Məhkəmə qərarları › İş №2(106)-1537/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1537/2024

02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1537/2024 02.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2826/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadından iddiaçı “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” publik hüquqi şəxsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 23 sentyabr 2022-ci il tarixli, 2022/ÖM/11395 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inəyin, 400 kq qarışıq yemin (paketlənmiş) və 65 ədəd yemin (ot və yonca qarışığı) cavabdehdən tutularaq Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(049)-2826/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Anar Pənahov) iddiaçı “X1” publik hüquqi şəxsinin Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tələb etdiyi əmlakların dəyərini dəqiq şəkildə iddia ərizəsində qeyd etmədiyindən iddia ərizəsinin tərtib edilməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.2.3-cü maddəsində qeyd edilmiş tələblərə riayət etməmişdir. Hazırkı iddia ərizəsinin MPM-in 149.2-ci maddəsi ilə müəyyən edilmiş forma və məzmununa riayət edilmədiyinə görə iddiaçı “X1” publik hüquqi şəxsinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin qərardaddan narazı qalan iddiaçı “X1” publik hüquqi şəxsi şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(049)- 2826/2024 saylı qərardadının ləğv edilməsini, işin icraata qəbul edilərək ümumi qaydada baxılmasının davam etdirilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. İddia ərizəsi tərtib olunarkən forma və məzmununa riayət olunmaqla tərtib olunmuşdur. Hesab edir ki, məhkəmə məhkəmə təcrübəsinin vahidliyini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, “X1” publik hüquqi şəxsi bu qəbildən olan işlərlə bağlı müxtəlif məhkəmələrə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmələr iddia ərizəsini icraata qəbul etməklə işə baxmışlar. Bundan əlavə, məhkəmə qərardadında iddia ərizəsində iddianın predmeti və qiymətinin göstərilməsi, iddianın predmetinin qiymətinin göstərilməsi həm iddia predmetinin naturada alınması mümkün olmadıqda onun dəyərinin ödənməsi üçün əsas olmasını qeyd etmişdir. Lakin məhkəmə məhkəmə baxışında araşdırmalı olduğu məsələni, yəni tələb olunan 2 baş inəyin və 400 kq qarışıq yemin hazırda cavabdehdə olubolmamasını dəqiq müəyyən etmədən iddia ərizəsini geri qaytarmışdır. Hesab edir ki, tələbdə göstərilənlərin məhkəmə baxışı zamanı aşkar olunmadığı müəyyən olunarsa, artıq bundan sonra qiymətin müyyən olunması zərurəti yaranar. Lənkəran Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(049)-2826/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2826/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadının ləğvi barədə mülki iş üzrə iddiaçı “X1” publik hüquqi şəxsinin şikayəti təmin edilməmiş, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(049)-2826/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Hazırda iddiaçı şikayətində tələb olunanlarının qiymətinin məhkəmə baxışı çərçivəsində zərurət yaranarsa, müəyyən olunmalı olduğunu qeyd etsə də, MPM-in 149.2.3-cü maddəsindən görünür ki, iddia ərizəsində iddianın predmeti və qiyməti göstərilməlidir. Yəni, qanunverici iddianın qiymətinin iddia ərizəsində göstərilməli olduğunu vurğulayır. İddiaçı isə tələb etdiyi şeylərin dəyərini dəqiq şəkildə iddia ərizəsində qeyd etməməklə, iddia ərizəsinin tərtib edilməsinə dair MPM-in 149.2.3-cü maddəsində qeyd edilmiş tələblərə riayət etməmişdir. İddiaçı oxşar iddia ərizələrinin məhkəmələrin icraatına qəbul edilərək baxıldığını bildirmiş, bununla əlaqədar olaraq şikayətinə Füzuli Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e-2(064)-29/2024 saylı; Laçın Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(047)-335/2023 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2024-cü il tarixli, 2(105)-469/2024 saylı qətnamələrinin surətlərini əlavə etmişdir. Məhkəmə kollegiyası bildirir ki, sözügedən qətnamələrin hazırkı məhkəmə işi çərçivəsində hər hansı məcburi hüquqi qüvvəsi yoxdur və MPM-in 149.2.3-cü maddəsinin hərfi məzmunu hazırda iddiaçıdan tələb edir ki, iddia ərizəsində iddianın predmetini və qiymətini göstərsin. Lakin iddiaçı bu tələbə əməl etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası onu da bildirməyi zəruri hesab edir ki, iddiaçı dövlət təşkilatı olması səbəbindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olsa da, işin yekunlarından asılı olaraq ödənilməli olan dövlət rüsumunun cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməsi zərurəti yarana bilər. Hazırkı tələb isə əmlak tələbi olduğuna görə qiymətləndirilən iddialara aiddir və dövlət rüsumunun məbləği də iddia qiymətindən asılı olaraq müəyyənləşdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 152.1.1-ci maddəsinə istinad etməklə hazırkı iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçı “X1” publik hüquqi şəxsinə geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(049)-2826/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası iddiaçı “X1” publik hüquqi şəxsinə MPM-in 152.4-cü maddəsinə uyğun olaraq izah edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(049)-2826/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar