Məhkəmə qərarları › İş №2(106)-166/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-166/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-166/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2(047)-410/2022 saylı qətnaməsindən (hakim C.İbrahimov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, 8600 manat borc və 8600 mənəvi zərər olmaqla cəmi 17200 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 iyun 2013-cü il tarixdə 1600 manat, 18 mart 2014-cü il tarixdə isə 2000 manat məbləğində borc pul vermiş, cavabdeh pulların alınmasına dair qəbzlər imzalayaraq yaxın günlərdə qaytarmağı öhdəsinə götürmüşdür. 11 noyabr 2014-cü il tarixdə isə Cavabdeh ilə onun arasında icarə müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə əsasən Cavabdeh ona məxsus **-MS-*** dövlət qeydiyyat nişanlı “Mersedes B270 CDİ” markalı avtomobili 12 ay müddətinə hər ay 500 manat ödəməklə icarəyə götürmüş və cavabdeh tam şəkildə ödəniş etdikdən sonra avtomobil ona qalmalı idi. Lakin Cavabdeh onu aldadaraq üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyərək, ondan aldığı 3600 manat borcdan və avtomobilin icarə haqqından cəmi 1000 manat məbləğində pul ödənişi etmiş, cavabdeh axırıncı dəfə 2020-ci ilin oktyabr ayının sonunda Bakı şəhəri, Dərnəgül qəsəbəsində ona 200 manat vermişdir. Hal-hazırda Cavabdeh ona 8600 manat borcu vardır. Bu günə kimi həmin pul məbləği onda olsaydı, o, bir o qədər də qazanc əldə edə bilərdi. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin qazancdan da mərhum edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının sübut kimi məhkəməyə təqdim etmiş olduğu qəbzlər və müqavilədəki imzalar ona məxsus deyildir, o ümumiyyətlə latın qrafikalı əlifbada yazmağı bacarmır. Bundan başqa iddiaçı ona qarşı məhkəmədə iddia qaldırmaq müddətini də ötürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Laçın Rayon Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2(047)-410/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni iddiaçının borc tələbi üzrə iddia müddətini ötürməsi ilə əsaslandırmış və hesab etmişdir ki, 12 iyun 2013-cü il tarixli qəbz üzrə 2013-cü il tarixdən, 18 mart 2014-cü il tarixli qəbz üzrə 2014-cü il tarixdən və 11 noyabr 2014-cü il tarixli müqavilə üzrə 11 noyabr 2015-ci il tarixdən iddia müddətinin axımı başlanır və belə olan halda iddiaçı qanunla müəyyən edilmiş üç illik iddia müddətini buraxmış olur. Bundan əlavə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə iddia müddətini ötürmədən Ağdam Rayon Məhkəməsinə müraciət etdiyini bildirsə də, məhkəmə araşdırmaları zamanı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə 04 noyabr 2019-cu il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət etdiyi, Ağdam Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərardadına əsasən mülki işin ərazi adiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərildiyi və Laçın Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadına əsasən ərizənin baxılmamış saxlanıldığı müəyyən olunur. Bununla məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi ilə Laçın Rayon Məhkəməsinə müraciət etdiyi anadək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olnması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış 12 iyun 2013-cü il tarixli qəbzə əsasən sonuncu ondan 1600 manat borc pul almış, həmin borcu yaxın günlərdə qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib ona təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış 18 mart 2014-cü il tarixli qəbzə əsasən ondan 2000 manat borc pul almış, həmin borcu yaxın günlərdə qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib ona təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh və onun tərəfindən imzalanmış 11 noyabr 2014cü il tarixli müqaviləyə əsasən Cavabdeh ona məxsus **-MS-*** dövlət qeydiyyat nişanlı "Mercedes B 270 CDİ" markalı avtomobili 12 ay müddətinə hər ay 500 manat ödəməklə icarəyə götürmüş və ümumilikdə 6000 manat pulu ödədikdən sonra avtomobilin Cavabdeh qalması barədə öz aralarında razılığa gəlmişlər. İş materiallarına əlavə olunmuş Ağdam Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli və Laçın Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadlarından göründüyü kimi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə 04 noyabr 2019-cu il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərardadına əsasən mülki iş aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Laçın Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadına əsasən qeyd edilən ərizə baxılmamış saxlanılmışdır. Laçın Rayon Məhkəməsi tərəfindən ona heç bir bildiriş göndərilməyərək və heç bir zəng olunmayaraq, iddiası baxılmamış saxlanılmışdır. Cavabdeh borclu olduğu məbləğdən hal-hazırki vaxtadək axırıncı ödənişi 2020-ci ilin oktyabr ayında 200 manat olmaqla ümumilikdə 1000 manat ödəniş etmişdir. Bu ödənişə şahidi var. Cavabdeh yaxın qohumu(qaynı) X4 (tel:***-***-**-**). Bu hadisələrin hamısına Quliyev Abbas şahiddir. Laçın Rayon Məhkəməsi şahidi iclasa çağırmadı, heç zəng də etmədi. Hesab edir ki, iddia müddətini ötürmədən Ağdam Rayon Məhkəməsinə vaxtında müraciət etmişdir. Ağdam Rayon Məhkəməsi də işi əsassız olaraq Laçın Rayon Məhkəməsinə göndərmişdir. Bütün bunlar iddia müddətini ötürmədiyini göstərir və Laçın Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətinin müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə iştirakı olmadan baxılaraq, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görədə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış 12 iyun 2013-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1600 manat borc pul almış, həmin borcu yaxın günlərdə qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış 18 mart 2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2000 manat borc pul almış, həmin borcu yaxın günlərdə qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İş materiallarında olan Cavabdeh və İddiaçı tərəfindən imzalanmış 11 noyabr 2014-cü il tarixli müqavildən görünür ki, Cavabdeh İddiaçı məxsus **-MS-*** dövlət qeydiyyat nişanlı “Mersedes B270 CDİ” markalı avtomobili 12 ay müddətinə hər ay 500 manat ödəməklə icarəyə götürmüş və ümumilikdə 6000 manat pulu ödədikdən sonra avtomobilin Cavabdeh qalması barədə tərəflər öz aralarında razılığa gəlmişlər. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Laçın Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadlarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə 04 noyabr 2019-cu il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, Ağdam Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərardadına əsasən mülki iş adiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmiş və Laçın Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadına əsasən qeyd edilən ərizə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 14 iyul 2022-ci il tarixli ərizədən və etirazın məzmunundan görünür ki, cavabdeh iddia tələbini qəbul etmir, həmçinin cavabdeh hazırki, mülki işlə bağlı iddia tələbinə müqavilə tələbi üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən mülki işin 8-ci vərəqində olan 11 noyabr 2014-cü il tarixli müqavilədə “2.İcarəyə götürən” qrafasından aşağıda yerləşən “CavabdehA” əlyazması qarşısındakı imza, 9-cu vərəqində olan 12 iyun 2013-cü il tarixli qəbzdə “İimza: Cavabdeh” yazıları qarşısındakı imza və 10-cu vərəqində olan 18 mart 2014-cü il tarixli qəbzdə “həsənov Ə” yazıları qarşısındakı imza eyni bir şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, müqavilə münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, cavabdeh 12 iyun 2013-cü il tarixli qəbzlə 1600 manat, 18 mart 2014-cü il tarixli qəbzlə isə 2000 manat məbləğində iddiaçıdan borc almış və yaxın günlərdə qaytaracağına söz vermişdir. Bundan başqa tərəflər arasında 11 noyabr 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh İddiaçı məxsus **-MS-*** dövlət qeydiyyat nişanlı “Mercedes B270 CDİ” markalı avtomobili 12 ay müddətinə hər ay 500 manat ödəməklə icarəyə götürmüşdür, cavabdeh tam şəkildə ödəniş etdikdən sonra avtomobil ona qalmalı idi. 12 iyun 2013-cü il tarixli qəbz üzrə 2013cü il tarixdən, 18 mart 2014-cü il tarixli qəbz üzrə 2014-cü il tarixdən və 11 noyabr 2014-cü il tarixli müqavilə üzrə 11 noyabr 2015-ci il tarixdən iddia müddətinin axımı başlanır və belə olan halda iddiaçı qanunla müəyyən edilmiş üç illik iddia müddətini buraxmış olur. İddiaçı cavabdeh tərəfindən borclu olduğu (1600+2000+6000) 9600 manat puldan sonuncu dəfə 2020-ci ilin oktyabr ayında 200 manat olmaqla ümumilikdə 1000 manat ödəniş edildiyi bildirilsə də, buna dair hər hansı bir mötəbər sübut tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Hətta Ağdam Rayon Məhkəməsinə 4 noyabr 2019-cu il tarixdə iddia ərizəsi ilə müraciət edən zaman iddia müddətləri tərəfindən ötürülmüş olmuşdur. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 125 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 2 avqust 2022-ci il tarixli 2(047)-410/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertizası tədqiqatının dəyərini təşkil edən 125 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar