Məhkəmə qərarları › İş №2(106)-1535/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1535/2022

20.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1535/2022 20.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X2 oğlunun iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 avro məbləğində pulun, 2012-ci ilin dekabr ayından hal-hazıradək, qərarın çıxarıldığı gün üçün (hər bir il ayarılıqda) mərkəzi bank uçot dərəcəsini əsas götürməklə əldən çıxmış faydanın (maddi zərər), 30.000 manat məbləğində mənəvi ziyanın və iddia tələbinə görə ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə icalasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ilin ilk aylarında fərdi qaydada sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün tikinti sahəsində istifadə olunan və bu gün üçün təlabat olan «Pompa- Betonvuran» texnikasını almaq qərarına gəlmiş, bu məqsədlə tanışları vasitəsi ilə həmin texnikanın haradan və kimdən daha sərfəli qiymətə almaq üçün soraqlaşmağa başlamışdır. Beləliklə, Elburus adında tanışı ona bildirmişdir ki, həmin texnika Litva Respublikasında yaşayan Vüqar adında olan bir nəfər gətirə bilir. Elburus onu Vüqarın xalası oğlu Ziyafət adlı şəxslə tanış etmişdir. Ziyafətlə tanış olana qədər Elburusun köməkliyi ilə Vüqarla skaypla danışıqları olmuş və Vüqar ona bildirmişdir ki, onun biznes işlərini xalası oğlu Ziyafət apardığından Ziyafət vasitəsi ilə onunla əlaqə yarada bilər. Beləliklə o Vüqarla almaq istədiyi texnikaya dair söhbət edib qiymətdə qismən razılıq əldə etmişlər. Ümumi razılığa əsasən həmin «pompa betonvuran» Azərbaycana gətirilməsi üçün ilkin olaraq 30.000 AVRO pul göndərməyini tələb etmişdir. Yerdə qalan hissəsini isə texnika ona veriləndən sonra girov qoymaqla əlavə pul götürmək və həmin pulu ona göndərmək yolu ilə hesablaşmaqlarına dair razılaşmışlar. Bu məqəsədlə 16 oktyabr 2012-ci il tarixdə 20.000 evro, 15 noyabr 2012-ci il tarixdə 10.000 evro pulu Cavabdeh vermiş, Cavabdeh onun yanında adını xatırlamadığı banka girmiş və ona verdiyi məbləğləri Vüqar Musayevə göndərdiyini bildirmişdir. Bundan sonra Vüqar Musayev onunla telefon vasitəsi ilə əlaqə yaratmış və pulun ona çatdığını bildirmiş və qeyd etmişdir ki, 2012-ci ilin dekabr ayının axırınadək texnikanı göndərəcəkdir. 2012-ci ilin dekabr ayında texnika gəndərilmədiyindən Vüqarla əlaqə yaramış və texnikanın göndərilməməsi səbəbini ondan soruşmuşdur. O da bildirmişdir ki, texnikanın gecikməsi müəyyən maliyyə problemləri ilə bağlıdır. Ancaq buna baxmayaraq söz verdiyi kimi vədinə əməl edib qısa müdddətdə texnikanı göndərəcəyini bildirmişdir. Beləliklə, 2013-cü ilin mart ayında Cavabdeh texnikanın gətirilməsi üçün əlavə olaraq 30.000 avro lazım olduğunu ona bildirmişdir. Buna cavab olaraq bildirib ki, onun əlavə verməyə pulu yoxdur. Texnikanın qalıq dəyərini həmin texnika ona veriləndən sonra ödəyə biləcəyini demişdir. Beləliklə, X11 ilə aralarında olan razılığın baş tutmamasından və onun onu aldatmasından şübhələnmiş və verdiyi pullan geri istəmişdir. Vüqarın atası Adillə görüşmüş və Adil ona söz verdi ki, pulun qaytarılmasına köməklik edəcək. 2014-cü ilin axırlarında Vüqar Musayev Bakı şəhərində onunla görüşmüş, həmin görüşdə onun oğlu, Vüqarın xalası oğlu Ziyafət və Vüqarın oğlu da iştirak etmişdir. Vüqar onların yanında Ziyafətə tapşırmışdır ki, ona başqa maşınların satışından çatası pullardan 30.000 avronu ona olan borcuna görə ödəsin. Həmin görüşdən sonra başa düşmüşdür ki, Vüqar onu aldadır. Müsayev Vüqarın onu aldatmasını və verdiyi pulların geri qaytarılması, habelə Müsayev Vüqarın məsuliyyətə cəlb olunması üçün 27 iyun 2013-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü PB-nə şikayət etmişdir. Həmin ərizəsi xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 216-cı maddəsinə əsasən, ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin 20-ci PB-nə göndərilmiş və həmin bölmənin təhqiqatçısı David Səlimov tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2013-cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən həmin material üzrə təhqiqatçı Davud Səlimovun qəbul etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş və əlavə araşdırma aparılması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, xx.xx.2013-cü il tarixdə isə həmin materialın araşdırılması Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Anar Əliyevə həvalə edilmiş və xx.xx.2013-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2013- cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən “cinayət işinin rədd edilməsi haqqında”qərarın ləğv edilməsi və yoxlama aparılması üçün barədə qərar qəbul edilərək materialı Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş və xx.xx.2013-cü il tarixdə araşdırma aparılması Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi V.Məcidova həvalə edilmiş, xx.xx.2014-cü il tarixdə materilda Azərbaycan Respublikası CMnin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından V.Məcidov tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən müstəntiq V.Məcidov tərəfindən xx.xx.2014-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ləğv edilərək, əlavə yoxlama aparılması barədə qərar qəbul edilməsi üçün həmin material Nəsimi RPİ-nin İŞ- nə göndərilmiş və xx.xx.2014-cü il tarixdə həmin material müstəntiq Cövdət İskəndərovun icraatına verilmişdir. Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi əvvəlki müstəntiqlər kimi səthi yoxlama və araşdırma apararaq, dələduzluq edərək onu aldatmış və 30.000 evro pulunu mənimsəmiş Vüqar adlı şəxsin əməlində cinayət rəkibinin əlamətləri olduğu halda təkrar olaraq 24 yanvar 2014-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd eidlməsi haqqında” qərar qəbul etmiş və bu barədə qəbul etdiyi qərarın surətini ona göndərməmişdir. Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Cövdət İskəndərov tərəfindən 24 yanvar 2014-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan verdiyi şikayət əsasında xx.xx.2018-ci il tarixdə 399-Ş-18 nömrəli məktubla Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən ona cavab yazılaraq bildirilmişdir ki, həmin materialın öyrənilməsindən ötrü Nəsimi rayon prokurorluğuna təqdim edilməsi üçün xx.xx.2018-ci il tarixdə Nəsimi RPİ-nə sorğu verilmiş və Nəsimi RPİ-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli 082- 13830-1217 saylı akta əsasən vət.İddiaçı ərizəsi əsasında toplanmış 304/13 saylı rədd materialı məhv edilmişdir. X5 onu aldatması nəticəsində pozulmuş hüquqlarının bərpa olunması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsində X8 qarşı 30.000 avro pulun, 2012-ci ilin dekabr ayından hal-hazıradək, hər bir gün üçün olmaqla həmin məbləğin bir faizi miqdarında əlavə faizlərin hesablanması, tutulması və ona ödənilməsi, həmçinin fazilərin tutulması tələbinə dair mülki iddia qaldımışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdeh X3 30.000 (otuz min) avro (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Beləliklə,həmin qətnamə icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərildikdən sonra, cavabdeh X5 nümayəndəsi Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5321/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Qaradağ rayon Məhkəməsinin 2(002)- 594/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsinin yeganə əsası o olmuşdur ki, İddiaçı X8 30.000 (otuz min) avro göndərməsi üçün Cavabdeh pul verməsi öz təsdiqini tapmış, lakin Cavabdeh tərəfindən isə həmin pulun bank vasitəsi ilə X8 göndərməsinə dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərlə əlaqədar olaraq bildirib ki, Cavabdeh, yəni həmin iş üzrə cavabdeh 30.000 avro pulun ondan alaraq Musayev Vüqara göndərməsini etiraf etmiş və bu barədə Qaradağ rayon məhkəmədə rəsmi qaydada izahat vermişdir. Buna baxmayaraq həmin məbləğin Musayev Vüqara bank vasitəsi ilə göndərməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və bu səbəbdən də, apellyasiya məhkəməsi iddia tələbi əsasında Qaradağ rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsi ləğv etmişdir. Cavabdeh Orucov X4 Vüqar Adil oğluna göndərmək adı ilə ondan 16 oktyabr 2012-ci il tarixdə 20.000 avronu və 15 noyabr 2012-ci il tarixdə 10.000 evronu almış, lakin həmin pulları X8 göndərməmiş, ancaq onu aldadaraq bildirmişdir ki, güya həmin pulu Vüqar Musayevə göndərmiş və uzun müddət onda belə fikir formalaşmışdır ki, güya həmin pulu Vüqar Musayev alaraq onu aldatmışdır. Bu səbəbə görə Vüqar Musayevə qarşı həm hüquq mühafizə orqanlarına şikayətlər etmiş, sonda isə ona qarşı Qaradağ Rayon Məhkəməsində mülki iddia qaldırmışdır. Cavabdeh onu aldatması, 30.000 avro miqdarında pulunu X6 göndərməsi adı ilə ondan alması və qaytarmaması, pulunu mənimsəməsi nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəymiş, həmçinin onun həmin pul üzərində sahiblik, istifadə və mülkiyyət hüquqları pozulmuşdur. Bundan əlavə 2012-ci ildən hal-hazıradək həmin pulun dövriyyəsindən əldə edilməsi nəzərdə tutulan gəliridən məhrum olmuşdur. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 3 illik iddia müddətini buraxmaqla iddia müddətinin bitməsindən 6 il 1 ay keçdikdən sonra iddia qaldırmasına görə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X9 məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddəti ötürüldüyündən iddianın rədd olunması xahiş olunmuşdur. İddiaçı 2012-ci ilin 16 oktyabr və 15 noyabr tarixlərində Cavabdeh verdiyi 20.000 və 10.000 AVRO pulların Cavabdeh adına “QSC Bank Standart” Kommersiya Bankında olan AZ96MOSZ******************** nömrəli kart hesabından qeyd olunan pulların (AVRO) harada, nə vaxt və kimin tərəfindən məxaric ediməsini müəyyən edilməsi məqsədilə məhkəmə hazırlıq iclasında ləğv prosesində olan “QSC Bank Standart” Kommersiya Bankında Cavabdeh adına olan AZ96MOSZ******************** nömrəli kart hesabından xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək olan müddətdə pul (Avro) məxaric əməliyyatının hansı məbləğlərdə, hansı ölkədə (Azərbaycandan və ya Litva Respublikasında), hansı tarixdə və kimin tərəfindən aparılması barədə bank əməliyyatına dair məlumatların götürülməsi xahiş olunmuşdur. Aldığları məlumata görə onların vəsatətləri məhkəmə hazırlıq iclasında təmin edilməmişdir. Ədalətli məhkəmə araşdırılması vəzifəsinin təmin edilməsi üçün məhkəmə vəsatətdə qeyd olunan və bu iddianın düzgün həlli üçün vacib əhəmiyyətli olan işin faktiki hallarını aydınlaşdırmalı idi, lakin məhkəmə əsassız şəkildə həmin vəsatəti təmin etməmişdir. Hazırki mərhələdə məhkəməyə Cavabdeh adınaa ləğv prosesində olan “QSC Bank Standart” X7 bank kart hesabından çıxarışı təqdim edirik. Həmin çıxarışdan görünür ki, Cavabdeh “QSC Bank Standart” Kommersiya Bankında adına olan Avro bank kart hesabına xx.xx.2012-ci il tarixdə 39.750 Avro pul hesaba mədaxil edilmişdir və xx.xx.2012-ci il tarixdə Litva Respublikasının Kaunas və Marijampole şəhərlərində yerləşən ATM vasitəsilə 39.400 Avro, xx.xx.2012-ci il tarixdə Çexiya dövlətinin Praqa şəhərinin Malesice rayonunda 237, 34 Avro pul kartdn məxari edilmişdir. Bundan başqa Cavabdeh “QSC Bank Standart” Kommersiya Bankında adma olan Avro bank kart hesabına xx.xx.2012-ci il tarixdə 10.000 Avro, xx.xx.2012ci il tarixdə 30.000 Avro, xx.xx.2012- ci il tarixdə 29.200 Avro, xx.xx.2012-ci il tarixdə 10.000 Avro pul mədaxil edilmişdir və 29-30 noyabr 2012-ci il tarixlərində yenə də Litva Respublikasının Kaunas və Marijampole şəhərlərində yerləşən ATM vasitəsilə 72.289 Avro pul kartdan məxaric edilmişdir. Bu onu tam təsdiq edir ki, Cavabdeh adına olan qeyd olunan bank kartı Litva Respublikasında yaşayan və həmin vaxt orada olan X3 olmuş və onun tərəfindən pullar ban kartından Litvanın Kaunas və Marijampole şəhərlərində yerləşən ATM vasitəsilə çıxarılmışdır. Vüqar Musayevin həmin vaxtlarda Litva Respublikasında almasını İddiaçı da təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş və gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı (Hakim: R.Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, 30.000 (otuz min) avro və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh tutulacaq 30.000 avro məbləğində borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya bu qənaətə gələrkən Mülki Məcəllənin 1091, 1092,1093 və 1095-ci madddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Orucov X1 Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili X10 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-ci maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2-ci maddəsinə əsasən əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1095-ci Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsini iş üzrə toplanmış sübutlarla təsdiq edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçı iddianın təmin olunmayan hissəsi ilə razılaşaraq apellyasiya qaydasında mübahisələndirməmiş, qətnamədən yalnız cavabdeh iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin apellyasiya qaydasında mübahisələndirilən hissəsi üzrə hüquqi dəyərləndirilmə aparılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, iddiaçı ilə X11 arasında «pompa betonvuran» texnikanın alqı-satqısı ilə əlaqədar razılaşma olmuş, həmin razılaşmaya əsasən iddiaçı ilkin olaraq 30.000 avro məbləğində pulu X8 göndərməli, sonuncu da 2012-ci ilin dekabr ayında qeyd olunan «pompa betonvuran» texnikanı ona göndərməli idi. İddiaçı Vüqar Musayevin göstərişi ilə həmin pul məbləğlərini 2012-ci ilin oktyabr və noyabr aylarında Cavabdeh təqdim etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2(002)- 594/2019 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdeh X3 30000 avro (icra gününə Azərbaycan manatına olan məzənnə iləhesablanmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli2(103)- 5321/2021 saylı qətnaməsi ilə, cavabdeh X11 tərəfindənverilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh verdiyi 30.000 avto məbləğində pulun X8 təqdim edilməsi iş materialları ilə sübuta yetirilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı «pompa betonvuran» texnikanın gətirilməsi üçün Cavabdeh verilmiş və Vüqar Musayevə göndərilməli olan 30.000 avro pul məbləğinin geri qaytarılmasını və 2012-ci ilin dekabr ayından etibarən pulun geri qaytarılmaması və işlərin görülməməsi nəticəsində əldən çıxmış faydanın və vurulmuşmənəvi ziyanın ödənilməsini xahiş edir. İddia tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092 və 1093-cü maddələri təşkil etdiyini göstərir. Azərbaycan respublikası mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi istər cavabdehin polis şöbəsinə verdiyi izahatında istərsədə apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdehin 30.000 avro məbləğində pulu iddiaçıdan alması və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində əsas dəlili kimi iddia müddətinin tətbiqi ilə bağlı qeydlərinə hüquqi qiymət verərək qeyd edir ki, Əvvəla, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən verilmiş 30.000 avro pul vəsaitinin Cavabdeh Vüqar Musayevə göndərilməsi üçün verilməsi işin mübahisəsiz halını təşkil edir. Mübahisəndirilən hal isə verilmiş 30000 avro pul vəsaitinin kimdən tələb edilməlidir. İş materiallarında olan bank çıxarışı cavabdehin iddiaçıdan qeyd edilən pul məbləğini almasını təsdiq edir. Cavabdeh iddia edərək bildirir ki, verilən pulu Litva Respublikasında yaşayan xalası oğlu X8 göndərmiş, lakin bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etmir. İddiaçı cavabdeh X8 qarşı iddia olunan 30.000 avro pul tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, bank əməliyyatlarına dair götürülmüş məlumatlarda Cavabdeh Qədir oğlunun adından xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək X8 hər hansı pul vəsaiti köçürülməmiş, Əksinə "xxxx" KB ASC-də Cavabdeh Qədir oğlunun adına olan AZ96OSZ******************** saylı kart hesabına xx.xx.2012-ci il tarixdə 30.000 avro məbləğində vəsait daxil olmuşdur. Bu tam sübut edir ki, iddiaçı ilə cavabdeh arasında 2012-ci ilin ilk aylarında fərdi qaydada sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün tikinti sahəsində istifadə olunan və həmin vaxt üçün təlabat olan «Pompa-Betonvuran» texnikasını almaq üçün Litva Respublikasında yaşayan Vüqara göndərilməsi üçün Ziyafət ilə aralarında göndərilən pullarla bağlı hüquq münasibəti yaranmış, iddiaçıya görə verilən pul Ziyafətdədir, cavabdehə görə isə verilən pul xalası oğlu Vüqar Musayevdədir. İkincisi, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən cavabdeh göndərilən pul məbləğinin təyinatının verilmiş tapşırıqları yerinə yetirmək olduğunu sübut etməlidir. Yəni etirazının əsaslarını məhkəməyə təqdim etməlidir. Misal üçün cavabdeh verilən 30000 avro pul vəsaitinin əvvəlcədən razılaşmış olduqları texnikanın alınması tapşırığını yerinə yetirməli olan Vüqar Musayevə çatdırılması və həqiqətən də tapşırıqların yerinə yetirilməsinə xərcləndiyini sübut etməlidir. Birinci instansiyada toplanmış mülki iş materiallarından isə müəyyən edilir ki, cavabdeh bu barədə məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. Yəni etirazlarının əsaslarını sübut edə bilməmişdir. Üçüncüsü, cavabdeh etirazlarını sübut edə bilməməklə yanaşı, məhkəməyə 3 illik iddia müddətinin keçməsini bildirərək, məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə cavabdehin etirazları ilə paradoks yaradır. Yəni cavabdeh etirazlarında 30000 avro pul vəsaitini almadığını qeyd etsə də, iddia müddətinin tətbiqi ilə bağlı ərizəsində iddiaçının verilmiş pulun geri tələbi üçün müddətin 3 il olduğunu qeyd edərək tələbin rədd edilməsini xahiş edir. Yəni cavabdeh ərizəsində qeyd olunan pul vəsaitinin ona verilməsi və onda olmasını qəbul edir, lakin müddətin keçməsini əsas göstərərək tələbin təminin mümkünsüz olduğunu qeyd edir. O, da nəzərə alınmalıdır ki, ilk öncə iddiaçı hesab edirdi ki, onun tərəfindən Cavabdeh verilən pul vəsaiti onun xalası oğlu Litva Respublikasında yaşayan Vüqar Musayevə göndərilmiş, bu səbəbdən də, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhz Vüqar Musayevə qarşı Qaradağ rayon məhkəməsində iddia qaldırmış və iddiası təmin edilmişdir. Lakin Bakı apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Əsas kimi isə tələb olunan 30.000 avro pul vəsaitinin Vüqar Musayevə verilməsinin sübut olunmaması, əksinə "xxxx" KB ASC-də Cavabdeh Qədir oğlunun adına olan AZ96OSZ******************** saylı kart hesabına xx.xx.2012-ci il tarixdə 30.000 avro məbləğində vəsait daxil olması sübut olunmuşdur. İddiaçı məhz bu halı əsas götürərək onun hüquqlarının Ziyafət tərəfindən pozulduğunu bilmiş və qəbul olunmuş qətnamədən (pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmədən) üç ay sonra yəni xx.xx.2021-ci ildə Lənkəran rayon məhkəməsində Cavabdeh Məhərrəməli oğluna qarşı iddia qaldırmışdır. Dördüncüsü, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, bu ərizə özü-özlüyündə cavabdehin bütün etirazlarının əsassız və verilmiş pul vəsaitinin qaytarılmasından yayınmağa hesablandığının sübutudur. Beşincisi, iş materiallarında olan bank əməliyyatlarına dair götürülmüş məlumatlardan müəyyən olunur ki, Cavabdeh Qədir oğlunun adından xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək X8 hər hansı pul vəsaiti köçürülməmiş, əksinə "xxxx" KB ASC-də Cavabdeh Qədir oğlunun adına olan AZ96OSZ******************** saylı kart hesabına xx.xx.2012-ci il tarixdə 30.000 avro məbləğində vəsait daxil olmuşdur. Məhz bu sübutun məhkəməyə təqdim edilməsi kifayət edir ki, məhkəmə cavabdeh tərəflə götürülmüş pulların təyinatının nə olduğunu, hansı məqsədlə götürüldüyünü aydınlaşdırsın. Yəni qeyd edilən sübut sübutetmə yükünü cavabdehə ötürür, bu sübutdan sonra cavabdeh sübut etməlidir ki, qeyd edilən pul vəsaitini Litva Respublikasından «Pompa-Betonvuran» texnikasını almaq üçün qəbul etmiş və Litva Respublikasına Vüqar Musayeva göndərmişdir. Lakin, hazırki işdə cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmir. Gətirdiyi dəlillər formal mülahizələrə əsaslanır. Üstəlik ona verilmiş 30.000 avro pul vəsaitinin qaytarılması üçün tətbiq edilən iddia müddətinin hazırki mübahisəyə tətbiq edilməsini tələb etməklə cavabdeh bir daha tərəflər arasında Litva Respublikasından «Pompa-Betonvuran» texnikasını almaq üçün razılaşmaların olmasını və bunun müqabilində iddiaçı Vasif tərəfindən cavabdeh Ziyafətə 30.000 avro pul vəsaitinin verilməsini təsdiqləmiş olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası İddiaçı Cavabdeh, qarşı “pul” tələbi barədə iddiasına dair mülki iş üzrə birinci instansiya məhkəməsi tərfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmiş olur ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin gətirdiyi dəlilləri iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməklə haqlı və düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30.000 avro (ödəniş gününə Azərbaycan manatına olan məzənnə il hesablanmaqla) və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 270 manat pul alınaraq, İddiaçı ödənilməlidir.” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(049)-73/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-73/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar