Məhkəmə qərarları › İş №2(106)-1654/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1654/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1654/2023 06.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Camalov Hüseyn Əli oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Dadaşova (Həsənova) Esmira İman qızına və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-672/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Dadaşova (Həsənova) Esmira İman qızının və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 28,16 kv.m olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə onun adına tam mülkiyyət hüququ ilə qeydə alınmış və bu barədə ona Çıxarış verilmişdir. Cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı iddiaçının arvadı olmuşdur. Onunla rəsmi nikahlarından Cavabdeh2 adlı uşaqları anadan olmuşdur. Dadaşova (Həsənova) Esmira İman qızı ilə münasibətləri korlandığına görə Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həyat yoldaşı Esmira Dadaşova və qızı Cavabdeh2 yaşadıqları mənzildən çıxıb getmiş və həmin vaxtdan da bugünə kimi həmin mənzilə qayıtmamışlar. Aralarında olan nikah 2014-cü ildə pozulduqdan sonra onlar bugünə kimi bir dəfə də olsun yaşadıqları mənzilə gəlməmiş, onunla maraqlanmamışlar. Cavabdehlərin mülkiyyətində olan mənzilin pasport qeydiyyatında olması iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, iddiaçı cavabdehlərin digər ünvanlarda yaşamasına baxmayaraq, onların adına əlavə olaraq kommunal xərcləri ödəmək məcburiyyətindədir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı cavabdehlərə müraciət edərək mənzilin pasport qeydiyyatından çıxmalarını xahiş etsə də, məqsədinə çatmamışdır. Bugünədək başqa daimi yaşayış ünvanı olan cavabdehlər mənzilin pasport qeydiyyatından çıxmaqdan imtina edirlər. Bu səbəbdən də iddiaçıya məxsus olan mənzilin pasport qeydiyyatında olmasını istəmədiyi, lakin hal-hazırda pasport qeydiyyatında olan cavabdehlərin pasport qeydiyyatından çıxarılması ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Şirvan ŞPŞ-dən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda cavabdehlərin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən əsasların olmadığı və bu əsaslar olmadan onların qeydiyyatdan çıxarılmasının qanunazidd olduğu göstərilməklə ərizənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdehlə aralarında notariat qaydasında hər hansı razılaşma yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(032)-672/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(032)-672/2023 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. Ona görə ki, onunla Cavabdeh1 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra onlar birgə olduqları dövrdə, yəni 2008-ci ildə iddiaçı X3 mülkiyyətində olan ünvan 1 saylı ümumi sahəsi 28,16 kv.m olan mənzili almış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə MH ******* seriya nömrəli Çıxarış verilmişdir. Lakin Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış nikah qeydi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında ləğv edilmişdir. 2014-cü il tarixdə tərəflər arasında nikah ləğv olunduqdan sonra cavabdehlər mübahisəli mənzili tərk edərək çıxıb getmişlər və həmin müddətdən etibarən bugünə kimi evə qayıtmamışlar. Ona görə hesab edir ki, iddiaçının mülkiyyət hüququ tamamilə pozulmuş, mülkiyyətindən tam şəkildə istifadə edə bilmir. Göstərdiyi bu fakt birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsaslanmışdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Hazırkı mübahisəyə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəaları baxımdan qiymət verilməsini düzgün sayır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mahiyyətcə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinə əsaslanmaqla ona istinad etmişdir ki, iddiaçı ərizəsində cavabdehlərin başqa yaşayış sahəsinə köçməsinə və başqa yaşayış sahəsinə malik olmalarına dair sübut təqdim etməmişdir. Nəticədə məhkəmə cavabdehlərin istifadə hüquqlarının saxlanılıb-saxlanılmaması, yaxud kompensasiya verilməsi ilə xitam verilməsinin mümkün olub-olmaması barədə izah verməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan halları tam və hərtərəfli araşdırmamaqla yanaşı, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdehin mövqeyinə görə onların mənzilə istifadə hüquqları yaranmışdır. İddiaçı hesab edir ki, cavabdehin mübahisəli yaşayış evinə istifadə hüququnun yaranması barədə məhkəmənin mövqeyi doğrudur. Lakin müəyyən edilir ki, cavabdeh 9 ildən artıq müddətdir ki, ailə üzvlüyündən çıxmış və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getmişdir. Cavabdehlərin daimi yaşamaq üçün başqa yaşayış yerlərinə getməsi vaxtından iddiaçı ilə ailə münasibətlərinə xitam verilmişdir hHazırda iddiaçı mülkiyyətində olan evdə yalnız öz ailəsi ilə yaşayır). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhində göstərmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsəslandırılmalıdır. Cavabdeh1 iddiaçıdan 2014-cü il tarixdə ayrılandan sonra bir daha ünvan 1 saylı mənzilə dönməmiş, artıq 9 il keçmişdir. Bu isə iddiaçının mülkiyyət hüququna toxunur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı ilə iddiaçının nikahı Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan etibarən də cavabdeh Esmira Dadaşova (Həsənova) mübahisəli mənzildə yaşamamış, başqa daimi yaşayış yerinə köçərək, mübahisəli mənzilə qayıtmamışdır. Bu səbəbdən də o, mübahisəli mənzil üzərində olan hüquqlarını itirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızına münasibətdə də təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 234 nömrəli telefonoqramdan görünür ki, cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı ilə telefon vasitəsilə əlaqə saxlanılmış, o, hazırda Rusiya Federasiyasında olduğunu, məhkəmə iclası barəsində məlumatı olsa da, maddi imkansızlıq səbəbindən məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, o, Rusiya Federasiyasında uzun illər ərzində əldə etdiyi gəlirləri mübahisəli mənzilə sərf etmişdir, lakin hazırda işi ilə əlaqədar Rusiya Federasiyasında qalmağa məcbur olmuşdur, buna baxmayaraq, onun hazırda həmin mənzilə qayıda bilməməsi onun mənzil üzərində hüququnun itməsinə səbəb ola bilməz. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızına aid hissədə ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AN-İ ******* seriya nömrəli, 22 sentyabr 2008-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Xaqani küçəsi, 5 saylı binada yerləşən 64 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. İşdəki MH ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Xaqani küçəsində istifadədə olan 0,1017 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 4-cü mərtəbəsində yerləşən 28,16 kv.m ümumi, 15,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 64 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına 10 oktyabr 2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdəki DƏDRX-nin Şirvan Şəhər Ərazi İdarəsi tərəfindən 10 oktyabr 2008-ci ildə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən və reyestr nömrəsi **********40-05101-093008 olan mənzil üzrə hüququn subyekti İddiaçıdur. İşdəki Şirvan Şəhər Məhkəməsinin 2(032)-1442/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə Əli-Bayramlı şəhər Nikah evində bağlanmış 263 nömrəli nikah akt qeydi pozulmuş, onların birgə nikahlarından xx.xx.2001-ci ildə anadan olmuş Cavabdeh2 Cavabdeh1 himayəsində saxlanılmışdır. İşdəki AZ-İ 375134 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 nikahı Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 07 yanvar 2015-ci ildə 2 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Həsənov, qadına Dadaşova soyadı verilmişdir. İşdəki Şirvan ŞİHB-nin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 4439 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və nümayəndəlikdə olan məlumata əsasən onun ailə tərkibi aşağıdakı kimidir: X8 və Cavabdeh2. Həmin şəxslər qeyd edilən ünvanda qeydiyyatda olsalar da, orada yaşamırlar və harada yaşamaları barədə nümayəndəlikdə məlumat yoxdur. İşdəki Şirvan Şəhər Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, yaşadığı ünvan 1 ünvanından X5 və Cavabdeh2 qeydiyyatdan çıxarılması ilə əlaqədar Şirvan ŞPŞ-yə ünvanladığı ərizəyə Qeydiyyat və X6 baxılmışdır. Bildirilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanunaziddir. Ərizə mülki xarakterlidir, ona görə də məhkəməyə müraciət etmək tövsiyə olunur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Dadaşova (Həsənova) Esmira İman qızı ilə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə Əli-Bayramlı şəhər Nikah evində 263 nömrəli nikah akt qeydi bağlanmış, onların birgə nikahlarından xx.xx.2001-ci ildə Cavabdeh2 doğulmuşdur. AN-İ ******* seriya nömrəli, 22 sentyabr 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X1 şəhəri, Xaqani küçəsi, 5 saylı binada yerləşən 64 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. Şirvan şəhəri, Xaqani küçəsində istifadədə olan 0,1017 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 4-cü mərtəbəsində yerləşən 28,16 kv.m ümumi, 15,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 64 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına 10 oktyabr 2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, bununla bağlı İddiaçı MH ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1442/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə Əli-Bayramlı şəhər Nikah evində bağlanmış 263 nömrəli nikah akt qeydi pozulmuş, onların birgə nikahlarından xx.xx.2001-ci ildə anadan olmuş Cavabdeh2 Cavabdeh1 himayəsində saxlanılmışdır. Mübahisəli mənzildə İddiaçı, onun keçmiş arvadı X8 və qızı Cavabdeh2 qeydiyyatda olmuşlar. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Dadaşova (Həsənova) Esmira İman qızının və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(032)- 672/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin rədd edilmiş hissəsində, yəni cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızına aid olan hissədə mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh Esmira Dadaşovaya (Həsənovaya) münasibətdə rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onunla iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakdır və o, mənzildən istifadə hüququ olan şəxs deyil, mənzilə birgə mülkiyyət hüququ əsasında hüququ olan şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd edilən müddəalardan da göründüyü kimi, ər və arvadın nikah dövründə əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı işin hallarından isə görünür ki, Dadaşova (Həsənova) Esmira İman qızı ilə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə Əli- Bayramlı şəhər Nikah evində 263 nömrəli nikah akt qeydi bağlanmış, həmin nikah Şirvan Şəhər Məhkəməsinin 2(032)-1442/2014 saylı, 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin tərəflər arasında həmin nikahın mövcud olduğu dövrdə, yəni 22 sentyabr 2008-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mübahisəli mənzil iddiaçı tərəfindən alınmışdır. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçıla cavabdeh Esmira Dadaşova (Həsənova) arasında nikahın mövcud olduğu dövrdə əldə edilmişdir və bu səbəblə də onların ümumi birgə mülkiyyəti sayılır. İddiaçı cavabdeh Esmira Dadaşovanın (Həsənovanın) aralarındakı nikahın 2014-cü ildə pozulmasından sonra mübahisəli mənzildən getdiyini və bir daha həmin mənzilə qayıtmadığını bildirmiş, bu səbəblə onun həmin mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas yarandığını qeyd etmişdir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin ümumi birgə mülkiyyətində olan əmlakdan istifadə etməməsi onun həmin əmlak üzərində mülkiyyət hüququnun və eləcə də istifadə hüququnun aradan qalxmasına səbəb olan hal kimi çıxış edə bilməz. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Məhkəmə kollegiyası bildirir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində sadəcə iddiaçının adına qeydə alınsa da, bu hal həmin əmlak üzərində cavabdeh Esmira Dadaşovanın (Həsənovanın) hüququnun olmaması demək deyil. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası iddia tələbinin rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İşin faktiki hallarından isə görünür ki, cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı mübahisəli mənzildən istifadə hüququ olan şəxs deyil, həmin mənzilə birgə mülkiyyət hüququ əsasında hüququ olan şəxsdir. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-672/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar