Məhkəmə qərarları › İş №2(106)-1627/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1627/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1627/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(032)-448/2024 saylı qətnaməsindən (hakim Aydan Məmmədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat pul vəsaitinin, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun və 60 manat 40 qəpik məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətləri hər zaman yaxşı olmuş, bu münasibətdən istifadə edən iş üzrə Cavabdeh ondan 4000 (dörd min) manat borc pul almışdır ki, xx.xx.2021-ci il tarixə qədər həmin pulu tam şəkildə geri qaytaracağına söz vermişdir. Həmin vaxt iş üzrə Cavabdeh özü öz xətti ilə qəbz yazaraq imza etmişdir. İş üzrə borclu Cavabdeh aldığı 4000 (dörd min) manat borc puldan bu günə kimi ona heç bir ödəniş etməmişdir. Bu borcu dəfələrlə ondan geri istəsə də o, müxtəlif bəhanələr gətirərək, həmin pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də, o aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehin iddiaçıya olan 4000 (dörd min) manat məbləğində borclu olmasını təsdiq edən xx.xx.2021-ci il tarixli qəbz vardır. Həmin borcun qaytarılmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Eyni zamanda cavabdehin iddiaçıya olan borcunu qaytarmasını təsdiq edəcək sübut kimi məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid qarşı İddiaçı 20000 (iyirmi min) manat məbləğində pulun alınması tələbinə dair Şirvan şəhər Məhkəməsində hakim Ceyhun Mustafayevin icraatında mülki iş vardır. Hesab edir ki, şahidin qeyd etdiyi faktlar iddiaçıya qarşı qərəzli münasibətdən irəli gəlir, onun ifadəsi həqiqətə uyğun deyil, məhkəmə tərəfindən nəzərə alınmamalıdır. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil2 iddianı etiraf etməmiş, izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli qəbz cavabdeh tərəfindən yazılsa da həmin qəbzdə qeyd edilmiş 4000 (dörd min) manat pul cavabdehə verilməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan 2000 (iki min) manat pul almış, lakin qəbzdə 4000 (dörd min) manat pul qeyd edilmişdir. Cavabdeh borc qismində aldığı 2000 (iki min) manat pulu iddiaçıya qaytarmış, cavabdehin hazırda iddiaçıya borcu yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(032)-448/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4000 (dörd min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, Cavabdeh hüquqi xidmətə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi kimi 60 (altmış) manat 40 (qırx) qəpik məbləğində pulun alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçıdan 2000 (iki min) manat borc pul aldığı halda iddiaçı ona 4000 (dörd min) manat almağına dair qəbzə imza etdirmiş, onun köməksiz vəziyyətindən sui-istifadə etmişdir. Yəni, əsassız varlanmışdır. Ən əsası borc götürdüyü məbləği qaytarmağına baxmayaraq, yenidən əldə olan qəbzə istinad etməklə məhkəməyə müraciət edən iddiaçının yeganə məqsədi əsassız varlanmaqdır ki, borc verdiyi məbləğ 2000 (iki min) manat olduğu halda, 4000 (dörd min) manat yazdırır və yenidən məhkəmə qətnaməsinə əsasən 4000 (dörd min) manat da əldə edir. Burada iddiaçının əldə edəcəyi əsassız gəlir 6000 (altı min) manat təşkil edir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid aralarında olan borc məsələsi ilə bağlı ifadə verərək bildirmişdir ki, Aytəkinin pula ehtiyacı olduğu üçün Raziyyə müəlliməyə müraciət etmiş, sonuncu isə öz növbəsində ona 2000 (iki min) manat borc verdiyi halda, 4000 (dörd min) manatlıq qəbzə imza etdirmiş, pulu tam ödədikdən sonra kağızı cırıb atacağını vəd vermişdir. Lakin pul Aytəkin tərəfindən tam ödənilməsinə baxmayaraq, qəbz cırılmır və sübut növü kimi məhkəməyə təqdim olunur. Məhz həmin qəbzə əsaslanan məhkəmə cavabdehin ziyanına qərar qəbuledir. Hansı ki, Aytəkin aylıq faiz dərəcəsi 100 manata görə 20 manat olmaqla ödəmişdir. Sevdanın şahidliyi əsasən Raziyyənin evində 1000-1200 manat arası pulun ona geri qaytarılmasının şahidi olmuşdur. Sonra Raziyyə müəllimə pulun qalanını istədiyinə görə Aytəkin 500 manatı iş yerində, 500 manatını isə həyat yoldaşı Raziyyə müəlliməyə vermişdir. Lakin Raziyyə müəllimə şahidin və Aytəkinin evinə gedərək sonuncunun ona pul borclu qaldığını demişdir. Bu öz növbəsində sübut növüdür ki, doğrudan da Raziyyənin Aytəkinə verdiyi məbləğ 2000 manatdır 4000 manat yox. Belə olmasına baxmayaraq, məhkəmə iddianı əsassız olaraq təmin etmişdir. Görünür ki, məhkəmə faiz verənlərin əsassız varlanmasına şərait yaradır. Məhkəmə tərəfindən iddiaçının yazılı olaraq pulu tələb etməsi ilə bağlı hər hansı sübutu tələb etməmişdir ki, borc verən pretenziya forması olmasa belə öz iddiasının əsaslılığını sübut edən hər hansı poçt qəbzi və s. İşdə belə bir sənəd yoxdur. Bütün bu hallar araşdırılmalı olduğu halda araşdırılmamış və yuxarıda göstərilən maddi hüquq normalarının tətbiqində yol verilmiş pozuntular olaraq qalmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, mahiyyətcə qətnaməni tam mübahisələndirmişdir. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa, MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilə. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Hüseynova X1 Raziyə Vaqif qızından 4000 (dörd min) manat məbləğində pul götürməsini, xx.xx.2022-ci il tarixdə qaytaracağını, qəbzi yazarkən ona hər hansı təzyiq halları olmadığını qeyd etmişdir. Qəbzi Cavabdeh imzalamışdır. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, X6 vasitəsi ilə 60 (altmış) manat məbləğində dövlət rüsumu, 40 (qırx) qəpik məbləğində xidmət haqqı Şirvan şəhər Məhkəməsinə ödənilmişdir. xx.xx.2024-cü il tarixli rm02300 nömrəli qəbzdən görünür ki, iddiaçı X4 vəkil Nümayəndə müqavilənin bağlanmasına görə 300 (üz yüç) manat pul ödəmişdir. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan borc olaraq əlyazma qəbz üzrə 4000 manat pul almışdır. İddiaçı cavabdehdən 4000 manat borcunu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini, vəkil üçün xidmət haqqını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, hüquqi yardıma görə 300 manat məbləğin 200 manat hissəsini təmin etmiş, digər pul və dövlət rüsumunun əvəzinin ödənilməsinə dair hissələrdə isə iddianı tam təmin etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Tərəflərin izahatlarından cavabdehin iddiaçıya borc verməsi təsdiq edilir. Eyni zamanda iş materiallarında borc məbləğinin verilməsinə dair cavabdeh tərəfindən imzalanmış qəbz vardır. Hazırda cavabdeh qətnaməni tam olaraq mübahisələndirir. Bildirir ki, iddiaçı cavabdehə 4000 manat yox, 2000 manat pul vermiş, qəbzdə qəsdən 4000 manat qeyd edilmişdir, eyni zamanda borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Həmçinin borcun qaytarıldığı birinci instansiya məhkəməsində şahid ifadələri ilə də, təsdiq edilmişdir. Cavabdeh şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh şikayətində əslində ona 2000 manat verilsə də, ona 4000 manatlıq qəbz imzalatdırıldığını bildirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı qəbzi cavabdeh özü imzalamışdır. O, qəbzi imzalayan zaman hansı məbləği imzaladığını aydın şəkildə görürdü, əgər qəbz ona təzyiq altında imzalatdırılsaydı, bununla bağlı həmin vaxt hüquqmühafizə orqanlarına müraciət edə bilərdi. Eyni zamanda borcu qaytardığını bildirsə də, buna dair ödənişi təsdiq edən hər hansı ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Məhkəmə borcun ödənilməsinin şahid ifadəsi ilə təsdiq edilə bilməsini qəbul edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 4000 manat olmaqla bu məbləğ 5000 manatdan azdır. Buna görə də, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(032)-448/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar