Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-166/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1389/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə saat 04:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, şəhər şossesi adlanan ərazidə Cavabdeh iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Mercedes Benz C180” minik markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə edərkən "xxxx" ASC şirkəti tərəfindən kasko sığorta növü ilə sığortalanmış "xxxx" MMC-nin mülkiyyətində olan X2 idarə etdiyi “Nissan Navara” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol kənarında olan obyektə dəymişdir. Hadisə nəticəsində “Nissan Navara” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobil tam yararsız hala düşmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 2-2(82)-258/2016 saylı qətnaməsinə əsasən "xxxx" ASC-dən 18370 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qət olunmuş 18370 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş xx.xx.2018-ci il tarixli, 60 nömrəli ödəniş tapşırığında öz əksini tapmışdır. Bununla əlaqədar olaraq, 2153/15 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra iddiaçı tərəfindən "xxxx" ASC-yə "xxxx" MMC-nin mülkiyyətində olan “Nissan Navara” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 5000 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənə ödənildiyindən, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçı öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci, 1096-cı, 1097.1-ci, 1108.1-ci və 1114.1-ci maddələrinə, eləcə də, “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci və 25.1.3-cü maddələrinə istinad etmişdir. Beyləqan Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(020)-1389/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(020)-1389/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinin tələbinə ziddir. Cavabdeh qeyd edir ki, hadisə baş verən gün, yəni 16 iyun 2015-ci ildə onun adına verilmiş etibarnamə qüvvədə olmuşdur. Belə ki, “Mercedes Benz C180” minik markalı, **-FX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair cavabdehə 06 may 2015-ci ildə 01 il müddətinə (06 may 2016-cı ilədək) etibarnamə verilmişdir. Lakin iddiaçı tərəf iddia edir ki, guya cavabdehin həmin vaxt avtomobili idarə etmək üçün hüququ olmamışdır. Məhkəmə də heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Həmin qətnaməyə görə iddiaçı əsassız varlanmış, cavabdeh isə əsassız olaraq maddi ziyana düşmüşdür. Ümumiyyətlə, “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə əsasən iddiaçının subroqasiya qaydasında ondan pul tələb etmək hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin tələbinə görə məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Apellyasiya məhkəməsinin iclaslarında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi 16 iyun 2015-ci il tarixdə onun sürücülük hüququ və həmin vaxt idarə etdiyi “Mercedes Benz C180” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün hüququ olmuş, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Buna görə iddiaçının ona qarşı subroqasiya qaydasında tələb irəli sürməyə hüququ yoxdur. Birinci instansiya məhkəməsi isə bu halları araşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarının 32-ci vərəqində olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 28 mart 2015-ci il tarixdən qüvvəyə minən və 1 il müddətinə bağlanılan PST********** seriya nömrəli müqavilə üzrə sığortaçı "xxxx" Sığorta Şirkəti ASC, sığortalı Cavabdeh, avtonəqliyyat vasitəsi “Mercedes Benz C180” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd edilmiş, sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin xx.xx.2015-ci il tarixli, 9/4111 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, xx.xx.2015-ci ildə Sabunçu rayonu şəhər şossesi adlı ərazidə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, AB 309571 seriya nömrəli şəhadətnamə əsasında X3 məxsus olan “Mercedes Benz C180” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin arayışın 1.5-ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi baş verdiyi anda sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur və həmin anda sürücü ayıq olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan və X4 tərəfindən idarə olunan “Nissan Navara” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Bundan başqa, X1 xəsarət dərəcəsi təyin edilməyən zərər vurulmuş, eyni zamanda mağazaya zərər dəymişdir. İşdə surəti olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 2-2(82)-258/16 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh "xxxx" ASCdən 15 faiz azad olma məbləği nəzərə alınmaqla 17850 manat məbləğində sığorta ödənişinin, 500 manat hüquqi xidmət göstərilməsi ilə əlaqədar xərcin əvəzinin, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 18370 manatın tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi qət edilmişdir. İşdəki 60 nömrəli, 08 fevral 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-258/2016 saylı işi üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 18370 manat məbləğində pul köçürülmüşdür. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş AA 2153/15 saylı işə dair sığorta aktının surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobili idarə edən şəxs Cavabdeh sığortalanmış avtomobil olan “Mercedes Benz C180” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmamışdır, hadisə nəticəsində "xxxx" ASC-də sığortalanmış "xxxx" MMC-yə məxsus “Nissan Navara” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC-yə 5000 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İş materiallarının 13-22-ci vərəqlərində olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, AA 2153/15 saylı iş üzrə sığorta aktına əsasən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-yə ümumilikdə 5000 manat məbləğində ödəniş edilmişdir. İşdəki "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin qəzada onun avtomobili idarə etmə hüququ olmamışdır. Avtonəqliyyat vasitəsinin sahiblərinin icbari sığortası üzrə qəzada "xxxx" Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASCyə 5000 manat pul ödənilmişdir. Subroqasiya tələbi irəli sürüldüyü şəxs olduğu üçün həmin məbləği 10 gün müddətində "xxxx" Sığorta Şirkəti ASC-yə ödəməsi Cavabdeh tələb edilmişdir. Əks halda məhkəməyə müraciət etmək hüququndan istifadə ediləcəyi bildirilmişdir. İşdəki xx.xx.2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin 5000 manat məbləğində sığorta ödənişi "xxxx" Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin xeyrinə ödənildiyindən, "xxxx" Sığorta Şirkəti” ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Hazırkı iş üzrə iddiaçı özünün subroqasiya hüququ olmasını iddia ərizəsində “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını və göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən hazırkı iş üzrə iddiaçının subroqasiya hüququ cavabdehin icbari sığorta müqaviləsində göstərilən “Mercedes Benz C180” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadığı halda yarana bilərdi. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını yanlış qiymətləndirmiş, ümumi olaraq iddiaçının “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə uyğun subroqasiya hüququnun yarandığını qeyd etmişdir. Cavabdehin birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən, o, öz sübutlarını birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Buna görə də cavabdeh apellyasiya şikayətinə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İV 901495 seriya nömrəli etibarnamənin surətini əlavə etmiş, apellyasiya məhkəməsinin iclasında isə özünün sürücülük vəsiqəsini təqdim etmişdir. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdehin apellyasiya şikayətinin onun birinci instansiya məhkəməsinin iclaslarında iştirakının təmin edilməməsinə dair dəlilini və MPM-in 372.2-ci maddəsinin tələblərini nəzərə alaraq bildirir ki, cavabdeh tərəfindən təqdim edilmiş həmin sübutlar qəbul edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İV 901495 seriya nömrəli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə əsasında mülkiyyətçi X5 “Mercedes Benz C180” markalı, **-FX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətlərini Cavabdeh etibar etmişdir. Etibarnamə 06 may 2015-ci il tarixindən 06 may 2016-cı il tarixədək 1 il müddətə verilmişdir. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin iclasında təqdim edilmiş AE 907627 seriya nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək sürücülük hüququ verilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İV 901495 seriya nömrəli etibarnamənin, eləcə də onun tərəfindən apellyasiya məhkəməsinin iclasında verilmiş AE 907627 seriya nömrəli sürücülük vəsiqəsinin iş materiallarında olmaması halında da hazırkı iş üzrə iddiaçının tələbinin əsassız olmasının müəyyən edildiyini bildirir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin xx.xx.2015-ci il tarixli, 9/4111 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının məzmunundan da görünür ki, xx.xx.2015-ci ildə Sabunçu rayonu şəhər şossesi adlı ərazidə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Cavabdeh AB 309571 seriya nömrəli şəhadətnamə əsasında X3 məxsus olan “Mercedes Benz C180” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, yol-nəqliyyat hadisəsi baş verdiyi anda sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və həmin anda sürücü ayıq olmuşdur. Lakin birinci instansiya məhkəməsi həmin halı nəzərə almadan iddia tələbini təmin etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, yol-nəqliyyat hadisəsi baş verən zaman sığortalanmış “Mercedes Benz C180” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə Cavabdeh hüququ olmuş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt onun sürücülük vəsiqəsi də olmuşdur. Bu isə o deməkdir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş əsasla "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da onun özünə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(020)-1389/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-166/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-166/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver