Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1566/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1185/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri Cavabdeh1 5254,20 manat, Cavabdeh2 isə 1198 manat borcun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Cəlilabad rayonu, Mədətli kəndində qeydiyyatdadır. Cəlilabad-Uzuntəpə yolu, 2, 3-cü döngədə yerləşən “Ulduz” marketdə (sahibkarlıq obyektində) işləyir. Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə uçotdadır. 2019-cu ilin sentyabr ayında Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri Cavabdeh1 və onun kürəkəni Cavabdeh2 iddiaçının inşaat malları dükanına müraciət edərək, təmir işləri apardıqlarını bildirməklə mal götürüb pulunu 1 ay müddətində ödəyəcəklərini qeyd etmişlər. İddiaçı da onları tanıdığı üçün və etibarlı şəxslər kimi bildiyi üçün Cavabdeh1 (ərizəyə əlavə olunmuş qaimə üzrə) 6054,20 manat məbləğində, Cavabdeh2 isə 1198 manat məbləğində nisyə inşaat malları vermişdir. Cavabdeh1 bu borcdan 800 manat ödəmiş və 5254,20 manat borcu qalmışdır. Həmin vaxt orada fəhləlik etmiş Cəlilabad şəhər sakinləri X7 və X12 şahid kimi bu faktı təsdiq edə bilərlər. İddiaçı cavabdehlərə könüllü olaraq borclarını ödəmələri barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Digər hüquq mühafizə orqanlarına bununla bağlı müraciət etsə də, ona mülki məsələ olduğunu qeyd edib məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. O, satdığı malların pulunu tələb edir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1185/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) iddia təmin edilmiş, Cavabdeh1 5254,20 manat və Cavabdeh2 1198 manat pulun alınaraq İddiaçı verilməsi, cavabdehlərdən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1185/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçı ilə arasında əqdin (şifahi və ya yazılı) bağlanmasını təsdiq edən sübut mövcud deyil. Belə olan halda əqdi bağlamaq iradəsi məhkəmə tərəfindən hansı rəftarla müəyyən edilmişdir? İddiaçının ona qeyd etdiyi tikinti materiallarını verməsini, həmin tikinti materiallarının nədən ibarət olmasını və dəyərinin nə qədər olmasını təsdiq edən sübut təqdim edilmədiyi halda, məhkəmə Mülki Məcəllənin 567-ci maddəsini tətbiq etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə iddiaçının heç bir mötəbər sübutu olmamışdır. MPM-in 77.1-ci və 88-ci maddələrinin tələblərinə baxmayaraq, iddiaçı məhkəmədə cavabdehin (Cavabdeh1) ondan tikinti materialları almasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi qanunsuz və əsassız qətnamə çıxarılması ilə nəticələnmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, o, Cəlilabad rayon E.Yusubov adına Uzuntəpə 1 saylı orta məktəbin direktoru vəzifəsində işləyir. O, məktəbin direktoru kimi heç vaxt iddiaçıdan məktəb üçün hansısa material almamış, nisyə heç bir şey götürməmişdir. Çünki məktəbin təmiri üçün zəruri olan hər şey dövlət tərəfindən təmin edilir. Həmin təminat da pul şəklində deyil, materiallar şəklində həyata keçirilir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak etmiş Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2019-cu ilin sentyabr ayında Cəlilabad rayon E.Yusubov adına Uzuntəpə 1 saylı orta məktəbin təsərrüfat müdiri Ədalət Əzizov və müəllimi Akif Duniyev onun işlətdiyi mağazaya gələrək bildirmişlər ki, məktəb açılarkən rəhbər şəxslər məktəbə gələcək, bu səbəbdən də məktəbin təmir edilməsi üçün bir sıra materiallar lazımdır, lakin həmin materialların pulunu ay sonunadək ödəyəcəklər. O, məktəbin müdirinin özü istəyəcəyi halda nisyə materiallar verəcəyini bildirmişdir. Bundan sonra, məktəbin müdiri olan Cavabdeh1 özü gələrək materialların verilməsini xahiş etmiş, onu əmin etmişdir ki, həmin materiallar məktəb üçündür və onların pulunu ayın sonunadək ödəyəcəkdir. Həmin materialları sonradan hissə-hissə məktəbin təsərrüfat müdiri Ədalət Əzizov götürmüşdür. Ümumilikdə Cavabdeh1 6054,20 manat məbləğində nisyə mal verilmiş, o, həmin puldan 800 manat ödəniş etmiş, yekun olaraq 5254,20 manat borcu qalmışdır. Lakin Cavabdeh1 həmin borcu ödəmir, bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. O, Cavabdeh1 etibar etdiyindən onun aldığı nisyə materialları sistemə işləsə də, materialları təhvil verərkən qaimə-fakturaları imzalatdırmamışdır. Yekunda İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən hər iki tərəf – İddiaçı və Cavabdeh1 X4 və X6 məhkəmə iclasında şahid qismində dindirilmələrini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin ifadələri əsasında yeni şahidlərin dindirilməsi zərurətinin yarandığını və Ədalət Əzizov və Akif Duniyev ilə əlaqədar məsələlərin birinci instansiya məhkəməsində aparılan icraat zamanı aşkar edilərək araşdırılmadığını nəzərə alaraq, X6 və X4 məhkəmə iclasında şahid qismində dindirilmələrini zəruri hesab edir. Apellyasiya məhkəməsinin 15 noyabr 2023-cü il tarixli iclasında dinlənilmiş şahid X10 ifadə verərək bildirdi ki, o, Cəlilabad rayon E.Yusubov adına Uzuntəpə 1 saylı orta məktəbin müəllimidir. O, heç vaxt iddiaçının işlətdiyi mağazaya gedərək ondan məktəbin təmir olunması üçün nisyə material verilməsini xahiş etməmiş, heç vaxt həmin mağazadan məktəbin təmir olunması üçün hər hansı nisyə material götürməmişdir. Hazırda iddiaçı onun barəsində əsassız izahat verərək onun nüfuzuna zərər vurur. O özü də bu səbəbdən iddiaçı barəsində məhkəməyə müraciət etməyi düşünür. Apellyasiya məhkəməsinin 15 noyabr 2023-cü il tarixli iclasında dinlənilmiş şahid X8 iddiaçının bildirdiklərinə etiraz edərək qeyd etdi ki, o, 10 il ərzində Cəlilabad rayon E.Yusubov adına Uzuntəpə 1 saylı orta məktəbində təsərrüfat müdiri vəzifəsində çalışmış, 2022-ci ilin may ayında pensiya yaşına çatdığına görə işdən azad edilmişdir. O, heç vaxt iddiaçının işlətdiyi mağazaya gedərək ondan məktəbin təmir olunması üçün nisyə material verilməsini xahiş etməmiş, heç vaxt həmin mağazadan məktəbin təmir olunması üçün hər hansı nisyə material götürməmişdir. Çünki hər il məktəbin təmiri üçün dövlət tərəfindən zəruri materiallar ayrılır. O, həmçinin qeyd etdi ki, iddiaçının qeyd etdiyi dövrdə, təxminən 2019-cu ilin ortalarında o, özünə məxsus evdə təmir işləri aparmış, həmin zaman iddiaçının mağazasından müxtəlif materiallar almış, lakin həmin materialların pulunu nağd şəkildə ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, onun tələbinin davamından – iddia tələbinin ona münasibətdə tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasına dair hissəsindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin ona münasibətdə təmin olunmuş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh1 5254,20 manat pulun və dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli, Cavabdeh1 5254,20 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbi təmin edilməməlidir. İşdəki Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı ildə ********** nömrəsi ilə (VÖEN) qeydiyyata alınmışdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, Cəlilabad- Uzuntəpə yolu, 2, 3-cü döngə ünvanında yerləşən 0,1199 ha torpaq sahəsi və ümumi sahəsi 170 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixində X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 ilə İddiaçı arasında bağlanmış 01 nömrəli, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, bu müqavilə üzrə mülkiyyət sənədinə əsasən ümumi sahəsi 170 kv.m olan obyektin 28 kv.m hissəsi X5 tərəfindən pərakəndə ticarət məqsədilə İddiaçı icarəsinə verilmişdir. İcarə haqqı ayda 50 manat təşkil edir. Bu müqavilə imzalanan andan (yaxud dövlət qeydiyyatından keçdiyi andan) qüvvəyə minir və bina icarəçiyə təhvil verilən andan 5 il ərzində qüvvədə olur. İşdəki 30 iyun 2021-ci il tarixli, 2(073)-1185/2021 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, iddiaçını uzun müddətdir ki, tanıyır. İddiaçı icarəyə götürdüyü mağazada təsərrüfat mallarının pərakəndə və topdan satışı ilə məşğul olur. O, 2016-cı ildə iddiaçının mağazasına satıcı kimi işə düzəlmişdir. Cavabdehləri müştəri kimi tanımışdır. Belə ki, cavabdehlər onun işlədiyi mağazadan bir neçə dəfə nisyə təsərrüfat malları almış və mağazaya borcları yaranmışdır. Sonradan hesablama apararkən cavabdehlərdən Cavabdeh1 mağazaya 6054,24 manat, Cavabdeh2 isə 1198 manat borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh1 borcundan 800 manat ödəmiş, 5254,20 manat borcu qalmış, lakin digər Cavabdeh2 borcundan heç bir ödəniş etməmişdir. İşdəki xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya məhkəməsinin iclasında dinlənilmiş şahidlərin ifadələrini və iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 aid hissədə yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 aid hissədə iddia tələbini təmin edərkən iddiaçının və şahid qismində dinlənilmiş Azər Ağayevin izahatlarına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsinə tənqidi yanaşaraq bildirir ki, Azər Ağayev özünün də bildirdiyi kimi, iddiaçının mağazasında satıcı olaraq işləyir. Belə olan halda onun iddiaçının bildirdiklərinə uyğun olmayan hər hansı ifadə verəcəyi ağlabatan deyil və bu hal şahid Azər Ağayevin ifadəsinin mötəbərliyini şübhə altına alır. Bundan əlavə, Azər Ağayev öz ifadəsində sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiklərini təsdiq etmiş, iddiaçının apellyasiya məhkəməsinin iclasında bildirdiyi hallar - 2019-cu ilin sentyabr ayında Cəlilabad rayon E.Yusubov adına Uzuntəpə 1 saylı orta məktəbin təsərrüfat müdiri Ədalət Əzizovun və müəllimi Akif Duniyevin iddiaçının işlətdiyi mağazaya gəlmələri barədə hər hansı məlumat verməmişdir. Halbuki, iddiaçı özü apellyasiya məhkəməsinin iclasında bu hallar barəsində məlumat verərək, materialların da sonradan hissə-hissə məktəbin təsərrüfat müdiri Ədalət Əzizov tərəfindən götürüldüyünü qeyd etmişdir. Bu isə onu göstərir ki, iddiaçının bildirdikləri ilə şahid qismində dindirilmiş X3 bildirdikləri arasında uyğunsuzluq mövcuddur. Bundan başqa, iddiaçı Cavabdeh1 ondan nisyə təsərrüfat materialları götürməsini təsdiq etmək üçün bir sıra materialların siyahısını təqdim etmiş, həmin siyahılar iş materiallarının 9-cu və 10-cu vərəqlərinə əlavə edilmişdir. Həmin siyahılarda Cavabdeh1 nisyə olaraq götürdüyü iddia edilən müxtəlif adda materiallar sadalanmış, onun ümumi borcunun 6054,20 manat olduğu, həmin borcdan 800 manat ödədiyi və yekun olaraq 5254,20 manat məbləğində borcunun qaldığı qeyd edilmiş, lakin həmin siyahılar sadəcə iddiaçının özü tərəfindən imzalanmışdır. Yalnız iddiaçı tərəfindən imzalanmış həmin siyahılar əsasında Cavabdeh1 iddiaçıdan qeyd edilən adda materialları nisyə olaraq alması və Cavabdeh1 ödənilməmiş 5254,20 manat borcunun qalması təsdiq oluna bilməz. Həmçinin, İddiaçı apellyasiya məhkəməsinin iclasında xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan bir sıra qaimə-fakturalar təqdim etmişdir. Həmin qaiməfakturalarda “Ulduz inşaat” adlı mağazadan alıcı Raqif Bünyadova müxtəlif məbləğlərdə əşyaların nisyə olaraq verildiyi qeyd edilsə də, həmin qaimə-fakturaların heç birində imza icra edilməmişdir. Bu səbəbdən də, həmin qaimə-fakturalar da hazırkı iş üzrə mötəbər sübut olaraq qəbul edilə bilməz. Apellyasiya məhkəməsinin iclasında iddiaçının Cavabdeh1 etibar etməsi səbəbindən qaimə-fakturaları ona imzalatdırmaması barədə bildirdiklərini məhkəmə kollegiyası əsassız sayır və ağlabatan hesab etmir. Bundan başqa, iddiaçı Cavabdeh1 müdiri olduğu məktəbin təmir edilməsi üçün materialları nisyə olaraq sentyabr ayında aldığını və məktəbin nümayəndələrinin məktəb açılanadək təmirin həyata keçirilməli olduğunu bildirdiyini qeyd etsə də, qaimələrin bəzilərində onun tarixinin 2019-cu ilin oktyabr ayına aid olması da iddiaçının bildirdiklərinin işin halları ilə uyğun olmamasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 iddiaçıdan nisyə olaraq təsərrüfat materialları alması və həmin materiallara görə ödənilməmiş qalan 5254,20 manat məbləğində borcunun olması iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh1 5254,20 manat pulun tutulması hissəsində ləğv edilməli, Cavabdeh1 5254,20 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 aid hissədə iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 dövlət rüsumunun tutulması hissəsində də ləğv edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 387.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1185/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 5254,20 manat pulun və dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin Cavabdeh1 5254,20 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbi təmin edilməsin. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1566/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1566/2023
15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver