və hər dəfə onu yalanları ilə inandırıb ki, güya dükanın işləri pis gedir. Sonuncu dəfə 2022-ci ildə, yenə də «8 mart» bayramı öncəsi cavabdeh ondan borc pul istəmişdir kı, dükanın işlərini qaydaya salıb ona olan borcunu ödəsin. Bu dəfə də o, ona inanıb dost-tanışından 20.000 manat məbləğində borc alıb cavabdehə vermiş, bayramdan sonra dəfələrlə müraciətlər etdiyindən hissə-hissə olmaqla Eldəniz həmin məbləğdən 20.000 manat pulu onun dost-tanışına aparıb qaytarmışdır. Yenə də müxtəlif bəhanələr gətirib 2022-ci ilin dekabr ayında onu aldadaraq "Yeni il" bayramı ərəfəsində 10.000 manat pul istəmiş, bu dəfə də ona inanıb pul tapıb vermiş, o, isə qaytarmamışdır. Bundan başqa 2019-2022-ci illər ərzində dükanın icarə haqqının ödənilməsi ilə bağlı Eldəniz ondan 6000 manat pul almış, həmin pulu da ona qaytarmamışdır. Cavabdeh həqiqətdə ona qarşı yalan danışdığını, gül dükanında güya ziyan etməsi ilə bağlı dediklərinin yalan olduğunu o, 2022-ci ilin sonunda bilmişdir. Ona məlum olmuşdur ki, Eldəniz Ələkbərov ona şəriklik təklif etdiyi 2019-cu ildə 300.000 manat məbləğə yaxın məbləğdə müxtəlif şəxslərə borcu olub və bu müddət ərzində ondan aldığı vəsaitlər hesabına gül dükanını işlədib külü miqdarda gəlirlər əldə edib ondan gizlətməklə borclarını ödəmiş, onun isə ona qarşı səmimi və aqressiyadan kənar münasibətinə arxayın olub pulunu ödəməkdə yayınmağı üstün tutmuşdur. 2023-cü ilin yanvar ayında cavabdehi bağına çağıraraq bu cür davranışlara son qoymağı, ona olan ümumilikdə 53000 manat məbləğində borcunu qaytarmağı tələb etmiş, o, borclu olduğunu Onun dələduzluq əməlləri ilə bağlı polisə şikayət etmiş, lakin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü ıl tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə cavabdehin səs yazısını əks etdirən sübutunu təqdim edib bildirmişdir ki, həmin səs yazılarında cavabdeh etiraf edərək iddiaçıya aldığı pulları qaytarmadığını bildirmişdir. Həmin səs yazılarında söhbət 60-70000 manatdan getmişdir. Cavabdeh iddiaçıdan 53000 manat pul almışdır. Əvvəl 37000, sonra 10000, daha sonda isə 6 000 manat. Cavabdeh gül dükanından yaxşı gəlirlər əldə etsə də, gəlirləri ilə başqa şəxslərə olan borclarını bağlayaraq iddiaçıya verməmişdir. xx.xx.2024-cü il tarixdə isə əlavə olaraq göstərmişdir ki, iddiaçı Abşeron RİH-də məsləhətçi işləyir. Tərəflər arasında münasibətlər və onların məqsədləri gəlir əldə etmək olmuş, icarə müqaviləsi şifahi bağlanmış, həmin işlə cavabdeh məşğul olmuşdur. Cavabdehin qardaşı ilə 10 ilə yaxındır ki, dost olublar və sonuncu onun bağında işləyir. Dövlət quluçusunun sahibkarlalıqla məşğul olmaq hüququnun olub olmamasını bilmir. Gül dükanı 20 min manata icarəyə götürülmüşdür. Razılaşmaları belə olmuşdur ki, iddiaçı tərəfindən qoyulmuş vəsait ona qaytarılacaq, gəlir olduqda, ondan da ona veriləcəkdr. Məhkəməyə təqdim etdiyi səs yazısının 4-cü dəqiqəsinin 15-ci saniyəsində iddiaçı cavabdehə müraciət edərək deyir ki, "demirəm 50, 60, 70 mini qaytar, 40 mini qaytar.” Gül dükanının kassasında iddiaçının öz adamı olmuşdur, lakin kassaya cavabdehliyi cavabdeh daşımışdır. Cünki kassir iddiaçıya kiminsə kassadan pul götürdüyünü bildirdikdə, iddiaçı bunun səbəbini cavabdehdən soruşmuş, sonuncu da ona bildirmişdir ki, həmin şəxsə aldıqları güllərin pullarını vermişdir. Hazırkı məhkəmə iclasında o, əlavə olaraq göstərmişdir ki, cavabdehin iddiaçıya borclu qalması cinayət işinin rədd olunması barədə qərarda öz təsdiqini tapmışdır. Səs yazısında cavabdeh hər şeyi etiraf etmişdir. Hazırda da cavbabdeh əlyazmasını təqdim edərək iddiaçıdan 47000 manat pul aldığını etriaf edir. xx.xx.2024-cü il tarixdə cavabdeh iddianı qəbul etməyib bildirmişdir ki, iddiaçının təqdim etdiyi səs yazısı ona məxsusdur. Həmin səs yazısına Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində də qulaq asılmışdır. Onu orada həbs etməmişlər. Lakin polislər ona təziq göstərdikləri üçün onların hərəkətlərindən DİN-nin 102 Xidmətinə şikayət etmişdir. Bundan sonra onu narahat etməmişlər. Səs yazısının 8-ci dəqiqəsinin 4-cü saniyəsində iddiaçıya 40000 manat qaytaracağını demişdir. Onun iddiaçıya borcu yoxdur. İddiaçıdan 100000 manat pul alınıb, 240000 qaytarılıb. Onun ümumilkidə başqa şəxslərə 400000 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh əlavə olaraq bildirmişdir ki, səs yazısında olan və iddiaçıya 40 min manat pulu qaytaracağına söz verdikdən sonra, iddiaçı bağda onu şillə ilə vurmuş, bundan sonra o, ona olan borcu qaytarmışdır. Hazırki məhkəmə iclasında cavabeh öz əlyazmasını məhkəməyə təqdim edərək əlavə olaraq göstərmişdir ki, ümumilikdə iddiaçıdan 47000 manat pul almış, bu barədə əlyazmasında qeydlər etmiş, bütün borcunu qaytarmış, lakin həmin borcun iddiaçı tərəfindən qəbul edilməsini təsdiqləyən sübutu yoxdur. Məhkəməyə təqdim etdiyi diskdən görünür ki, onun gül dükanına iki nəfər polis nəfəri gəlmiş, səs yazısı olmasa da, həmin vaxt o, polislərə bildirmişdir ki, iddiaçıya borclu olduğu pulu qaytarmışdır. Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(049)-73/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 47000 manat məbləğində pulun və ödənilmiş 221.61 manat məbləğində dövlət rüsumunun, cəmi 47221.61 (qırx yeddi min iki yüz iyirmi bir) manat 61 qəpiyin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Göstərmişdir ki, o borclu olduğu 47000 manat pulu iddiaçıya geri ödəmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Cavabdehlərə münasibətdə tələb bölünməz tələb olduğundan, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdehin məhkəməyə təqdim etdiyi və surəti işə əlavə olunmuş əlyazmasından görünür ki, cavabdeh iddiaçıdan 47000 manat pul almışdır. Bu faktı cavabdeh özü də məhkəmə iclasında etiraf edərək bildirmişdir ki, həmin əlyazmadakı yazıları o özü icra etmişdir. Aldığı pulun xərclənməsini, iddiaçıya qaytarılmasını da həmin əlyazmada qeyd etmişdir. Lakin qaytardığı pulların iddiaçı tərəfindən təhvil alınmasını təsdiqləyən sübutu yoxdur. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıdan 47000 manat pul aldığını etiraf etsə də, həmin pulun qaytarılmasına dair məhkəməyə hər-hansı bir sübutunu təqdim edə bilməmişdir. İddiaçı cavabdehdən 53000 manat pul tələb etsə də, bu məbləğə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə etməmiş və ya edə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi faktiki və hüquqi baxımdan doğru qənaətə gəlmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çoxdur, buna görə də, hazırkı qətnamədən qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmuşdur. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(049)-73/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1413/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1413/2024
29.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver