Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1569/2025 30.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, habelə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və nəticələrinin aradan qaldırılması. Şirvan şəhəri, 30 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X13, (sədrlik edən, məruzəçi) X17 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, habelə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(053)- 352/2025 saylı qətnaməsindən (hakim-Ceyhun Qədimov) İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, habelə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan torpaq payının 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmasına etirazlarının olmamasına dair ərizələrinin qanuna uyğun hesab edilərək mövcud imzaların təsdiq edilməsi barədə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X6 hərəkətlərinin qanunsuz hesab edilməsinə və həmin ərizələr əsasında 23 iyun 2023-cü il tarixli, ********** nömrəli reyestr qeydinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il tarixli, 44 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-0016 nömrəli Dövlət Aktında göstərilmiş cizgilər daxilində olmaqla ümumi 6,86 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətlərinə verilmişdir. 05 aprel 2023-cü il tarixində həmin torpaq sahəsinə dair hüquqları ********** nömrəli reyestr qeydi ilə dövlət qeydiyyatına alınmışdır. 11 aprel 2023-cü il tarixdə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X10 maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan payın 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmasına etirazlarının olmamasına dair ərizələrini qanuna uyğun hesab edərək, mövcud imzaları təsdiq etmişdir. Həmin ərizələr əsasında sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı 23 iyun 2023-cü il tarixdə ********** nömrəli reyestr qeydi ilə yenidən aparılmışdır. Neftçala rayon notariat ofisinin xüsusi notariusu X10 tərəfindən Maraqlı şəxs1 və Maraqlı şəxs2 alınan ərizələr torpaq sahəsinin digər mülkiyyətçilərinin razılıqları alınmadan təsdiq edildiyi üçün məzmunca Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə zidd olmuş, qanunla qorunan ümumi mülkiyyət maraqları pozulmuşdur. Hesab edirlər ki, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan torpaq payının 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmasına etirazlarının olmamasına dair ərizələrinin qanuna uyğun hesab edilərək, mövcud imzaların təsdiq edilməsi barədə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X6 hərəkətləri qanunsuz hesab edilməli və həmin ərizələr əsasında aparılmış 23 iyun 2023-cü il tarixli, ********** nömrəli reyestr qeydi ləğv olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 11 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Neftçala rayonunda yaşamadıqları üçün 24 iyun 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, prosesin iştirakları olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişlər. Həmin iddiaçılar sonrakı məhkəmə iclaslarının da vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldıqlarına baxmayaraq gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, buna görə də onun mövqeyini öyrənmək mümükün olmamışdır. Cavabdeh Neftçala rayon notariat ofisinin xüsusi notariusu X10 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 öz iradələri ilə notariat ofisinə gəlib mülkiyyətlərində olan 3,8399 ha torpaq sahəsinin 0,31495 ha həcmində azaldılmasına razılıq verdiklərinə dair ərizə təqdim etmişlər. Cavabdeh həmçinin qeyd etmişdir ki, müvafiq notariat əməliyyatı sadəcə olaraq imzaların həqiqiliyinin təsdiq edilməsindən ibarət olub. Yəni o, ərizənin şəxsən Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən imzalandığına əmin olmuş, bundan sonra müvafiq imzaların həmin şəxslər tərəfindən edildiyini notariat qaydasında təsdiq etmişdir. Buna baxmayaraq o, imzaların həqiqiliyini təsdiq etməzdən əvvəl Maraqlı şəxs1 və Maraqlı şəxs2 ərizənin mahiyyətini izah etmiş, həmçinin həmin ərizələr notariat qaydasında təsdiqləndikdən sonra baş verə biləcək nəticə barədə onları dəfələrlə məlumatlandırmışdır. Qeyd olunan şəxslər notariat əməliyyatının nəticələrini tam dərk etmiş və imzalarının həqiqiliyinin təsdiq olunmasını xahiş etmişlər. Cavabdeh göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 nümayəndəsi (əri) Nümayəndə işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun məzmunlu izahat vermişdir. Qeyd etmişdir ki, iddiaçılar onun baldızları və qayınlarıdır. Torpaq sahəsi maraqlı şəxslərlə yanaşı iddiaçıların da mülkiyyətində olduğundan arvadı Maraqlı şəxs1 və qaynatası Maraqlı şəxs2 torpaq sahəsinin həcminin azaldılmasına razılıq verərkən iddiaçıların da razılığı alınmalı idi. Lakin, Neftçala rayon notariat ofisinin xüsusi notariusu X10 iddiaçıların razılığı olmadan maraqlı şəxslərin ərizəsini təsdiq etmiş, bu səbəbdən Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan torpaq sahəsi 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmışdır. Maraqlı şəxslər savadsız olmaları səbəbindən təsdiq etdirdikləri ərizənin mahiyyətini bilməyiblər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Neftçala Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qətnaməsi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, habelə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı işdə iddia tələbinin hüquqi əsasını təşkil edən hallar həm notariat hərəkətlərinin müvafiq qaydalara uyğun aparılması, həm də təsdiq edilən ərizələrin mətni ilə bağlı olsa da, məhkəmə işə yalnız imzaların həqiqiliyinin yoxlanılması prizmasından yanaşmış, bununla da ərizələrin məzmununun qanuna uyğun olması, digər şəxslərin hüquq və mənafelərinə təsiri məhkəmə araşdırmasının predmetindən kənarda saxlanmışdır. Lakin məhkəmə iddia tələbinin notariat hərəkətlərinin qanuniliyindən əlavə, həmin hərəkətlərin nəticələri ilə də bağlı olmasını nəzərə almamış, həmçinin tələbin tərəflərin mülkiyyət münasibətlərinə toxunan xüsusatlarını aydınlaşdırmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdeh Neftçala rayon notariat ofisiməhkəməyə ərizə ünvanlayaraq işlərinin çoxluğu səbəbindən kollegiyanın iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə İddiaçı2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti İddiaçı2 münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən “Notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər”. Həmin Qanunun 26-cı maddəsinə əsasən “Xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır”. Eyni Qanunun 17-ci maddəsinin 1-ci hissəsinin 7-ci bəndinə əsasən dövlət notariusu “sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir”. Göründüyü kimi xüsusi notarius sənədlərdəki imzaların həqiqiliyini təsdiq etmək səlahiyyətinə malikdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən “Notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir”, “Notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Neftçala Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Belə ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0016 nömrəli (kod ********) Dövlət Aktından görünür ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il 44 nömrəli və xx.xx.2002-ci il 63 nömrəli qərarlarına əsasən Neftçala rayonu, Astanlı kənd sakini Maraqlı şəxs2 və onun ailə üzvləri – İddiaçı3 Zülfüqar oğluna, X4, İddiaçı4, X2, X5, X7 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 6,86 ha torpaq sahəsi ayrılmışdır. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, X9 09 aprel 2015-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 adına Neftçala rayonu, Astanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 6,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur (Qeydiyyat tarixi xx.xx.2003; qeydiyyat nömrəsi JN-0016). Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş və 11 aprel 2023-cü ildə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X10 tərəfindən notariat qaydasında təsdiq olunaraq, reyestrdə 8i-1284 nömrəsi ilə qeydə alınmış ərizədə aşağıdakılar göstərilir: «Bildiririk ki, ümumi birgə mülkiyyətdə olan ünvan 2i ünvanında yerləşən JN-16-də olan sənəd üzrə 3,8399 ha torpaq sahəsinin bizə məxsus hissəsindən hər birimizdən 0,31495 ha azalaraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər birinin faktiki istifadədə olan 0,1650375 ha olmasına və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etmirik, razıyıq. Qeyd: Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənəddə imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir». Ərizə Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən şəxsən imzalanmış, imzaların qarşısında onların öz xətləri ilə adları yazılmışdır Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Astanlı kəndində yerləşən 3,0223 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 05 aprel 2023-cü ildə ümumi birgə mülkiyyət hüququ ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, İddiaçı3, X3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 adlarına qeydə alınıb. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən digər çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Astanlı kəndində yerləşən 3,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 23 iyun 2023-cü il tarixində ümumi birgə mülkiyyət hüququ ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, İddiaçı3, X3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 adlarına qeydə alınıb. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 yanvar 2025-ci il tarixli 60 nömrəli arayışında aşağıdakılar qeyd olunur: «Verilir, Maraqlı şəxs2 və Maraqlı şəxs1 ondan ötəri ki, həqiqətən JN-0016 №-li Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsi 2023-cü ilədək 3,8399 ha həcmində olmaqla onlar tərəfindən faktiki istifadə edilmiş, əkilibbecərilmişdir...». Göründüyü kimi iddia rədd edilmiş, qətnamədən cavabdeh İddiaçı2 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili məhkəmənin işə yalnız imzaların həqiqiliyinin yoxlanılması prizmasından yanaşmış, bununla da ərizələrin məzmununun qanuna uyğun olması, digər şəxslərin hüquq və mənafelərinə təsiri məhkəmə araşdırmasının predmetindən kənarda saxlanmışdır. Məhkəmə iddia tələbinin notariat hərəkətlərinin qanuniliyindən əlavə, həmin hərəkətlərin nəticələri ilə də bağlı olmasını nəzərə almamış, həmçinin tələbin tərəflərin mülkiyyət münasibətlərinə toxunan xüsusatlarını aydınlaşdırmamasından ibarətdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xüsusi notarius sənədlərdəki imzaların həqiqiliyini təsdiq etmək səlahiyyətinə malikdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən “Notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir”, “Notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir”. Mübahisələndirilən ərizəni nəzərdən keçirərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin ərizə qanuna zidd deyil. Belə ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 həmin ərizəni verərkən (imzalayarkən) mülkiyyətlərində olan torpaq sahəsinə münasibətdə öz sərbəst iradələrini (istəklərini) yazılı formada ifadə etmişlər. Onların bu iradəsi (istəyi) iddiaçıların ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə münasibətdə iradəsi (istəkləri) ilə üst-üstə düşməyə bilər ki, bu da özü-özlüyündə qanuna zidd deyil. Başqa sözlə deyilsə, mülkiyyətçinin öz mülkiyyətində olan əmlaka münasibətdə iradəsini (istəyini) istər şifahi, istərsə də yazılı formada ifadə etmək sərbəstliyi heç kəs, hətta əmlakın digər mülkiyyətçiləri tərəfindən belə məhdudlaşdırıla bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən ərizədə də Maraqlı şəxs2 və Maraqlı şəxs1 sadəcə olaraq ümumi birgə mülkiyyətdə olan əmlaka münasibətdə iradələrini (istəklərini) ifadə ediblər ki, bu da yuxarıda qeyd olunduğu kimi özü-özlüyündə qanuna zidd sayıla bilməz. Notarius mübahisələndirilən notariat əməliyyatını həyata keçirərkən ərizənin mətnini deyil (Qanunda yazıldığı kimi desək, “sənəddə şərh olunmuş faktları deyil”), Maraqlı şəxs2 və Maraqlı şəxs1 imzalarının həqiqiliyini təsdiq etmişdir. Əməliyyatın mahiyyətcə məhz bundan ibarət olduğu, yəni ərizədə “şərh olunmuş faktların deyil” (ərizənin mətninin deyil), məhz imzaların həqiqiliyinin təsdiq olunması ərizənin “Qeyd” hissəsində də açıq-aydın göstərilib. Buna baxmayaraq, ərizənin mətni və hüquqi nəticələri notariusun bildirdiyi kimi Maraqlı şəxs2 və Maraqlı şəxs1 ətraflı izah olunub (bunun əksi iş materialları ilə müəyyən edilmir). Məhkəmə “xx.xx.2023-cü il tarixli ********* nömrəli reyestr qeydinin” ləğvinə dair tələbin birinci tələbdən irəli gəldiyini, yəni bilavasitə notariat əməliyyatının qanunsuzluğu ilə əsaslandırıldığını nəzərə alaraq hesab etmişdir ki, birinci tələb rədd olunduğuna görə ondan irəli gələn (onunla bilavasitə əlaqələndirilən) ikinci tələbin də təmin edilməsi üçün qanuni əsas yoxdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddiaçıların ikinci tələbinin də rədd olunması qənaətinə gəlmişdir. Birinci instansiya Məhkəməsi yuxarıda göstərilənlərlə yanaşı vurğulamışdır ki, hazırkı iddianın rədd olunması iddiaçıları daşınmaz əmlakın dövlət reyestrindəki qeydi başqa əsaslarla (həmçinin aidiyyəti şəxsləri işə müvafiq prosessual statusla cəlb etməklə) məhkəmə qaydasında mübahisələndirmək imkanından məhrum etmir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qətnaməsi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1569/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1569/2025
30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver