Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-167/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: evin təmirinə çəkilmiş xərcin tələb edilməsi, podrat müqaviləsi. Şirvan şəhəri, 22 may 2025-ci il X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının vəkili (etibarnamə müddəti xx.xx.2025-ci ildə bitmişdir) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(041)-779/2024 saylı qətnaməsindən (hakim: X.İmanov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ 9397 (doqquz min üç yüz doxsan yeddi) manat və ödənilmiş 117 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər uzun illərdir ki, biri-birlərini tanıyır, mehriban münasibətləri olmuşdur. Cavabdeh usta olaraq ev təmiri işləri ilə məşğul olduğundan iddiaçı onun bu xidmətlərindən istifadə edib və aralarında etibar yaranmışdır. Hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilini təmir etdirmək barədə xx.xx.2022-ci il tarixdə cavabdeh ilə danışıb razılaşmışlar. Razılaşmalarına görə Söhrab 15500 manat müqabilində 2023-cü ilin mart ayının sonuna kimi mənzili tam təmir edib başa çatdırmalı idi. Bu razılaşmadan sonra Söhrab mənzilin təmirinə başlamış, təmir işlərinə başladığı vaxtdan sonra, aralarındaki etibardan istifadə edərək, ailə vəziyyəti ilə bağlı pula ehtiyacı olduğunu bildirib, təmirə görə ona verməli olduğu pulun hesabından hissə-hissə olmaqla ondan ümumilikdə 15500 manat pul almışdır. İddiaçı cavabdehə inandığından həmin pulu hissə-hissə ona vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdehlə danışıqlar apararaq, təmiri yekunlaşdırmamasının səbəbləri ilə maraqlanmışdır. O isə təmirə görə razılaşdığı məbləği 20000 manata qaldırmağı xahiş etmişdir. İddiaçı bununla razılaşıb. İddiaçı cavabdehə əlavə olaraq 3000 manat pul vermişdir. O da pulu qəbul edib xx.xx.2023-cü il tarixə kimi təmiri yekunlaşdıracağını vəd vermişdir. Lakin Cavabdeh yenə də vədinə əməl etməmiş və razılaşdığı təmirin təxminən 20% hissəsini yerinə yetirmiş, yəni cəmi 1 otağını təmir etmiş, qalan hissəsini isə yerinə yetirməmişdir. Dəfələrlə onunla söhbət edərək aralarındakı razılaşmaya əməl etməsini və təmiri başa çatdırmasını xahiş etsə də, o, yenə də vədinə əməl etməmişdir. Söhrab onun etibarından sui-istifadə edərək onu aldatdığına, mənzilin təmirinə görə razılaşdığı məbləğdən də artıq, yəni ümumilikdə 18.500 manat pul almasına baxmayaraq, təmirin yalnız 20% hissəsini yerinə yetirməsinə, qalan hissəsini isə yerinə yetirməyərək ona maddi ziyan vurduğuna görə onun barəsində qanuni tədbir görülməsi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsinin baş təhqiqatçısı Asif Qubadov tərəfindən araşdırma aparılmış və 06 yanvar 2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda və ona ünvanlanmış məktubda göstərilmişdir ki, Cavabdeh qarşı tələbləri mülki xarakterlidir və bununla bağlı mülki qaydada məhkəməyə müraciət eməlidir. Eyni zamanda, həmin qərarla tanış olduqda aydın olur ki, aparılan araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, aralarındaki razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Neftçilər prospekti, 83 nömrəli ünvanda ona məxsus 4 otaqlı mənzildə təmir işlərinə başlamış, həmin təmir işlərinə və söküntülərin daşınmasına görə ilk olaraq 15000 manat alacağı barədə onunla razılaşmış, təmir işləri aparılarkən qonşulardan və yağışdan mənzillərə su axdığına görə əlavə işlər yaranmiş, bu səbəbdən işlərində ləngimələr olmuş, həmçinin, aralarındakı razılaşmadan sonra əlavə işlərə görə xərclər yaranmış, təmirin təxminən 70 %-ni icra etmiş, təmir işlərinin aparıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək hündürlüyü 4.20 metr olan 55 kv.metr otaği təmir edib təhvil vermişdir. Ailə vəziyyətilə əlaqədar ondan xx.xx.2023-cü il tarixədək 15 gün icazə almış, lakin həmin müddətin tamamında ailə problemlərini həll edə bilmədiyinə görə ondan xx.xx.2024-cü il tarixədək icazə verməsini xahiş edərək, təmir işlərini təhvil verəcəyinə inandırması üçün alətlərini orada saxlayıb, lazım olarsa, dərhal qayıdacağını bildirmiş, konkret olaraq mənzildə təmir işlərinə görə ondan 18500 manat almışdır. Bundan sonra o, mənzilində görülmüş təmir işlərinin dəyərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası “X3 müraciət etmişdir. X4 tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 04 saylı qiymətləndirmə rəyində göstərilmişdir: -Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 saylı mənzilin daxilində aparılmış tamamlanmış və tamamlanmamış təmir işlərinə sərf olunan vəsait 9102.90 manat (doqquz min bir yüz iki manat 90 qəpik) müəyyən edilir. Göründüyü kimi, cavabdeh ilə aralarındaki razılaşmaya əsasən o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 nömrəli ünvanda ona məxsus 4 otaqlı mənzili tam təmir etməli, bunun müqabilində iddiaçı cavabdehlə razılaşmalırana görə 15500 manat pul verməli idi. iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, yəni ona ilk əvvəl hissə-hissə olmaqla ümumilikdə 15500 manat, sonradan cavabdeh həmin məbləği artırmağı xahiş etdiyindən iddiaçı ona əlavə olaraq 3000 manat pul vermişdir. Yəni ümumilikdə iddiaçı təmir işlərinə görə cavabdehə 18500 manat pul vermişdir. Cavabdeh isə öz öhdəliklərini icra etməmiş, cəmi təxminən 9103 manatlıq təmir işləri görmüş, sonradan işi yarımçıq qoymuş və davam etdirməmiş, bununla da ona 9397 (doqquz min üç yüz doxsan yeddi) maddi ziyan vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə yaxın əlaqələri olub. Belə ki, iddiaçının oğlu ilə münasibətləri yaxşı olduğu üçün əlaqələri daha da genişlənmişdir. İddiaçı onun evinin təmir olunmasını xahiş etmiş, təmir üçün onunla razılşamışdır. O, iddiaçının evinə baxış keçirmiş və ümumilikdə həmin evin təmiri üçün 30000 manat lazım olduğunu bildirmişdir. Lakin iddiaçı onunla razılaşmamış və həmin işlərə görə 15000 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra iddiaçı ilə razılaşmış və təmir işlərinə başlamışdır. İddiaçı hər dəfə evə baxış keçirəndə təmirdən əlavə işlərin olduğunu bildirmişdir. O, da əlavə işçi qrupuna ehtiyac olduğu üçün işlərə əlavə işçi qrupu cəlb etmişdir. Bundan sonra iddiaçı ilə razılaşaraq təmir xərclərini 20000 manata qaldırmışlar. İddiaçının evində 20000 manat təmir işləri görmüş, lakin iddiaçı ona 18500 manat pul vermişdir. İddiaçının onu aldatdığını görmüş, ona görə də təmir işlərini dayandırmışdır. Hətta təmir işləri üçün özünə məxsus avadanlıqları da onun evində saxlamışdır. O, iddiaçıya verdiyi öhdəliyi yerinə yetirdiyi üçün iddiaçıya heç bir borcu qalmamış, əksinə iddiaçı ona olan vədini yerinə yetirməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(041)-779/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş və vavabdeh Cavabdeh əsas məbləğ 9397 (doqquz min üç yüz doxsan yeddi) manat və ödənilmiş 117 (yüz on yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun izahatlarına heç bir əhəmiyyət verilməmiş, yalnız formal mülahizələrə əsaslanaraq qətnamə qəbul olunmuşdur. Qətnamə qəbul olunarkən məhkəmə tərəfindən iddiaçının heç bir hüquqi əsası olmayan X1 rəyinə istinad etmişdir. Halbuki, məhkəmə həmin sübutu qəbul edə bilməz. Əvvalə ekspert qərar qəbul edərkən onun iştirakını təmin etməli idi. Ekspert təmir işləri görülmüş evə necə rəy verə bilərdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun təmin edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə evin təmir edilməsini ilkin olaraq 15000 manata razılaşmış və işə başlamışdır. İşin gedişində əlavə işlər üzə çıxmış və iddiaçı ilə aralarında olan razılığa əsasən görüləcək işlərə görə əlavə 5000 manat olmaqla, cəmi 20000 manata razılaşmışlar. Bütün görülmüş işlərin müqabilində iddiaçı ona 18500 manat pul vermişdir. O da 4 otaq, mətbəx, koridor və eyvandan ibarət olan evin 2 otağını tam təmir etmiş, lakin iddiaçının ona gələcəkdə pul verməyəcəyini hiss edərək işləri dayandırmışdır. Digər 2 otaq, koridor və mətbəxdə isə yalnız emosiya işləri qalmışdır. İşə cəlb etdiyi digər ustalara pul verməli olmuş, lakin pulu olmamaışdır. İddiaçıdan da pul istədikdə iddiaçı ona pul verməmişdir. İddiaçının ona pul verdikdən sonra gəlib təmiri davam etdirməsinə inandırmaq üçün özünə məxsus təmir alət və avadanlıqlarını da iddiaçının evində saxlamışdır. Sonradan 2023-cü ilin sonlarında iddiaçının evinə gələndə isə iddiaçı onu evə buraxmamışdır. Hesablamalarına görə iddiaçının evində 28000 manat dəyərində təmir işləri görmüşdür. İddiaçı ilə aralarında evin təmir edilməsi ilə bağlı hər hansı yazılı müqavilə və razılaşma olmamışdır. Kollegiyanın iclasında cavabdehdən qiymətləndirmə rəyində olan fotoşəkillərə baxaraq təmir etdiyi evin həmin ev olubolmaması soruşulmuş, cavabdehdə şəkillərə baxmış və həmin evin iddiaçıya məxsus olan təmir etdiyi ev olmasını təsdiq etmişdir. İddiaçının vəkili Nümayəndə birinci instansiya məhkəməsində vermiş olduğu izahatı təsdiq etmiş, həmçinin apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.
755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası “X1 30 yanvar 2024-cü il tarixli, 04 saylı qiymətləndirmə rəyində göstərilmişdir: -Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 saylı mənzilin daxilində aparılmış tamamlanmış və tamamlanmamış təmir işlərinə sərf olunan vəsait 9102.90 manat (doqquz min bir yüz iki manat 90 qəpik) müəyyən edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, iddiaçı qətnamə ilə razılaşmış və şikayət etməmişdir. Lakin qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili məhkəmə tərəfindən onun izahatlarına heç bir əhəmiyyət verilməməsi, məhkəmə tərəfindən iddiaçının heç bir hüquqi əsası olmayan X1 rəyinə istinad etməsi, ekspertin qərar qəbul edərkən onun iştirakını təmin etməsi və ekspert təmir işləri görülmüş evə necə rəy verə bilməsi ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmiş və rəy verilməsini Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə ünvanladığı 13 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/9004/2024 saylı məktubunda göstərilmişdir ki, 2(106)-1602/2024 nömrəli mülki iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: -Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün, tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin iş üzrə tədqiq olunan tədqiqat obyektinə baxış keçirilən zaman mənzil tam təmirli vəziyyətdə olduğundan, ilkin vəziyyəti saxlanılmadığından və eləcə də iş üzrə iddiaçı təmir olunmuş mənzil üzrə müvafiq ölçü işlərinin aparılmasına etiraz bildirdiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göründüyü kimi mübahisəli mənzil tam təmir edilmiş və həmin mənzilin ilkin vəziyyəti saxlanılmamış və buna görə də ekspert tərəfindən müvafiq rəyin verilməsi mümkün olmamışdır. Kollegiya tərəflərin izahatını dinləyib, iş materiallarını təhlil edib hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən haqlı olmuşdur. Belə ki, MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilini təmir etdirmək istəmiş bununla bağlı xx.xx.2022-ci il tarixdə Cavabdehlə danışıb razılaşmışlar.Tərəflər ilkin olaraq təmir xərcinin 15000 manat olması ilə razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən cavabdeh evi təmir etməli, iddiaçı isə təmir müqavilində cavabdehə 15000 manat pul verməli idi. Daha sonra iddiaçı evin təmirini genişləndirmiş, əlavə işlərin görülməsi ilə əlaqədar cavabdehlə aralarında razılşma əldə edilmişdir. İddiaçı bu razılaşmanın əvvəlki razılaşma ilə birlikdə 18500 manat, cavabdeh isə 20000 manat olmasını bildirmişlər. Ümumi işlərin görülməsi üçün iddiaçı cavabdehə 18500 manat pul vermişdir. Cavabdeh iddiaçıdan 18500 manat pul almasını etiraf etmiş və evdə təmir işlərini davam etdirdiyini bildirmişdir. Lakin cavabdeh əlavə işlərlə birlikdə təmir xərcinin 20000 manata razılaşmaları və təmir xərclərinin 28000 manat dəyərində olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin MM-nin 765-ci maddəsində göstərilmişdir ki, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmçinin MM-nin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi iddiaçı təmir işlərinin əlavə işlərlə birlikdə 18500 manata razılaşdırıldığını bildirmiş və həmin məbləğdə də pulu cavabdehə vermişdir. Belə ki, cavabdeh məhkəmə iclasında və işə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə materiallarında iddiaçıdan 18500 manat pul almasını təsdiq etmişdir. Belə müəyyən olunur ki, iddiaçı evin təmir və əlavə işlərin görülməsinə razılaşdırılmış 18500 manat pulu cavabdehə vermiş, lakin cavabdeh evdəki təmir işlərini axıradək görüb tamamlamamışdır. Belə ki, cavabdeh kollegiyanın iclası zamanı bildirmişdir ki, “bütün görülmüş işlərin müqabilində iddiaçı ona 18500 manat pul vermişdir. O da 4 otaq, mətbəx, koridor və eyvandan ibarət olan evin 2 otağını tam təmir etmiş, lakin iddiaçının ona gələcəkdə pul verməyəcəyini hiss edərək işləri dayandırmışdır. Digər 2 otaq, koridor və mətbəxdə isə yalnız emosiya işləri qalmışdır. İşə cəlb etdiyi digər ustalara pul verməli olmuş, lakin pulu olmamaışdır. İddiaçıdan da pul istədikdə iddiaçı ona pul verməmişdir. İddiaçının ona pul verdikdən sonra gəlib təmiri davam etdirməsinə inandırmaq üçün özünə məxsus təmir alət və avadanlıqlarını da iddiaçının evində saxlamışdır. ... İddiaçı ilə aralarında evin təmir edilməsi ilə bağlı hər hansı yazılı müqavilə və razılaşma olmamışdır. Kollegiyanın iclasında cavabdehdən qiymətləndirmə rəyində olan fotoşəkillərə baxaraq təmir etdiyi evin həmin ev olub-olmaması soruşulmuş, cavabdehdə şəkillərə baxmış və həmin evin iddiaçıya məxsus olan təmir etdiyi ev olmasını təsdiq etmişdir.” Ev hələ təmir olunmamışdan əvvəl iddiaçı X3 müraciət edərək aparılmış tamamlanmış və tamamlanmamış təmir işlərinə sərf olunan vəsaitin müəyyən edilməsini xahiş etmiş və həmin qiymətləndirmə təşkilatının 30 yanvar 2024-cü il tarixli, 04 saylı qiymətləndirmə rəyində göstərilmişdir: -Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 saylı mənzilin daxilində aparılmış tamamlanmış və tamamlanmamış təmir işlərinə sərf olunan vəsait 9102.90 manat (doqquz min bir yüz iki manat 90 qəpik) müəyyən etmişdir. Göründüyü kimi qiymətləndirmə təşkilatı mübahisəli ünvan 1 saylı mənzilin daxilində aparılmış tamamlanmış və tamamlanmamış təmir işlərinə sərf olunan vəsaitin 9102.90 manat müəyyən etmişdir. Müəyyən edilir ki, iddiaçının evin təmiri üçün cavabdehə vermiş olduğu pul vəsaiti 18500 manat təşkil etmişdir. Qiymətləndirici tərəfindən mənzilin daxilində aparılmış tamamlanmış və tamamlanmamış təmir işlərinə sərf olunan vəsait isə 9102.90 manat təşkil edir. Belə olduqda (18500-9102.90=9397.10) 9397.10 manat təşkil edir ki, bu rəqəm də iddia tələbində göstərilən məbləğlə eynilik təşkil edir. Yəni, birinci instansiya məhkəməsi cavabdehdən iddia tələbinə uyğun 9397 manat pulu tutmalı olduğu halda mübahisəli mənzilin təmir işlərinə sərf olunan vəsait olan 9102.90 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Lakin iddiaçı qətnamədən narazı qalmayaraq apellyasiya şikayəti vermədiyindən Apellyasiya Məhkəməsi cavabdehin apellyasiya şikayəti həddində araşdırma aparmışdır. Göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona muzd verilməməsi əsası ilə işləri dayandırdığını bildirmiş və müəyyən edilmiş əlavə müddətdə təmir işlərini görüb tamamlamamışdır. Cavabdehin işi tamamlamamasını görən iddiaçı sonradan evi təmir etdirmiş və MM-nin 765-ci maddəsinə uyğun olaraq (məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər) cavabdehə vermiş olduğu pulun qalığını ondan tələb etmişdir. Belə ki, yuxarıda şərh edilən maddi hüquq normasının məzmununa görə podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmçinin MM-nin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi cavabdeh iddiaçının sifarişini tamamilə yerinə yetirib yekunlaşdırdıqdan sonra əgər iddiaçı cavabdehə razılaşdırılmış muzdu ödəməzsə onda cavabdeh görülmüş işlərin dəyərini iddiaçıdan tələb edə bilərdi. Hazırda baxılan işdə isə vəziyyət əksinədir. Belə ki, burada iddiaçı razılaşdırılmış muzdu cavabdehə öncədən vermiş, lakin cavabdeh iddiaçının ona muzd verməməsini əsas tutaraq işi dayandırmış, təmir işləri tamamlanmadan saxlanılmışdır. Belə olduğu halda isə cavabdeh görülən təmir işlərini əlavə icra üçün müəyyənləşdirilmiş müddətdə qüsurları tamamilə aradan qaldırmadığından, iddiaçı (sifarişçi) müqavilədən imtina etmiş və iddiaçı özü evi təmir etdirmişdir. Buna görə də iddiaçı cavabdehdən görülməmiş təmir işləri üçün öncədən ödənilmiş məbləği tələb etməkdə haqlı olmuşdur. İşdə olan qiymətləndirici rəyində olan iş üzrə mübahisəli evin təmiri vəziyyətini əks etdirən fotoşəkillərdən görünür ki, həmin ev tam təmir edilməmişdir. Belə ki, kollegiyanın iclası zamanı cavabdeh qiymətləndirmə rəyində olan fotoşəkillərə baxaraq həmin evin iddiaçıya məxsus olan təmir etdiyi ev olmasını təsdiq etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 5000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(041)-779/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.