Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1561/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(057)-745/2024 saylı qətnaməsindən (hakim A.Səmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 30.000 ABŞ dolları və 240 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə qohumluq münasibəti vardır. Cavabdeh qohumluq münasibətindən irəli gələn inamımdan istifadə edərək Türkiyə Respublikasından mal gətirəcəyi adı ilə yalandan vəd verib onu aldadaraq 30000 ABŞ dolları məbləğində pulunu mənimsəyərək ələ keçirmişdir. Cavabdeh əvvəldən qohum kimi yəni bacısının qaynı qızının əri kimi tanımış və qohum kimi yaxşı münasibətləri olmaqla hər hansı narazıçılıq və ya ədavətləri olmamışdır. Təxminən 2018-ci ildə bacısı oğlu Əlövsətin qızına nişanlanmışdır. Əlövsətin Salyan şəhərində paltar mağazası olduğundan bir dəfə qonaqlıqda olan zaman ona və qardaşı Elşənə təklif etmişdir ki, “paltar mağazası var, lakin əlində kifayət qədər maddi vəsaiti yoxdur. Əgər ona pul verərlərsə, dövriyyəsini və qazancı da artıra bilər. Dil töküb onları razı salmağa çalışmış, hətta bir dəfə öz mağazasının hesabat dəftərini də gətirib, göstərib daha çox alver etdiyinə inandırmışdır. Özü və qardaşı Elşən qohum olduqlarından həmin vaxt Cavabdeh inanmış, ona görə də 2019-cu ilin iyul ayının 13-də saat 15 radələrində Əlövsətlə Bakı şəhərində 8-ci mkr. ərazisindəki çayxanaların birində görüşüb qardaşı Elşənin yanında ona 30000 ABŞ dolları vermişdir və razılaşmışlar ki, verilən pulla Əlövsət alver edəcək, əldə olunan qazanc aralarında tən bölünəcək. Razılığa əsasən Cavabdeh pulunu istədiyi zaman 3 ay ərzində geri qaytarmalı idi. Bundan sonra Cavabdeh bir il ərzində hər ay ona maxtəlif məbləğlərdə olmaqla, ümumilikdə təxminən 30000 manata yaxın pul göndərmişdir. Bir ildən sonra isə Əlövsət vaxtında ona pul göndərmədiyi üçün ondan 30000 ABŞ dollarını geri istəmiş, cavabdeh əvvəlcə bəhanələrlə aldatmış, sonradan isə ümumiyyətlə pul verməyəcəyini bildirmişdir. Pulunu tələb edərkən hətta 2021-ci ilin oktyabr ayında Salyan şəhərində öz mağazasının yanında üzərinə bıçaq çəkərək onu öldürməklə hədələmişdir. Sadəcə olaraq Əlövsətin qızı və onu bacısı oğlu nişanlı olduğuna görə bacısıgilin xahişi ilə şikayət etməmişdir. Lakin sonradan bacısı oğlunun nişanı pozulduğuna görə Cavabdeh barəsində şikayət etmək qərarına gəlmişdir. Məsələ ilə bağlı 2022-ci ildə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Araşdırma nəticəsində toplanmış HK-1/2001 saylı materialda Cavabdeh özü etiraf edir ki: “Qarşılıqlı razılıq əsasında Pərviz qardaşı Elşənin yanında Bakı şəhərindəki çayxanalarda birində ona 30000 ABŞ dolları vermiş və o da, həmin pulu dövriyyəyə buraxaraq alver atməyə başlamışdır. Türkiyədən, Bakıdakı “Binə” ticarət mərkəzindən müxtəlif qadın geyimləri gətirib satmış, həmin il hər ay 5000 manat qazanc əldə edərək qazancdan da, bir ilərzində hər ay 1500-2000 manat, sonradan isə alver zəiflədiyindən hər ay Pərvizə 1000 manat pul vermiş, ümumilikdə Pərvizə sonuncunun alver məqsədi ilə ona verdiyi 30000 ABŞ dollarının qarşılığında 100000 manat pul vermişdir. Sonradan isə alver olmadığından daha qazanc əldə edə bilməmiş, bu səbəbdən də Pərvizə daha pul verməmişdir. Göründüyü kimi cavabdeh etiraf edir ki, 30000 ABŞ dollarını almış və ona ayırdığı 100000 manat qazanc əldə etmişdir. Belə çixir ki, qazanc 200000 olmuşdur və bu pulun 30000 ABŞ dollarına aidiyyatı yoxdur. Lakin əsas məbləğin, qazancın mənə verilmədiyi kimi cavabdehin dediklərini təsdiq edəcək heç bir sübut olmamışdır. Araşdırma zamanı istintaqa Cavabdeh ilə aralarında olan telefon danışıqları zamanı qeydə alınmış səs yazısını əks etdirən CD disk təqdim etmişdir. Dəfələrlə cavabdehdən pullarının qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Artıq cavabdeh tərəfindən aldadıldığını başa düşmüş və məhkəmə qaydasında olmadan aldığı pulların qaytarılmasını mümkün hesab etmir. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək əsassız olduğunu bildirməklə, rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə qohumluğu 2016-ci ilədən olmuşdur. İddiaçının qaynı oğlu onun qızına nişanlanmışdır. Buna görə də münasibətləri bir qədər də mehribanlaşmışdır. 2017-ci ildə Elşən əməlliyyat olunmuş və ona görə yanına getmişlər. Orada söhbət zamanı Elşən qardaşı Pərvizin pul qazanmaq istədiyini demişdir. 2017-ci ilin iyun ayında Bakı şəhərində əyləncə mərkəzində iddiaçı qardaşı ilə birlikdə onunla söhbət etmiş və Pərviz əvvəlcə 20000 ABŞ dolları, daha sonra maşında olan 10000 ABŞ dollarını gətirib ona verərək birlikdə alver edib qazanc ədə etmək istədiklərini demişdir. Özünün mağazasında təqribən 50000 manata yaxın malı olmuşdur. Onlar qazancı bərabər böləcəkləri barədə razılığa gəlmişlər. Eyni zamanda iddiaçıya onun verdiyi 30000 ABŞ dollarına zamin qaldığını, zərərə düşdüyü halda onun pulunu verəcəyini bildirmişdir. 2020-ci ildə pandemiya ilə bağlı alver olmamış, dükan əlindən çıxmış, satılmayan qalıq malları isə 10000 manata vermişdir. Ziyan çəkdiyi üçün iddiaçının pulunu verə bilməmişdir. İddiaçı onunla gəlirə şərik olduğu üçün ziyana da şərik olmalıdır. Bundan başqa iddiaçıya 57000 manat pul vermişdir. Binəqədi polisində iddiaçı özü 57000 manat pul almasını etiraf etmişdir. İddiaçının tələb etdiyi məbləğdən də artıq pul vermişdir. Salyan Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(057)-745/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, qətnamə icra olunan vaxt Azərbaycan manat məzənnəsi ilə 30000 ABŞ dolları və 240 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı absurd şəkildə iddia edir ki, ona 100000 manat qazanc vermişəmsə, deməli ümumi qazanc 200000 manat olmuşdur. Bu pulların isə guya 30000 ABŞ dollarına aidiyyəti yoxdur. Danışıqları iddiaçı tərəfindən qeydə alınmış və CD diskinə köçürülməklə məhkəməyə təqdim edilmişdir. Odur ki, ondan 30000 ABŞ dolları və 240 manat dövlət rüsumunu tələb etmişdir. Əslində isə Pərviz pulu 30000 ABŞ dolları olmaqla 2018-ci iliniyun ayında Bakıda Əyləncə Mərkəzində qardaşı Elşənin yanında ona vermişdir. Mağazasında həmin vaxt 50000 manat dəyərində mal olmuşdur. Həqiqətən qazancı yarı böləcəkləri barədə razılığa gəlmişdilər. Yəni İddiaçılə şifahi müqavilə bağlamışdılar, demişdi ki, zərərə düşəcəyimiz halda onun pulunu qaytarıb özünə verəck. 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar alver olmamış, ziyana düşmüş, mağazası əlindən çıxmış, qalıq malları 10000 manata satmışdır. Ziyana düşdüyü üçün onun pulunu verə bilməmişdir. İddiaçı qazanca şərik olduğu kimi, ziyana da, şərik olmalı idi. Bundan başqa, iddiaçıya 57000 manat pul vermişdir. Binəqədi Polis İdarəsində araşdırma aparılarkən iddiaçı özü də həmin məbləği almasını etiraf etmişdir. Yəni iddiaçıya onun tələb etdiyi məbləğdən də artıq pul vermişdir. Ona görə də, İddiaçı tələbi qanunsuz və əsassızdır. Məhkəmə qanunun normalarını mübahisəyə düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməklə, ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, vergi ödəyicisi kimi adına olan VÖEN üzrə fəaliyyətini dayandırmışdır. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, adına VÖEN olsa da, fəaliyyəti dayandırılmışdır. Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman iddiaçının adına VÖEN olmamışdır, iddiaçı öz adına VÖEN-i 2020-ci ildə açdırmışdır. Odur ki, mübahisənin məhkəmə aidiyyətinə dair qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür; 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; 26.1-ci maddəsinə əsasənsahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunur ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Plenum Qərarının 11-ci bəndində qeyd olunur ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Plenum Qərarının 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Plenum Qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Elektron məhkəmə informasiya sistemi üzərindən mübahisə tərəfləri barəsində əldə edilən vergi məlumatlarına əsasən İddiaçı 23 iyul 2020-ci ildən (VÖEN- **********), Cavabdeh isə 22 noyabr 2004-cü ildən (VÖEN-**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi qeydiyyatdadırlar, fəaliyyətlərini müvəqqəti dayandırmışlar. Tərəflər arasında formalaşan mübahisənin predmeti, hüquq münasibətinin xarakteri məhz mənfəət götürülməsi məqsədilə iddiaçı tərəfindən cavabdehin dövriyyə vəsaitlərinin artırılması olmuşdur. Göründüyü kimi 29 fevral 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsində qeydiyyatdan keçmiş mübahisənin həll olunması həm subyekt tərkibi baxımından, həmdə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya məhkəməsinin səlahiyyətinə aid olmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırki mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək mahiyyəti üzrə baxıb həll etmiş Salyan Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(057)-745/2024 saylı qətnaməsi ləğv olunsun və iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən olunan qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1561/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1561/2024
02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver