Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1708/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq müəyyənetdi: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-162/2024 saylı, 24 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 700 (yeddi yüz) AZN məbləğində əsas borcun, illik 5 % olmaqla, 105 (yüz beş) AZN məbləğində faiz borcunun və ümumilikdə 805 (səkkiz yüz beş) AZN məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, eləcə də mülki işdə olan 1 (bir) ədəd “səs yazısına dair “CD” disk”in mülki işin materiallarının saxlanma müddəti ərzində məhkəmədə (işdə) saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-162/2024 saylı, 01 avqust 2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh yenidən apellyasiya şikayəti vermiş və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-162/2024 saylı, 23 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə Cavabdeh Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-162/2024 saylı, 24 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilmişdir. Qərardaddan Cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 02 oktyabr 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-162/2024 saylı, 24 may 2024-cü il tarixli qətnaməsinin surəti poçt vasitəsilə tərəflərin ünvanına göndərilmiş, Cavabdeh qətnamənin surətini xx.xx.2024-cü il tarixdə xəbərnaməyə şəxsən imza etməklə əldə etmişdir. Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-162/2024 saylı, 01 avqust 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh yenidən dərhal birinci instansiya məhkəməsi qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən, ona əsaslanmışdır ki, cavabdeh əvvəlcədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş qaydada təqdim etməli idi, lakin o, apellyasiya şikayətini nöqsanları aradan qaldırdıqdan sonra təqdim etsə də müddəti ötürmüşdür. Cavabdehin qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh uzun müddət vaxt keçdikdən sonra Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini verməkdə əsas məqsədi icra vərəqəsinin icrasını təmin etməmək və icra prosesini yubandırmaqdır. Bu səbəbdən də məhkəmə cavabdehin 24 may 2024-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsini hüququndan suiistifadə kimi qiymətləndirir. Kollegiya məhkəmənin mövqeyini əsassız sayır. İşin hallarından görünür ki, cavabdeh məhkəmə qətnaməsindən vaxtında verdiyi apellyasiya şikayətini Cəbrayıl Rayon Məhkəməsi vasitəsilə deyil, birbaşa Şirvan Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Cavabdeh bildirmişdir ki, apellyasiya şikayətinin birbaşa apellyasiya instansiyası məhkəməsinə deyil, birinci instansiya məhkəməsi və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğunu bilməmişdir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətini ilkin olaraq vaxtında vermişdir. Apellyasiya şikayəti Apellyasiya məhkəməsinə vaxtında verilmişdir. Bununla yanaşı, apellyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarmışdır. Bundan sonra, cavabdeh şikayətin qaytarılması barədə qərardadı əldə edəndən sonra dərhal- nöqsanları düzəltməklə apellyasiya şikayətini təqdim etmiş, eyni zamanda müddətin bərpasına dair ərizə də vermişdir. Kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdehə münasibətdə üzürlü hesab edilərək bərpa edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, Cavabdeh şikayəti təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-162/2024 saylı, 24 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(072)-162/20241 saylı qərardadı ləğv edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-162/2024 saylı, 24 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh ərizəsi təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1708/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1708/2024
08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver