Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1670/2024 14.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin nümayəndəsi-vəkil Nümayəndə, Cavabdeh, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin Cavabdeh qarşı «zəbt edilmiş kəndarası yolun açılması» tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsindən iddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin sədri X13 və vəkil-Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 14 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsi Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş 8 metr eni, 40 metr uzunluğu olan hasarlanmış yolun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin sədri X13 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, kəndarası yollar bələdiyyə mülkiyyətindədir. Cavabdehin yaşadığı evin yaxınlığından keçən torpaq yol uzun illər kənd əhalisi tərəfindən gediş-gəliş yolu kimi istifadə olunub. Lakin hazırda cavabdehə məxsus evin yaxınlığından keçən, eni 8 metr, uzunluğu isə 40 metr olan yol sonuncu tərəfindən zəbt edilərək hasara alınıb. Halbuki həmin yoldan kənd əhalisi illər uzunu Kür çayına çıxış yolu kimi istifadə edib. Cavabdehə yolun açılması barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin ona 06 sentyabr 2022-ci il tarixində rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh ona edilmiş xəbərdarlıqlara baxmayaraq yolun açılmasını təmin etməyib. Cavabdeh yolun zəbt olunması barədə onun iştirakı ilə tərtib edilmiş akta imza etməkdən də imtina etmişdir. Qeyd edir ki, sözügedən yolun zəbt olunması kənd əhalisinin həmin yoldan normal istifadə etməsini əngəlləyir. Bu səbəbdən həmin yolun açılması zəruridir. Bələdiyyə sədri göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiada mübahisələndirilən ərazi, yəni uzunluğu 40 metr, eni isə 8 metr təşkil edən torpaq sahəsi «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən atası X3, anası X2 və onun (cavabdehin) mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində yerləşir. Ona görə də həmin ərazinin zəbt olunmasından söhbət gedə bilməz. Sadəcə olaraq mübahisələndirilən ərazi xeyli müddət ərzində açıq, yəni çəpərlənməmiş vəziyyətdə olub. Bu səbəbdən də kənd sakini X6 ailə üzvləri ilə birlikdə həmin sahədən gediş-gəliş yolu kimi istifadə edib. Başqa heç kəs bu ərazidən gediş-gəliş yolu kimi istifadə etməyib. Sonradan o (cavabdeh), ərazini çəpərləyib (ətrafına “setka” çəkib). Məhz bundan sonra X6 müxtəlif instansiyalara, o cümlədən Neftçala Rayon İcra Hakimiyyətinə və bələdiyyəyə şikayətlər etməyə başlamışdır. Halbuki, qeyd olunan sahənin istər bələdiyyəyə, istərsə də hər hansı başqa bir şəxsə heç bir aidiyyəti yoxdur. Bələdiyyənin məhkəməyə müraciətinin əsl məqsədi X5 şikayətlərinin qarşısını almaqdan ibarətdir. Cavabdeh həmçinin qeyd edir ki, ərazidə başqa gediş-gəliş yollarının mövcud olması səbəbindən göstərilən sahənin çəpərlənməsi heç kəsə maneə törətmir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Qədimov), iddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin Cavabdeh qarşı «zəbt edilmiş kəndarası yolun açılması» tələbinə dair iddiası rədd edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin sədri X13 və vəkil- Nümayəndə tərəfindən birgə apelyasiya şikayəti verilərək qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin sədri X13 və vəkil-nümayəndə Nəsirli X9 Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin nümayəndəsi-vəkil Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)- 11/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelllyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Üçüncü şəxs X6 apelllyasiya icraatı zamanı, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini və cavabdeh tərəfindən zəbt edilmiş yolun açılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin sədri X13 və vəkil- Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)- 11/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Tatarməhlə bələdiyyəsinin sədri X13, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə İƏDÜ nümayəndəsi X17, Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin üzvü X14 və Tatarməhlə kənd sakini X7 tərəfindən tərtib edilərək imzalanmış və üzərində tərtib edilmə tarixi göstərilməyən aktda aşağıdakılar qeyd olunur: «...uzun illər Kürboyu əraziyə çıxmaq üçün X6yla Cavabdeh yaşayış məntəqələri arasında olan yolu və ya küçəni halbuki Tatarməhlə bələdiyyəsinin mülkiyyətinə aid olan sahəni Cavabdeh qanunsuz zəbt edərək hasarla tutmuşdur». Qeyd olunur ki, həmin aktda Cavabdeh da adı göstərildiyinə baxmayaraq, akt cavabdeh tərəfindən imzalanmayıb. İş materiallarında olan Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin Cavabdeh ünvanladığı 06 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubu əlavə olunub. Həmin məktubda aşağıdakılar qeyd olunur: «Tatarməhlə bələdiyyəsi Sizə bildirir ki, Tatarməhlə kənd sakini X1 bələdiyyəsinə rəsmi olaraq ərizə ilə müraciət edərək bildirmişdir ki, onların küçəsi Siz tərəfindən zəbt olunaraq hasarlanmış və bağlanmışdır. Bununla bağlı həmən ərazini 2021-ci ildə Əmlak Müfəttişliyindən nümayəndələr gələrək, həmən ərazinin heç bir kəsə sənədlə aid olmadığından bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Bununla əlaqədar olaraq 15 gün müddətində həmin sahəni boşaldıb bələdiyyəyə təhvil verməyinizi xahiş edirik». İş materiallarında olan Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin 16 fevral 2023-cü il tarixli 04 nömrəli iclas protokolunun məzmunundan Tatarməhlə kənd sakini X5 şikayət ərizəsinin nəzərə alındığının; Tatarməhlə kənd sakini Cavabdeh qanunsuz zəbt edib hasarladığı torpaq sahəsini boşaldıb, hasarını söküb, torpağı əvvəlki vəziyyətinə qoyması və torpağın qanuni yolla alınması üçün bələdiyyəyə ərizə ilə müraciət etməsinin təklif olunmasının; zəbt etdiyi torpaq sahəsindən çıxmadığı halda toplanmış sənədlərin baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim ediləcəyinin Cavabdeh nəzərinə çatdırılmasının; həmçinin qərarın icrasına nəzarətin bələdiyyə sədrinə həvalə olunmasının qərara alındığı görünür. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə (JN- 092F; kod ********) müəyyən olunur ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 nömrəli qərarına əsasən 0,30 ha torpaq sahəsi (şəhadətnamədə torpaq sahəsinin cizgisi göstərilib) Neftçala rayonu, Tatarməhlə kənd sakinləri X3, X2 və Cavabdeh mülkiyyətinə ayrılıb. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən, ona əlavə edilmiş yerquruluşu planından, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 06 mart 2024-cü ildə verilmiş 3-16- 16/2-10/1272 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən zəbt olunduğu iddia edilən, eni 8 metr, uzunluğu 40 metr təşkil edən torpaq sahəsi (yuxarıda göstərilən sxemə (yerquruluşu planına) əsasən mübahisəli ərazinin faktik sahəsi 237 kv.m təşkil edir) Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş X8 X11 (TEKUİS) əsasən Cavabdeh istifadəsində olan, JN-092F nömrəli şəhadətnamə ilə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında olan mübahisə iddiaçının iddia etdiyi kimi, cavabdeh tərəfindən zəbt olunmuş kəndarası yolun zəbtdən azad olunmasından ibarətdir. İddiaçının iddia tələbindən müəyyən edilir ki, kəndarası yollar bələdiyyə mülkiyyətindədir. Cavabdehin yaşadığı evin yaxınlığından keçən torpaq yol uzun illər kənd əhalisi tərəfindən gediş-gəliş yolu kimi istifadə olunub. Lakin hazırda cavabdehə məxsus evin yaxınlığından keçən, eni 8 metr, uzunluğu isə 40 metr olan yol sonuncu tərəfindən zəbt edilərək hasara alınıb. Halbuki həmin yoldan kənd əhalisi illər uzunu Kür çayına çıxış yolu kimi istifadə edib. Cavabdehə yolun açılması barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin ona 06 sentyabr 2022-ci il tarixində rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh ona edilmiş xəbərdarlıqlara baxmayaraq yolun açılmasını təmin etməyib. Cavabdeh yolun zəbt olunması barədə onun iştirakı ilə tərtib edilmiş akta imza etməkdən də imtina etmişdir. Qeyd edir ki, sözügedən yolun zəbt olunması kənd əhalisinin həmin yoldan normal istifadə etməsini əngəlləyir. Bu səbəbdən həmin yolun açılması zəruridir. Bələdiyyə sədri göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, iddiada mübahisələndirilən ərazi, yəni uzunluğu 40 metr, eni isə 8 metr təşkil edən torpaq sahəsi «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən atası X3, anası X2 və onun (cavabdehin) mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində yerləşir. Ona görə də həmin ərazinin zəbt olunmasından söhbət gedə bilməz. Sadəcə olaraq mübahisələndirilən ərazi xeyli müddət ərzində açıq, yəni çəpərlənməmiş vəziyyətdə olub. Bu səbəbdən də kənd sakini X6 ailə üzvləri ilə birlikdə həmin sahədən gediş-gəliş yolu kimi istifadə edib. Başqa heç kəs bu ərazidən gediş-gəliş yolu kimi istifadə etməyib. Sonradan o (cavabdeh), ərazini çəpərləyib (ətrafına “setka” çəkib). Məhz bundan sonra X6 müxtəlif instansiyalara, o cümlədən Neftçala Rayon İcra Hakimiyyətinə və bələdiyyəyə şikayətlər etməyə başlamışdır. Halbuki, qeyd olunan sahənin istər bələdiyyəyə, istərsə də hər hansı başqa bir şəxsə heç bir aidiyyəti yoxdur. Bələdiyyənin məhkəməyə müraciətinin əsl məqsədi X5 şikayətlərinin qarşısını almaqdan ibarətdir. Cavabdeh həmçinin qeyd edir ki, ərazidə başqa gediş-gəliş yollarının mövcud olması səbəbindən göstərilən sahənin çəpərlənməsi heç kəsə maneə törətmir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Kollegiya qeyd edir ki, iddiaçı Tatarməhlə bələdiyyəsi kəndarası yolların bələdiyyə mülkiyyətində olduğunu, cavabdehin yaşadığı evin yaxınlığından keçən torpaq yolun uzun illər kənd əhalisi tərəfindən gediş-gəliş yolu kimi istifadə olunduğunu, hazırda cavabdehə məxsus evin yaxınlığından keçən, eni 8 metr, uzunluğu isə 40 metr olan yol sonuncu tərəfindən zəbt edilərək hasara alındığını iddia edərək həmin yolun zəbtdən azad edilməsini tələb edir. Cavabdeh iddia tələbinə etirazından müəyyən edilir ki, uzunluğu 40 metr, eni isə 8 metr təşkil edən torpaq sahəsi «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən atası X3, anası X2 və onun (cavabdehin) mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində yerləşir. İş materiallarından da görünür ki, iddiaçı Tatarməhlə bələdiyyəsinin iddia etdiyi kəndarası yol, yəni eni 8 metr, uzunluğu 40 metr təşkil edən torpaq sahəsi (yuxarıda göstərilən sxemə (yerquruluşu planına) əsasən mübahisəli ərazinin faktik sahəsi 237 kv.m təşkil edir) Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş X8 X11 (TEKUİS) əsasən Cavabdeh istifadəsində olan, JN-092F nömrəli şəhadətnamə ilə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsi işin mübahisəsiz halıdır. Bu hal yuxarıda qeyd edilən ekspert və mütəxəssis rəyləri ilə də təsdiq edilir. Belə olan halda iddiaçı Tatarməhlə bələdiyyəsi onun mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı gediş-gəliş yolunun zəbtdən azad edilməsi ilə bağlı iddia qaldırmaq hüququna malikdirmi? Bu məsələ ilə bağlı kollegiya mövqeyini aşağıdakı formada ifadə edir. Əvvəla qeyd edilməlidir ki, iddiaçı Tatarməhlə bələdiyyəsinin kəndarası yol olduğunu iddia etdiyi sahəsi eni 8 metr, uzunluğu 40 metr olan mübahisəli ərazinin istifadədən azad edilməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, Tatarməhlə bələdiyyəsinin oğlunun iddia etdiyi və mübahisə predmeti olan eni 8 metr, uzunluğu 40 metr təşkil edən mübahisəli ərazi JN-092F nömrəli şəhadətnamə ilə cavabdehin mülkiyyətində istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Bu hal iş materiallarında olan mütəxəssis, habelə ekspert rəyi ilə də öz təsdiqini tapır. Həmin torpaq sahəsinin iddiaçının sahibliyində və ya istifadəsində olması ilə bağlı ümumiyyətlə iş materiallarında hər hansı sübut mövcud deyildir. İddiaçı isə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmir, cavabdehdə izahatında həmin ərazinin ailə üzvlərinin mülkiyyətində olduğunu bildirir. Halbuki Mülki Məcəllənin 146-cı maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin eyni Məcəllənin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Göründüyü kimi qanunvericilikdə “zəbt” torpaq sahələrinə münasibətdə subyektlərə hər hansı hüquqlar verilməmişdir. Belə olan halda isə mübahisələndirilən və cavabdeh tərəfindən maneələr yaradıldığı iddia edilə torpaq sahəsində iddiaçının, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinin irəli sürməyə subyektiv hüququnun olması xüsusi əhəmiyyət kəsb etmişdir. İkincisi iddiaçının cavabdehə qarşı iddia tələbində məqsədi kəndarası yol kimi göstərdiyi gediş-gəliş yolu kimi nəzərdə tutulan yolun açılmasını təmin etməkdir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, iddiaçının iddia etdiyi həmin ərazi elektron baza məlumatlarına görə məhz elə cavabdehin mülkiyyətində olan (kollegiya onu da nəzərdən qaçırmır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarını pozan qətnamə qəbul etmədiyindən həmin şəxsin üçüncü şəxs kimi işə qoşulmasına zərurət görməmişdir) ərazidir və cavabdehin torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu isə onu deməyə əsas verir ki, nəinki iddiaçı, ümumiyyətlə heç kəs başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi ilə bağlı iddia qaldırmağa haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Üçüncüsü iddiaçı və ya üçüncü şəxs əgər iddia edirsə kənd camaatının getməsi üçün başqa alternativ yolu yoxdur (cavabdeh alternativ yolu olduğunu bildirir) bununla bağlı iddiaçı və ya üçüncü şəxs cavabdehə qarşı servitut qaydasında (gediş-gəliş yolundan istifadə) istifadə hüququnun verilməsi ilə bağlı tələb irəli sürməlidir. Belə ki, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Yalnız bu halda iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququn olması kimi qəbul edilə bilər. Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçının nümayəndəsi və vəkili təkrar məhkəmə mühəndis texniki ekspertizasının ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş və eyni zamanda "xxxx" MMC tərəfindən verilmiş ekspert barədə rəyi məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş etmişdir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı və nümayəndəsi birinci instansiya məhkəmə baxışı iclasında iştirak edərək əldə edilmiş ekspert rəyini mübahisələndirməmişdir. Göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsindən (birinci instansiya məhkəməsində verilməli olan) vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Neftçala rayonu, Tatarməhlə bələdiyyəsinin sədri X13 və vəkil-Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1670/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1670/2024
14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver