Məhkəmə qərarları › İş №2(106)-1459/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1459/2023

27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1459/2023 27.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Pərviz Tərlan oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Seyidağa qızının və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh Seyidağa qızına və qeyrilərinə qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən götürülməsi» barədə iddia ərizəsinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(049)-1983/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Lənkəran rayonu Kərgəlan kəndində yerləşən 0.16 ha torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. Tərəflər - İddiaçı ilə Cavabdeh Seyidağa qızı 5 oktyabr 2021-ci il tarixdə nikah bağlamışlar. İddiaçı torpaq sahəsi və yaşayış evini xx.xx.2022-ci ildə notarial qaydada təsdiqlənmiş müqavilə əsasında Cavabdeh Seyidağa qızına bağışlamışdır. Daşınmaz əşya xx.xx.2022-ci ildə dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Seyidağa qızınnın adına qeydə alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması qət edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı cavabdehlər Cavabdeh Seyidağa qızına və qeyrilərinə qarşı 03 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və daşınmaz əmlak olan ev vətorpaq sahənin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon 1 saylı Notariat Ofisində onun və Cavabdeh Seyidağa qızı tərəfindən imzalanmış 03 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh Seyidağa qızının adına verilmiş Çıxarışın ləğv edilməsini, həmin evin və torpaq sahəsinin Cavabdeh Seyidağa qızının qeyri-qanuni sahibliyindən azad edilməklə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə keçmiş arvadı Nəzakət vəfat etdiyindən, tək qalmaması üçün yenidən ailə qurmağa məcbur olmuşdur. Qohumların məsləhəti ilə qonşu Bəlləbur kəndində yaşayan Cavabdeh Seyidağa qızı ilə xx.xx.2021-ci il tarixdə evlənmişdir. Cavabdehin əvvəlki nikahından iki azyaşlı uşağı vardır. Bir müddət, yəni bir-iki ay mehriban dolanmış, həmin müddət ərzində bir qadın, arvad kimi ona hörmət etmiş, qayğısına qalmışdır. O, hesab etmişdir ki, qalan ömrünü bu qadınla başa vuracaq, onun qayğısına qalacaq, qadın kimi onun təmizliyini görəcəkdir. Bu müddət ərzində cavabdeh şirin dilini işə salır, öhdəsinə düşən arvad öhdəliyini yerinə yetirir və həmişə ona demişdir ki, ondan başqa digər varisin yoxdur, ata-babadan və keçmiş arvaddan qalan evi, torpaq sahəni ona bağışlasın. Cavabdeh onu əmin etmişdir ki, onaqarşı həmişə mehriban olacaq, qayğısına da daim qalacaqdır. Odur ki, onunla razılaşmışdırki, mülkiyyətində olan, ümumi sahəsi 77 kv.metr fərdi yaşayış evi və evin yerləşdiyi 0,16 hatorpaq sahəsini ona bağışlasın. Bağışlamadan öncə cavabdeh təkrarən ona söz vermişdir və inandırmışdır ki, öhdəsinə düşən bütün öhdəliklərini, əsasən ömrünün sonuna kimi ona sadiq qalacaq, ona hörmət edəcək, qayğısına qalacaqdır. Odur ki, qeyd etdiyi xüsusi mülkiyyətində olan daşınmaz əmlakını cavabdehə bağışlamaq üçün onunla birlikdə Lənkəran rayon Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd etdiyi idarədə hansı vəzifədə işləyən cavabdehin qohumu Azad adlı şəxsin səyi ilə lazımi sənədləri toplayıb, Lənkəran rayon 1 saylı Notariat ofisinə sənədləri təqdim etmişdir. Notariat kontoru mülkiyyətində olan ümumi sahəsi 77 kv.metr olan fərdi yaşayış evini və evin yerləşdiyi 0,16 ha torpaq sahəsini 03 fevral 2022-ci il tarixli "Daşınmaz Əmlakın Bağışlaması" müqaviləsi əsasında Cavabdeh Seyidağa qızına bağışlamağını rəsmi şəkildə qeydə alınmışdır. Bağışlama müqaviləsindən dərhal sonracavabdeh Daşınmaz Əmlakın Dövlət teyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə sənədləri təqdim edib, ona bağışladığı əmlakı öz adına keçirib, rəsmiləşdirmiş və bu barədə həmin əmlaka çıxarış almışdır. Cavabdeh ondan gizlətdiyinə görə həmin çıxarışın reyestr nömrəsi və tarixi ona məlum deyildir. Həmin sənədin surətini əldə etmək üçün Reyestr Xidmətinə və Notariat Kontoruna müraciət etsə belə, ona verməkdən imtina etmişlər.Cavabdeh ona mənsub olan daşınmaz əmlakı öz adına qeyd etdirdikdən sonra onun əsl üzünü görüb, hansı məqsədlə onunla ailə qurub evlənməyinə razı olduğunu başa düşmüşdür. Artıq bir aydan çoxdur ki, onlar ər-arvad kimi yaşamırlar. Onun buhərəkətlərini ona qonşu olan qohumları eşidib, şahidi olurlar. Cavabdeh ilə yaşamaq mümkün deyil, onun hərəkətlərinə dözə bilmir. Nikah qeydinin pozulması tələbi ilə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Seyidağa qızı onu aldatmış, aldatma yolu ilə ona məxsus olan mülkiyyətində olan daşınmaz əmlakını ələ keçirmiş, bağışlama müqaviləsi əsasında söz verdiyi öhdəliyinin icrasından əsassız olaraq imtina edir. Bu müddət ərzində dəfələrlə çalışmışdır ki, onu başa salsın, mehribançılıq pərdəsini aradan götürməsinlər, o, hətta ona qulaq asmaqdan çəkinir, evdən çıxardıb, qovmaqla onu hədələyir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Seyidağa qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə nikaha girməmişdən əvvəl başqa bir şəxslə nikahda olmuş və onun həmin nikahdan iki övladə vardır. Əvvəlki nikahdan olan əri vəfat edikdən sonra Lənkəran rayonunun Bələbur kəndində valideynlərinə məxsus evdə yaşamış və fərdi əməklə məşğul olmuşdur. 2021-ci ildə iddiaçı ona elçi göndərərək onunla evlənmək istədiyini, onun uşaqlarına da öz övladları kimi baxacağına söz vermişdir. O, bir qədər fikirləşdikdən sonra iddiaçı ilə ailə qurmağa razılıq verərək 26 iyul 2021-ci il tarixdə ikiuşağı ilə iddiaçının Lənkəran rayonu Kərgəlan kəndində yerləşən evinə köçərək ərarvad kimi yaşamağa başlamışlar. Nigahlarını isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. O, iddiaçının evinə köçərkən ev şəraitsiz olmuş və o, öz vəsaiti hesabına evi təmir etdirərək yaşayış üçün yararlı vəziyyətə salmış, ev üçün otaqların pərdələrini, yataq mebel dəstini,iki çarpayı, karniz və s. almışdır. Həmin evin təmirinə demək olar ki, 10.000 manat pul xərcləmişdir. Həmin pulları dövlət tərəfindən uşaqlara ayrılmış sosial təminat pulu olmuşdur. O, iddiaçı ilə mehriban yaşamış, onun qayğısına qalmış, həyat yoldaşı kimibütün vəzifələrini bu günkü günə kimi həyata keçirir. İddiaçı yaşlı adam olduğuna görə övladları olmasa da gələcəkdə qardaşları tərəfindən ona problem yaradılacağından ehtiyat etdiyini bildirərək xüsusi mülkiyyətində olan evi ona bağışlamaq istədiyini bildirmiş və o da etiraz etməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Lənkəran rayon Notariat ofisinə gedəkək iddiaçının mülkiyyətində olan Lənkəran rayonunun Kərgəlan kəndindəyerləşən ümumi sahəsi 77 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,16 hektar torpaq sahəsinin ona bağışlanması barədə müqavilə bağlamışlar. Müqavilə bağlandıqdan sonra iddiaçı onu DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə aparmış, oradan ona həmin evin onun mülkiyyətinə verilməsi barədə çıxarış almışdır. İddiaçı eviona bağışlayarkən aralarında heç bir şərt olmamış və o, heç bir öhdəlik götürməmiş, evin ona bağışlamasını xahiş etməmiş, iddiaçı öz təşəbbüsü ilə evi ona bağışlamışdır. Son vaxtlar iddiaçı qohumu 15 yaşında olan Nişanə Əliyeva ilə evlənmək istədiyin bildirmiş, o iddiaçının zarafat etdiyini güman etmişdir, lakin sonradan ona məlum olmuşdur ki, iddiaçı aralarında olan nikahın pozulması və bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsində qeyd edilən ittihamları qəbul etmir, iddiaçı könüllü surətdə mülkiyyətində olan evi ona bağışlamış və o, iddiaçıya heç bir vəd verməmişdir. Hazırda da o, iddiaçı ilə bir evdə yaşadığını, onun təmizliyinin qeydində qaldığını qeyd etmişdir. Bunları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(049)-1983/2022 nömrəli qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia təmin edilməmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında olan mübahisə bağışlama müqaviləsi ilə əlaqədardır. Bağışlama müqaviləsinin məzmununa əsasən, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər-hansı məhdudiyyətin olması müəyyən edilməmişdir. Mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı həmişə mehriban olacağı və daim qayğısına qalacağı öhdəliyini öz üzərinə götürməmişdir. Mülki Məcəllənin 673.1-673.1.3-cü maddələrinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Qanunvericiliklə bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün əsasların mövcudluğunu təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olumamışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 328, 666.1, 668.1-668.1.5. 670.1, 670.3, 673.1-673.1.3, 673.2-ci maddələrinə, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi plenumunun 19 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-195/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, İddiaçı bağışlamadan imtinasının qəbul edilməsi, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunan ümumi sahəsi 77 kv.metr olan fərdi yaşayış evin bağışlanmasına dair İddiaçı ilə Cavabdeh Seyidağa qızı arasında 3 fevral 2022-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi və onun əsasında Cavabdeh Seyidağa qızının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 fevral 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********23-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin əmlak üzərində İddiaçı hüquqlarının bərpa edilməsi, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunan ümumi sahəsi 77 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh Seyidağa qızı sahibliyindən azad edilməklə, İddiaçı oğuna təhvil verilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında yaranan mübahisə məhz bağışlamanın öhdəliklə şərtləndirilib - şərtləndirilməsini müəyyən etməklə həllini tapmalıdır. Bağışlamanın isə öhdəliklə şərtləndirildiyi işin faktiki hallarından savayı, cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatı ilə təsdiqini tapır. Belə ki, cavabdeh izahatında göstərir; "Həmin vaxt Vahab ona yalvarırdı ki, gəl bir ailə kimi yaşayaq, mənə qulluq et, mən də sənə evimi bağışlayacam. 2022-ci ilin mart ayına qədər iddiaçı ilə münasibətləri bir ailə kimi yaxşı olub. İddiaçı onu məhkəməyə verənə qədər hər şey yaxşı olub". Tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, işin müəyyən olunan faktiki hallarından və tərəflərin izahatlarından hədiyyə verənin əmlakını bağışlamaqda əsil niyyətinin hədiyyə alanın daim onun qayğısına qalacağı müqabilində hədiyyə predmeti ilə hədiyyə alanın əvəzsiz zənginləşdirilməsi olmuşdur. Hədiyyə alan isə hədiyyəni qəbul edənədək hədiyyə verəni bağışlama müqabilində üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə inandırmışdır. Lakin sonrakı mərhələdə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etməkdən yayınmış, nəticədə ailə münasibətlərinə xitam verilmişdir. Kollegiya işin müəyyən olunan hallarına yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşan hüquqi mövqe baxımından qiymət verərək hesab etmişdir ki, hədiyyə verən (iddiaçı) hədiyyə alanın (cavabdeh) onun qayğısına daim qalacağı müqabilində mülkiyyətində olan daşınmaz əmlakını hədiyya alana bağışlasa da, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduğundan, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etmədiyindən, hədiyyə verənin hazırki tələblə məhkəmədə iddia qaldırmağa haqqı vardır və qeyd edilən hal Mülki Məcəllənin 673.1-ci maddəsi baxımından hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 397.1, 397.3, 404.1, 404.2, 666.1, 668.1-668.1.5, 670.1, 670.3, 673.1-673.1.3, 416.2-ci maddələri, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına, MPM-nin 4.1, 14.1, 14.2, 77.1, 88, 119.1, 384.0.2, 385.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-195/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(102)-2662/2023 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-195/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ona qarşı qaldırdığı iddia ərizəsi və ona əlavə olunan sənədləri aldıqdan sonra evə gəlib təkrarən söyüb təhqir edərək, başına nə kimi oyunlar açacağı ilə hədələyib, ilk sözü o olmuşdur ki, “artıq sən gecikmisən, özünə respublikasda ad-san qazanmış vəkil məni müdafiə edəcək və qələbə çalacaq”. Onun bu sözlərinə əhəmiyyət verməyib, məhkəmə haqqı-nahaqqa verməyəcəkdir. Məhkəmə qanuni əsaslarla verdiyi iddia tələbinin rədd olunması barədə tamamilə əsassız bir qətnamə çıxarmışdır. Qətnamədən görünür ki, Cavabdeh Seyidağa qızı iddianı qəbul etməmiş, bağışlama müqaviləsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmiş, evi öz adına keçirtdikdən sonra evdə 10 min manatlıq təmir işi görmüş, o, iddiaçı ilə mehriban yaşamış, qayğısına qalmış hal-hazırda da onunla mehriban yaşayır, paltarlarını yuyur-yeməyini bişirir və sair xidmətlər göstərir. Bütün bunlar absurddur. Çünki artıq 4-5 aydır ki, ər-arvad kimi yaşamırlar, ayrı-ayrı qazanlardan istifadə edirlər. Qətnamənin 6-cı səhifəsinin 2-ci abzasında qeyd edilir ki, mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı həmişə mehriban olacağı və daim qayğısına qalacağı öhdəliyini öz üzərinə götürməmişdir. Məhkəmə cavabdehin öz üzərinə ölən günə kimi ona baxacağı, qayğı göstərəcəyi öhdəliyini üzərinə götürmədiyi qənaətinə gəlmişdir. Məhkəmə həmin qətnaməni çıxarmaqla "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi və eyni zamanda 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" 19 dekabr 2012-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında təsbit olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin cavabdehin bağışlama müqaviləsi ilə əlaqədar öz üzərinə hər hansı bir öhdəlik götürməməsini səsləndirməsini əsas götürərək, iddia tələbini rədd etməsi qanunsuz və əsassızdır. Qətnaməni alan cavabdeh tərəf ondan ruhlanaraq artıq ona bağışlanmış daşınmaz əmlakın satışı ilə maraqlanır, evi və torpaq sahənin satılması üçün müştəri axtarır. Məqsədi əmlakı sataraq puluna Lənkəran şəhərində və ya Bakı şəhərində özünə ev almaqdır. Evi satmaqdan ötrü hətta qapıya "Ev satılır" və telefon nömrəsini qeyd etməklə elan yapışdırmışdır. Qeyd etdiyi kimi cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyini əsassız olaraq icra etməkdən imtina etdiyinə görə 03 fevral 2022-ci il tarixdə notariat kontorunda bağlanan daşınmaz əmlakın bağışlama müqaviləsindən imtina etməsi barədə məhkəmədə iddia qaldırmışdır. Müqavilədən imtina etməsinə baxmayaraq özünə məxsus olmuş fərdi yaşayış evində ayrıayrı otaqda yaşamalı oldular. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2022ci il tarixli, 2(049)-1983/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Seyidağa qızı və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(049)-1983/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyənforma təyin edilməsin. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 673.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 6-cı hissəsinin a) və b) bəndlərinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü bəndinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi hər hansı haldan asılı edilməmişdir. Eyni zamanda bağışlamadan imtinaya əsas verən hallar aşkar edilmir. Kolllegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, Cavabdeh Seyidağa qızı bağışlama ilə bağlı öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. İşdən müəyyən edilir ki, iddiaçı Vİddiaçı mülkiyyətində olan torpaq sahəsini və evi Cavabdeh Seyidağa qızına bağışlayarkən hansısa bir şərtdən və ya öhdəlikdən asılı edilməmişdir. Bağışlamanın hansısa bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda, tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Odur ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada – notarial təsdiqli yazılı müqavilədə qeyd olunması zəruridir. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsində belə bir şərt qeyd olunmamışdır. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtiblənən əqdin məzmununda qeyd olunmamışdır. Odur ki, müqavilənin ləğv edilmə əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir. Həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün hədiyyə alanın hədiyyə verənin qayğısına qalmaq öhdəliyini yerinə yetirilməməsini sübut etmək yükü bağışlamadan imtina edən tərəfin - iddiaçının üzərinə düşür Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(049)-1983/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar