Məhkəmə qərarları › İş №2(106)-1668/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1668/2024

30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1668/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin 2(047)-77/2024 saylı, 22 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 7500 manat pulun alınıb İddiaçı verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı hesabına aid edilməsi qət edilmişdir. Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qətnaməsi əsasında 04 iyun 2024-cü il tarixində icra vərəqəsi verilmiş və icraya yönəldilmişdir. Bundan sonra 09 avqust 2024-cü ildə Cavabdeh Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, onun Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qətnaməsindən xəbəri olmamış, sonradan Abşeron rayon İcra və Probasiya şöbəsinə çağırılan zaman xəbər tutmuşdur. Buna görə də məhkəməyə ərizə ilə müraciət etmişdir ki, qətnamə apellyasiya şikayəti vermək üçün ona rəsmi qaydada təqdim edilsin. Bundan sonra sözügedən qətnamə ona 30 iyul 2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. Hal-hazırda 30 iyul 2024cü il tarixdə, yəni gec aldığından sözügedən qətnamədən bugünə kimi apellyasiya şikayəti vermədiyi üçün müddəti ötürmüş sayılır. Ona görə də hazırda sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Laçın Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Cavad İbrahimov) vəsatət təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 2(047)-77/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə əlaqədar Cavabdeh tərəfindən verilmiş vəsatətin rədd edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində Laçın Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadının ləğv edilməsini, Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməsindən imtina etməkdə əsaslı olmamış və qanun pozuntusuna yol vermişdir. Laçın Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadından görünür ki, məhkəmənin 2(047)-77/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsinin surəti tərəflərə çatdırılması üçün məhkəmə tərəfindən 01 may 2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Bu səbəbdən də həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür. Qeyd olunmuş əsaslarla bağlı bildirir ki, Laçın Rayon Məhkəməsinin iş üzrə 29 aprel 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qətnaməsi rəsmi şəkildə ona çatdırılmamış, həmin tarixdə onun elektron kabineti olmamışdır. Məhkəmənin elektron kabinetinin olmadığı halda qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi ilə bağlı qənaəti əsassızdır. Onun qətnamədən xəbəri olmamış, bu barədə sonradan Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru vasitəsilə məlumatlı olmuşdur. Buna görə də məhkəməyə ərizə ilə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Bundan sonra, sözügedən qətnamə ona 30 iyul 2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. Bu səbəbdən də məhkəmənin sözügedən qətnaməsindən apellyasiya şikayəti verə bilməmişdir. Hesab edir ki, qeyd olunmuş əsas Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi üçün əsasdır. Laçın Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadı ilə Laçın Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmış, Cavabdeh şikayətinin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Laçın Rayon Məhkəməsi 22 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadında qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Laçın Rayon Məhkəməsinin 2(047)-77/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsinin surəti 01 may 2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında verilmiş icra sənədi 04 iyun 2024-cü il tarixdə icra olunması üçün Laçın rayon İcra və Probasiya şöbəsinə və oradan da icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin Cavabdeh həmin qətnamədən qanunla müəyyən edilmiş müddəti üzrsüz səbəbdən üç aya yaxın müddət ötürməklə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarının 88-ci vərəqində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qətnaməsi 01 may 2024-cü ildə Cavabdeh məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh özünün sözügedən tarixdə elektron kabinetinin olmadığını qeyd etmişdir. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən Cavabdeh məxsus şəxsi elektron kabinetin 10 fevral 2022-ci ildə, saat 11:57-də qeydiyyata alındığı müəyyən olunur. Belə olan halda isə 01 may 2024-cü ildə məhkəmə qətnaməsinin elektron kabinetə yerləşdirilməsi zamanı artıq cavabdehin şəxsi elektron kabinetinin mövcudluğu müəyyən edilir. Bu səbəbdən də cavabdehin şikayətinin sözügedən dəlili əsaslı hesab edilə bilməz. Cavabdeh məhkəmə qətnaməsinin ona rəsmi qaydada yalnız 30 iyul 2024-cü ildə çatdırıldığını qeyd etsə də, məhkəmə kollegiyası həmin dəlili də əsassız sayır. Belə ki, MPM-in 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd edilən normalar onu deməyə əsas verir ki, məhkəmə qətnaməsi cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirildiyi andan artıq cavabdehə rəsmi qaydada verilmiş hesab edilmişdir. Bu baxımdan cavabdehə məhkəmə qətnaməsinin 01 may 2024cü ildə rəsmi qaydada verildiyi müəyyən edilir. MPM-in 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımı da məhz 01 may 2024-cü ildən etibarən başlamış və 01 iyun 2024-cü ilədək davam etmişdir. Lakin cavabdeh həmin 1 aylıq prosessual müddət ərzində apellyasiya şikayəti verməmiş, müddətin ötürülməsindən 2 ay 8 gün keçdikdən sonra, yalnız 09 avqust 2024cü ildə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əlavə etmişdir. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası bildirir ki, Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin vəsatətində Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş Qərarında qeyd edilən hüquqi mövqeyinə uyğun səbəblər aşkar edilmir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası bildirir ki, hazırda cavabdehin apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti 2 ay 8 gün ötürməsinin üzrlü səbəbdən baş verməsi halı müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Bu baxımdan şəxsin apellyasiya şikayəti vermək yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də müəyyən edilmiş prosessual müddətlər çərçivəsində həyata keçirilməlidir, bunun əksi həmin iş üzrə digər tərəfin prosessual hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də cavabdehin şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Laçın Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(047)- 77/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdehin vəsatətini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Laçın Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadı dəyişdirilmədən, Cavabdeh şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(047)-77/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar