Məhkəmə qərarları › İş №2(106)-1676/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1676/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1676/2023 11.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı şərəf ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)660/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən “Facebook” internet portalının “Şirvan şəhəri” səhifəsində "xxxx" MMC-nin ünvanına şəxsiyyəti onlara məlum olmayan “Roşka Bayram” adlı istifadəçi ilə yazışmada “bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz.ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələr yazaraq, həqiqətə uyğun olmayan məlumatlar paylaşmaqla, onun və Şirkətinin işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndiirlməklə, həmin yazıların təkzib edilməsini, ondan üzr istəməsini və ona vurulmuş mənəvi zərərin əvəzində 10.000 manat və ödənilmiş dövlət rüsumu əvəzi pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC 25 oktyabr 2002-ci il tarixdən 0602A1-191 saylı şəhadətnamə əsasında qəbul etdiyi Nizamnaməyə uyğun olaraq ərzaqlıq toyuq yumurtası istehsalçısı kimi fəaliyyət göstərir. Fəaliyyəti dövründə Şirkət istehsal etdiyi məhsulun satışını daxili və xarici bazarlarda təşkil etmiş, satılan məhsulun keyfiyyəti ilə bağlı hər hansı bir nöqsan və irad ünvana daxil olmamış, əksinə olaraq istehsal edilən məhsul bütün normativlərə cavab verən yüksək keyliyyətli məhsul kimi istehlakçılar tərəfindən bəyənilmiş və bazarda öz yerini tutmuşdur. Şirkətdə 399 nəfərdən çox işçi çalışır. Şirkət Kənd təsərrüfatı təyinatlı sahə olduğu üçün həftənin 6 günün işləyir, iş vaxtı saat 08 radələrindən başlayır, 16 radələrində sona çatır. İşçilərin işə gedib gəlməsi şirkətə məxsus nəqliyyat vasitələrilə həyata keçirilir. İşçilər hər gün bir dəfə, növbədə olanlar isə 3 dəfə isti yeməklə təmin olunur. Şirkət Respublikanın ərzaqlıq toyuq yumurtasına olan tələbatının 40%-ni təmin edir, bununla yanaşı Ölkənin Müdafiə Nazirliyinin, Sərhəd xidmətinin və Daxili qoşun hissələrinin şəxsi heyətini ərzaqlıq toyuq yumurtası ilə təmin edir. Şirkətin iş rejimi qaydalarına görə işçilər tərəfindən hər hansı bir iradlar dövlət orqanlarına və şirkət rəhbərliyinə daxil olmamışdır. Şirvan şəhər sakini Cavabdeh 2016- cı ildən 2022-ci ilə qədər şirkətin avtomobil təsərrüfatında mexanik vəzifəsində çalışmış, öz xahişi ilə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən xaric edilmişdir. İlham Qasmov “Facebook” internet portalında yayımlanan “Şirvan şəhəri” səhifəsində "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirən həqiqəti əks etdirməyən yazılar dərc edərək, şəxsiyyəti onlara məlum olmayan “Roşka Bayram” adlı istifadəçi ilə yazışmada “bəli Quşçuluqda çox çətin iş refimidir, düz söhbət, Birini mən yazım “Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz.ayın 30 günü 14 saat iş rejimi” kimi yazılar dərc edərək şirkətin işgüzaq nüfuzuna xələl gətirmiş və bu hərəkətləri ilə şərəf və ləyaqətinin alçaltmışdır. Cavabdeh yazısına cavab olaruq şəxsiyyəti onlara məlum olmayan “Səbuhi Sayetə”adlı istitadəçi də “nə yaxşı oldu ki, bunu təsadüfi oxudum, məndə ora iş üçün müraciət etmək istəyirdim, ümumiyyətlə orda vəziyyət necədir siz orda işləmisiz?” kimi sözlər yazmışdır. Buradan göründüyü kimi həmin şəxsdə şirkətə iş üçün müruciət etmək istəmiş, lakin Cavabdeh həqiqətə uyğun olmayan yazılarına inanıb öz fikrindən daşınmış və insanlarda şirkətə qarşı çox mənfi bir fikir oyanmış və bu hal həm də şirkət üçün antireklam xarakterlidir. Cavabdeh bu hərəkətləri şirkətin təsisçisi və icraçı direktoru kimi ona çox pis təsir etmiş, bunu oxuyan və onu tanıyan insanlar zəng edərək belə bir halın doğurdan da olub-olmamasını soruşduqda bundan çox sarsıntı keçirmiş və hər bir kəsə izah edib şirkətdə belə bir halın olmadığını, İlhamın işdən çıxdığı üçün bunu qərəzli şəkildə edərək şirkətin imicinə xələl gətirmək məqsədilə etməsini desə də kimisə inandıra, kimisə də inandıra bilməmişdir. Onun bu kimi hərəktlərinə görə son vaxtlar şirkətə işçi axını da azalmış, işçilər arasında mənəvi ruh düşgünlüyü yaranmışdır. Şirkət yumurta istehsalçısıdır. Burada işin 50-60 % avtomatlaşdırılmış, əl əməyi isə olduqca çox yüngül görülən işlərdir. İşin əsas mahiyyəti yumurtanı kasetlərə yığıb qutularda qablaşdırmaqdan ibarət olduğu halda burada hansı çətin iş rejimindən söhbət gedə bilər. Tarix boyu hazırda da toyuq-cücə ilə qadınlar məşğul olmuşdur. İşçi kontinqentinin əsasını da elə qadınlar təşkil edir. Əgər iş rejimi burada çətin olsaydı, yəqin qadınlar bura iş üçün gəlib müraciət etməzdilər. Eyni zamanda, Cavabdeh 2016-cı il tarixdən 2022-ci il tarixə kimi Şirkətdə mexanik vəzifəsində çalışmışdır. Əgər şirkətdə iş refimi onun dediyi kimi alçaldısı bir formada olmuş olsaydı necə ola bilərdi ki, onun kimi bir ali təhsilli insan alçaldıcı bir yerdə 6 il davamlı olaraq işləmiş olsun. Beləliklə, cavabdehdən səhvini etiraf edərək yazdığı məlumatları təkzib etmək, həmçinin onun tərəfindən yazılan əsassız yazılara görə insan olaraq çəkdiyi mənəvi, psixoloji əzab hissləri, narahatçılıq, həmin yazını oxuyan insanlar tərəfindən onun və şirkəti barədə yaranan fikirlərə görə əsəb gərginliyi keçirməyi, vaxtını şirkətin inkişafına sərf etmək əvəzinə boş şeylərə sərf etməyə məcbur olduğundan vurulmuş zərər tələbidir. Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)660/2023 saylı qətnaməsi (hakim S.Məmmədova) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində “Şirvan şəhəri” profilində paylaşdığı “bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələr həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, Cavabdeh tərəfindən yayılan məlumatlarla əlaqədar “Facebook” sosial şəbəkəsində eyni profildə, yəni “Şirvan şəhəri” profilində təkzib verilsin, təkzib qətnamə qanuni qüvvəyə mindikdən sonra 15 (on beş) gün müddətində verilməsi, qalan hissədə iddia təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 03 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1676/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 11 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)660/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, apellyasiya şikayəti elektron qaydada verilmişdir. İş materiallarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı təşkilat elektron sistemə həm apellyasiya şikayətinin kağız formada tərtib edilmiş surətini, həm də elektron apellyasiya şikayətini əlavə etmişdir. Kollegiya kağız formada tərtib edilmiş apellyasiya şikayətinin surətinə münasibətdə bildirir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olsa da, apellyasiya şikayətini nümayəndə qismində qeyd edilmiş Nümayəndə imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru tərəfindən Yavər Abbasova etibarnamə verilsə də, etibarnamədə, məhkəmə aktından şikayət verilməsi nəzərdə tutulmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində qeyd edilmişdir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Təqdim edilmiş etibarnamədə isə belə bir səlahiyyətin verilməsi qeyd olunmamışdır. Elekton formada verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya şikayəti ümumiyyətlə MPM-nin 361-cı maddəsinin tələblərinə cavab vermir. Belə ki, şikayətdə apellyasiya şikayəti verən şəxs göstərilməmişdir. Bundan əlavə apellyasiya şikayəti verən şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən nə üçün narazı olduğunu əsaslandırmamış, maddi və prosessual hüquq pozuntularının nədən ibarət olması göstərilməmişdir. Sonda qeyd olunmalıdır ki, apellyasiya şikayəti iddiaçı "xxxx" MMC-nin icraçı direktoru Babaşov Nemət Adışirin oğlu tərəfindən elektron imza vasitəsilə imzalanmışdır. Lakin yuxarıda qeyd olunan kağız formada tərtib olunmuş şikayət nümayəndə tərəfindən imzalanmış, elektron formadakı şikayətdə isə "İmzalayan şəxs: Nümayəndə - İddiaçı (**********)" göstərilmişdir. Göründüyü kimi apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmayaraq tərtib edilmiş, apellyasiya şikayəti onu verməyə hüququ olan şəxs tərəfindən verilməmişdir. Birinci instasniya məhkəməsi qeyd olunanları müzakirə etmədən apellyasiya şikayətini qəbul edərək apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)660/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar