Məhkəmə qərarları › İş №2(106)-1684/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1684/2022

18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1684/2022 18.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Cavabdeh Balahüseyn qızına qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan şəhər məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(032)-49/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Balahüseyn qızı ilə X19 arasında olmuş razılaşma əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsinin alqı-satqısına görə X19 tərəfindən Cavabdeh Balahüseyn qızına verilmiş 800 (səkkiz yüz) ABŞ dollarının ötən 16 illik müddətə münasibətdə indeksləşdirilməklə ödəniləcək günə manata məzənnəsinin, torpaq sahəsində inşa edilmiş fərdi tikilinin tikintisinə xərclənmiş pulların əvəzi olaraq tikilinin bu günkü bazar qiyməti həcmində pulun, cavabdehin ona və ailəsinə qarşı yol verdiyi haqsızlıqları səbəbindən keçirdiyi iztirablar nəticəsində 50000 (əlli min) manat dəyərləndirilməklə mənəvi zərərin əvəzinin və dövlət rüsumu olaraq ödədiyi 30 manatın Cavabdeh Balahüseyn qızından alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 oktyabr 2010-cu il tarixdə qan dövranı çatışmazlığından vəfat etmiş əri X19 ilə Cavabdeh Balahüseyn qızı arasında 2005-ci ilin ortalarında (yazılı sənədlərdə 24 avqust 2005-ci il tarixi göstərilir) razılaşma olmuş və həmin razılaşmaya əsasən cavabdeh Əli Bayramlı (indiki Şirvan) X18 (XDS) İcraiyyə Komitəsinin (İK) 30 sentyabr 1991-ci il tarixli, 349 saylı qərarı ilə ona ayrılmış ünvan 2 ünvanında yerləşən ümumi sayəsi 600 kv.metr olan torpaq sahəsini özünün razılaşdığı qiymətə yəni, 800 (səkkiz yüz) ABŞ dollarına satmışdır.Həmin vaxt torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün və XDS-in qərarı ilə alqı-satqı əməliyyatının aparılması mümkünsüz olduğundan cavabdehlə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması mümkün olmamışdır.Lakin, cavabdeh bu razılamaya dair öz imzası ilə təsdiq etdiyi yazılı sənədlərini verib ki, həmin yazılı sənədlərdən (əqdlərdən) birində, dövlət torpaq və xəritəçəkmə komitəsinə imzalayaraq ünvanlandığı ərizəsində cavabdeh bildirir ki, “ünvan 2 ünvanında yerləşən, fərdi ev tikmək üçün ona ayrılmış, ümumi sayəsi 600 kv.metr olan torpaq sahəsini özünün ev tikmək imkanı olmadığı üçün X12 adına özəlləşdirilməsini xahiş edib və adına verilmiş sənədləri ərizəsinə əlavə edib.“Digər yazılı əqddə (rus dilində) əlyazması ilə X14 münasibətdə bildirir ki, “o, ünvan 2 ünvanında yerləşən, fərdi ev tikmək üçün ona ayrılmış, ümumi sayəsi 600 kv.metr olan torpaq sahəsini, 10 ildir ki, işsiz olduğundan özünün ev tikmək imkanı olmadığı üçün X2 (verirəm) və bunun müqabilində də ondan 800 (səkkiz yüz) ABŞ-ı dolları alıram.Həmin yazılı ərizədə aldığı pul əskinaslarının nömrələridə qeyd olunub və sonda da öz imzası ilə həmin yazılı əqdi təsdiq edib.“Cavabdehlə sözügedən torpaq sahəsinin alqı-satqısına yazılı razılaşmadan sonra onlar həmin torpaq sahəsində fərdi evin tikintisini aparmış və tikinti başa çatdıqdan sonra ora köçüb həmin evə daimi pasport qeydiyyatına alınmaqla yaşamış və hazırda da ailəliklə yaşayırlar.Ərinin vəfatından sonra cavabdeh müxtəlif bəhanələrlə torpaq sahəsinin adlarına sənədləşdirilməsi üçün müvafiq işlərin (torpağı ada keçirmək, alqı-satqı əməliyyatına sənədləri hazırlamaq və sair) görülməsini gecikdirdiyindən və onlara də bu işləri görə bilmələri üçün etibarnamə vermədiyindən torpaq sahəsini sənədləşdirmək mümkünsüz olub.Həmin dövrdə onun valideynləri mövcud vəziyyətlə əlaqədar İcra Hakimiyyətinə müraciət edərək əldə olan sənədləri və cavabdehin şəxsi imzası ilə onlarda olan ərizələrini təqdim edib torpaq sahəsinin adlarına özəlləşdirilməsində onlara köməklik göstərilməsini xahiş etmişlər.İcra Hakimiyyəti tərəfindən də onlara köməklik olaraq, torpaq sahəsinin anasının adına ayrılması barədə sərəncam verilmışdır.Həmin sərəncam əsasında da sonradan torpaq sahəsi üzərindəki tikili ilə anasının adına dövlət reyestrində qeydiyyata alınmışıdır.Bundan sonra anası X15 bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsini üzərindəki tikili ilə birlikdə onun adına və mülkiyyətinə keçirmışdır. Bütün bu göstərilənlər həyata keçdikdən sonra cavabdeh anasına qarşı müxtəlif iddialarla inzibati və ümumi məhkəmələrdə mübahisələr qaldırmış və həmin mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları ilə torpaq sahəsinə dair anasının adına verilmiş sərəncam ləğv edilmiş, eləcə də dövlət reyestrində adına aparılmış qeydiyyatlar silinmişdir.Bundan sonra Cavabdeh Balahüseyn qızının anasına qarşı “torpaq sahəsinin boşaldılaraq ona qaytarılması və sair tələblərə dair” iddia ərizəsi Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı qətnaməsi ilə təmin edilməsə də onun həmin qətnamədən verdiyi apelyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-32/2018 saylı iş üzrə baxılmış və Cavabdeh şikayəti təmin olunaraq 25 sentyabr 2018-ci il tarixli qətnamə ilə Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə 25 sentyabr 2018-ci il tarixli qətnamə qəbul edilərək həmin iş üzrə cavabdeh olan anasının sözügedən torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin anası tərəfindən boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir.Həmin mübahisəli məsələyə məhkəmədə baxılarkən məhkəmənin müəyyən etdiyi hallardan biri məhz Cavabdeh özünün etirafıdır ki, bu barədə məhkəmə qətnaməsində bildirilir ki, “iddiaçı Cavabdeh Balahüseyn qızı iddianı müdafiə edərək izahatında qeyd etmişdir ki, ayrılmış torpaq sahəsində tikinti işləri aparmağa imkanı olmadığından vətəndaş X14 800 ABŞ dollara satmış, lakin "indiki zamanda anlamışdır ki, səhvə yol vermişdir” odur ki, torpağını geri qaytarmaq fikrindədir.“Cavabdehin onlara satdığı torpağı geri istəməsi və onun bu istəyinə məhkəmələrin haqq qazandırması, ona o tələb hüququnu verir ki, torpaq sahəsinin alınmasına görə cavabdehə verdikləri pullar, həmin torpaqda tikilmiş evin tikinti xərcləri əvəzi, eləcə də bütün dəymiş maddi və mənəvi zərərlər cavabdehdən alınıb ona verilməlidir.Tələb hüququna gəldikdə yəni subyektiv hüququn olması baxımından əvvəla o cavabdehə pulun verən tərəf kimi iştirak etmiş, eləcə də cavabdehlə birbaşa müqavilə tərəfi olan şəxsin, yəni vəfat etmiş X12 arvadı, uşaqlarının anası olaraq hazırkı tələbdən çıxış edə bilər və bu qanuna müvafiqdir.Bundan başqa o cavabdehə verilən pulun, aparılmış tikinti xərclərinin 1/2 hissəsinin birbaşa mülkiyyətçisidir.Belə ki, həmin məbləğlər nikah dövrü əldə olunan pullardır ki, qanuna görə həmin nikah dövrü qazanılmış pulların ən azından 1/2 hissəsi onun payına düşür.Qəbul edilmiş qətnamələrlə də müəyyən olunub ki, cavabdeh torpağı məhz onlara 800 ABŞ dollarına satmışdır.Eləcə də cavabdehin öz əli ilə yazdığı qəbzlərdə onun qeyd olunan torpaq sahəsini onlara 800 ABŞ dollarına satması təsdiq olunur.Deməli cavabdeh torpağı geri tələb edirsə o halda onlardan aldığı 800 ABŞ dolları indeksləşdirilməklə cavabdehdən alınıb onlara verilməlidir.Eləcə də həmin torpaqda inşa edilmiş ev onunla razılaşmadan sonra tikildiyindən və həmin torpaqda yerləşdiyindən onun bu günkü bazar qiymətinə uyğun dəyəri də cavabdehdən alınıb onlara qaytarılmalıdır. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh Balahüseyn qızı ilə X19 arasında olmuş razılaşma əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsinin alqı-satqısına görə X19 tərəfindən Cavabdeh Balahüseyn qızına verilmiş 800 (səkkiz yüz) ABŞ dollarının ötən 16 illik müddətə münasibətdə indeksləşdirilməklə ödəniləcək günə manat məzənnəsi ilə geri alınmasını, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dəyəri 55000 (əlli beş min) manat məbləğində pulun, cavabdehin ona və ailəsinə qarşı yol verdiyi haqsızlıqları səbəbindən keçirdiyi iztirablar nəticəsində 50000 (əlli min) manat dəyərləndirilməklə mənəvi zərərin əvəzinin və dövlət rüsumu olaraq ödədiyi 30 manatın Cavabdeh Balahüseyn qızından alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. b) Şirvan şəhər məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(032)-49/2022 saylı qətnaməsi ilə (sədrlik edən E.Qurbanov) iddia qismən təmin edilərək Cavabdeh Balahüseyn qızından 800 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə hesablanaraq alınıb İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərcləri cavabdehə aid edilərək Cavabdeh Balahüseyn qızından dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdehin iddia ərizəsində qeyd etdiyi hərəkətləri nəticəsində uzun müddət baş vermiş məhkəmə proseslərindən əsəb gərginliyi keçirmişdir, psixi xəstəliyə tutulmuşdur, “Şizofreniya əlamətləri olmadan kəskin polimart psixotik pozuntu” xəstəlik diaqnozu ilə Şirvan mərkəzi xəstəxanasının ruhi-əsəb kabinetində qeydiyyatdadır, xəstənini tibbi kartasından çıxarışda xəstəliyinin yaranmasına əsas səbəb kimi 2017-ci ildən yaranmış stresslərlə əlaqədar davranışında dəyişikliklər yarandığı qeyd edilmişdir (xəstəlik sənədlərini iş materillarına əlavə edilməsi üçün təqdim etmişdir). İnşa etdikləri fərdi yaşayış evinin real bazar dəyəri barədə həm də, xəstəlik sənədlərini məhkəməyə təqdim etsələr də, məhkəmə qəbul etdiyi qətnamənin sübutlar hissəsində həmin sənədlərin mövcudluğu barədə qətnamədə qeyd etməmişdir. Apelyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(032)- 49/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. a)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini Şirvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının vəkilinə, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir, gəlməmələrinin üzürlü səbəbləri barədə bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən iddiaçının vəkilinin, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apelyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(032)- 49/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə qismən mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən Şirvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(032)-49/2022 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən hüquqi mövqeyini işin faktiki və hüquqi hallarına uyğun olaraq aşağıdakı kimi əsaslandırmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X3 (Əsədova) Pərvanə Seyfəddin qızı ilə 20 aprel 2005-ci il tarixdə nikahlarını bağlamışlar. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X19 17 oktyabr 2010cu il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş əlavə edilmiş Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 12 nömrəli qərarından görünür ki, Cavabdeh Balahüseyn qızına Əli-Bayramlı şəhərində Heyranxanım küçəsi 11 nömrəli sahədə torpaq sahəsinin ayrılması, həmin sahədə yaşayış sahəsi 90 kv.metr, yardımçı sahəsi 35 kv.metr və eyvan hissəsi 18 kv.metr olan fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. İş əlavə edilmiş Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)- 1454/2016 saylı (qətnamədə səhvən 2015-ci il kimi qeyd olunmuşdur) qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Balahüseyn qızının cavabdeh X9 qarşı ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018 il tarixli, 2(106)- 32/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Balahüseyn qızının apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)- 1454/2016 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, cavabdeh X8 ünvan 4 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh Balahüseyn qızına təhvil verilməsi qət edilmişdir. İş əlavə edilmiş Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)- 3218/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Balahüseyn qızının cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi, Şirvan şəhər Notariat Kontoru, X9 və İddiaçı qarşı dövlət reyestrindən çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış, eləcədə X15 ilə cavabdeh İddiaçı arasında bağlanmış 14 iyul 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, həmin müqavilə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. İş əlavə edilmiş Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-753/2018 saylı qətnaməsindən görünür ki, Şirvan şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)- 3218/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Şirvan şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)- 1589/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Balahüseyn qızının cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı Cavabdeh Balahüseyn qızına Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 349 nömrəli qərarına əsasən Şirvan şəhəri, Heyranxanım küçəsi 11 nömrəli sahədə ayrılmış torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)- 977/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-1589/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)- 702/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Əsədov Hüseyn Paşa oğlunun Cavabdeh Balahüseyn qızına qarşı torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin bağlanmış hesab edilməsi, pulun alınması, xüsusi qərarın çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)- 2576/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Əsədov Hüseyn Paşa oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)-702/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28.11. 2019-cu il tarixli 2(102)-7384/2019 saylı qərarından görünür ki, iddiaçı Əsədov Hüseyn Paşa oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2576/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş 24 avqust 2005-ci il tarixli qəbzdən görünür ki, Atakişiyeva X5 şəhəri Heyrəxanım küçəsi 11 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üçün X10 800 ABŞ dolları almışdır. İşə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 28 sentyabr 2012-ci il tarixli şəhadətnamədən görünür ki, 17 oktyabr 2010-cu ildə vəfat etmiş X12 arvadı İddiaçı, oğlu X20 və qızı X17 vərəsələridir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Cavabdeh Balahüseyn qızı tərəfindən X10 24 avqust 2005-ci il tarixdə 800 ABŞ dolları məbləğində pul alması təsdiq olunmuşdur, Cavabdeh Balahüseyn qızı hüquqi əsas olmadan X12 hesabına 800 ABŞ dolları məbləğində pul əldə etdiyindən əsassız varlanan şəxs hesab edilmiş və ona görə də vəfat etmiş X12 arvadı İddiaçı 800 ABŞ dolları məbləğində pulun qaytarılması tələbini irəli sürmək hüququna malik olmuşdur. Həmçinin iddia tələbinin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dəyəri 55000 (əlli beş min) manat və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat məbləğində pulun Cavabdeh Balahüseyn qızından alınaraq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün olaraq təmin etməmişdir və məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni işin faktiki və hüquqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası Cavabdeh Balahüseyn qızının ünvan 3 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikili ilə bağlı mülki qanunvericiliyin prinsiplərinə görə mülki vəzifələr doğuran hərəkətlərə yol vermədiyindən İddiaçı cavabdehə qarşı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dəyəri 55000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun Cavabdeh Balahüseyn qızından alınaraq iddiaçıya ödənilməsi hissədə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsinin tələblərinə əsasən iddiaçı tərəfə dəlillərinin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq üçün əlavə sübutların təqdim edilməsi təklif edilməsinə baxmayaraq bu barədə məhkəməyə sübutları olmadığı üçün təqdim edə bilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanan şəxs) sayılır ki,hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki,bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki,bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdehin iddia ərizəsində qeyd etdiyi hərəkətləri nəticəsində uzun müddət baş vermiş məhkəmə proseslərindən əsəb gərginliyi keçirmişdir, psixi xəstəliyə tutulmuşdur, “Şizofreniya əlamətləri olmadan kəskin polimart psixotik pozuntu” xəstəlik diaqnozu ilə Şirvan mərkəzi xəstəxanasının ruhi-əsəb kabinetində qeydiyyatdadır, xəstənini tibbi kartasından çıxarışda xəstəliyinin yaranmasına əsas səbəb kimi 2017-ci ildən yaranmış stresslərlə əlaqədar davranışında dəyişikliklər yarandığı qeyd edilmişdir.İnşa etdikləri fərdi yaşayış evinin real bazar dəyəri barədə, həm də xəstəlik sənədlərini məhkəməyə təqdim etsələr də, məhkəmə qəbul etdiyi qətnamənin sübutlar hissəsində həmin sənədlərin mövcudluğu barədə qətnamədə qeyd etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini iş materilları üzrə araşdıraraq hüquqi qiymət verərək bildirir ki, Cavabdeh Balahüseyn qızının ünvan 3 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı mülki qanunvericiliyin prinsiplərinə görə mülki vəzifələr doğuran hərəkətlərə yol vermədiyindən cavabdehin hərəkətləri nəticəsində, uzun müddət baş vermiş məhkəmə proseslərindən əsəb gərginliyi keçirməsi, psixi xəstəliyə tutulması işin faktiki və hüquqi hallarına uyğun olmadığı üçün əsassız hesab edilmişdir. İş materiallarında olan Şirvan ŞMP-in tibbi arayışından görünür ki, İddiaçı Şirvan ŞMP-nın ruhu əsəb kabinetində DZ-kəskin psixatik hal diaqnozu ilə qeydiyyatdadır.İşdə olan xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X7 xx.xx.2018-ci il-xx.xx.2018-ci il tarix üzrə ambulatoriya üzrə, şizofreniya əlamətləri olmadan kəskin polimart psixoatik pozuntu diaqnozu ilə ambulator müalicə olunmuşdur. Məhkəmə kollegiyası tədqiq edilən tibbi sənədləri digər sübutlarla əlaqəli şəkildə araşdırıb iddia tələbinin mənəvi zərərə görə pul tələbinin təmin edilməsi baxımından sübut növü kimi qəbul etməmişdir. Bu baxımdan da inşa etdikləri fərdi yaşayış evinin real bazar dəyəri barədə, həm də xəstəlik sənədlərini məhkəməyə təqdim etsələr də, məhkəmə qəbul etdiyi qətnamənin sübutlar hissəsində həmin sənədlərin mövcudluğu barədə qətnamədə qeyd etməməsi barədə də dəlilləri iddia tələbinin apellyasiya şikayəti həddində təmin edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir.Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür.Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür.Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir.Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(032)-49/2022 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar