Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1487/2025 24.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1415/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat, hüquqi yardıma görə 520 manat, ümumilikdə, 20.520 manat və dövlət rüsumu olaraq ödənilmiş 152 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabeh onun barəsində əsassız olaraq Lənkəran ŞRP-nə ərizə verərək onun ona qarşı dələduzluq etməyini göstərmiş, onun əsassız və yalan şikayəti üzrə barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lənkəran ŞRPŞ-nin İB-də başlanılmış cinayət işi üzrə o, cinayət təqibinə məruz qalaraq barəsində qətimkan tədbiri seçilmişdir. Başlanılmış cinayət işi üzrə o, dəfələrlə Lənkəran ŞRPŞ-nə aparılmışdır. Bundan sonra həmin cinayət işi Lənkəran Rayon Məhkəməsinə göndərilmiş və barəsində olan cinayət işi Lənkəran Rayon Məhkəməsinin icraatında davam etdirilmişdir. Barəsində aparılan cinayət təqibi zamanı zərərçəkmiş şəxs kimi özünü təqdim etmiş Cavabdeh 25 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında göstərmişdir ki, ibtidi istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvvəllər təqsirləndirlən şəxsi onun iş yoldaşlarının və kəndçilərinin həyətlərini cadulardan təmizləməsi ilə bağlı tanımışdır. Ona qarşı düşmənçiliyi yoxdur. 25 mart 2023-cü il tarixdə, səhər saat 9-da, Lənkəran rayonu“Böyük bazar” adlanan yerdə təqsirləndirilən şəxs Saçlı xanımı görüb ona bildirmişdir ki, Astara rayonunda mollanın yanında olmuş, orada özünə baxdırmış, molla orada ona bildirmişdir ki, həyətində cadu var gedib onları təmizlətdirsin. Buna görə də Saçlı xanımdan xahiş etmişdir ki, həyətindəki caduları təmizləsin. Saçlı xanım ona narahat olmamağı və gəlib caduları təmizləyəcəyini bildirmişdir. O, bunun üçün nə qədər pul götürəcəyini soruşduqda, Saçlı xanım ona hər bir caduya görə 150 manat olmaqla 600 manat olacağını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onu onların evinə gətirən taksi fəaliyyəti ilə məşğul olan sürücüyə 20 manat da verəcəkdir. Üstündə 100 manat pul olmuş, həmin pulu “Böyük bazar” adlanan yerdə, “Accessbank”ın Lənkəran filialının inzibati binasının qarşısında Saçlı xanıma vermiş, qalan 500 manat pulu da, tapıb ona xəbər verəcəyini bildirmişdir. İki saatdan sonra özü Saçlı xanımın evinə gedərək ona bildirmişdir ki, o, evdəkilərlə bu barədə razılığa gəlmişdir. Saçlı xanım öz mobil telefon nömrəsini ona vermişdir ki, onunla əlaqə saxlasın. Həmin gün, günorta saatlarında Saçlı xanım onların kəndinə gələrək həyətlərindən caduları çıxartmışdır. Onlardan birini əvvəl Saçılı xanım özü qazıb çıxartmış, digərlərini isə anası qazaraq, cəmi 04 ədəd cadu çıxartmışlar. Özü bu zaman telefonunun kamersi ilə çəkiliş aparmışdır ki, bilsin ki, Saşlı xanım həqiqətən caduları aşkar edib çıxarır, yoxsa yalandan özü gətirib onları orada atır. Çəkiliş apardığı zaman bundan Saçlı xanımın xəbəri olmamışdır. Çəkilişi o, məhz öz marağı üçün etmişdir. Saçlı Xanım çıxartdığı caduların içərisində sap, daş var idi. Saçlı xanım onlara bildirmişdir ki, onlar “bağlıdırlar, həm də xəstədirlər, nə yaxşı ki, ölməyiblər”. Bundan sonra Saçlı xanım ondan su istəmiş və o, onu ona gətirib vermişdir. Daha sonra Saçlı xanıma 500 manat pulu vermişdir. Saçlı xanım narazılıq eləyərək bildirmişdir ki, pulu az vermiş, halbuki o, daha çox cadu çıxartmışdır. Bundan sonra Saçlı xanım çıxıb getmişdir. Həmin vaxt anasının halı pisləşmişdir. Həmin gündən başlayaraq anasının və atasının xəstəliyi ona mənəvi əzab verməyə başlamışdır. Onlar hamısı xəstədirlər. Sonradan qonşusu ona demişdir ki, o, Saçlıya 1200 manat pul vermiş və çox peşimandır. Saçlı adamı aldadır. O da ona bildirmişdir ki, Saçlı ondan da həyəti təmizləmək üçün pul almışdır. Buna görə də o, əvvəl DİN-nin 102 Xidmətinə zəng vurmuş, daha sonra isə şöbəyə gedərək şikayət vermişdir. Əlavə olaraq bildirmişdir ki, polis şöbəsində heç kəslə tanışlığı yoxdur. Şöbəyə Saçlı xanımla üzləşmə üçün getmişdir. Ümumilikdə, polisdə iki dəfə olmuşdur. Polisdə olduğu zaman Saçlı xanıma verdiyi 500 manat pulu ona geri qaytarılmışdır. O, həmin 500 manat pulu artıq xərcləmişdir. Polisə ona görə şikayət etmişdir ki, Saçlı xanıma desəydi ki, pulunu qaytarsın, qaytarmazdı. Saçlı xanımın yanına boşluğa düşdüyünə və çarəsiz olduğuna görə getmişdir. Sonradan öz iş yoldaşlarından eşitmişdir ki, həmin xanım “moşennikdir”. O, Saçlının işi ilə bağlı izahatını öz evlərində vermiş və həyətlərindən çıxanları caduları polisə təhvil vermişdir. Məhkəmədən Saçlının ona qarşı dələduzluq etdiyi üçün həbs olunmasını istəyir. Daha sonra 19 sentyabr 2023-cü il tarixdə məhkəmə iclasında Cavabdeh ilk dəfə məhkəmədə verdiyi ifadəsini təkzib edib və məhkəməyə yazılı şəkildə ifadəsini təqdim edərək bildirmişdir ki, həm ibtidai istintaq zamanı, həm də əvvəlki məhkəmə iclası zamanı təsir altında olmuşdur və buna görə də elə ifadələr vermişdir. Həmin ifadələrində həmin hadisənin olduğunu və Saçlı xanıma 500 manat pul verdiyini, həmin 500 manat pulun ona qaytarıldığını və 100 manat pulun Saçlı xanımın ona qaytarmalı olduğunu bildirmişdir. Əslində isə o, Saçlı xanıma yalnız həyətlərində 500 manat və 20 manat taksi pulu vermişdir. O, bundan əvvəl Astara rayonuna, Yeganə xanımın yanına getmişdir. Ola bilsin ona verdiyi pulla bu pulla qarışdırmışdır. O, polislərin qurbanı olmuş və onlar ona nə demiş, onu da onların dedikləri kimi etmişdir. Bunları müstəntiq Aqşin müəllim ona demiş, o da, Aqşin müəllimim dediyi kimi etmişdir. Hazıra o, ortalıqda tək qalmışdır. O, xx.xx.2023-cü il tarixdə, səhər saat 09da Lənkəran rayonu “Böyük bazar” adlanan yerdə təqsirləndirilən şəxs Saçlı xanımı görüb ona əvvəlcədən 100 manat pul verməmişdir. O, həmin gün günorta, saat 13 radələrində Saçlı xanımın yaşadığı Lənkəran rayonu, Göyşaban kəndinəki evinə getmiş, orada razılaşmışlar ki, Saçlı xanım bir cadunu 150 manata çıxaracaqdır. Bir müddətdən sonra Saçlı xanım onların kəndindəki evlərinə gəlmiş, bel istəmiş, bel ilə birincini özü, digərlərini isə anası qazaraq caduları çıxarmışdır. Saçlı xanım cəmi 4 caduçıxarmışdır. Əlavə olaraq bildirmişdir ki, o, Aqşinlə əlaqə saxlayaraq məhkəmədə nə deməli olduğunu soruşmaq istəsə də, Aqşin ona cavab verməmişdir. Bu hadisədən əvvəl onun polislər ilə şəxsi münasibətləri olmuşdur. Ona polis işçiləri demişlər ki, hadisə barəsində DİN-nin 102 Xidmətinə zəng vursun, o da, onların sözlərinə əməl edərək həmin Xidmətə zəng vurmuşdur. Bir daha bildirir ki, o, ortalıqda tək qalmışdır. Polislər nə demiş və nə yazmışlar, o da onları etmişdir. Çünki polislər onu tək saxlamışlar. Atasının əlinə poçt qəbzi düşüb və ondan soruşur ki, “məhkəmədə nə gəzirsən, orada nə işin var”. İstəmir ki, atası bilsin ki, onu məhkəməyə cağırırlar və bu səbəbdən də məhkəmə bildirişlərinin evlərinə göndərilməsini istəmir. Məhkəmədən işin “bağlanmasını” xahiş etmişdir. Daha sonra məhkəmə iclasında, 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasından 1-2 saat sonra vurduğu teleqramla bağlı sualı cavablandıran zərərçəkmiş şəxs Cavabdeh bir daha bundan əvvəl verdiyi ifadəsini təkzib edərək bildirmişdir ki, teleqramda göstərdiyi ifadəsi düzdür, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, Saçlı xanım tərəfindən ziyan ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsində barəsində olan cinayət işi davam etdirilmiş və onun təqsirsiz olduğu sübuta yetirildiyi üçün Lənkəran Rayon Məhkəməsinin 1(049)-278/2023 saylı, xx.xx.2023-cü ii tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmuşdur. Cavabdeh yenidən yalan və böhtanlarını davam etdirərək Lənkəran Rayon Məhkəməsinin həmin hökmündən apellyasiya şikayəti vermişdir. Cavabdehin bu hərəkəti ilə barəsində olan cinayət təqibi davam etdirilmiş və o, yenidən apellyasiya məhkəməsində cinayət təqibinə məruz qalmışdır. Sonradan barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş hökmü dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin yalan və əsassız şikayəti əsasında barəsində olan hökmdən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə baxılan cinayət işi birinci instansiya məhkəməsinin hökmünün tərtibi zamanı prossesual qaydalara riayət edilməməsi səbəbindən yenidən apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-758/2024 saylı, xx.xx.2024-ci tarixli hökmü ilə yenidən ona bəraət verilmiş və barəsində olan qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi cavabdehin əsassız və yalan olan ifadəsi onu 2 il müddətində polis şöbələrində və bütün məhkəmə instansiyalarında olmağa məcbur etmişdir. Hər dəfə barəsində olan cinayət təqibi üzrə hüquq yardımla bağlı müqavilələr bağlanılmış, Lənkəran, Şirvan, Bakı şəhərlərində saatlarla məhkəmələrdə qalmışdır. Eyni zamanda da qeyd edir ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində VÖEN ********** nömrəsi ilə vergi ödəyicisidir. O, göstərdiyi fəaliyyət üzrə dövlət büdcəsinə vergi ödəyir, işgüzar fəaliyyətlə məşğuldur. Cavabdehin əsassız və yalan şikayəti üzrə o, mənəvi əzab çəkməklə yanaşı, onun işgüzar nüfuzuna xələl gəlmiş, yaşadığı rayonda və onu tanıyan qohum-əqraba, qonşular içində utanc vəziyyətində qalmışdır. Cavabdehin düşünülməmiş hərəkəti nəticəsində onun ailəsinin və yaxınlarının mənəvi utanc keçirməsi, onda kəskin sarsıntı yaratmışdır. Onun ailə üzvlərinin utanc keçirməsi onu psixoloji gərgin vəziyyətə gətirmiş və o, keçirdiyi sarsıntılara görə 4 məhkəmə instansiyasında iştirak üçün hüquqi yardım üçün ödədiyi vəsaitlərdən əlavə, hər dəfə iştirak etmək üçün çoxlu məbləğdə xərclərə düşmüşdür. Hər dəfə keçirdiyi psixoloji sarsıntıya görə dəfələrlə həkim müalicələrinə möhtac qalmışdır. Cavabdehin onun barəsində düşünülməmiş addımı nəticəsində göstərmiş olduğu sözləri, onu dələduz kimi tanıtdırmağa çalışması, hələ də onda bərpa edilməz xəstəliklər yaratmışdır. xx.xx.2025-ci il tarixdə, məhkəmə hazırlıq iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə ayrıayrılıqda iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermişlər. Nümayəndə əlavə olaraq bildirmişdir ki, iddiaçı hüquqlarının müdafiəsi üçün 5 dəfə vəkillə müqavilə bağlayaraq pul ödəmişdir. Bundan əlavə istintaq aparılan və məhkəmə iclasları keçirilən yerlərə gedib-gəlmək üçün, eləcə də onun yemək xərclərini də iddiaçı çəkmişdir. Adətən onun gediş-gəlişini taksi sürücüsü Elnur həyata keçirmişdir. O, şahid qismində dindirilən zaman bunları təsdiq edəcəkdir. xx.xx.2025-ci il tarixdə, məhkəmə hazırlıq iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil2 ayrı-ayrılıqda iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişlər. Cavabdeh verilən suallara cavab olaraq bildirmişdir ki, o, polis şöbəsində izahat verməmişdən əvvəl onu bilə-bilə yalan xəbərçiliyə görə xəbərdar etmişlər və o, bu barədə iltizamı imzalamışdır. Vəkil2 isə əlavə olaraq göstərmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafisəi ilə bağlı şikayət vermək hüquq vardır. Cavabdeh də həmin hüquqdan istifadsə edərək polis şöbəsinə şikayət etmişdir. İddiaçı təqsirli deyildirsə, onda istintaq orqanı cinayət işi başlamamalı, başladığı halda isə xitam verməli idi. Buna görə də iddiaçıya vurulmuş ziyana görə cavabdeh deyil, Dövlət istintaq orqanı cavabdehlik daşımalıdır. Məhz həmin orqanın günahı ucbatından iddiaçıya ziyan dəymişdir. Cavabdehi günahkar çıxarmaq düz deyil. İddiaçının vəkil yardımından da istifadə etməsində cavabdehin günahi yoxdur. Bunlara cavab olaraq Nümayəndə cavabdehin əlyazmasının surətini məhkəməyə təqdim edib bildimişdir ki, cavabdeh cinayət işi üzrə məhkəmə prosessində həmin ərizəni yazaraq bildirmişdir ki, istintaq orqanı onu aldatmış, o, onların göstərişi ilə hərəkət etmişdir. Lakin cavabdeh ərizəni yazıb onu məhkəməyə təqdim edib zalı tərk etdikdən sonra, məhkəmənin ünvanına teleqram göndərərək məhkəməyə təqdim etdiyi ərizəsində yazılanları danmış, bununla da əsassız olduğunu bildiyi şikayətini müdafiə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1415/2025 saylı qətnaməsi ilə (Hakim: Muradağa Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi (real) ziyan olaraq 1980 manat, mənəvi ziyan olaraq 5000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 520 manat, iddia ərizəsinin verilməsi üçün cavabdehə aid 51.68 manat məbləğində dövlət rüsumu, cəmi 7551 (yeddi min beş yüz əlli bir) manat 68 qəpik tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qətnaməsi qanunsuz, əsassız olmaqla bir sıra maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə iddia rədd edilməlidir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən onlar məhkəmədə iştirak etmişlər. Qeyd etmək istəyir ki, iddiaya cavab verməli olan şəxs onlar olmalı olmadıqları halda məhkəmə onları cavabdeh qismində tanıyaraq iddianı təmin etmişdir. Belə ki, onlar dəfələrlə hakimə bildirmişlər ki, iddiaçı tərəfə iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını izah edərək iddianı geri götürmələrini təklif etməsini demiş və ya əsl olmayan cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı tərəf bunu etməsə də, məhkəmə yenə onları cavabdeh kimi tanıyaraq iddianı qismən təmin etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən şəxs məhkəmənin hökmünə əsasən bəraət alırsa, bu zaman iddia dövlət orqanı kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı qaldırılmalıdır. Belə çıxır ki, iddiaçı həm bizdən kompensasiya alacaq, həmçinin də gələcəkdə yenidən Maliyyə Nazirliyini məhkəməyə verərək ondan kompensasiya alacaqdır. İş materiallarından açıq-aşkar görünür ki, dövlət ittihamçısı çıxarılmış bəraət hökmündən apellyasiya protesti vemiş, daha sonra isə kassasiya protesti vermişdir. Burdan da göründüyü kimi, dövlət orqanı cinayət təqibini sona qədər davam etdirərək şəxsin günahkar bilinərək cəzalandırılmasında maraqlı olmuşdur. Yəni dövlət şəxsin verilmiş ittiham üzrə cəzalandırılmasını istəmiş və sona qədər təqibini davam etdirmişdir. Deməli, iddiaya da cavab verməli olan şəxs Cavabdeh deyil, Maliyyə Nazirliyi olmalı idi. Bundan əlavə, qeyd edir ki, hər bir şəxsin pozulmasını ehtimal etdiyi hüquq və azadlıqlarının bərpası ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüquq vardır. Şəxs kiminsə barəsində şikayət edirsə, bu o demək deyildir ki, şəxsin şikayət etdiyi şəxs barəsində cinayət təqibi mütləq şəkildə başlanılmalıdır. Qeyd edir ki, istintaq orqanı İddiaçı təqsirli bilərək onun əməlində CM-in 178-ci maddəsinin tərkib hissəsinin olduğunu müəyyən etməklə onun məsuliyyətə cəlb edilməsini qərarlaşdırmışdır. Bundan sonra İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona müvafiq maddə üzrə ittiham elan edilmiş, barəsində məcburiyyət tədbiri kimi müvafiq qətimkan tədbiri seçilmişdir. Daha sonra isə toplanmış sübutlar qiymətləndirilərək ittiham aktı tərtib edilmiş və ittiham aktı təsdiq edilməsindən ötrü ibtidai istintaqa nəzarəti həyata keçirən rayon prokurorluğuna göndərilmişdir. Bundan sonra rayon prokurorluğu da ittiham aktını təsdiq edərək baxılması üçün rayon məhkəməsinə göndərmişdir. Göründüyü kimi, bütün bu hərəkətlər dövlət orqanı tərəfindən həyata keçirilmişdir. Burada hər hansı bir məcburiyyət tədbirini həyata keçirən, şəxs barəsində qətimkan tədbiri seçən, şəxsə ittiham elan edən, sübutlar toplayaraq ittiham aktı tərtib edən, daha sonra ittiham aktını təsdiq edərək baxılması üçün məhkəməyə göndərən Cavabdeh deyildir. Bütün bu hərəkətləri edən dövlət orqanları olmuşdur. Cavabdeh Saçlı barəsində şikayət etmiş olsa belə, yenə də dövlət orqanının nümayəndələri şikayəti ətraflı araşdırmalı və əgər İddiaçı əməlində hər-hansı bir hüquq pozuntusunun olduğunu müəyyən etməli və yalnız bundan sonra şəxsi təqsirləndirilən şəxs qismində cəlb edərək onun məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görməlidilər. Bu gün yüzlərlə insan bu və ya digər şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edirlər. Onda belə çıxır ki, hər bir halda şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edirlər. Onda belə çıxır ki, hər bir halda şəxs barəsində kimsə şikayət etmişdirsə, onun şikayət etməsinə görə mütləq cinayət işimi başlanır? Əlbəttə ki, xeyr. Bu gün hüquq-mühafizə orqanları tərəfindən yüzlərlə cinayət işinin başlanılması rədd edilir və vətəndaşa şikayət etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığı izah edilir. Eləcə də bəhs olunan hazırki işdə də İddiaçı əməlində cinayət tərkibinini olub-olmaması məsələsini zəhmət çəkib dövlət orqanı ətraflı şəkildə araşdırmalı və sonra müvafiq tədbirlər görməli idilər. Həmçinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən rayon prokuroru cinayət işini ətraflı araşdırmalı və İddiaçı əməlində cinayət tərkibinin olmadığını müəyyən edərdisə, bu zaman cinayət təqibindən imtina edə bilərdi. Lakin göründüyü kimi, müvafiq orqanda belə bir addım atmamış və Cavabdeh zərərçəkmiş şəxs kimi İddiaçı isə təqsirləndirilən şəxs kimi tanımışdır və ittiham aktını təsdiq edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bundan əlavə qeyd edilir ki, İddiaçı nüfuzuna xələl gəlmiş və bununla da o nüfuzdan düşmüş və mənəvi sarsıntı keçirmişdir. Lakin iş materiallarına baxanda və təqdim edilən sübutlara nəzər yetirdikdə İddiaçı nüfuzuna hansı həddə zərər dəydiyi müəyyən edilmir. Belə ki, İddiaçı bir dənə də olsun sübut təqdim edə bilmir ki, məsələn Cavabdeh şikayətinə qədər məsəlçün 100 manat pul qazanmışdır, lakin Cavabdeh şikayəti əsasında barəsində CM-in 178-ci maddəsi ilə cinayət təqibi başlanıldıqdan sonra onun gəliri azalaraq məsələn 99 manat olmuşdur. İş materiallarında belə bir sənəd yoxdur. Deməli, İddiaçı nüfuzuna hər hansı bir xələl gəlməmiş, qazancında hər hansı bir azalma olmamış və hər hansı bir mənəvi əzab çəkməmişdir. Bundan əlavə, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinə və Bakı şəhərinə öz şəxsi konfortunu düşünərək təkbaşına taksi sifariş edərək gedib-gəlməsi onun özünü əlaqədar edən məsələdir. İndi belə çıxır ki, İddiaçı və ya hər hansı bir şəxs Bakı şəhərinə gedib ən bahalı hoteldə qalaraq 10000 (on min) manat hotelin bir gecəsinə pul ödəsə və ən bahalı restoranda ən bahalı yemək sifariş etsə, bunun pulunu şikayət etmiş şəxsmi və ya dövlət orqanımı ödəməlidir? Əgər Cavabdeh İddiaçı qarşı xüsusi ittihamla çıxış edərək ona qarşı hər hansı bir fikirlər səsləndirmiş olsaydı və bundan sonra xüsusi ittiham üzrə İddiaçı bəraət almış olsaydı və buna baxmayaraq Cavabdeh təqibi davam etdirərək apellyasiya və kassasiya şikayətləri vermiş olsaydı, bəli, onda iddia Cavabdeh qarşı verilə bilərdi. Belə olan halda isə iddia Cavabdeh qarşı deyil, dövlət orqanına qarşı veriməli idi. Çünki cinayət təqibini dövlət orqanı həyata keçirmiş və dövlət ittihamçısı da apellyasiya və kassasiya protestləri verməklə İddiaçı cinayət törətməkdə ittiham etməyə çalışmaqla ittihamı sona qədər müdafiə etmişlər. Göründüyü kimi, iddia tamamilə əsassız olduğuna görə rədd edilməli olduğu halda hakim deyilənlərin heç birinə məhəl vermədən qətnamə qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1415/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1415/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1415/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1415/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən “...mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdehin apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, iddiaya cavab verməli olan şəxs o, olmalı olmadığı halda məhkəmə onucavabdeh qismində tanıyaraq iddianı təmin etmişdir. Belə ki, o, dəfələrlə hakimə bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən şəxs məhkəmənin hökmünə əsasən bəraət alırsa, bu zaman iddia dövlət orqanı kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı qaldırılmalıdır. Belə çıxır ki, iddiaçı həm ondan kompensasiya alacaq, həmçinin də gələcəkdə yenidən Maliyyə Nazirliyini məhkəməyə verərək ondan kompensasiya alacaqdır. Çünki istintaq orqanı İddiaçı təqsirli bilərək onun əməlində CM-in 178-ci maddəsinin tərkib hissəsinin olduğunu müəyyən etməklə onun məsuliyyətə cəlb edilməsini qərarlaşdırmışdır. Bundan sonra İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona müvafiq maddə üzrə ittiham elan edilmiş, barəsində məcburiyyət tədbiri kimi müvafiq qətimkan tədbiri seçilmişdir. Daha sonra isə toplanmış sübutlar qiymətləndirilərək ittiham aktı tərtib edilmiş və ittiham aktı təsdiq edilməsindən ötrü ibtidai istintaqa nəzarəti həyata keçirən rayon prokurorluğuna göndərilmişdir. Bundan sonra rayon prokurorluğu da ittiham aktını təsdiq edərək baxılması üçün rayon məhkəməsinə göndərmişdir. Göründüyü kimi, bütün bu hərəkətlər dövlət orqanı tərəfindən həyata keçirilmişdir. Burada hər hansı bir məcburiyyət tədbirini həyata keçirən, şəxs barəsində qətimkan tədbiri seçən, şəxsə ittiham elan edən, sübutlar toplayaraq ittiham aktı tərtib edən, daha sonra ittiham aktını təsdiq edərək baxılması üçün məhkəməyə göndərən Cavabdeh deyildir. Bütün bu hərəkətləri edən dövlət orqanları olmuşdur. Cavabdeh İddiaçı barəsində şikayət etmiş olsa belə, yenə də dövlət orqanının nümayəndələri şikayəti ətraflı araşdırmalı və əgər İddiaçı əməlində hər-hansı bir hüquq pozuntusunun olduğunu müəyyən etməli və yalnız bundan sonra şəxsi təqsirləndirilən şəxs qismində cəlb edərək onun məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görməlidilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmçinin “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Qanunvericiliyin tələbindən də görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə bəraət almış şəxs istintaq və ya məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında iddia ilə tələb irəli sürə bilər. Lakin bu, həmin şəxsin, onun haqqında istintaq orqanına şikayət vermiş şəxs barəsində zərərin ödənilməsi tələbi ilə məhkəməyə mülki icraat qaydasında yenidən iddia irəli sürmək hüququnu istisna etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi (real) ziyan olaraq 1980 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində düzgün qənaətə gəlmişdir. Zərərin məbləği işdə olan sənədlərlə təsdiq olunur. Bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlarla yanaşı kollegiya diqqətə çatdırır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin maddi ziyanla bağlı təmin etdiyi hissə ilə razılaşsa da, mənəvi ziyanla bağlı təmin olunmuş hissə ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, iztirab həddinə çatmayan neqativ emosional vəziyyətdir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh öz hüquqlarını müdafiə etmək üçün, eləcə də qanunvericiliklə təsbit olunmuş əsas insan və vətəndaş hüquqlarından biri olan müraciət etmək hüququnu realizə edərək dələduzluq faktının araşdırılması üçün Lənkəran ŞRPŞ-yə ərizə vermişdir. Bu, şəxsin öz hüquqlarından istifadə etmək məqsədilə atdığı qanuni addımdır və burada məqsəd iddiaçının şərəf və ya ləyaqətin alçaldılması, həmçinin ona mənəvi zərərin vurulması olmamışdır. Hətta Cavabdeh bilə-bilə yalan ifadə verməsinin sübuta yetirilməklə sonuncu barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının CPM-nin 39.1.11-ci madddəsinə əsasən rədd edilməsi də bu qənaəti aradan qaldırmır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1415/2025 saylı qətnaməsi qismən, yəni iddianın mənəvi ziyana görə 5000 manat tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1415/2025 saylı qətnaməsi qismən, yəni iddianın mənəvi ziyana görə 5000 manat tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1487/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1487/2025
24.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver