Məhkəmə qərarları › İş №2(106)-160/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-160/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-160/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)-245/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)-245/2023 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia təmin edilərək Cavabdeh İsehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 2079 manat cərimənin onun hesabından silinməsi, Cavabdeh İsehsalat Birliyindən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilərək barəsində yazılmış xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2079,46 borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kürdəmir rayonunun Atakişili kəndində valideynlərinə məxsus evdə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə qaz idarəsinin hesabına ödəmişdir. Heç bir vaxt qaza borcu olmamışdır. 2018ci ilin dekabr ayında Qaz İdarəsinin işçiləri onun yaşadığı ünvana gələrək istifadə etdiyi qaz sayğacının istismar müddətinin bitdiyini bildirib dəyişərək əvəzində yeni sayğac quraşdırmışlar. Təxminən bir neçə aydan sonra yaşadığı sahəyə baxan qaz idarəsinin işçisi ona bildiriş verəndə ona artıq pul hesablandığını görmüşdür. Bu məsələyə aydınlıq gətirmək üçün Kürdəmir rayon Qaz İdarəsinə müraciət etmiş və Qaz İdarəsində ona əvvəl istifadə etdiyi qaz sayğacında müdaxilə olduğuna görə barəsində akt tərtib edildiyini və həmin akta əsasən cərimə hesablandığını bildirmişlər. İstifadə etdiyi qaz sayğacı Qaz İdarəsinin əməkdaşları tərəfindən açılarkən sayğacda hər hansı bir müdaxilə olmasını müəyyən etməmişlər. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla qoruyucu vasitə ilə təmin edilməmiş, Qaz sayğacı açılarkən ona qaz sayğacının laboratoriyaya göndərilməsi izah edilməmişdir. Bundan sonra o, barəsində tərtib olunan xx.xx.2018-ci il tarixli ******* nömrəli aktı almışdır. Həmin akta imza etsə də, sonradan onunla Qaz İdarəsinin arasında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə imza etməmiş və həmin müqavilədəki imza ona məxsus deyildir. xx.xx.2018-ci il tarixli ******* nömrəli akt da həmin müqaviləyə əsasən tərtib edilmişdir. Bundan əlavə, qaz sərfiyatına görə ona təqdim olunmuş xx.xx.2020-ci il tarixli bildirişdə işlətdiyi qaza görə borcu 140,56 manat göstərilsə də, bundan 13 gün sonra ona təqdim olunan bildirişdə qaza olan borcu artırılaraq 2079,46 manat göstərilmişdir. Onun heç vaxt təbii qazdan istifadəyə görə həmin məbləğdə borcu olmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin Ağsu RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun qaz sayğacından kənar təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Ağsu RQİİ-nin “Dəymiş ziyanın bərpasına dair” tələbnaməsi ilə 17820 m (və ya 1782 manat) həcmində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğacdan kənar qaz xətti vasitəsilə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda, iddianın təmini barədə qətnamə çıxarmışdır. İddiaçı tərəfdən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həm də ona görə əsassızdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox, kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, Qaydaların 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur; Birincisi sayğacın texniki cəhətdən nasaz olması, ikincisi sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilməsi. Bu iki hal bir-birindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehlik isə ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. Belə ki, birinci halda, sayğacın zavod qurğuşun plombunda və onun alyans birləşməsinə vurulan plombunda, sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutmaq olmaz. İkinci halda isə, sayğacını nasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi), bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz. Çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq qeydə alınmış məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. 16 yanvar 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Kürdəmir rayonunun Atakişili kəndində vadlideynlərimə məxsus fərdi yaşayış evində yaşayır. Hər ay istifadə etdiyi qazın pulunu qaz idarəsinin hesabına ödəyir. Heç bir vaxt qaza borcu olmayıb və qaz sayğacına müdaxilə etməmişdir. 2018-ci ilin dekabr ayında Qaz İdarəsinin işçiləri yaşadığı ünvana gələrək istifadə etdiyi qaz sayğacının istismar müddətinin bitdiyini bildirib dəyişərək əvəzində yeni sayğac quraşdırmışlar. Təxminən bir neçə aydan sonra yaşadığı fərdi yaşayış evinin qaz sayğacına baxan qaz idarəsinin işçisi ona bildiriş verəndə gördü ki, artıq pul hesablanıb. Bu məsələyə aydınlıq gətirmək üçün Kürdəmir rayon Qaz İdarəsinə müraciət etmişvə oradan bildirmişlər ki, əvvəl istifadə etdiyi qaz sayğacında müdaxilə olduğuna görə barəsində akt tərtib edildiyi üçün ona cərimə hesablanmışdır. İstifadə etdiyi qaz sayğacı Qaz İdarəsinin əməkdaşları tərəfindən açılarkən sayğacda hər hansı bir müdaxilə olmasını müəyyən etməmişlər. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla qoruyucu vasitə ilə təmin edilməmiş Qaz sayğacı açılarkən ona qaz sayğacının laboratoriyaya göndərilməsi izah edilməmişdir. Onunla Qaz İdarəsinin arasında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə imza etməmiş və həmin müqavilədəki imza ona məxsus deyildir. xx.xx.2018-ci il tarixli ******* nömrəli akt da həmin müqaviləyə əsasən tərtib edilmişdir. Bundan əlavə, qaz sərfiyyatına görə ona təqdim olunmuş xx.xx.2020-ci il tarixli bildirişdə işlətdiyi qaza görə borcu 140,56 manat göstərilsə də, bundan 13 gün sonra ona təqdim olunan bildirişdə qaza olan borcu artırılaraq 2079,46 manat göstərilmişdir. Habelə, sayğacdankənar xətt istifadə etməmişdir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun qaz sayğacından kənar təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Cavabdeh İB-yə dəymiş ziyan 1782 manat həcmində müəyyən edilmişdir. Hazırkı işlə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda əsassız nəticəyə gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdirr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)-245/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında Qazın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 7346 nömrəlidən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2019-cu il tarixdə təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan əlavə xətt aşkar olundu” göstərilmişdir. Eyni zamanda, həmin aktda “dəymiş ziyan hesablansın dəyəri tam ödənilsin” qeyd olunmuşdur. Qeyd edilən akt Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları və istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi “xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair” tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Qənaətli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, qeyri-standart su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, 2 ədəd dəmir soba maksimal qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün, Radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 17820 kub. metr üzrə hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh Ağsu RQİİ-nin arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair bağlanmış xx.xx.2018-ci il tarixli 7346 nömrəli müqavilə istehlakçı İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmaqla müqavilə cavabdeh təşkilatın nümayəndələri tərəfindən saxtalaşdırılmışdır. Cavabdehin nümayəndəsi İddiaçı istifadə etdiyi qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Qənaətli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Qeyri standart su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, 2 ədəd dəmir soba maksimal qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün, Radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun cəmi 17820 kub.metr qaz itkisinə yol verməsi və onun itirilmiş təbii qaza görə borcunun olması, həmçinin cavabdeh qurum tərəfindən qaz sayğacı çıxarılarkən belə hər hansı bir qoruyucu qutuya qoyulması, hal şahidlərinin iştirakı ilə möhürlənməsi, qaz sayğacının laboratoriyaya göndərilməsi və istehlakçının orada iştirakının təmin edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı istifadə etdiyi qaz sayğacı dəyişdirilərkən həmin vaxt qaz sayğacına hər hansı bir müdaxilənin olması müəyyən edilmədiyi halda, sonradan Qaz İstismar sahəsinin işçiləri tərəfindən onun həmin qaz sayğacına müdaxilə etməsi düzgün qeyd edilməmişdir. Bu da istehlakçının qanuni mənafeyinin müdafiəsinə ziddir. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilənin edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Qaz sayğacının istehlakçının təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən İddiaçı tərəfindən sayğacdankənar təbii qazdan istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə isə Cavabdeh İB hesabat müddəti itirilmiş qazın bərpası üçün hesabat aparmış və 10 dekabr 2028-ci il tarixli ******* nömrəli akta uyğun olaraq itirilmiş qaz hesablanmışdır. Bununla da, vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. Əksinə, işdə olan İddiaçı adına Abonent saldosuna nəzər saldıqda 2016-cı ilin iyun ayından 2018-ci ilin dekabr ayınadək qazın sərfi cüzi olmuş, hətta 2016-cı ilin iyun ayından 2017-cı ilin oktyabr ayınadək sərfiyyat “0” qeyd olunmuşdur. Bununla yanaşı, iş materiallarına cavabdeh tərəfindən kənar qoşulma faktının əks olunduğu iddia edilən fotoşəkil də əlavə edilmiş, lakin iddiaçı tərəfindən həmin fotoşəkilin qeyd edilən fakta aid olub-olmaması mübahisələndirilməmişdir. Eyni zamanda, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 dekabr 2018-ci il tarixli ******* nömrəli təsdiq edilmiş akta əsasən istehlakçı İddiaçı yaşadığı yaşayış evində Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən 28 fevral 2019-cu il tarixdə təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmış, baxış zamanı aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan əlavə xətt aşkar olundu” göstərilmişdir. Həmin aktda “dəymiş ziyan hesablansın dəyəri tam ödənilsin” qeyd olunmuşdur. Qeyd edilən akt Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları və istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmaldır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, qeyd edilməlidir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli təsdiq edilmiş Akta işin halları üzrə hüquqi qiymət verərkən onun qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halına dair tərtib edildiyini ümumiyyətlə nəzərdən qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)- 245/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdehnə qarşı 10 dekabr 2018-ci il tarixli 01799142 saylı aktın etibarsız hesab edilməsi və 2079.46 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə ödənilmiş məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(041)-245/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı 10 dekabr 2018-ci il tarixli 01799142 saylı aktın etibarsız hesab edilməsi və 2079.46 manat borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar