Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1492/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi (əsassız varlanma) Şirvan şəhəri, 16 oktyabr 2025-ci il X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2(017)-997/2025 saylı qətnaməsindən (hakim Rəşad Nuriyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı 9000 manat pul, əldən çıxmış faydaya görə 1000 manat, hüquqi yardımla bağlı vəkilə ödənilən 500 manat və ödənilmiş 110 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 2018-ci ildə Ağcabədi rayon Xocavənd kənd ərazisində kürəkəni Surxayla birlikdə mağaza tikdirmişdir. Sonradan aralarında yaranan narazılıq səbəbindən mağazanı bağlamaq qərarına gəlmişdir. Həmin vaxt Surxayla Sabirin arasında pulla bağlı mülki mübahisə olmuş, iddiaçı 200.000 manat borcun Surxaydan alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsində İddiaçı xeyrinə qətnamə çıxarılmışdır. Surxay qətnamədən narazı olduğu üçün iş Şirvan Apellyasiya Məhkəməsində olmuş və qətnamə ləğv edilmişdir. Sahibkar olduğu üçün işə Şirvan Konversiya Məhkəməsində baxılması üçün qətnamə çıxarılmışdır. O, zamanlar yəni 2022-ci ilin may ayında iddiaçının həmkəndlisi və qohumu Cavabdeh onun məhkəmədə olan mülki işin müsbət həll edəcəyini bildirib iddiaçıdan 20000 manat pul almışdır. İddiaçı məhkəmə prosesi zamanı Mənsurun heç kimə pul verməməsini öyrənmişdir. Bundan sonra, İddiaçı Cavabdeh pulun tələb etmiş, Cavabdeh borcu olduğunu, həmin pulu öz borcuna verdiyini və 3 ay müddətində iddiaçının pulunu verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh iddiaçıdan aldığı 20000 manat puldan hissə-hissə 11000 manat qaytarmış, qalan 9000 manatı isə qaytarmamışdır. Cavabdeh İddiaçı pulunu vermədiyi üçün iddiaçı 01 iyun 2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinə şikayət etmiş, araşdırma zamanı cavabdeh ifadəsində iddiaçıdan 20000 manat pul aldığını və həmin pulu da qaytardığını bildirmişdir. Göstərdiyi kimi cavabdeh iddiaçıdan aldığı 20000 manat pulun 11000 manat qaytarmış, qalan 9000 manatı qaytarmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun kürəkəni, Cavabdeh isə əmisi oğludur. İddiaçı məhkəmə işi olmuş və həmin vaxtlarda İddiaçı işinin həll edilməsi üçün Cavabdeh onun bildiyinə görə 20000 manat pul vermişdir. İddiaçı pul verməsi barədə ona demişdir. Lakin, Cavabdeh heç bir iş görməmişdir. İddiaçı verdiyi pulu Cavabdeh ala bilmədiyini ona demiş, o da bir əmi oğlu kimi Cavabdeh İddiaçı aldığı pulu qaytarmasını bildirmişdir. Cavabdeh İddiaçı aldığı pulun bir hissəsini qaytarmışdır. Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2(017)-997/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 9000 manat pul, 500 manat hüquqi yardınla bağlı ödənilmiş vəkil xərci və ödənilmiş 110 manat dövlət rüsumu, cəmi 9610 (doqquz min altı yüz on) manat pul alınaraq İddiaçı verilməsi və İddianın tələbi qalan hissədə təmin edilməməsicqət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və borc məbləğinin 4000 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o əsassız varlanmamış, borc almış və yarıdan çoxunu qaytarmışdır. 4000 manat borcu qalmışdır. İddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, məhkəmə qeyd edilən prosesual normaların tələblərinə riayət etmədən əsassız olan iddianı tam təmin etmişdir. Halbuki, əvvəla ərazi aidiyyatına riayət etməli idi, etmədiyi halda onun iştirakını təmin etməli və iddia qismən təmin olunmalı idi. Belə ki, 7500 manatı atası iddiaçıya əlbəəl vermiş, 500 manatını o özü iddiaçıya Ağcabədi rayonunda Beynəlxalq Bankın qarşısında vermişdir. Qalan 8000 manatı iddiaçının maşınının kreditini ödəmiş və iddiaçının ona göndərdiyi kartlarına göndərmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən apellyator Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinə vəsatət verərək işin yaşyış yeri üzrə Abşeron rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin məhkəmə ona hər hansı cavab verməmişdir. Məhkəmə bildirişləri onun elektron kabinetinə göndərmiş, o da məsuliyyətsizlik edərək onlara baxmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. İddiaçıdan 20000 manat faizə pul almışdır. O, iddiaçıya 4500 manat kartla ödəniş etmiş, həmçinin atası da onun adından iddiaçıya 7500 manat ödəniş etmişdir. Bununla da o bütünlükdə iddiaçıya 16000 manat pul qaytarmışdır. Hazırda onun iddiaçıya 4000 manat borcu var. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və borc məbləğinin 4000 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etməklə, qətnaməni qismən olaraq mübahisələndirmişdir. Buna görə də kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Cavabdeh münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş 10 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh ifadəsində İddiaçı 20000 manat pul aldığını və həmin pulu qaytardığını qeyd etmişdir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili cavabdehin iddiaçıya 9000 manat deyil, 4000 manat borcunun qalmasından ibarətdir. Kollegiya qeyd edir ki, cavabdeh 10 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında vermiş olduğu ifadəsində bildirmişdir ki, o iddiaçıdan 20000 manat faizə pul götürmüş, sonradan borcunu tam qaytarmışdır. Hazırda onun iddiaçıya hər hansı borcu yoxdur. Hazırda isə cavabdeh iddiaçıya yalnız 4000 manat borcunun qalmasını qeyd edir. Göründüyü kimi cavabdeh iddiaçıdan 20000 manat pul almasını etiraf etmiş, lakin həmin pul məbləğini iddiaçıya qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin iddiaçı iddiasında özü bildirir ki, cavabdeh ona 11000 manat pul qaytarmış, lakin 9000 manatını ona qaytarmamışdır. Cavabdehin deməsindən belə məna hasil olur ki, o, iddiaçıya əlavə olaraq 5000 manat da qaytarmış və onun iddiaçıya 4000 manat borcu qalmışdır. Lakin iddiaçı əlavə olaraq 5000 manat pulun iddiaçıya qaytarması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə olan halda cavabdehin iddiaçıya 5000 manat pul qaytarması ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Həmçinin işdən müəyyən edilir ki, həm iddiaçı həm də cavabdeh müvafiq VÖEN-lərə malik olmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Lakin kollegiya hesab edir ki, onlar arasında olan yaranan münasibət sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə ümumi məhkəmədə baxmaqda haqlı olmuşdur. Bunaq görə də Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2(017)-997/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1492/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1492/2025
16.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver