Məhkəmə qərarları › İş №2(106)-1621/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1621/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1621/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-549/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20000 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə uzun müddətdir tanışdır. Bir-birinin evlərinə gediş-gəlişləri olmuşdur. xx.xx.2021-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilini satmış və ümumilikdə mənzil almaq üçün 52000 manat pulu olmuşdur. Həmin ərəfələrdə qonşusu və ailəvi dostluq etdiyi cavabdeh ona müraciət etmişdir. Cavabdeh bildirmişdir ki, “atamın ayağı kəsilir, mağazalara (ərzaq və geyim-keçim) borcum var, qardaşım da maşını əzib, xarabdır, ona görə borc pul lazımdır”. Cavabdeh ondan 20000 manat borc pul istədi ki, “mənə borc pul ver, bu problemlərimi həll edim, Şirvan şəhərində “Yeganə” şadlıq sarayının arxa hissəsində və 5 saylı tam orta məktəbin yanında torpaq sahələri var, onları təcili satıram, pulunu bir neçə aya qaytaracam”. Ona inanaraq xx.xx.2021-ci il tarixdə 20000 manat məbləğdə borc pul verdi. Borc pulu almasına dair öz xətti ilə yazılı sənəd yazaraq borcu təsdiqlədi və imzaladı. Bundan qısa müddət sonra xəbər tutdu ki, cavabdeh torpaq sahələrindən birini satıb, amma borcunu vermir. Bununla bağlı cavabdehə narazılığını bildirmişdir. Daha sonra cavabdeh borc müqabilində 5 saylı tam orta məktəbin yanında yerləşən torpaq sahəsini təklif etsə də, qəbul etməmişdir. Çünki torpağın nə qiyməti borca uyğun idi, nə də sənədləri qaydasında idi. Bundan sonra cavabdeh borcu aylıq ödəniş etmək üçün ona sosial kartını verməyi təklif etdi. Həmin kartda problem yaşandığı üçün cavabdehin evinə gedib narazılığını bildirdi və xahiş etdi ki, onunla banka və bankomata gedib problemi aradan qaldırsınlar. Cavabdehdən pulunu şəxsi müraciəti əsasında ala bilmir və ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Şəhər Məhkəməsinin 2(032)-549/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia təmin edilərək Cavabdeh 20000 manat, vəkil xidmət haqqı olaraq 300 manat və ödənilmiş dövlət rüsumuna görə 151 manat olmaqla, ümumilkdə 20451 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, guya o şəxsi ehtiyacları və problemlərinin həlli ilə bağlı 20000 manat borc şəkilində pul vermiş və həmin borcu o 1 aya qaytaracağına dair ona yazılı şəkildə vəd vermişdir. İddiaçı irəli sürdüyü əsassız iddia tələbi ilə bağlı yalnız özü tərəfindən saxta yolla tərtib edilmiş, heç bir mötəbərliliyi və hüquqi əhəmiyyəti olmayan kağıza parçasına, yəni qəbzə istinad etmişdir. Həmin kağız parçasının isə, ümumiyyətlə, ona bir aidiyyəti olmamış və aralarında doğrudan da borc öhdəliyinin olması haqqında məhkəməyə sübut növü kimi başqa heç bir şey təqdim edilməmişdir. Qanunsuz və əsassız iddia tələbinə qarşı tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmişdir. Sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamış və bu yükü əssasız şəkildə ona aid etmişdir. Absurddur ki, məhkəmə qətnamə qəbul edərkən sözügedən borc şəkildə vəsaitin verilmədiyini sübut etmək kimi vəzifə ilə onu mükəlləf etmişdir. Bir halda ki, sözügedən vəsait həqiqətən də ona, ümumiyyətlə, verilməyib, yəni belə bir fakt gerçəkləməyib, belə olan halda baş verməmiş bir hadisəni və reallığı sübutetmək ehtiyacı necə yarana bilər...?! O, iddiaçını xeyli müddətdir tanıyır. Ondan yalnız bir dəfə olmaqla 400 manat borc pul almış və həmin pulu da qaytarmışdır. İddiaçının faizlə borca pul verdiyini və ətrafında bəzi şəxslərin faizlə də olsa borca pul götürmək istədiklərini nəzərə alaraq, müxtəlif vaxtlarda tanışları olan Zeynəb, Aytəkin və Gülnar adlı şəxslərin iddiaçıdan faizlə borc pul götürmələrində vasitəçi rolunu oynamışdır. Adları çəkilən şəxslər götürdükləri borc məbləğini bir müddət gecikdirdikləri üçün iddiaçı borcların ödənilməsinin təminatı kimi ona hədə-qorxu tətbiq etməklə sağlamlıq imkanları məhdud olan övladına verilən müavinətin bank kartını ondan almış, daha sonra isə onun adından adi kağız parçasında öhdəlik ifadə edən saxta qəbz tərtib etmişdir. O, iddia tələbində göstərilmiş 20000 manat borc məbləğini almamışdır. Əgər doğruanda da məhkəməyə təqdim edilmiş və iddia tələbinin əsası kimi göstərilmiş “kağız parçası” onun iradəsini ifadə edirsə, o zaman həmin borc məbləğini aldığını və qaytarmaqdan yayındığını təsdiq edən başqa sübutlar da olmalıdır. Hansı ki, iddiaçı iddia ərizəsində göstərir ki, guya o vəd etmişdir ki, “Yeganə şadlıq sarayı”nın arxa hissəsində və 5 saylı orta məktəbin yanında yerləşən torpaq sahələrini sataraq göstərilən borc məbləğini qaytaracam”. İddiaçı tələbinin təsviri hissəsində belə bir halı göstərsə də, həmin halın təsdiqi kimi məhkəməyə hər hansısa sübut (yazışma, səs qeydi, şahid ifadəsi və. s) təqdim etməmişdir. Ümumiyyətlə, göstərilən borc məbləğinin ondan tələb olunmasına və onun da həmin borc məbləğini qaytarmaqdan yayındığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Çünki o həqiqətən də göstərilən və ona qarşı iddiaçı tərəfindən qərəzli şəkildə iddia olunan borc məbləğini almamışdır. İddiaçının nümayəndəsi vəkil X6 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh məhkəmə iclasında yalnız bir dəfə iştirak etmiş, digər məhkəmə iclaslarında isə iştirak etməmişdir. İddiaçı cavabdeh tərəfindən borcunun ödənilməsi üçün tələb etdikdə, cavabdeh ona qarşı təhdid dolu ifadələr istifadə etmiş, iddiaçını özünü öldürməklə hədələmişdir. Həmin hal baş verdikdən sonra tərəflər arasında mübahisə yaranmış və hadisə üzrə polis orqanına müraciət edilmişdir. Polis orqanında müvafiq araşdırma aparılmamış və işə yalnız inzibati sahə rəisi tərəfindən baxılmışdır. İnzibati sahə rəisi tərəfindən mübahisənin mülki xarakter daşıdığını və məhkəməyə müraciət olunmasının məqsədəuyğun olduğu bildirilmişdir. İş materiallarında olan yazılar və sənədlər də cavabdehə məxsusdur. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: xx.xx.2021-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh 20000 manat məbləğində pul vəsaitini İddiaçı borc almışdır. Bu borcu bir il ərzində geri qaytaracağına dair söz vermiş və qəbzin qəbzin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Şirvan şəhər Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləndən görünür ki, X1 şəhəri, S.Ə.Zeynalov küçəsi 3 saylı evin 27 saylı mənzili X8 48000 manata satmışdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin arasında yaranmış münasibət yazılı borc müqaviləsinə əsaslanır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan qəbzdən Cavabdeh pulun vermiş olduğu öz təsdiqini tapır. Qeyd edilən pul vəsaitinin Cavabdeh verilməmiş olmasını və ya həmin borcun qaytarılmış olmasını sübutetmə yüklülüyü isə cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qeyd edilən hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa, həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləcə, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik hüquq (borc) münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Bundan başqa, cavabdeh şikayətində Zeynəb, Aytəkin və Gülnar adlı şəxslərin iddiaçıdan faizlə borc pul götürmələrində vasitəçi olduğunu, onlar isə iddiaçıdan götürdükləri borc məbləğini gecikdirdikləri üçün iddiaçı borcların ödənilməsinin təminatı kimi onun adından kağız parçasında öhdəlik ifadə edən saxta qəbz tərtib etməsini göstərmişdir. Göründüyü kimi, cavabdeh qəbzdəki imza və xəttin ona məxsus olmasını mübahisələndirməmiş, qəbzin məcburi olaraq başqa şəxslərin borcunun ödənilməsinə zaminliyi kimi qiymətlləndirmişdir. Ancaq cavabdeh qeyd edilən dəlil üzrə hər hansı məhkəmə instansiyasında sübut təqdim etməmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-549/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-549/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar