Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1436/2023 22.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı şərəf ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)-660/2023 nömrəli qətnaməsindən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən “Facebook” internet portalının “Şirvan şəhəri” səhifəsində "xxxx" MMC-nin ünvanına şəxsiyyəti onlara məlum olmayan “Roşka Bayram” adlı istifadəçi ilə yazışmada “bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. Ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələr yazaraq, həqiqətə uyğun olmayan məlumatlar paylaşmaqla, onun və Şirkətinin işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndiirlməklə, həmin yazıların təkzib edilməsini, ondan üzr istəməsini və ona vurulmuş mənəvi zərərin əvəzində 10.000 manat və ödənilmiş dövlət rüsumu əvəzi pulun alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)-660/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində “Şirvan şəhəri” profilində paylaşdığı “bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələr həqiqətə uyğun olmayan məlumatlar hesab edilmiş, Cavabdeh tərəfindən yayılan məlumatlarla əlaqədar “Facebook” sosial şəbəkəsində eyni profildə, yəni “Şirvan şəhəri” profilində təkzib verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi X1 Rayon Məhkəməsinin 12 iyul 2023cü il tarixli, 2(032)-660/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Hacıqabul Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, adi qaydada, poçt vasitəsilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hacıqabul Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)-660/2023 nömrəli qətnaməsindən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1436/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1436/2023
22.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver