Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1604/2023 18.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(032)-182/2023 saylı qətnaməsindən (hakim C.Mustafayev) hər iki tərəfin vermiş olduğu apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbinə dair dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(032)-182/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri nəzərdən keçirlərkən məlum oldu ki, hər iki şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilən apellyasiya şikayəti üzrə qanunla müəyyən olunan məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, “şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbi qiymətləndirilməyən iddia növlərinə aiddir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırki halda məhkəmə aktından iddiaçı apellyasiya şikayəti verərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsində nəzərdə tutulan məbləğdə, yəni 50 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 42 manat məbləğində ödəmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə qanunla müəyyən olunan məbləğdə dövlət rüsumunun ödənilməməsi ilə yanaşı, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən də apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsində nəzərdə tutulan məbləğdə, yəni 50 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda 42 manat məbləğində ödənilmişdir. Bundan başqa Cavabdeh adından verilən apellyasiya şikayəti nümayəndəsi kimi Vəkil2 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən : Maddə 66 - Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Maddə 68.1 - İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 68.2 - Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Maddə 68.3 - İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 69.1-1 - Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir Maddə - 73.1 - Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2 - Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir Maddə 73.5 - Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 74.2 - İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Vəkillər X1 27 sentyabr 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə ilə təsbit olunmuşdur. Belə ki, həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründyü kimi mülki prosesdə vəkilin hansı hüquqlara malik olması MPM-in 68-ci maddəsində əksini tapmış və norma vəkilə məhkəmə aktlarından şikayət verə bilməsini işdə iştirak edən şəxslərin tapşırığı və vəkalətin mövcudluğundan asılı etmişdir (MPM 68.3m.). Vəkilin səlahiyyəti isə öz növbəsində qanunla müəyyən olunmuş qaydada təsdiq edilməlidir (MPM 73.5 m.). Kollegiya hesab edir ki, hazırki mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətini müvafiq vəkalət almadan (order əlavə edilməmişdir) Vəkil2 nümayəndə kimi imzalamağa səlahiyyəti olmamışdır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş üzrə hər iki tərəfin vermiş olduğu apellyasiya şikayətlərində yuxarıda qeyd olunan prosessual pozuntuların mövcudluğuna birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməyərək, Mülki Prosessual Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrinin tələblərinə müvafiq olaraq apellyasiya şikayətlərini geri qaytarmalı olduğu halda, qəbul edərək işlə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(032)-182/2023 saylı qətnaməsindən hər iki tərəfin vermiş olduğu apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(032)-182/2023 saylı qətnaməsindən İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Vəkil1, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Vəkil1, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri MPM-in 363.1, 363.1.1, 363.1.2-ci maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1604/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1604/2023
18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver