Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1719/2022 01.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) X7 və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh, iddiaçının nümayəndəsi, vəkil X3 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(056)-48/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və pul tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X16 arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin ləğv edilərək, 4000 manat əsas borcun, 300 manat hüquqi xidmət haqqı və məhkəməyə müraciət etmək üçün 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4330 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müəyyən problemlərini həll etmək üçün xx.xx.2019-cu il tarixədək olan müddətə qaytarmaq şərti ilə X8 5000 manat borc pul alaraq bu barədə aralarında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində kredit müqaviləsi bağlamışlar.Onun əri X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.Cavabdeh sonradan üzərində olan borcundan 1000 manat ödəniş etmişdir.Lakin cavabdeh bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməyərək qaytarmalı olduğu borc məbləğini 19 ay müddət keçməsinə baxmayaraq tam olaraq geri qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(056)-48/2022 saylı qətnaməsi ilə (sədrlik edən F.Pənahov) iddia təmin edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 4000 (dörd min) manat borc hesabına yaranmış pul, ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi 30,40 AZN və 300 manat hüquqi xidmət haqqı, cəmi 4330,40 manat pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh 5000 manat puldan 1000 manatını plastik kart vasitəsilə, digər 4000 manat puldan isə 3000 manat pulu şahidlərin yanında Azər Əsgərova vermişdir, qalan 1000 manatı isə yaxın vaxtlarda ödəyəcəkdir, Azər Əsgərova 3000 manat verməsini şahidləri təsdiq etmişlər, lakin məhkəmə onun dəlillərinə düzgün qiymət verməmişdir. Apellyasiya şikayətində Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(056)-48/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi, vəkil X11 izahatında apellyasiya şikayətinin təmin edilmədən, Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(056)-48/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə tam mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin, iddiaçının nümayəndəsinin izahatlarını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(056)-48/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X4 tərtib və təsdiq etdiyi «Kredit müqaviləsi»ndən görünür ki, Cəfərov X6 Azər Vaqif oğlundan 5000 (beş min) manat pulu nəğd şəkildə almış və həmin pulu xx.xx.2019-cu il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. İşdə olan Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş Vİ-JQ 383587 saylı nikahın bağlanması barədə şəhadətnamədən görünür ki, X16 ilə X2 arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanmış və həmin nikah haqqında 306 nömrəli akt qeydi tərtib edilmişdir.Nikah bağlandıqdan sonra arvada Əsgərova soyadı verilmişdir. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 176723 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 31.01. 2021-ci il tarixdə Asfiksiya səbəbindən Abşeron rayon Masazır kəndində ölmüşdür.Bu barədə xx.xx.2021-ci il tarixdə 357 nömrəli akt qeydi tərtib edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Bakı şəhəri 34 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən tərtiv və təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi arvadı İddiaçıdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün vəkil Mənsur Məlikovun hesabına 300 manat məbləğində ödəniş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında iddianı qismən 1000 manat həddində qəbul edərək göstərmidir ki, o və mərhum Azər Əsgərov çox yaxın dost münasibətində olmuşlar.Ona xəstəliyi ilə əlaqədar pul lazım olduğu üçün Azərdən pul istəmiş və Azər ona notarial qaydada bağlanmış müqavilə əsasında 5000 manat borc pul vermişdir.Bir müddət sonra Azər ondan borcunu istəyərək özünə təcili pul lazım olduğunu və imkan varsa verdiyi puldan 1000 manat qaytarmasını ona bildirmişdir, Azərin ondan istədiyi 1000 manatı Bank Respublika ASC-yə məxsus plastik kartın balansına göndərmişdir.Bundan sonra o, borclu olduğu 3000 manatı onun dostu Natiqin, Quliyev Fərruxun, Cəfərov Elçinin və oğlu Hacının iştirakları ilə şəxsən Azərin özünə Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən çayxanada görüşərək mərhuma geri qaytarmışdır, Azər həmin yerə qırmızı Mercedes markalı avtomobillə gəlmişdir.Azər öldükdən sonra Azərin oğlu zəng edib ondan pulu tələb etmişdir.Daha sonra isə Azərin oğlu zəng edərək pulu ödəməsi barədə xəbərdar olmadığını ona bildirmişdir.Onun müqavilə üzrə ödənilməmiş 1000 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, cavabdeh Hacağa onun uzaq qohumudur. Təxminən 1 il 6 ay əvvəl o, Bakı şəhərində yerləşən maşın bazarına maşın satmaq üçün getmişdir.Maşın bazarında olan zaman cavabdeh ona zəng edərək 1000 manat pul lazım olduğunu və həmin pulu 20 yanvar adlanan ərazidə yerləşən oturduqları çayxanaya gətirməsini xahiş etmişdir, həmin yerə getmiş və həmin çayxanada birlikdə oturmuşlar. Onlar çayxanada olan zaman həmin yerə Azər adlı şəxs və yanında bir nəfər tanımadığı şəxs gəlmişdir.Hacağa Azərə həmin çayxanada 3000 manat pul vermişdir, pulu Azər yox, Azərin yanında gələn tanımadığı şəxs alaraq sayıb götürmüşdür, həmin vaxtı orada o, Azər, Hacağa, Fərrux, Azərin yanında gələn şəxs və Hacağanın oğlu Hacı olmuşdur. Şahidin ifadəsinə görə Hacağa Azərə həmin çayxanada 3000 manat pul vermişdir, həmin ifadəsinə zidd olaraq 3000 manat pulu Azərə Hacağanın əvəzinə özü verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, cavabdeh Hacağa onun atasıdır, atası Hacağanın Azərdən pul almasından xəbəri olmuşdur, Bakı şəhərində yerləşən 20 yanvar deyilən ərazidə çayxanada atası Hacağa, Fərrux və o, əyləşmişlər, sonradan ora Elçin də gəlmişdir, Azər ora gəldikdən sonra atası Hacağa Fərruxdan 2000 manat və Elçindən 1000 manat alaraq orada olan borc verən Azərə geri qaytarmışdır, atası əvvəllər borclu olduğu puldan 1000 manatını qaytardığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cavabdeh Bakı şəhərində 20 yanvar adlanan ərazidə yerləşən çayxanaların birində ondan 2000 manat borc pul alaraq həmin çayxanada birlikdə oturduqları Azərə verəcəyini bildirmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən iddiaçının təqdim etdiyi borc müqaviləsini cavabdehin müəyyən edilmiş müddətdə qaytarmaq şərtilə 5000 (beş min) manat borc almasını təsdiq edən sübut kimi qəbul etmişdir.Cavabdehin müqavilə üzrə borcundan 3000 manat ödəməsi barədə dediklərini əsaslı hesab etməmişdir, cavabdeh bunu təsdiq edə biləcək heç bir sübut məhkəməyə təqdim etməmiş və qeyd olunan müqaviləni mübahisələndirməmişdir.İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X4 tərtib və təsdiq etdiyi «Kredit müqaviləsi»ndən görünür ki, Cəfərov X6 Azər Vaqif oğlundan 5000 (beş min) manat pulu nəğd şəkildə almış və həmin pulu xx.xx.2019-cu il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür, kredit müqaviləsinin 6-cı bəndidnə qeyd edilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.Kredit müqavilsəinin iş materialına əlavə edilmiş əslindən görünür ki, borc verən və ya borc alan tərəfindən borcun hər hansı bir hissəsinin ödənilməsi barədə müqavilənin üzərində heç bir qeyd aparımamışdır, cavabdeh üzərində olan borcundan 1000 manatını ödəmiş, qalan 4000 manat məbləğində pul ödənilməmiş qalmışdır. Həmçinin işdən görünür ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə birinci instansiya məhkəməsi tərəfindən tənqidi yanaşılaraq hesab edilmişdir ki, cavabdeh və şahidlər yaxın qohumdurlar, bundan əlavə isə borc verənin ölmüş olmasını, hazırda onun dindirilməsinin mümkün olmamasını nəzərə alaraq şahidlərin ifadələrini sübut növü kimi qəbul etməmişdir. Məhkəmənin hüquqi mövqeyinə əsasən borcun alınması və ödənilməsi qaydası notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında müəyyən edilmişdirsə tərəflər arasında mübahisə yarandığı təqdirdə bir tərəfin həmin müqavilədə tərəflərin razılaşması ilə müəyyən edilmiş şərtlərə zidd olan qaydalara istinad etməsi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsində qeyd edilir ki, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsində qeyd edilir ki, müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər.Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşdən görünür ki, tərəflər arasındakı münasibət yazılı formada bağlanmış kredit müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh 5000 manat puldan 1000 manatını plastik kart vasitəsilə, digər 4000 manat puldan isə 3000 manat pulu şahidlərin yanında Azər Əsgərova vermişdir, qalan 1000 manatı isə yaxın vaxtlarda ödəyəcəkdir, Azər Əsgərova 3000 manat verməsini şahidləri təsdiq etmişlər, lakin məhkəmə onun dəlillərinə düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini iş materilları üzrə araşdırarkən cavabdeh tərəfindən borc aldığı 5000 manat puldan 1000 manatı plastik kart vasitəsilə ödəməsi sübut olunduğu müəyyən edilmiş, lakin qalan 4000 manat puldan 3000 manat pulu Azər Əsgərova verməsi sübut olunmadığı, bu barədə yazılı sübut təqdim olunmadığı üçün, həmçinin birinci instansiya məhkəməsi tərəfindən şahidlərin ifadələrinə tənqidi yanaşaraq şahidlərin ifadələri sübut növü kimi qəbul edilmədiyindən məhkəmənin cavabdehin dəlillərinə düzgün qiymət verməməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddiaçı iddia tələbində Cavabdeh notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə 4000 manat əsas borcun, 300 manat hüquqi xidmət haqqı və məhkəməyə müraciət etmək üçün 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4330 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(056)-48/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 4000 manat borc hesabına yaranmış pul, ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi 30,40 AZN, 300 manat hüquqi xidmət haqqı, cəmi 4330,40 manat pul tutularaq İddiaçı verilməsi qət edilməklə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(056)-48/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-1719/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1719/2022
01.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver