Məhkəmə qərarları › İş №2(106)-1571/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1571/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1571/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 45000 manat məbləğində pulun tutulub ona ödənilməsini xahiş etmişdir. İddiaçı aşağıdakı məzmunda iddia ilə müraciət etmişdir: 2023-cü ilin iyun ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Şamaxı rayonunda heyvan saxlamaq üçün pul vəsaiti qoyulması, heyvanların saxlanması və gəlirlərin bölüşdürülməsi barədə razılıq əldə etmişdir. Əldə olunmuş razılığa əsasən onun tərəfindən təxminən 45000 manat pul vəsaiti qoyulmuş, həmin vəsaitlə 12 ana və 12 bala inək alınmış, 7000 manat dəyərində ot alınmış və 22 sotdan ibarət olan Şamaxı rayonunda yerləşən torpaq sahəsi alınaraq ferma kimi istifadə olunması nəzərdə tutulmuşdur. Cavabdehlər 2 aydan sonra əldə olunmuş gəlirdən ona hər ay 1200 manat verilməsini öhdələrinə götürmüşlər. Lakin bir neçə ay keçməsinə baxmayaraq, ona hər hansı ödəniş edilməmişdir, bununla da üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Bu məsələyə dair şahidləri var və məhkəmə zamanı vəsatətlə məhkəməyə təqdim edəcəklər. Həmçinin əlində səs yazıları mövcuddur və həmin səs yazılarından görünür ki, onun tərəfindən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün 45000 manat məbləğində sərmayə qoyulmuşdur. Lakin cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyərək hər ay 1200 manat məbləğində pulu ödəməkdən imtina etmişlər. Birinci instansiya məhkəməsində iddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, cavabdehlərlə Almaniya Federativ Respublikasında yaşayan dayısı X5 vasitəsilə 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhərində tanış olmuş və görüşmüş, birgə heyvandarlıq təsərrüfatı yaratmaq üçün razılığa gəlmişlər. İlkin olaraq 10-15 baş yanıbalalı inəyin alınması üçün 20000-25000 manat məbləğində pul lazım olduğunu, iddiaçının pul vəsaiti hesabına alınacaq həmin heyvanların Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada saxlanacağı, həmin fermanın zəruri təmir xərclərinin iddiaçı tərəfindən çəkiləcəyi, fermada heyvanların saxlanması, onlara qulluq edilməsi ilə bağlı bütün işlərin isə Elman tərəfindən ediləcəyi, ətlik heyvanların satışından əlavə, südlük heyvanlardan hər gün sağılacaq 100-150 litr südün satışından 100-150 manat məbləğində pul əldə edəcəkləri, cavabdehlərin inəklərin alınmasından 2 ay sonra, yəni 2023-cü ilin avqust ayından başlayaraq əldə ediləcək gəlirlərdən hər ay iddiaçıya 1200 manat məbləğində pul verəcəkləri, gəlirin qalan hissəsini isə özlərinə götürəcəkləri, bu fəaliyyətlə əlaqədar bütün xərclərin iddiaçı tərəfindən çəkiləcəyi barədə təkliflər vermiş, onlar bu təkliflərlə razılaşmışlar. Bu məqsədlə iddiaçı 17 iyun 2023-cü il tarixdə Müşfiq və Elminlə birlikdə Şamaxı rayonunda yerləşən mal bazarına gəlmiş, əvvəllər tanımadığı Elmanla ilk dəfə orada görüşmüş, cavabdehlərə bir neçə baş yanıbalalı inək almaları üçün Müşfiqin iştirakı ilə, hər hansı sənəd tərtib edilmədən cəmi 17000 manat məbləğində pul vermişdir. Cavabdehlər həmin pul vəsaiti hesabına şərikli heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə Şamaxı rayonundakı mal bazarından həmin gün 9 baş, 19-23 iyun 2023-cü il tarixlərdə isə əvvəllər alınmış inəklərdən bir başını dəyişdirilməklə 3 baş, beləliklə də cəmi 11 baş yanıbalalı inəklər almışlar. İddiaçı 06 iyul 2023-cü il tarixdə Şamaxı rayonunda cavabdehlərə digər şəxsin iştirakı olmadan, hər hansı sənəd tərtib edilmədən cəmi 4500 manat məbləğində pul vermişdir. Elman həmin pul vəsaiti hesabına şərikli fəaliyyət üçün Ağsu rayonunda yerləşən mal bazarından 1 baş yanıbalalı inək və 1 baş at almış, Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, istifadəsində olan fermada heyvanların saxlanması və özünün yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müxtəlif təmir işləri görmüşdür. Beləliklə, iddiaçının cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar nağd qaydada verdiyi pulun ümumi məbləği 21500 manat olmuşdur. Bundan başqa, iddiaçı özünə məxsus olan kart hesabından Elmanın kart hesabına şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı çəkiləcək xərclərə görə 11 iyul 2023-cü il tarixdə 1200 manat və 1800 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat və 01 sentyabr 2023-cü il tarixdə 70 manat, 19 iyul 2023-cü il tarixdə isə Elmanın ərzaq məhsulları alması üçün 60 manat, əlavə razılaşmalarına əsasən sonuncunun heyvanlara qulluq etməsinə görə çoban pulu kimi 02 avqust 2023 və 01 sentyabr 2023-cü il tarixlərdə müvafiq olaraq 700 manat və 350 manat olmaqla, ümumilikdə 5680 manat məbləğində pul göndərmişdir. İddiaçı onu da qeyd etmişdir ki, cavabdehlərə verdiyi, Elmanın kartına göstərilmiş pul vəsaitləri Müşfiqə deyil, özünə məxsus olmuşdur. 2300 manat hissəsini isə Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada müxtəlif təmir işlərinin görülməsinə xərcləmişdir. İddiaçının pul vəsaiti hesabına alınmış ot və digər yemlər sonradan təsərrüfatdakı heyvanların saxlanmasına sərf edilmişdir. Cavabdehlər iddiaçının iki dəfə nağd qaydada verdiyi göstərilmiş pul vəsaitləri hesabına isə cəmi 24000 manat dəyərində 12 baş yanıbalalı inəklər almışlar. Elman həmin halları məhkəməyə təqdim edilmiş səs yazısında etiraf etmişdir. Cavabdehlər məhkəməyə təqdim edilmiş video yazılarda öz əksini tapmış həmin heyvanları Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada saxlamışlar. İddiaçı yeni əldə etdiyi fermada müxtəlif təmir işlərinin görülməsi ilə əlaqədar cəmi 8670 manat məbləğində pulu şəxsən xərcləmiş, onun hansısa hissəsini xərclənməsi üçün cavabdehlərə verməmişdir. İddiaçının cavabdehlərlə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar işlərin görülməsi üçün Bakı şəhərindən Şamaxı rayonuna gedib-gəlməsinə, müxtəlif yüklərin daşınmasını təmin etməsinə görə çəkdiyi nəqliyyat və logistika xərcləri cəmi 2400 manat təşkil etmişdir. Cavabdehlərlə şərikli heyvandarlıq fəaliyyətinə çəkdiyi xərclərə dair sübut əldə etmək məqsədilə özünün istifadəsində olan mobil nömrədən Elmanın istifadəsində olan mobil nömrəyə zəng etmiş, həmin danışıqlarda Elman özünü bank işçisi kimi təqdim etmiş şəxsə iş üzrə çəkilmiş xərclərlə bağlı yuxarıda göstərilən məzmunda etirafedici sözlər demişdir. Bu danışıqlardan sonra iddiaçı ilə Elmin arasında “Sübut1” adlı faylda qeydə alınmış danışıqlar baş vermişdir. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi video yazılarda Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermada olması əks olunmuş inəklər və buzovlar iddiaçıya məxsus olmamış və ya onun pul vəsaiti hesabına alınmamışdır. Elman həmin heyvanların bir hissəsini öz şəxsi pul vəsaiti, bir hissəsini isə 31 may 2023-cü il tarixdə "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə bankdan kreditlə aldığı 13000 manat məbləğində pul vəsaiti hesabına almışdır. 2023-cü ilin iyun ayında Bakı şəhərində Elman, qardaşı Elmin və sonuncunun tanışı, Almaniya Federativ Respublikasında yaşayan X7 görüşərkən onlar Müşfiqin təklifi ilə, sonuncunun vəsaiti hesabına alınacaq bir neçə baş mal-qaranın Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada onun tərəfindən saxlanacağı, həmin fermanın zəruri təmir xərclərinin Müşfiq tərəfindən çəkiləcəyi, cavabdehlərin əldə ediləcək gəlirin müəyyən hissəsini Müşfiqə verəcəkləri, beləliklə də şərikli heyvandarlıq fəaliyyəti ilə məşğul olacaqları barədə razılaşmışlar. İddiaçı həmin razılaşmada iştirak etməsə də, sonradan kart hesabından, əslində Müşfiqə məxsus olmuş cəmi 5680 manat məbləğində pul vəsaitini ayrıayrı vaxtlarda Elmanın kart hesabına göndərmişdir. Şamaxı rayonunda yerləşən mal bazarından həmin pul vəsaiti hesabına 1700 manata bir baş inək və 550 manata bir baş at alıb Elmana fermasında saxlaması üçün vermişdir. Sonradan həmin inək xəstəlikdən ölmüş, balası isə hazırda da Elmanın istifadəsində olan fermadadır. Hazırda Elman həmin atı və ölmüş inəyin balasını Müşfiqə qaytarmağa hazırdır. Həmin inəyin ölməsindən Müşfiq və iddiaçı da məlumatlı olmuşlar. Elman Müşfiqin verdiyi pulun 2300 manat hissəsini isə sonuncunun tapşırığı ilə istifadəsində olan fermanın təmirinə xərcləmişdir. İddiaçı cavabdehlərə özünə məxsus pul verməmişdir. Göstərdiyi səbəblərdən iddiaçının cavabdehlərə qarşı hazırki məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Elman Müşfiqin verdiyi 5680 manat məbləğində pulun ölmüş inəyin dəyərini təşkil edən 1700 manat hissəsi istisna olmaqla, qalan hissəsini iddiaçıya deyil, Müşfiqə qaytarmağa hazırdır. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi “1-hisse Elman A”, “2-hisse Elman A” və “3-hisse Elman A” adlı fayllardakı səs yazılarında danışan şəxslər iddiaçı, Elman və sonuncuya özünü bank əməkdaşı kimi təqdim etmiş digər şəxsdir. Həmin danışıqlar iddiaçının telefonundan Elmanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilməsi nəticəsində baş vermişdir. Danışıqların aparılmasından əvvəl iddiaçı Elmana heyvandarlıq fəaliyyəti ilə əlaqədar çəkiləcək xərcləri maliyyələşdirilməsi üçün bankdan kreditlə pul almasına ehtiyac olduğunu bildirmiş, Elmandan buna nail olmaq məqsədilə onunla telefon vasitəsilə danışdıracağı bank əməkdaşına guya şərikli heyvandarlıq təsərrüfatı yaratmaları barədə yalan məlumatlar verməsini xahiş etmiş, bu səbəblərdən Elman iddiaçının da iştirak etdiyi telefon danışıqları zamanı özünü bank əməkdaşı kimi təqdim etmiş şəxsə guya iddiaçı ilə şərikli heyvandarlıq təsərrüfatı yaratdıqlarını, bu fəaliyyətlə əlaqədar müəyyən məbləğdə pul vəsaitlərinin xərcləndiyini göstərmişdir. Bu hərəkəti ilə iddiaçı Elmanı aldatmışdır. Həmin səs yazıları iş üzrə sübut kimi qiymətləndirilməməlidir. Füzuli Rayon Məhkəməsinin (hakim A.Musayev) 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 17370,00 manat məbləğində pulun müştərək qaydada alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı ayrılıqda və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti vermişlər. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin əsasını təşkil edən sübutları qəbul etsə də, düzgün qiymətləndirməmiş və işin hallarına düzgün qiymət verməyərək yekunda səhv nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinə görə, təqdim etdiyi sübutlar iddia tələbinin tam şəkildə təmin edilməsinə kifayət edir. Belə ki, ilkin sübut olaraq təqdim etdiyi səs yazılarında cavabdehlərdən Cavabdeh1 özü ümumilikdə onun tərəfindən fermanın qurulmasına 24000 manat (heyvanların alınması), 7000 manat (ot və digər yemlərin alınması) və 2000 manat (fermanın təmir işləri) olmaqla, ümumilikdə 33.000 manatın xərcləndiyini və hətta ona aylıq 500 manat əmək haqqı verilməsini etiraf edir. Bundan başqa, iddiaçı fermaya sərf etdiyi digər xərcləri (təmir, tikinti, ot, yem və s.), cavabdehlərə əlbəəl verdiyi pulun miqdarını məhkəməyə təqdim etmişdir. O fermanın qurulması üçün cavabdehlərə 21.500 manat nağd qaydada, 5680 manat isə bank kartı vasitəsi ilə nağdsız qaydada vermişdir. İddiaçı fermanın ərsəyə gəlməsi üçün əlavə olaraq pul xərcləmişdir. Məhkəmə isə səhv olaraq onun çəkdiyi xərci ancaq birbaşa verdiyi pullar kimi qiymətləndirmiş, onun ümumi zərərini 26.070 manat müəyyən etmişdir. Həmin puldan da 1700 manatını ölmüş bir ədəd inəyə görə və 7000 manat ot xərclərini isə şərikli xərc kimi qiymətləndirərək yuxarıdakı məbləğdən çıxaraq iddia tələbini 17.370 manat təmin etmişdir. Hətta 7000 manatını şərikli xərc kimi hesab etsə də, məbləğdən birdəfəlik çıxmışdır. Ancaq o, xərci ona görə çəkmişdir ki, fermadan gəlir əldə etsin. Daha sonra məhkəmə təsərrüfat şəraitin yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2023-cü ildə beh müqaviləsi ilə razılaşdırılmış yeni ferma sahəsinə görə çəkdiyi 8115 manat məbləğində xərci də nəzərə almamışdır. Məhkəmə tələbin bu hissəsini qəbul etməyərkən həmin fermanı gələcəkdə mülkiyyət kimi əldə edəcəyi üçün onun xərci kimi qiymətləndirməmiş, həmçinin tikinti materialların alınmasına dair təqdim etdiyi sübutu mötəbər sübut hesab etməmişdir. Lakin beh müqaviləsi icra olunmadığı üçün onun tərəfindən qarşı tərəfə artıq xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, müqavilənin ləğv edilərək pulun geri qaytarılması tələb edilmişdir. Tikinti materialları ilə bağlı təqdim etdiyi qəbz isə hesab edir ki, sübut kimi qiymətləndirilməlidir. Məhkəmə tikinti materialının kim tərəfindən alınmasını qəbzdə göstərilmədiyini qeyd etsə də, bu mülahizə formal xarakter daşıyır. Çünki tikinti materialları bazarına alış-veriş edilməsi çek əsasında aparılmır, bu işgüzar adət hamıya məlumdur. O, çek təqdim edirsə, hər halda onu yerdən tapmamışdır. Həmçinin məhkəməyə təqdim etdiyi nəqliyyat və logistika xərclərinə görə çəkdiyi 2400 manat məbləğində pul ilə bağlı məhkəməyə sübut təqdim etsə də qəbul etməmişdir. Halbuki həmin xərclər də fermanın fəaliyyəti ilə əlaqədar olmuşdur. Bu pullar cavabdehlərdən tutularaq ona verilməlidir. O, gəlir əldə etmək üçün cavabdehlərə ilk növbədə heyvanların alınması üçün birbaşa pul vermiş, daha sonra ferma şəriatinin yaxşılaşdırılması, yeni fermanın alınması, heyvanların yem tədarükü və digər təmir tikinti işləri ilə bağlı bütün xərcləri çəkmişdir. Cavabdehlər apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə öz qətnaməsində iddianı heç bir araşdırma aparmadan qismən təmin etmişdir. Məhkəmə qətnaməsində heç bir araşdırma aparmadan həmin göstərilən heyvanların kimə məxsusluğunu araşdırmadan guya həmin heyvanların iddiaçı tərəfindən alınması qənaətinə gəlmişdir. Məhkəmə iclaslarının video çəkilişləri və iş materillarına əlavə edilmiş səs yazılarına da baxış keçirdikdə əslində fermanın təmiri üçün göndərilmiş pulun Müşfiq adlı şəxsə məxsus olduğu aydın olur. Müşfiq adlı şəxs ölkəyə gəlib-gedə bilmədiyi üçün iddiaçı, onun tapşırıqlarını yerinə yetirən iş icraçısı çıxış etmişdir. Məhkəmə öz araşdırmasında səs yazılarında istinad etdiyi əsas sübut kimi guya bank işçisi cavabdeh tərəflə danışdıqda heyvanların iddiaçı tərəfindən alınmasının etiraf olunduğu qənaətinə gəlmişdir. Halbuki, səs yazılarında iddiaçı pulunun olmadığı bununçün banka müraciət edərək kredit götürmək istədiyini bildirmişdir. Ortada heç bir inkişaf etmiş sahibkarlıqdan söhbət gedə bilməzdi. Belə ki, iddiaçı tərəf istər ərizəsində istərsə də məhkəmədə verdiyi izahatlarında tərəflərin ilkin görüşmənin iyun ayının əvvəllərində olduğunu bildirmişlər. İş materillarında vəkilə verilmiş etibarnaməni aydınlaşdırsaq görərik ki, artıq sentyabr ayının əvvəlində tərəflər arasında məhkəməyə gedəcək vəziyyətə qədər mübahisə yaranmışdır. Belə olan halda cəmi 2 ay ərzində fermanın təmiri, heyvanların alınması və onların süd verməklə biznesdən gəlir əldə edilməsi və həmin gəlirdən iddiaçıya pay verilməsi ağlabatan deyildir. Çünki həmin 2 ay ərzində ancaq ferma təmir edilmiş sonradan iddiaçı ilə cavabdeh arasında iddiaçı bankdan kredit götürə bilmədiyi üçün sövdələşmə pozulmuşdur. Təqdim etdiyi Bank Respublika ASC-dən verilmiş çıxarışdan görünür ki, iddiaçı və cavabdehin görüşməsindən əvvəldən fermada heyvanlar və həmin heyvanlarla bağlı digər avadanlıqlar mövcud olmuşdur. İzahatlar Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İzahatında nümayəndə əvvəl verdiyi izahatı təsdiq edərək bildirmişdir ki, tərəflər arasında şifahi razılaşma olmuşdur. İddiaçının tələbi 45000 manatdır. Məhkəmə isə 17000 təmin etmişdir. 8060 manat digər fermanın xərclərinə verilmişdir. İddiaçının nümayəndəsi təqdim etdiyi audio-video yazıları və digər sübutlarla bağlı bildirmişdir: Birinci səs yazısının 4-cü dəqiqəsinin 9-cu saniyəsindən başlayaraq Cavabdeh1 12 ana və 12 bala inək alınmasını qeyd edir, onların 3-4 dişi, qalanlarının erkək olmasını, ana inəklərinin isə sağlam olmasını, inəklərin 2000 manat olmasını, 24.000 manat verilməsini təsdiq edir. İkinci səs yazısında 6-7 min manatlıq ot alınmasını təsdiq edir. Üçüncü səs yasısında təmirə 2400-2500 manat pul qoyulmasını təsdiq edir. Dördüncü səs yazısında ərazi və torpaq alınması təsdiq olunur. Beşinci səs yazısında da bu fakt təsdiq olunur. Altıncı səs yazısında isə iddiaçı təhdid olunur. Elmin ilə 1-ci səs yazısında Elmin bildirir ki, inəklərin alınması 25.000 manat başa gəlib. Elmin ilə 2-ci səs yazısında məhkəməyə verilsə də heç nə olmayacağı göstərir. Buzovlar adlanan faylda 12 ədəd buzov görünür. İnəklər faylında alınmış inəklər görünür. Ot alışı faylında otlar görünür. “Təmirdən sonra köhnə ferma” faylında hazırlanmış ferma görünür. Flaşkartda olan “Sübut 1” səs yazısında Elmin 2-ci dəqiqəsinin 14-cü saniyəsindən başlayaraq inəklərə görə 25.000 manat qoyulub. Bundan əvvəl məhkəməyə təqdim etdiyimiz 2-ci flaşkada olan “Elman A Kredit” haqqında faylda Fəridin onun krediti ödəməsinin boynuna alması göstərilib, Məhkəməyə təqdim edilmiş bank kartının mobil çıxarışından görünür ki, Elmana 5680 manat kreditini ödəməsi üçün pul göndərilmişdir. Bundan əvvəl məhkəməyə təqdim edilmiş 2-ci flaşkada olan “Elman A təsərrüfat” haqqında videodan görünür ki, Elman bank kartını Fəridə göndərib. 27 iyul 2023-cü il tarixdə İddiaçı ferma üçün Şamaxı rayonun Günəşli kəndində 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.5 kv.m. olan yaşayış evini almaq məqsədilə ABDULLAYEVA ADİLƏ ƏBLƏSƏN QİZİNA 1000 manat beh vermişdir. Həmin beh müqaviləsi və ödəniş çekləri təqdim edilir. Fermanın təmir olunması üçün inşaat materiallarının alınması ilə bağlı çeklər təqdim edilir. Bundan başqa çəkilmiş xərclər aşağıdakılardan ibarətdir: Logistika xərci: 166 yükdaşıma şirkəti ilə 100 AZN-ə məişət əşyaları aparılmışdır. 12 dəfə Cavabdeh2 Bakı şəhərindən Şamaxının, Günəşli kəndinə aparılıb. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını, həmçinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddianı tam əsassız hesab edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlərin özlərinin əvvəldən ferması və heyvanları olmuşdur. İddiaçılar tələblərində sərmayə qoyub şərikli biznes qurmaq barədə razılığa gəlindiyi bildirmişdir. Lakin əslində onların münasibəti iddiaçı ilə deyil, onun Almaniyada yaşayan dayısı Müşfiqlə olmuşdur. Onların Müşfiqə 6000 manata yaxın borcu, eyni zamanda Banka da kredit borcları olmuşdur. Müşfiqlə razılıq belə olmuşdur ki, Müşfiq onların Banka olan borcunu ödəyəcək, onlara məxsus fermanın qurulmasına və heyvanların alınmasına sərmayə qoyacaq, birgə gəlir əldə edəcəklər. Lakin sövdələşmə deyilən kimi baş tutmadı. 17000 manat pulun nağd verilməsi faktını qəbul etmir. Elmanın bank kart hesabına 5680 manat pul köçürüldüyünü etiraf edir. Pulları iddiaçının dayısı Müşfiq göndərmişdir. Şamaxı rayonunda yerləşən mal bazarından həmin pul vəsaiti hesabına 1700 manata bir baş inək və 550 manata bir baş at alınmışdır. Sonradan həmin inək xəstəlikdən ölmüş, balası isə hazırda da Elmanın istifadəsində olan fermadadır. Hazırda Elman həmin atı və ölmüş inəyin balasını Müşfiqə qaytarmağa hazırdır. Cavabdehin nümayəndəsi təqdim edilmiş audio-video yazıları sübut kimi qəbul edilməməsini qeyd etməklə bildirmişdir ki, iş materiallarında olan səs yazıları bank əməkdaşı ilə olmamışdır. Video yazıda olan görüntülər binanın qabağında olmuşdur. Deyilən heyvanlar əvvəldən fermada var idi. Həmçinin süd maşını da əvvəlcədən var idi. Əsaslandırma Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı iddia ərizəsində heyvan saxlayıb yetişdirmələri ilə bağlı birgə fəaliyyət göstəmələri və gəlirlərin bölüşdürülməsi barədə cavabdehlərlə razılıq əldə edildiyini, əldə olunmuş razılığa əsasən onun tərəfindən təxminən 45000 manat pul vəsaiti qoyulduğunu bildirməklə, cavabdeh tərəfindən razılaşmaya əməl olunmadığı üçün ödənilən pulun qaytarılmasını tələb etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatında göstərmişdir: 2023-cü ilin iyun ayında dayısı Müşfiq Quliyev vasitəsilə Bakıda cavabdehlərlə görüşüb tanış olmuşlar. Bi müddət sonra mal bazarında Cavabdeh1 və Cavabdeh2 ümumi məbləği 17,000 AZN olan 10,000 AZN- ni 200 (iki yüz) ədəd 50 AZN-lik əsginas və 7000 AZN-ni 70 (yetmiş) ədəd 100 AZN-lik əsginas olmaqla nağd vəsait vermişdir. Bazardan həmin gün 9 və 2023-cü ilin 19-23 iyun ərzində köhnə alınan inəkdən biri dəyişdirilməklə 3 ədəd yeni, ümumilikdə 11 (on bir) balalı, sağılan inək alınmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh1 məxsus evdə 45 ədəd 100 AZN-lik əsginas olmaqla 4500 AZN Cavabdeh1 və Cavabdeh2 nağd şəkildə verilmişdir. xx.xx.2023-cü ildə Ağsu mal bazarından 1 balalı inək, 1 balalı at alınmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh1 whatsapp sosial şəbəkəsi üzərindən göndərilən kart hesabına 3000 AZN(1200 AZN+1800 AZN) göndərilmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh1 zəruri ərzaq məhsulları alması üçün 60 AZN göndərmişdir. xx.xx.2023- cü il tarixində Şamaxı ASAN xidmət mərkəzində Cavabdeh1 kart hesabına 1000 AZN göndərilmişdir. xx.xx.2023-cü il tarixində 500 AZN Cavabdeh1 kartına göndərmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091- 1092-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, əvvəl razılaşma olsa belə, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq pul vəsaitinin və ya malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına məxsus vəsaiti, yaxud başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəmə iddianı qismən təmin edərkən sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Əvvəla qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının tələbinin qanuni əsasına istinad etməklə konkret maddi hüquq normasına əsaslanmamışdır. Məhkəmə tərəflər arasında hansı hüquq münasibətlərinin olduğunu və iddianın hansı tələb üzrə təmin edildiyini əsaslandırmamışdır. İddiaçı tərəf tələbində göstərmişdir ki, cavabdehlə birgə heyvan saxlayıb əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılıq əldə edilmiş, bu məqsədlə cavabdehlərin fermasına vəsait xərcləmiş, ota xərci çıxmış, eləcə də bilavasitə cavabdehlərə pul vermişdir, lakin cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Cavabdeh tərəf iddianı qəbul etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, tərəflər arasında yazılı razılaşma olmamışdır. İzahatlardan da razılaşmanın konkret şərtləri, müddəti, tərəfləri, müqavilə tərəflərinin öhdəlikləri, kimin mülkiyyətində olan fermaya kim tərəfindən nə qədər sərmayə qoyulması, alınan heyvanların kimin mülkiyyəti hesab olunması və gəlirlərin hansı qaydada bölüşdürülməsi barədə şərtlər müəyyən edilmir. İddiaçının bildirdiyinə görə onunla, cavabdehlərin bidirdiyinə görə isə iddiaçının Almaniyada yaşayan dayısı ilə müəyyən şifahi razılaşma olmuşdur. Sonra həmin şifahi razılaşma pozulmuşdur. İndiki halda mübahisə cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehlərə verilən pul vəsaitinin qaytarılması ilə bağlıdır. İddiaçı tərəfindən cavabdehlərə, onların əsassız varlanmasına səbəb olan pul verilməsi sübuta yetirilərsə iddia təmin edilməlidir. Pul məbləğinin verilməsi ilə bağlı sübutetemə iddiaçının üzərindədir. Cavabdeh Elman Adığözəlovun bank kart hesabına pul vəsaitinin köçürülməsini cavabdeh tərəf etiraf etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 416974******1929 nömrəli kart hesabına iddiaçının 416973******1320 nömrəli kart hesabından 11 iyul 2023-cü il tarixdə 1800 manat və 19 iyul 2023-cü il tarixdə 60 manat, 523915******9756 nömrəli kart hesabından 11 iyul 2023-cü il tarixdə 1200 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat, 02 avqust 2023-cü il tarixdə 700 manat, 01 sentyabr 2023-cü il tarixdə 420 manat olmaqla, cəmi 5680 manat məbləğində pul vəsaiti göndərilmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Kollegiya hesab edir ki, cavabdeh tərəfin etirafı nəzərə alınmaqla həmin hissədə iddia Cavabdeh1 qarşı təmin edilməlidir. Kollegiya hesab edir ki, qalan hissədə iddia sübuta yetirilməmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, fermaya sərf etdiyi digər xərcləri (təmir, tikinti, ot, yem alınması və s.), cavabdehlərə əlbəəl verdiyi pulun miqdarını məhkəməyə təqdim etmişdir. Eləcə də iddiaçının bildirdiyinə görə məhkəməyə təqdim etdiyi nəqliyyat və logistika xərclərinə görə çəkdiyi 2400 manat vəsaiti, ferma sahəsinə görə çəkdiyi 8115 manat məbləğində xərci də məhkəmə nəzərə almamışdır. Lakin iş materiallarında bu barədə hər-hansı sübut yoxdur. İddiaçının tikinti materialları ilə bağlı təqdim etdiyi qəbzə münasibətdə qeyd edilməlidir ki, qəbzdə qeyd edilən məbləğin cavabdehə ödənilib-ödənilməməsinə dair hər-hansı sübut yoxdur. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə təsərrüfat şəraitin yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2023-cü ildə beh müqaviləsi ilə razılaşdırılmış yeni ferma sahəsinə görə çəkdiyi 8115 manat məbləğində xərci də nəzərə almamışdır. Bununla əlaqədar iddiaçı X2 ilə aralarında bağlanmış 27 iyul 2023-cü il tarixli beh müqaviləsini təqdim etmişdir. Bundan başqa, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı beh məbləğinin geri tələb edilməsi ilə bağlı iddisı təmin edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı ilə X2 arasında beh müqaviləsinin bağlanması, eləcə də məhkəmə qətnaməsi ilə beh məbləğinin geri qaytarılmasının təmin edilməsi hazırki iş üzrə cavabdehlərə hər-hansı pul vəsaitinin ödənilməsini təsdiq edən hal deiyil. İddiaçı tərəf sübut qismində audio-video yazıları təqdim etmişdir. Audio-video yazılarla bağlı iddiaçı bildirmişdir ki, birinci səs yazısının 4-cü dəqiqəsinin 9-cu saniyəsindən başlayaraq Cavabdeh1 12 ana və 12 bala inək alınmasını, inəklərin birini 2000 manatdan olmaqla 24.000 manat xərcləndiyini təsdiq edir. İkinci səs yazısında 6-7 min manatlıq ot alınmasını təsdiq edir. Üçüncü səs yasısında təmirə 2400-2500 manat pul qoyulmasını təsdiq edir. Dördüncü səs yazısında ərazi və torpaq alınması təsdiq olunur. Kollegiya qeyd edir ki, məhkəmə iclasında dinlənilmiş həmin səs yazılarında inəklərin eləcə də otun bilavasitə iddiaçının pul vəsaiti hesabına alınması müəyyən edilmir. Təqdim edilən videolarda inəklərin olmasının, orada təmir-tikinti işlərinin getməsinin də iddiaçının pul vəsaiti ilə hər-hansı əlaqəliliyi müəyyən edilmir. Təqdim edilmiş audio-video yazıları birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi üçün sübut kimi qəbul etmişdir. Bununla belə, məhkəmə bu sübutlarla iddianın hansı məbləğdə və nə üçün təmin etdiyini də əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehlərə müqavilə şərtləri ilə əlaqədar çəkiləcək xərclərə görə 17 iyun 2023-cü il tarixdə 17000 manat, 06 iyul 2023-cü il tarixdə 4500 manat olmaqla, cəmi 21500 manat məbləğində pulu hər hansı sənəd tərtib edilmədən nağd qaydada verildiyi qənaətinə gəlsə də bu hal iş materialları ilə təsdiqini tapmır. Məhkəmə həmçinin qətnamədə göstərmişdir ki, cavabdehlər həmin müqavilə şərtləri ilə əlaqədar iddiaçının onlara nağd qaydada verdiyi cəmi 21500 manat və Cavabdeh1 kart hesabına göndərdiyi cəmi 4570 manat məbləğində pul vəsaitləri hesabına cəmi 12 baş yanıbalalı inəklər almışdır. Bu hal da hər-hansı sübutla təsdiqini tapmamışdır. Məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi video yazılarda əks olunmuş inəklər və buzovlar cavabdehlər tərəfindən iddiaçının verdiyi pul vəsaiti hesabına alınmış heyvanlardır. Halbuki, cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən görünür ki, Cavabdeh1 biznesin inkişafı ilə bağlı hələ 2023-cü ilin may ayında Bank Pespublikadan kredit götürmüşdür. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normaları pozmuş, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir ki, bunlar da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya qeyd edir ki, Cavabdeh1 bank kart hesabına 5680 manat məbləğində pul vəsaitinin köçürülməsi faktı ilə bağlı cavabdeh Elman Adığözəlovun etirafı nəzərə alınaraq həmin məbləğin ondan tutulması hissədə iddia təmin edilməli, iddia qalan hissədə, o cümlədən Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməmli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 cəmi 5680 manat məbləğində pul alınıb İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi və iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 cəmi 5680 manat məbləğində pul alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar