Məhkəmə qərarları › İş №2(106)-1605/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1605/2023

06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1605/2023 06.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-883/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2860 manat məbləğində pul vəsaitinin və 49 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh onun həmkəndlisidir. 2011-ci ildə cavabdehin yaxın qohumu həmkəndlisi Eyvaz Şıxəliyev ona bildirmişdir ki, Cavabdeh mərhum əri - X2 adına olan 4.32 ha pay torpaq sahəsini pula zəruri ehtiyacı olduğundan ailəsinin bütün üzvlərinin razılığı ilə satmaq istəyir və ona təklif etmişdir ki, əgər almaq istəyirsə ala bilər, onlar sakit ailədirlər. O, da razılıq vermiş və onlar Cavabdeh ilə görüşmüşlər. Nazilə xanım da eyni məqsədlə torpağı satmaq istədiyini və ailə üzvlərinin hamısının torpaq sahəsinin satılmasına razı olduqlarını bildirmişdir. Onlar bu məqsədlə yaşadıqları Biləsuvar rayon Nəsimi kənd İcra nümayəndəliyinə getmiş və məqsədlərini nümayəndəliyin rəhbərliyinə bildirmişlər. Nümayəndəlik hər iki tərəfi dindirəndən sonra 28 mart 2011-ci il tarixdə Cavabdeh ilə onun arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə Nazilə xanım öhdəsinə götürmüşdür ki, o, özünün və ailə üzvlərinin istifadəsində olan 4.32 ha kənd təsərrüfatı əkini üçün nəzərdə tutulmuş pay torpaq sahəsini 20 il müddətinə (yəni 2011-2031-ci illər üçün) ona icarəyə verir və əvəzində ondan 2860 manat pul alır, eyni öhdəliyi 2-ci tərəf kimi o da qəbul etmişdir. Beləliklə də o, Nazilə xanıma 2860 manat pul verib ondan 4.32 ha pay torpaq sahəsini icarəyə götürmüşdür. Müqaviləyə hər ikisi imza etmiş və bundan əlavə Nazilə xanımın bütün ailə üzvləri, daha doğrusu Torpağa mülkiyyət hüququna dair JN-396 nömrəli kod 80800078 olan Dövlət Aktında adları göstərilən şəxslərin hamısı müqaviləyə imza etmiş, pay torpaq sahəsinin ona verilməsinə razı olduqlarını bildirmişlər. Müqavilə həm də Biləsuvar rayon Nəsimi kənd İcra Nümayəndəliyinin gerbli möhürü və ştampı ilə təsdiq edilmişdir. O, da böyük sevinclə torpaq sahəsini qəbul etmiş və 7 nəfərdən ibarət olan ailə üzvlərini torpaq sahəsindən əldə etdiyi gəlirlə bir qədər də yaxşı saxlayacağına ümid etmişdir. Aldığı torpaq sahəsi həqiqətən də çox narahat sahə olduğundan bulduzer vasitəsilə hamarlama işlərini aparmış, torpağın bir neçə dəfə şumlanması, arat üçün suvarma kanallarının çəkilməsi, şoranlaşmanın təmizlənməsi, torpağı münbit hala salmaq üçün xeyli işlər görmüşdür. Bu işlər həm də böyük xərc tələb edirdi. Buna baxmayaraq torpağa yaxşı qulluq etmişdir. 1 il arpa əkmiş, sonra beyin əməliyyatı keçirdiyindən, onkoloji xəstə olmuş, 2-ci qrup əlil olmuş və torpaqdan yaxşı istifadə edə bilməmiş, bundan əlavə torpağı alandan bir neçə il sonra cavabdehin oğlu Mustafayev Mustafa ona tez-tez zəng edərək, torpaqdan istifadə etməməyini, guya onlar torpağı ona verməkdə böyük səhv etdiklərini və. s bildirmişdir. O, da öz növbəsində pulunu vermələrini, torpağı əvvəlkindən də qat-qat yaxşı vəziyyətə saldığını və torpağı onun pulunu qaytarmaq şərti ilə qaytaracağını bildirmişdir.” Hər dəfə o bu təklifi edəndə Mustafa pulun xərcləndiyini bildirmişdir. Bu barədə anası cavabdeh Naziləyə bildirmiş, cavabdeh isə torpaq işinə Mustafanın baxdığını, onunla söhbət etməsini, onu narahat etməməsini demişdir. Artıq bir ildən də çoxdur ki, onu ümumiyyətlə sahəyə buraxmır və əkin əkməyi birmənalı olaraq ona qadağan etmişlər. Halbuki, müqavilə bağlayanda hamı imza etmiş, hətta Mustafa ayrıca qəbz yazıb etirazı olmadığını bildirmişdir. Hazırda həmin torpaqdan istifadə edə bilmir. O, Biləsuvar RPŞ-yə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh nə pulunu qaytarmır, nə də onu torpaq sahəsinə buraxmır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-883/2022 saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 2860 (iki min səkkiz yüz altmış) manat və dövlət rüsumunun əvəzi qismində ödədiyi 49 (qırx doqquz) manat məbləğində pul vəsaiti tutulmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən tərəflər arasındakı münasibətlərin məhz daşınmaz əmlakın (torpağın) alqı-satqısı xarakeri daşıması, cavabdehin həqiqi iradəsinin məhz torpağı satmaqdan ibarət olması, iddiaçının torpaq sahəsi ilə bağlı sonrakı davranışları, onun torpaqla bağlı öhdəliklərini icra etməsi, habelə əqdin etibarsızlığı və digər diqqətəlayiq hallar sübuta yetirilməmişdir. Bundan başqa, iddiaçı cavabdehə qarşı müvafiq müqavilə münasibətlərindən irəli gələn pul tələbinə dair iddia qaldırmış, tərəflər arasındakı 28 mart 2011-ci il tarixli müqavilənin etibarsızlığına dair hər hansı bir tələb irəli sürməmiş, məhkəmə isə etibarlılıq şərtləri pozulmamış və etibarlılığı mübahisələndirilməmiş müqaviləni iddia tələbindən faktiki olaraq kənara çıxmaqla əhəmiyyəsiz və ya etibarsız əqd kimi xarakterizə edərək onun əsasında alınanların geri qaytarılmasını qət etmişdir. Halbuki, Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. İddiaçının iddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh 28 mart 2011-ci il tarixli İcarə müqaviləsinin etibarsızlığı barədə mübabisə etmədiyindən həmin müqavilə üzrə alınanların digər tərəfə qaytarılmasından da söhbət gedə bilməz. Başqa sözlə, əgər tərəflər arasındakı 28 mart 2011-ci il tarixli müqavilə qüvvədədirsə və məhkəmə tərəfindən alqı-satqı müqaviləsi kimi də olsa etibarlı müqavilə kimi tanınmışdırsa, bu zaman həmin müqavilə üzrə alınanların geri qaytarılmasından, yəni Mülki Məcəllənin 337.5-ci maddəsinin ona tətbiqindən söhbət gedə bilməzdi. Bu zaman yalnız qüvvədə olan müqavilənin şərtlərinin məcburi qaydada icrasından və məhkəmə tərəfindən öhdəliyi icra etməkdən yayınan tərəfin buna məcbur edilməsindən söhbət gedə bilərdi. Həmin müqavilə üzrə alınanların digər tərəfə qaytarılmasından və əvvəlki vəziyyətin bərpasından, yəni Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqindən o vaxt söhbət gedə bilərdi ki, tərəflər arasındakı xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab edilmiş olsun. Lakin bununla bağlı Mülki Məcəllənin 337.2-ci maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən hər hansı iddia qaldırılmamış və əqd barəsində mübahisə edilməmişdir. Beləcə, tərəflər arasındakı öhdəliyin yaranma əsası kimi qüvvədə olan və etibarlılığı mübahisələndirilməmiş əqd (icarə müqaviləsi) mövcud olduğu halda, məhkəmə iddia tələbinin məhz əsassız varlanma əsası ilə təmin edilməsini qət etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən tərəflər arasındakı həqiqi müqavilə münasibətləri, iddiaçının bu müqavilədən irəli gələn öhdəlikləri icra edib-etməməsi, tərəflərin həqiqi iradə ifadəsi, tərəflərin qeyd olunan əqdi mübahisələndirib-mübahisələndirməməsi və s. kimi mühüm xüsusatlar nəzərə alınmamış, hətta məhkəmə araşdırması o dərəcədə səthi aparılmışdır ki, torpaq sahəsinə yerli baxış da keçirilməmişdir. Göstərilənlərə əsasən Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-883/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iddiaçı Mirzəyev X3 Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-883/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsindən 10 il istifadə etsə də, qalan 10 il müddətində istifadə etməyə imkan verilməmişdir. Hətta həmin torpaq sahəsində xeyli yaxşılaşdırmalar etmişdir ki, xərclədiyi həmin vəsait ona ödənilməmişdir. O, həmişə torpağı təyinatı üzrə özü istifadə etmiş, lakin son bir neçə ildə sağlamlıq vəziyyəti ilə əlaqədar ordan istifadə edə bilməmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmədə Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-883/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. O, izahatında həmçinin göstərmişdir ki, İddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, bundan əlavə, adıçəkilən ərazini digər şəxslərin istifadəsinə vermişdir. Lakin buna dair hazırda hər hansı sübutu mövcud deyildir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, qətnamənin həmin mübahisələndirilməyən hissələrdə yoxlanılması və hüquqi qiymətləndirilməsi dispozitivlik prinsipinin pozulması ilə nəticələnər. Belə ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Adıçəkilən qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-883/2022 saylı qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hüquqi məsələlər: Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutlara əsasən iddia tələbini təmin etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Biləsuvar rayonu Nəsimi kənd sakini Cavabdeh özünün və ailəsinin adına olan 4.32 ha pay torpağını 2011-2031-ci ilin kənd təsərrüfatı əkini üçün qarşılıqlı razılaşma əsasında Biləsuvar rayonu Nəsimi kənd sakini İddiaçı 20 il müddətinə icarəyə verdiyini və onun müqabilində İddiaçı 2860 manat icarə haqqı ödədiyi göstərilmişdir. İşdə olan Cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, o, özünə və ailə üzvlərinə məxsus 4.32 ha pay torpaq sahəsini İddiaçı 2860 manat məbləğə satdığını göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı cavabdehlə mübahisə olunan 4,32 ha torpaq sahəsinin icarəsi barədə razılaşma əldə etmiş və həmin razılaşmaya uyğun olaraq cavabdehə 2860 manat pul vermiş, lakin cavabdehin razılaşma şərtini pozaraq onu torpaq sahəsindən çıxarmışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, tərəflər arasında daşınmaz əmlakın qanunla müəyyən edilmiş qaydada əldə edilməsi qaydasına əməl edilməmişdir. Ona görə də, cavabdehin iddiaçıdan ona torpaq sahəsini satması və ya onunla icarə müqaviləsi əsasında verməsini göstərməklə 2860 manat pul alması onun əsassız olaraq varlanmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Habelə işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi həmin normaya uyğun yoxlanılmalıdır. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilib-edilməməsi baxımından, məhkəmə tərəfindən iş üzrə tərəflər arasında mövcud razılaşmanın onların həqiqi iradə ifadəsini tamamilə əks etdirib-etdirməməsini düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. İşdən də göründüyü kimi, 28 mart 2011-ci il tarixli müqaviləyə əsasən Biləsuvar rayonu Nəsimi kənd sakini Cavabdeh özünün və ailəsinin adına olan 4.32 ha pay torpağını 2011- 2031-ci ilin kənd təsərrüfatı əkini üçün qarşılıqlı razılaşma əsasında Biləsuvar rayonu Nəsimi kənd sakini İddiaçı 20 il müddətinə icarəyə vermiş və buna görə də, İddiaçı ona 2860 manat məbləğdə icarə haqqını birdəfəyə ödəmişdir. İşin faktiki hallarından da aşkar olur ki, tərəflər mübahisə olunan 4,32 ha torpaq sahəsinin icarəsi barədə razılaşma əldə etmiş və həmin razılaşmaya əsasən də iddiaçı cavabdehə 2860 manat məbləğdə pul vermişdir. Sonradan cavabdeh razılaşmanı pozaraq iddiaçını həmin torpaq sahəsindən çıxarmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarında göstərilənlərə görə tərəflərin əsl məqsədləri və iradə ifadələrinin əsasında onlar arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilir. Bu baxımdan da, Cavabdeh tərəflər arasındakı razılaşmanı İddiaçı iradəsi əleyhinə birdəfəlik pozmaqla sonuncuya maddi zərər vurmasına gətirib çıxaran hərəkətə yol vermişdir. “X.Mirzəliyevin şikayəti üzrə” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilmədiyi üçün qətnamə maddi hüquq normalarının tətbiqi hissəsində qanuni və əsaslı sayıla bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarından da göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud olmuş torpaq icarə müqaviləsini cavabdehin həmin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını əsas götürməklə ləğv etsələr də, müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovun şikayəti üzrə” 11 fevral 2015-ci il və “F.Şirinovun şikayəti üzrə” 16 noyabr 2016-cı il tarixli qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılsa da, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-883/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 2860 (iki min səkkiz yüz altmış) manat və dövlət rüsumunun əvəzi qismində 49 (qırx doqquz) manat məbləğlərində pul vəsaiti tutulmalıdır. Eyni zamanda, kollegiya nəzərə çatdırmağı zəruri hesab edir ki, hazırkı halda, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanıldığı üçün apellyasiya instansiyası məhkəməsi iddia tələbinin artırılmış (səh. 100) hissəsinə toxunmur. Nəzərə alınmalıdır ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. MPM-in 53-cü maddəsinə əsasən isə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan əlavə, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında hər hansı alqı-satqı münasibətlərinin mövcudluğu müəyyən edilmir. Bu hətta, iddia tələbindən və işin digər hallarından görünür. İşə əlavə edilmiş və özündə heç bir tarixi əks etdirməyən qeydlər (səh. 17-19) hazırkı iş üzrə alqı-satqı halını təsdiq etmək baxımından hər hansı hüquqi əhəmiyyət kəsb etmir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-in 107 və 119.1-ci maddələri). Kollegiya, həmçinin hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-883/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2860 (iki min səkkiz yüz altmış) manat və dövlət rüsumunun əvəzi qismində 49 (qırx doqquz) manat məbləğlərində pul vəsaiti tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar