Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1421/2022 14.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, İrzayev Hüseyn Valeh oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X23, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X38, X39, X49, X40, X56, X50, X57, X64, X60 və X51 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-149/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsindən ilk iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X31 qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X15 40000 manat məbləğində dəymiş zərərin və 210 manat ödədikləri dövlət rüsumunun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X52 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “pul tələbinə dair” qarşılıqlı iddia verərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 5070 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1, X61, X38, X39, X49, X40, X56, X50, X57, X32, X60 və X65 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmaları barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Daha sonra X64 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X61, X38, X39, X49, X40, X56, X50, X57, X32, X64, X60 və X65 müstəqil tələb irəli sürən üçüncü şəxslərin tanınması haqqında ərizə üzrə tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 X16 xx.xx.2021-ci il tarixdə 336 yeşik 3036 manat dəyərində nar məhsulu almış, 1000 manat vermiş, 2036 manat borclu qalmış, X33 xx.xx.2021-ci il tarixdə 64 yeşik 6360 manat dəyərində nar məhsulu almış və həmin məbləğdə borc qalıb, X57 xx.xx.2021-ci il tarixdə 475 yeşik 4337 manat dəyərində nar məhsulu almış, 2000 manat ödəmiş, 2337 manat borclu qalmışlar, X5 xx.xx.2021-ci il tarixdə 1218 yeşik 10962 manat dəyərində nar məhsulu almış, bugünə kimi narın pulunu verməmişlər, X34 xx.xx.2021-ci il tarixdə 876 yeşik 7880 manat dəyərində nar məhsulu almış, həmin borcdan 5200 manat ödəmiş, 2684 manat borcları qalmışdır, X10 xx.xx.2021-ci il tarixdə 395 yeşik 3617 manat dəyərində nar məhsulu almış, həmin borcdan 2000 manat ödəmiş və 1617 manat borcları qalmışdır, X11 xx.xx.2021-ci il tarixdə 429 yeşik 4029 manat dəyərində nar məhsulu almış və bugünə qədər həmin məbləğdə borcları qalmışdır, X17 xx.xx.2021-ci il tarixdə 350 yeşik 3300 manat dəyərində nar məhsulu almışlar və bugünə kimi həmin məbləğdə borcları var, X41 xx.xx.2021-ci il tarixdə 670 yeşik 6700 manat dəyərində nar məhsulu almışlar, 3000 manat ödənilmiş, hazırda 3700 manat borcları qalmışdır, X8 xx.xx.2021-ci il tarixdə 338 yeşik, 3114 manat dəyərində nar məhsulu almışlar, 1500 manat vermişlər və hazırda ona 1614 manat borcları var, X42 xx.xx.2021-ci il tarixdə 339 yeşik, 2712 manat dəyərində nar məhsulu almışlar və bu günə kimi ona həmin məbləğdə borcları var, X24 xx.xx.2021-ci il tarixdə 404 yeşik, 4061 manat dəyərində nar məhsulu almışlar və bugünə kimi ona həmin məbləğdə borcları var, X12 xx.xx.2021-ci il tarixdə 122 yeşik, 1040 manat dəyərində nar məhsulu almışlar və bugünə kimi ona həmin məbləğdə borcları var. Ona görə də ərizəni nəzərə alıb cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinə çatası pulların alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar xeyli müddət olar ki, şərikli ticarətlə məşğul olurlar. Təxminən 2021-ci ilin oktyabr ayında əvvəllərində onlar Kürdəmir rayonu, Ərəbqubalı kəndində X23 vasitəsi ilə nar məhsulu yığaraq satılması üçün Rusiya Federasiyasına göndərmişlər. Ərəbqubalı kəndində yığılan nar məhsulunun alınmasına və iddiaçılara təhvil verilməsinə, həm də keyfiyyətinə Qeyis cavabdehlik daşımış, iddiaçılar yığılan malın hər bir 10 kiloqramına görə Qeyisə 50 qəpik pul vermişlər. İddiaçılar yığılan nar məhsulunu Rusiya Federasiyasına göndərmiş, lakin sonuncu göndərilən məhsul keyfiyyətsiz çıxmış və onlar bu barədə Qeyisə zəng edib məlumat vermişlər. Bundan sonra X52 xx.xx.2021-ci il tarixdə iddiaçılara 7 ton nar məhsulu göndərmiş, həmin məhsullar da keyfiyyətsiz çıxmış və bu barədə də zəng edib Qeyisə məlumat verərək nar məhsulunu geri qaytaracaqlarını bildirmişlər. Qeyis nar məhsulunu geri qaytarmamağı xahiş etdiyinə görə iddiaçılar həmin nar məhsulunu məcbur olub Rusiya Federasiyasına göndərmişlər. Rusiya Federasiyasında nar məhsulunu qəbul edənlər narın çürük olduğuna görə satılmasının mümkün olmadığını bildirmişlər. Bütün nar məhsulunu Qeyis almış və malın keyfiyyətinə də Qeyis özü cavabdehlik daşımışdır. İddiaçılar birbaşa heç bir Ərəbqubalı kənd sakinlərindən ayrı-ayrılıqda nar məhsulu almamışlar. Bundan əvvəl iddiaçılar nar sahiblərinə pul çatdırmaq üçün X31 13000 manat nağd pul vermiş, 4000 manatı isə kart vasitəsi ilə göndərmişlər. Lakin Qeyis iddiaçıların göndərdikləri pulu nar sahiblərinə verməmiş və bu gün iddiaçılar nar sahibləri ilə problem yaşayırlar. Ümumilikdə Qeyis iddiaçılara 40000 manat məbləğində ziyan vurmuşdur. İddiaçılar Qeyisin təqsiri üzündən alverdən məhrum olaraq Rusiya Federasiyasına məhsul göndərə bilməmişlər. Onlar Qeyisdən 40000 manat pulu dəfələrlə tələb etsələr də, Qeyis pulu qaytarmaqdan imtina etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o – Qeyis Məmmədov cavabdehlər İddiaçı1 və İddiaçı2 nar mövsümü başlayan ərəfədə tanımışdır. Belə ki, cavabdehlər İddiaçı1 və Ağayev X22 rayonunun Ərəbqubalı kəndində onun yaşadığı evə gələrək nar məhsulu almaq istədiklərini bildirmişlər. O, özünün yetişdirdiyi nar məhsulunu cavabdehlərə göstərmiş və onlar nar məhsulunu bəyəndikdən sonra onlarla razılaşıb 5070 manat dəyərində nar məhsulunu cavabdehlərə satmışdır. İddiaçı1 və İddiaçı2 ondan nar məhsulunu alandan sonra onları kənddə nar satmaq istəyən şəxslərlə tanış etməsini xahiş etmiş və o da kənddə nar satmaq istəyən şəxslərlə onları tanış etmişdir. Bundan sonra cavabdehlər özləri həmin şəxslərlə söhbət edib nar məhsulunu almaq barədə razılığa gəlmiş və həmin şəxslərin həyətində olub nar məhsulunu almışlar. Cavabdehlər aldıqları nar məhsulunu satandan sonra bir həftə ərzində onların pulunu verəcəklərini və nar mövsümünün axırına kimi kənddə olub nar məhsulu alacaqlarını bildirmişlər. O da digər kənd sakinləri ilə birlikdə cavabdehlərə inanıb nar məhsulunu onlara nisyə satmışlar. Cavabdehlər kənd sakinlərindən nar məhsulu alarkən hər nar sahibi ilə özləri söhbət etmiş və qiymətləri də özləri razılaşmışlar. O, narın kənd sakinlərindən alınmasına və nar məhsulunun keyfiyyətinə görə cavabdehlər qarşısında heç bir cavabdehlik daşımır, onlarla bu barədə heç bir söhbəti olmamış və cavabdehlər kənd sakinlərindən aldıqları nar məhsulunun hər 10 kiloqramına görə ona pul verməmişlər. Hazırda cavabdehlərin 15 nəfərə yaxın kənd sakininə nisyə aldıqları nar məhsuluna görə müxtəlif miqdarda, həmçinin onun özünə 5070 manat məbləğində pul borcları var. Cavabdehlər İddiaçı1 və İddiaçı2 kənd sakinlərindən nisyə aldıqları nar məhsuluna görə ona nağd və ya kart vasitəsi ilə pul verməmişlər. Ümumiyyətlə o, cavabdehlərə heç bir ziyan vurmamış, əksinə cavabdehlər ondan nisyə aldıqları 5070 manat dəyərində nar məhsulunun pulunu vermədiklərinə görə ona maddi ziyan vurmuşlar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi onunla əsaslandırılmışdır ki, həmkəndliləri X4 tanıdıqları İddiaçı1 və İddiaçı2 ilə birlikdə xx.xx.2021-ci il tarixdə X6 evinə gəlmişlər. Qeyis həmin şəxsləri onunla tanış etdikdən sonra onların nar məhsulu almaq istədiklərini bildirmişdir. Bundan sonra o, Samir və Əlibağışla razılaşıb onlara 10962 manat dəyərində 1218 yeşik nar məhsulunu nisyə satmışdır. Cavabdehlər İddiaçı1 və İddiaçı2 ondan aldıqları 10692 manat dəyərində narın pulunu bir həftə ərzində verəcəklərini bildirsələr də, bugünə qədər onlar həmin məbləğdə pulu ona verməmişlər. X2 sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 ilə birlikdə xx.xx.2021-ci il tarixdə X43 evinə gəlmişlər. Qeyis həmin şəxsləri onunla tanış etdikdən sonra onların nar məhsulu almaq istədiklərini bildirmişdir. Bundan sonra o, Samir və Əlibağışla özü razılaşıb onlara 7880 manat dəyərində 876 yeşik nar məhsulunu nisyə satmışdır. Cavabdehlər İddiaçı1 və İddiaçı2 ondan aldıqları 7880 manat dəyərində narın pulundan 5200 manatını vermiş, qalan 2680 manat pulu isə bugünə kimi ona verməmişlər. xx.xx.2021-ci il tarixdə sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 X18 evinə gələrək ondan 4029 manat dəyərində 429 yeşik nar məhsulunu nisyə alıb pulunu bir həftəyə verəcəklərini bildirmişlər. Lakin aldıqları 4029 manat dəyərində narın pulunu bugünə kimi ona verməmişlər. xx.xx.2021-ci il tarixdə sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 X19 evinə gələrək nar məhsulu almaq istədiklərini bildirmişlər. O, özü İddiaçı1 və İddiaçı2 ilə narın qiymətini razılaşdıqdan sonra 3617 manat dəyərində 395 yeşik nar məhsulunu nisyə satmışdır. Sonradan İddiaçı1 və İddiaçı2 ondan nisyə aldıqları nar məhsulunun pulundan 2000 manat vermiş, qalan 1617 manat pulu isə təxminən bir həftə ərzində verəcəklərinə söz versələr də, həmin məbləğdə pulu bugünə kimi verməmişlər. xx.xx.2021-ci il tarixdə sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 X25 evinə gələrək nar məhsulu almaq istədiklərini bildirmişlər. O, özü İddiaçı1 və İddiaçı2 ilə narın qiymətini razılaşdıqdan sonra 3036 manat dəyərində 336 yeşik nar məhsulunu onlara nisyə satmışdır. Sonradan İddiaçı1 və İddiaçı2 ondan nisyə aldıqları nar məhsulunun pulundan 1000 manat vermişlər, qalan 2036 manat pulu isə təxminən bir həftə ərzində verəcəklərinə söz versələr də, həmin məbləğdə pulu bugünə kimi verməmişlər. 2021-ci ilin sentyabr-oktyabr aylarında X2 sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 ilə birlikdə X20 yaşadığı evə gələrək Samirlə Əlibağışın nar məhsulu almaq istədiklərilni bildirmişdir. Bundan sonra o, özü Samir və Əlibağışla narın qiymətini razılaşıb onlara 1040 manat dəyərində 122 yeşik nar məhsulunu nisyə satmışdır. İddiaçı1 və İddiaçı2 narı ondan nisyə alandan sonra pulunu bir həftəyə verəcəklərini bildirsələr də, nisyə aldıqları narın pulunu bugünə kimi ona verməmişlər. X56, 2021-ci ilin oktyabr ayında həmkəndliləri Məmmədov Qeyis və Məhərrəmov Valehin vasitəsi ilə sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 4061 manat dəyərində nar məhsulunu nisyə satmış, lakin cavabdehlər İddiaçı1 və İddiaçı2 ondan nisyə aldıqları narın pulunu bugünə kimi ona verməmişlər. xx.xx.2021-ci il tarixdə sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 X17 3300 manat dəyərində 350 yeşik nar məhsulunu nisyə alaraq pulunu bir həftə ərzində verəcəklərinə söz versələr də, cavabdehlər ondan nisyə aldıqları narın pulunu bugünə kimi ona verməmişlər. X57 xx.xx.2021-ci il tarixdə sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 4337 manat dəyərində nar məhsulunu nisyə satmış, cavabdehlər isə həmin nar məhsulunu satdıqdan sonra onun pulunu bir həftə ərzində qaytaracaqlarına söz vermişlər. Sonradan cavabdehlər ondan nisyə aldıqları nar məhsulunun pulundan 2000 manat vermiş, qalan pulu bir həftə ərzində verəcəklərinə söz versələr də, bu gunə kimi qalan 2337 manat pulu ona verməmişlər. xx.xx.2021-ci il tarixdə X2 sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 ilə birlikdə X13 yaşadığı evə gələrək Samirlə Əlibağışın nar məhsulu almaq istədiklərini bildirmişdir. Bundan sonra o, özü Samir və Əlibağışla narın qiymətini razılaşıb onlara 3144 manat dəyərində nar məhsulunu nisyə satmışdır. Sonradan İddiaçı1 və İddiaçı2 ondan nisyə aldıqları narın pulundan 1500 manatı ona vermiş, qalan 1644 manat pulu isə bugünə kimi ona verməmişlər. X64, 2021-ci ilin oktyabr ayında həmkəndliləri X52 və X26 vasitəsi ilə sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 2712 manat dəyərində nar məhsulunu nisyə satmışdır. Cavabdehlər İddiaçı1 və İddiaçı2 ondan nisyə aldıqları narın pulunu bir həftə ərzində verəcəklərini bildirsələr də, bugünə kimi nisyə aldıqları narın pulunu ona verməmişlər. X60, xx.xx.2021-ci il tarixdə həmkəndliləri X52 və X26 vasitəsi ilə sonradan tanıdığı İddiaçı1 və İddiaçı2 8780 manat dəyərində nar məhsulunu nisyə satmışdır. Cavabdehlər İddiaçı1 və İddiaçı2 ondan nisyə aldıqları narın pulundan 2720 manat ona vermiş, qalan 6060 manatı isə təxminən bir həftə ərzində verəcəklərinə söz versələr də, cavabdehlər ondan nisyə aldıqları narın pulundan borclu qaldıqları 6060 manat pulu bugünə kimi ona verməmişlər. xx.xx.2021-ci il tarixdə sonradan tanıdığı cavabdehlər İddiaçı1 və İddiaçı2 6700 manat dəyərində nar məhsulunu X41 nisyə almışlar. Sonradan cavabdehlər ondan nisyə aldıqları nar məhsulunun pulundan 3000 manatı ona vermiş, qalan 3700 manat pulu isə bir həftə ərzində verəcəklərini bildirsələr də, bugünə kimi 3700 manat pulu ona verməmişlər. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-149/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X15 40000 manat məbləğində dəymiş zərərin və 210 manat ödənilmiş dövlət rüsumunun alınaraq onlara verilməsi tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 5070 manat əsas borc və 70 manat dövlət rüsumunun alınaraq X31 verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin ərizəsi təmin edilərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 10962 manatın alınaraq X7, 2684 manatın alınaraq X53, 4029 manatın alınaraq X27, 1617 manatın alınaraq X28, 2036 manatın alınaraq X35, 1040 manatın alınaraq X29, 4061 manatın alınaraq X44, 3300 manatın alınaraq X36, 2337 manatın alınaraq X45, 1614 manatın alınaraq X21, 2712 manatın alınaraq X58, 6360 manatın alınaraq X54, 3700 manatın alınaraq X59 verilməsi qət olunmuşdur. İlk iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərlə öhdəlik barədə müqavilə bağlanılmamış, öhdəliyin olması barədə sübut təqdim olunmamış, onlara hansısa bir xidmət göstərilməsi barədə söz verilməmiş, öhdəliyin icrası barədə müddət təyin edilməmişdir. Qarşılıqlı iddiaçının onlara keyfiyətsiz mal satması müstəqil tələb irəli sürən üçüncü şəxslərin polis orqanına verdikləri izahatları ilə təsdiq olunmuşdur. Tərəflərlə aralarında notariat qaydasında təsdiqlənmş alğı-satqı müqaviləsi bağlanmamış, ümumiyyətlə yoxdur, ola da bilməz. Həmin şəxsləri tanımırlar. Eminov Cavid polis orqanında verdiyi izahatında nar məhsulunu ondan Qeyisin aldığını bildirsə də, buna əhəmiyyət verilməmiş, cinayət işinin başlanılmasının rədd olunması barədə qərar düzgün tətbiq olunmamışdır. İlk iddiaya münasibət bildirilməmiş, sübutlara düzgün qiymət verilməmişdir. Qətnamədə göstərilənlər işin hallarına uyğun deyil. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, eləcə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X61 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Apellyasiya məhkəməsinin iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X52 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır və nar yetişdirib satmaqla məşğul olur. O, özünün 5070 manatlıq nar məhsulunu ilk iddia üzrə iddiaçılara satmış, onlar bir həftə ərzində pulu verəcəklərini qeyd etsələr də, pulu ödəməmişlər. O, ilk iddia üzrə iddiaçılarla nar yetişdirib satmaqla məşğul olan həmkəndlilərini tanış etmiş, onların narının satılmasına bu cür yardım etmişdir. Lakin hazırkı iş üzrə üçüncü şəxs kimi çıxış edən həmkəndliləri ilk iddia üzrə iddiaçılarla özləri danışıq aparmış, narın satılmasına razılıq vermiş və müstəqil sövdələşmə aparmışlar. Satılacaq narın müqabilində ona hər hansı pul vəsaiti verilməmiş, ilk iddia üzrə iddiaçıların qeyd etdikləri pul məbləğləri ona ümumiyyətlə verilməmişdir. Apellyasiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X38, X39, X49, X40, X56, X50, X57, X60 və X65 oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini xahiş etdilər. Onlar öz ərizələrinə uyğun çıxış edərək bildirdilər ki, hamısı Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır və nar yetişdirib satmaqla məşğul olurlar. 2021-ci ilin sentyabr-oktyabr aylarında, yəni nar mövsümündə onların kəndinə nar alışı ilə məşğul olan ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 gəlmiş, onlardan yetişdirdikləri narı nisyə almış, bəzilərinə müəyyən məbləğdə ödənişlər edərək, qalan məbləğlərin 1 həftə ərzində ödəniləcəyini qeyd etmişlər. Onlar qeyd etdilər ki, Qeyis Məmmədov sadəcə olaraq ilk iddia üzrə iddiaçılara kənddə nar yetişdirib satmaqla məşğul olan həmkəndlilərinin evini göstərmiş, məhsulun qiyməti və satışın digər şərtləri ilə bağlı sövdələşməni isə özləri müstəqil olaraq aparmışlar. Onların hər biri öz narını İddiaçı1 və İddiaçı2 satdıqlarını bildirdi. Apellyasiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X64 bildirdi ki, Kürdəmir rayonunun Ərəbqubalı kəndində nar yetişdirib satmaqla məşğul olur. O, 2021-ci ildə narının bir hissəsini sata bilmiş, az bir qismi isə qalmışdı. Bu səbəbdən Qeyis Məmmədovdan məhsuluna alıcı tapmağı xahiş etmişdir. Bundan sonra, o, 2021-ci ilin oktyabr ayının əvvəllərində örüşdə mal otararkən həmkəndlisi Qeyis Məmmədov telefonla ona zəng edərək, narı üçün alıcı tapdığını bildirmiş, narı almaq istəyən şəxslərin İddiaçı1 və İddiaçı2 olduğunu qeyd etmişdir. Cavid Eminov məhz Qeyis Məmmədovun telefonu vasitəsilə İddiaçı1lə danışmış, öz məhsulununun qiyməti və digər satış şərtləri ilə bağlı telefonda sövdələşmə apararaq İddiaçı1 və onun şəriki İddiaçı2 nisyə satmışdır. O, həmçinin qeyd etdi ki, ilk iddiaçılarla onu Qeyis Məmmədov tanış etdiyindən polisə verilən izahat zamanı narı ilk iddiaçılarla yanaşı, Qeyis Məmmədova da satdığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki Kürdəmir rayon X63 Bölməsinin təhqiqatçısı X46 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan X64 ərizə ilə Kürdəmir RPŞ-yə müraciət edərək 2021-ci ilin oktyabr ayında Qeyis və Valeh adlı şəxslərə 2712 manat dəyərində nar məhsulu satmış və həmin şəxslər bugünə kimi narın pulunu verməmişlər, X57 xx.xx.2021-ci il tarixdə Samir və Əlibağış adlı şəxslərə 4337 manat dəyərində nar məhsulu satmış və həmin şəxslər bugünə kimi ona 2000 manat pul vermiş, qalan 2337 manat nar pulunu verməmişlər, X32 xx.xx.2021-ci il tarixdə Qeyis, Valeh, Samir və Əlibağış adlı şəxslərə 3144 manat dəyərində nar məhsulu satmış, həmin şəxslər bugünə kimi ona 1500 manat pul vermiş, qalan 1644 manat nar pulunu verməmişlər, X14, Valeh, Samir və Əlibağış adlı şəxslərə 8780 manat dəyərində nar məhsulu satmış, həmin şəxslər bugünə kimi ona 2720 manat pul vermiş, qalan 6060 manat nar pulunu verməmişlər, X3, Samir və Əlibağış adlı şəxslərə 10940 manat dəyərində nar məhsulu satmış, həmin şəxslər bugünə kimi ona nar pulunu verməmişlər, X52 2021-ci ilin sentyabr ayında Samir və Əlibağış adlı şəxslərə 5070 manat dəyərində nar məhsulu satmış, həmin şəxslər bugünə kimi ona nar pulu verməmişlər, X38 2021-ci ilin sentyabr ayında Samir və Əlibağış adlı şəxslərə 4029 manat dəyərində nar məhsulu satmış, həmin şəxslər bugünə kimi ona nar pulu verməmişlər, X56 2021-ci ildə Qeyis və Valeh adlı şəxslərə 4061 manat dəyərində nar məhsulu satmış, həmin şəxslər bu gunə kimi ona nar pulu verməmişlər, X40 2021-ci ilin sentyabr-oktyabr aylarında Qeyis, Samir və Əlibağış adlı şəxslərə 1040 manat dəyərində nar məhsulu satmış, həmin şəxslər bugünə kimi ona nar pulu verməmişlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, apellyasiya şikayətində qeyd edilənlərin əksinə olaraq, ilk iddianın dəlillərinə görə, ilk iddiaçılar 2021-ci ilin oktyabr ayında Kürdəmir rayonu, Ərəbqubalı kəndində nar məhsulu yığaraq satılması üçün Rusiya Federasiyasına göndərmişlər. Bütün nar məhsulunun keyfiyyətinə malı almış Qeyis cavabdehlik daşımış, onlar birbaşa heç bir Ərəbqubalı kənd sakinlərindən ayrı-ayrılıqda nar məhsulu almamışlar. Nar sahiblərinə pul çatdırmaq üçün X31 13000 manat pulu nağd vermiş, 4000 manatı isə kart vasitəsi ilə göndərmişlər. İlk iddiaçıların dəlillərinə görə onlar əvvəl nar məhsulunu ilk iddia üzrə cavabdehin vasitəsi ilə Ərəbqubalı kənd sakinlərindən nisyə olaraq satın almışlar, sonra isə dəyərini ödəməsi üçün ilk iddia üzrə cavabdehə pul vermişlər. İlk iddiaçıların nar məhusulunu ilk iddia üzrə cavabdehin vasitəsi ilə nisyə olaraq satın almaları barədə dəlilləri ilk iddianın təmin, digər iddia tələblərinin isə rədd edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. MM-in 789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. MM-in 789.3-cü maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. İlk iddiaçılar Ərəbqubalı kənd sakinlərindən nar məhusulunu ilk iddia üzrə cavabdehin vasitəsi ilə nisyə olaraq satın aldıqlarını, malın hər bir 10 kiloqramına görə ona 50 qəpik xidmət haqqı və nar məhsulunun dəyərlərinə görə satıcılara ödənilməli vəsait üzrə 13000 manat və 4000 manat pul verdiklərini iddia etsələr də, sonuncu ilə aralarında Ərəbqubalı kənd sakinləri (üçüncü şəxslər) ilə nar məhsulunun alğı-satqı müqavilələri bağlamaq barəsində tapşırıq vermələrinə dair müqavilənin mövcudluğu və ona ödəniş etmələri barədə hər hansı sübut təqdim etməmişlər. İş üzrə sübutlarla ilk iddiaçılarla ilk iddia üzrə cavabdeh arasında sonuncuya nar məhsulunun alğı-satqı müqavilələri bağlamaq barəsində tapşırıq vermələrinə dair müqavilənin mövcudluğu və ilk iddiaçılar tərəfindən ona pul ödənişlərinin edilməsi halları təsdiq edilməmişdir. İlk iddia üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər nar məhsulunun ilk iddia üzrə cavabdeh vasitəsi ilə deyil, birbaşa ilk iddiaçılar tərəfindən satın alınmasını bildirmişlər. İlk iddia üzrə cavabdeh sadəcə nar yetişdirib satan kənd sakinlərinin evlərini göstərmişdir. Məhkəmə kollegiyası ilk iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri həmin halın təsdiqi üçün sübut təqdim etmədiklərini nəzərə alaraq, nar məhsulunun birbaşa ilk iddiaçılar tərəfindən satın alınmasına dair ilk iddia üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin bildirdiklərini işin hallarına uyğun sayır. İlk iddiaçılar eyni zamanda, sonuncu göndərilən məhsulun keyfiyyətsiz çıxdığını, bu barədə ilk iddia üzrə cavabdehə zəng edib məlumat verdiklərini, sonuncunun xx.xx.2021-ci il tarixdə onlara 7 ton nar məhsulu göndərdiyini, həmin məhsulun da keyfiyyətsiz çıxdığını, bu barədə də zəng edib ilk iddia üzrə cavabdehə məlumat verərək nar məhsulunu geri qaytaracaqlarını bildirdiklərini, sonuncunun nar məhsulunu geri qaytarmamağı xahiş etdiyinə görə həmin nar məhsulunu məcbur olub Rusiya Federasiyasına göndərdiklərini, Rusiya Federasiyasında nar məhsulunu qəbul edənlərin narın çürük olduğuna görə satılmasının mümkün olmadığını bildirdiklərini iddia etmişlər. Məhkəmə kollegiyası ilk iddiaçıların bu dəlillərini inandırıcı saymır. İlk öncə, ilk iddiaçılar tələblərinin əsası kimi istinad etdikləri həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişlər. Bundan başqa, onların zəng edib irad bildirdikləri şəxsdən və ya satıcılardan satılması mümkün olmayan keyfiyyətsiz çürük malın dəyişdirilməsini tələb etmək əvəzinə, zəng etdikləri şəxsin xahişini icra edərək satılması mümkün olmayan keyfiyyətsiz çürük malı Rusiya Federasiyasına göndərmələri ağlabatan deyil. İlk iddiaçıların eyni zamanda, ilk iddia üzrə cavabdehin göndərdikləri pulu nar sahiblərinə verməməsini və bugün ilk iddiaçıların nar sahibləri ilə problem yaşadıqlarlarını bildirmələri ilə satın alınmış narın dəyərinin satıcılara ödənilmədiyi təsdiq edilmişdir. Məhkəmə kollegiyası ilk iddiaçıların nar məhsulunu Ərəbqubalı kəndindən satılması halını təsdiq etdiklərini, müstəqil tələb irəli sürən üçüncü şəxslərin və qarşılıqlı iddiaçının da, həmin kəndin sakini olduqlarını, eləcə də ilk iddiaçı, məhsulu digər şəxslərdən satın almaları əsası ilə qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələblərinə etiraz etmədiklərini nəzərə alaraq, nar məhsulunun ilk iddiaçılara qarşılıqlı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin satmalarını işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası eyni zamanda ilk iddiaçıların tələblərində satın aldıqları məhsulun dəyərini göstərmədiklərini, eləcə də onlara qarşı yönəlmiş tələbləri məhsulun dəyəri hissəsində mübahisələndirmədiklərini nəzərə alaraq, qarşılıqlı iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələblərində iddia etdikləri dəyərdə məhsul satmaları barədə bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası eyni zamanda qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbləri üzrə cavabdehlərin nisyə satın alınmış məhsulun dəyərinin ödənilməsi barədə sübut təqdim etmədiklərini nəzərə alaraq, sonuncuların nisyə satılmış nar məhsulunun dəyərini iddia olunan məbləğlərdə qarşılıqlı iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxslərə ödəmədiklərini işin hallarına uyğun sayır. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçılarla ilk iddia üzrə cavabdeh arasında sonuncuya nar məhsulunun alğı-satqı müqavilələri bağlamaq barəsində tapşırıq vermələrinə dair müqavilənin mövcudluğu, ilk iddiaçılar tərəfindən ona xidmət haqqı və məhsulun dəyəri üzrə pul ödənişlərinin edilməsi halları təsdiq edilmədiyindən, eləcə də qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbləri üzrə cavabdehlərin nisyə satın aldıqları nar məhsullarının dəyərini tam ödəmədikləri təsdiq olunduğundan, qarşılıqlı iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin nisyə satılmış əşyaların dəyərinin ödənilməsini tələb etmək hüquqları olduğundan, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab etdi ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-149/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-1421/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1421/2022
14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver