Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-167/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(036)-63/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı ASC 08 iyun 2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 10450 manat dəymiş maddi ziyanın və 121,35 manat dövlət rüsumunun, cəmi 10571,35 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli, 05/01420 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 10450 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün 10450 manat dəymiş maddi ziyan hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən, lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinq verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür. İmişli Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(036)-63/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh cəmi 9324 manatın və 110 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(036)-63/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, taxılyığan kombayn 25 may 2021-ci il tarixində iki ay müddətinə onun istifadəsinə verilmişdir. 26 iyun 2021-ci il tarixində o xəstələnmişdir. Bundan sonra iddiaçı ona heç bir söz demədən 30 iyun 2021-ci il tarixində kombaynı gəlib aparmışdır. İddiaçı tərəf kombaynı aparan zaman kombayn tam saz vəziyyətdə idi. İddiaçı heç bir təhvil-təslim etmədən kombaynı aparmışdır. Hazırda İddiaçı ASC qanunsuz olaraq onunla heç bir təhvil-təslim edib almadığı kombayna görə ondan pul tələb edir. Məhkəmə maddi hüquq normalarını tətbiq etməmiş, əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi sözügedən müqavilə üzrə cavabdehin həqiqətən borcunun olub-olmaması barədə araşdırma aparmamışdır. Həmin lizinq müqaviləsi üzrə cavabdeh kombaynı təxminən 1 ay idarə etmiş və həmin müddətdə kombayn tam saz vəziyyətə olmuşdur. İddaçı onunla heç bir təhvil-təslim etmədən qanunsuz olaraq kombaynı aparıb və sonradan guya müəyyən eləyib ki, cavabdeh kombaynı yararsız vəziyyətə salmışdır. Əslində isə iddiaçı kombaynı cavabdehdən alanda təhvil-təslim etməli idi. Məhkəmə heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qeyri-qanuni qətnamə qəbul etmişdir. İddaçı ondan kombaynı təhvil almamış, cavabdeh heç bir sənədə imza atmamışdır. Yəqin ki, iddiaçı ondan kombaynı təhvil-təslim alması barədə saxta təhvil-təslim aktı hazırlayıb. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, o, iddiaçıdan 25 may 2021-ci il tarixli müqavilə üzrə kombayn istifadəyə götürmüş, bundan sonra onu bir müddət istifadə etmişdir. Həmin müddət ərzində kombayn tam yararlı vəziyyətdə olmuş və yararlı vəziyyətdə də iddiaçıya təhvil verilmişdir. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin və Cavabdeh izahatının məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməməsinə və nəticədə əsassız qətnamənin qəbul edilməsinə istinad edərək, qətnamənin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə xx.xx.2021-ci il tarixli, 05/01420 nömrəli müqavilənin surətindən görünür ki, istifadəyə verən İddiaçı ASC kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun istifadəçi Cavabdeh keçməməsi şərti ilə istifadəyə verir. Texnikanın adı – Taxılyığan kombayn “SR-2045”; buraxılış ili – 2013; dövlət qeydiyyat nömrəsi – 28 T 083; istifadə müddəti xx.xx.2021-xx.xx.2021; məbləğ – 4000 manat. İş materiallarının 13-cü vərəqində olan Cavabdeh tərəfindən verilmiş 26 may 2021-ci il tarixli iltizamın surətindən görünür ki, o, 05/01420 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü texnikanı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öz öhdəsinə götürmüşdür. İşdəki Texniki vəziyyət haqqında (RN-nin istifadəsində olan texnika operativ lizinqə verilərkən 05/01420 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə edilir) xx.xx.2021-ci il tarixli Akt 1-dən görünür ki, İddiaçı ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin istifadəsində olan “SR-2045” markalı taxılyığan kombayn texniki saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşdəki Texniki vəziyyət haqqında (RN-nin istifadəsində olan texnika operativ lizinqə götürəndən geri alınarkən tərtib edilir) xx.xx.2021-ci il tarixli Akt 2-dən görünür ki, İddiaçı ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin istifadəsində olan “SR- 2045” markalı taxılyığan kombayn lizinqə götürmüş Cavabdeh tərəfindən aşağıda göstərilən texniki vəziyyətdə bölmənin rəhbərinə təhvil verilmişdir: texniki vəziyyəti: nasaz, 1) mühərrik: nasaz, a) yanacaq sistemi: nasaz, b) yağlama sistemi: saz, c) soyutma sistemi: saz; 2) Transmissiya: nasaz; 3) Hidravlik sistem: saz; 4) Elektrik avadanlığı: saz; 5) Şinlər: 40 %; 6) Digər mexanizmlər və qovşaqlar: nasaz; 7) Akkumlyator: ------. Həmin akt təhvil verən Cavabdeh tərəfindən imzalanmamış, imzalamaqdan imtina ilə bağlı xx.xx.2021-ci il tarixdə imtina aktı tərtib edilmişdir. İşdəki “SR-2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışdan görünür ki, Cəmiyyətin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsi ilə mexanizator Cavabdeh arasında bağlanmış 05/01420 saylı, 25 may 2021-ci il tarixli müqavilə əsasında bölmənin istifadəsində olan və mexanizator tərəfindən operativ lizinqə götürülmüş 559937 şassi nömrəli “SR-2045 Sampo” markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən 9 sentyabr 2021-ci il tarixində texnikaya baxış keçirilməsi haqqında tərtib edilmiş akta əsasən texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər aşağıdakı kimidir: 1) Yanacaq nasosu 1 ədəd 1800 manat; 2) Forsunka 4 ədəd (1 ədədi 150 manat) 600 manat; 3) Turbokompressor 1 ədəd 1500 manat; 4) Şin 18.4-34 1 ədəd 1450 manat; 5) Arxa körpü 1 ədəd 3500 manat; 6) Ventilyator 1 ədəd 750 manat; 7) Ələk 1 ədəd 300 manat; 8) Uzandırıcı ələk 1 ədəd 150 manat; 9) Qayışlar 6 ədəd (1 ədədi 150 manat) 900 manat; 10) Kombaynın çərçivəsi sınıb (bərpa) 1 ədəd 500 manat – cəmi 10450 manat. İddiaçı məhkəməyə müraciət edərək, lizinq müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 10450 manat dəymiş maddi ziyanın və 121,35 manat dövlət rüsumunun, cəmi 10571,35 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə həmin kombaynın yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin miqdarının müəyyən olunması məqsədilə ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. İşdəki 12 may 2023-cü il tarixli, 9/1094 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə İddiaçı ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Sambo Rosenlew SP-2045” markalı taxılyığan kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9324 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Həmin ekspert rəyini əldə etdikdən sonra İmişli Rayon Məhkəməsi 16 avqust 2023cü il tarixli, 2(036)-63/2023 saylı qətnamə qəbul edərək, iddia tələbini məhz ekspert rəyində göstərilmiş 9324 manat həddində təmin etmiş, iddia tələbinə bütövlükdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci və 1097-ci maddələrini tətbiq etməklə hüquqi qiymət vermişdir. MPM-in 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-in 372.7-ci maddəsinin tələblərinə uyğun olaraq, şikayətin dəlillərindən asılı olmadan məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayan məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüququn tətbiq edilməsində səhvə yol verilmiş və tətbiq edilməli olan normalar hazırkı mübahisəyə tətbiq edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə cavabdeh də apellyasiya şikayətində vurğulamışdır ki, məhkəmə maddi hüquq normalarını tətbiq etməmiş və əsassız qətnamə qəbul etmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, tərəflər arasında lizinq hüquq münasibətlərinin yaranması, 25 may 2021-ci il tarixli müqavilə bağlandıqdan sonra lizinq obyektinin cavabdehə təhvil verilməsi işin mübahisəsiz hallarıdır. İddiaçı qeyd edir ki, lizinq obyekti xx.xx.2021-ci il tarixdə nasaz vəziyyətdə təhvil alınmışdır. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Tərəflər arasında bağlanmış 25 may 2021-ci il tarixli müqavilənin və 26 may 2021-ci il tarixli iltizamın məzmunundan görünür ki, lizinq alan Cavabdeh da texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanılmasını, müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinq verənə geri qaytarmağı üzərinə götürmüşdür. Göründüyü kimi, tərəflər müqavilədə Mülki Məcəllənin 748-7.1-ci maddəsindən fərqlənən ayrı qayda nəzərdə tutmamışlar. Məhkəmə kollegiyası bildirir ki, işdəki Texniki vəziyyət haqqında (RN-nin istifadəsində olan texnika operativ lizinqə götürəndən geri alınarkən tərtib edilir) xx.xx.2021-ci il tarixli Akt 2-dən də göründüyü kimi, xx.xx.2021-ci ildə taxılyığan kombayn cavabdehdən texniki vəziyyəti nasaz, mühərriyi nasaz, yanacaq sistemi nasaz, transmissiyası nasaz, şinləri qismən yararsız, digər mexanizmlər və qovşaqları nasaz vəziyyətdə təhvil alınmışdır. Lakin iddiaçı 6 ay müddətində - 2022-ci ilin mart ayının 9-dək məhkəməyə müraciət etmək əvəzinə, təxminən 9 ay sonra, yəni 08 iyun 2022-ci il tarixində müraciət etmiş, bununla da Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş 6 aylıq kəsici müddəti ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 751-ci maddəsinə əsasən, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu B.Mürsəlovun şikayəti üzrə qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Hazırkı iş üzrə iddiaçının cavabdehin istifadəsinə verilmiş lizinq obyektinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiası üçün kəsici müddətin başlanğıc anı iddiaçının lizinq obyektini geri aldığı andan, yəni xx.xx.2021-ci ildə təhvil aldığı andan başlamışdır. Lakin iddiaçı lizinq obyektini geri aldığı andan təxminən 9 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kəsici müddəti ötürmüş iddiaçının hüququ artıq mövcud deyil. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən kəsici müddət ötürülməklə cavabdehə qarşı tələb irəli sürülmüş, bununla da iddiaçının hüququ xitam olunmuşdur. Ona görə də dəymiş maddi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də ləğv edilməli, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(036)-63/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 12 may 2023-cü il tarixli, 9/1094 saylı ekspert rəyinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-167/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-167/2024
24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver