Məhkəmə qərarları › İş №2(106)-1462/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1462/2023

02.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1462/2023 02.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X3 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka mülkiyyət hüququ əldə etməsi üçün istifadə hüququnun tanınması barədə ərizəsinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(048)-712/2022 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Lerik rayonu Camal Şahiyev küçəsi, ev 9, mənzil 2-də iki otaqlı evə ona mülkiyyət hüququ almaq üçün istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışır ki, o, 1967-ci il tarixdə anadan olmuşdur. Gözdən əlil olduğu üçün pensiya alır və həmin pensiya ilə dolanır. 2006-cı ildə mərhum əri X6 ilə ailə həyatı quraraq evlənmişlər. Evlərinin olmaması ucbatından beş il kirayədə yaşamışlar. 2011-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən onlara yəni, mərhum əri Tərlan və ona Lerik rayonu Camal Şahiyev küçəsi ev 9, mənzil 2-də iki otaqlı mənzil verilmişdir. O, 2021-ci il tarixədək mərhum əri Tərlanla həmin evdıə ikisi yaşamışdır. Birgə nikahlarından övladları doğulmamışdır. 2021-ci il tarixdə əri Lənkaran Rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. Mərhum əri Tərlan öldükdən sonra mirası o, qəbul etmişdir. Hazırda sözü gedən Lerik rayonu Camal Şahiyev küçəsiev 9, mənzil 2də iki otaqlı mənzildə o, tək yaşayır. Məhkəmə qətnaməsinə əsasən həmin sözü gedən mənzilə birinci növ vərəsə kimi o, tanınmışdır. Bir ildən çoxdur ki, mülkiyyət hüququna aid çıxarışı olmadığı üçün bütün növ komunal xidmətlərindən bildirişlər əri Tərlanın adına gəlir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verib göstərmişdir ki, Ərizəçi Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX publik hüquqi şəxsinin 10 saylı LƏnkəran Ərazi İdarəsinin Lerik rayon şöbəsinə hazırda faktiki istifadəsində olan Lerik rayonu Camal Şahiyev küçəsiev 9, mənzil 2-də iki otaqlı mənzilin hüquqi sənədi olmadığı üçün ərizəçinin xahişi nəzərə alınmamış və həmin əmlak onun mülkiyyətinə verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin qanuni həll edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 24 noyabr 2022-ci il tarixli, 2(048)- 712/2022 saylı qətnaməsinə əsasən Ərizəçi 1-ci növbə vərəsə kimi Lerik şəhəri, Camal Şahiyev küçəsi, ev 9 mənzil 2-də istifadə hüququ tanınmış, qərarın icrasının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Ərazi İdarəsinin Lerik rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ərizəyə xüsusi icraat qaydasında baxmış, ərizəni təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 146.3, 152.1, 157.1, 178.1, 228.1, 228.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qətnamədə qeyd olunanlardan məlum olur ki, Camal Şahiyev küçəsi 9 ünvanında yerləşən iki saylı mənzil ərizəçiyə və onun mərhum həyat yoldaşına Lerik Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ayrılmışdır. Lakin hazırkı qətnamədə Lerik rayon İcra Hakimiyyəti başçısının hansı tarixli sərəncamı ilə mənzilin ayrılması barədə hər-hansı rəsmi sənədə istinad edilməmişdir. Qanunvericliyin tələbinə əsasən sözügedən ünvan 2 ünvanında yerləşən ümumilikdə yaşayış binasının qeydiyyata alınması barədə müvafiq icra hakimiyyətinin hər-hansı bir sərəncamı olmamışdır. Eyni zamanda həmin binanın ümumilikdə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyətinin qərarı ilə yanaşı hazırkı iş üzrə ərizəçinin, yaxud onun mərhum həyat yoldaşının, habelə həmin binanın digər sakinlərinin adına hüquqmüəyyənedici sənəd verilməsi barədə müvafiq məlumat aşkarlanmamışdır. Buna görə də Lerik Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(048)-712/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən ərizəçi apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında bildirmişdir ki, 2006-cı ildə mərhum əri X6 ilə ailə həyatı quraraq evlənmişlər. Qeyd etmişdir ki, həmin nikah hər ikisinin ikinci nikahı olmuşdur. Bildirmişdir ki, Tərlanla birgə nikahdan uşaqları olmamışdır. Lakin Tərlanın birinci nikahından 10 uşağı olmuşdur. Hazırda yaşadığı mübahisəli mənzil onlara Tərlanın birinci nikahından doğulmuş oğullarından birinin şəhid olması səbəbindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmişdir. Belə ki, yaşadıqları bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra Lerik rayon Notariat Kontoruna qarşı birinci növ vərəsə kimi tanınma və mərhum ərindən qalmış mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizəsinə dair işə baxılmış, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(048)- 76/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 1-ci növbə vərəsi olması müəyyən edilmiş və ərizəçiyə Lerik şəhəri, C.Şahiyev küçəsi, ev 9, mənzil 2-yə vərəsəlik haqqında şəhadətnamənin verilməsi, qətnamənin icrasının Lerik rayon Notariat Kontorunun dövlət notariusu X2 tapşırılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra vərəsəlik şəhadətnməsi almaq üçün Notariusa müraciət etmişdir. Lakin Lerik rayon Notariat Kontorunun notariusu ona bildirilmişdir ki, artıq həyat yoldaşının İ nikahdan olan övladlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də Notarius ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçinin vəkili Vəkil da iddiaçı ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəni, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmçinin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya nstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi mərhum X6 ilə 13 iyun 2011ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından uşaqları doğulmamışdır. Ərizəçi mərhum əri Tərlan Teymurovla bir müddət kirayə yaşasalarda sonradan 2011-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən onlara yəni, mərhum əri Tərlan və Elmiraya Lerik rayonu Camal Şahiyev küçəsiev 9, mənzil 2-də iki otaqlı mənzil verilmişdir. Ərizəçinin mərhum əri Rərlan Teymurov xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Həmin tarixdən hal-hazırki, tarixədək Ərizəçi Lerik rayonu Camal Şahiyev küçəsi, ev 9, mənzil 2-də iki otaqlı mənzildə tək yaşayır. Göründüyü kimi, Ərizəçi sözü gedən mənzildə yəni, Lerik rayonu Camal Şahiyev küçəsiev 9, mənzil 2-də iki otaqlı evdə mərhum əri ilə birlikdə yaşamış və əri Tərlan vəfat etdikdən sonra belə həmin mənzildə Ərizəçi başqa heç bir şəxs yaşamamışdır. Məhkəmə belə qənaətə gəlir ki Ərizəçi Süleyman qızının ərizəsi təmin olunaraq Lerik rayonu Camal Şahiyev küçəsiev 9, mənzil 2-də iki otaqlı evə ərizəçinin istifadə hüququ tanınmalıdır. Müəyyən edilir ki, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair işə baxmışdır. Beləliklə, ərizəçinin izahatından da, müəyyən edilir ki, hazırkı iş üzrə hüquq haqqında mübahisə vardır. Belə ki, Notarius tərəfindən ərizəçinin vəfat etmiş ərinin İ nikahdan olan övladlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ərizəçi isə ərinə münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də bundan imtina edilmişdir. Həmçinin mübahisəli mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş bina olmuş, həmin mənzil ərizəçinin ərinə onun şəhid olmuş oğlu üçün şəhid atası olaraq verilmişdir. Ümumiyyətlə həmin mənzilin hüquqi statusu müəyyən deyil və mənzil reyestrdə qeydiyyata alınmayıbdır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinin tələbinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırkı halda ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsindəki ərizə ilə müraciət etmiş, iş üzrə hüquq haqqında mübahisə mövcud olduğundan məhkəmə ərizəni baxılmamış saxlamalı olduğu halda, işə hüquqi faktın müəyyən edilməsi qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən apellyasiya məhkəməsi, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Bununla yanaşı, kollegiya izah edir ki, hazırkı qətnamənin ləğv edilməsi maraqlı şəxsin ümumi əsaslarla iddia vermək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 259.0.10, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(048)-712/2022 saylı qətnaməsi ləğv edilsin; Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka istifadə hüququnun tanınması barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kasssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar