Məhkəmə qərarları › İş №2(106)-1726/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1726/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1726/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X3 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(073)-2253/2022 saylı qərardadından (hakim Osman Vəliyev) cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasım xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2253/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8000 (səkkiz min) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini, eyni zamanda ərizə verərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin ona münasibətdə üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2253/2022 saylı qətnaməsi ilə Cavabdeh 8000 (səkkiz min) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi ilə razı olmadığından apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdə, yəni qətnaməni rəsmi qaydada aldığı gündən 1 (bir) ay müddətində versə də, Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmədiyinə görə, yəni "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vermədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(073)-2253/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ona (Cavabdeh) münasibətdə bərpa olunmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Osman Vəliyev) 02 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(073)-2253/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizənin rədd edilməsi və müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Qərardaddan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(073)-2253/2022 saylı qətnaməsi ilə Cavabdeh 8000 (səkkiz min) manat pul və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmə müddətinin ötürülməsinin üzrlü hesab edilməklə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət verilmişdir. Lakin Cəlilabad Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(073)-2253/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Aşağıda qeyd olunanlara əsasən Cəlilabad Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(073)-2253/2022 saylı qərardadını əsassız hesab edir. Belə ki, o (cavabdeh) vəsatətində bildirmişdir ki, apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdə, yəni qətnaməni rəsmi qaydada aldığı gündən 1 (bir) ay müddətində versə də, lakin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmədiyinə görə, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə vermədiyindən apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. Belə olan halda da Cəlilabad Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(073)-2253/2022 saylı qərardadı əsassızdır. Qeyd olunanların nəzərə alınaraq Cəlilabad Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(073)-2253/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxılmış, Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(073)-2253/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 2253/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, Cavabdeh 8000 (səkkiz min) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xəbərnamədən görünür ki, cavabdeh Piriyev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2253/2022 saylı qətnaməsini xx.xx.2023-cü ildə poçt vasitəsilə almışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)- 2253/2022 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli məktubu ilə icra vərəqəsi icra olunması üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşdə olan 24 iyul 2023-cü il tarixli məktubla cavabdeh məhkəməyə müraciət etmişdir və xəstə olduğuna görə apellyasiya şikayəti verə bilmədiyini bildirmiş, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək müddət bərpa edilmişdir və 28 avqust 2023-cü il tarixli məktubla apellyasiya şikayəti baxılması üçün mülki işlə birgə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1560/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmədiyinə görə qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-2253/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İşdə olan xəbərnamədən görünür ki, sonuncu qərardad cavabdehə rəsmi qaydada 13 dekabr 2023-cü ildə çatdırılmışdır. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdeh məhkəməyə ərizə verərək qətnamənin təkrarən ona verilməsini xahiş etmişdir və həmin ərizədə cavabdehin imzası ilə aparılmış qeyddən görünür ki, qətnamə ona həmin gün təkrarən təqdim edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, rüsum ödənilmədən apellyasiya şikayəti verilməsi, şikayətin geri qaytarılması və üzərindən 5 ay müddət keçdikdən sonra yenidən şikayətin verilməsi, daha sonra şikayətin elektron qaydada verilməməsinə görə qeyri-mümkün hesab edilməsi və sonuncu geri qaytarma qərardadının cavabdehə təqdim edilməsindən 8 aya yaxın müddət keçdikdən sonra yenidən apellyasiya şikayətinin verilməsi hüquqi intizamsızlıq və ya hüquqi marağın olmaması ehtimalını yaradır və buraxılmış müddətin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh müddətin bərpasına dair ərizəni və sonuncu apellyasiya şikayətini vəkil vasitəsilə vermişdir ki, bu da onu deməyə əsas verir ki, cavabdeh daha əvvəl də, yəni, 2023-cü il dekabr ayında da bunu edə bilərdi. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, şikayətin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdeh şikayətini əsaslandırmamışdır və onun şikayətinin dəlilləri əsaslı deyil. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunvericiliyin məzmunundan görünür ki, qanunvericilikdə hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(073)-2253/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar