Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1727/2023 30.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qərardadından iddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İmişli rayon Qulubəyli bələdiyyəsinə məxsus möhür, ştamp və sənədlərin alınıb bələdiyyəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-979/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İmişli rayon Qulubəyli bələdiyyəsinin möhür və ştampının, o cümlədən maliyyə sənədlərinin Cavabdeh alınıb İmişli rayon Qulubəyli bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli göndəriş məktubu ilə İmişli Rayon Məhkəməsinin 2(036)-979/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsinin surəti tərəflərə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-979/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh 16 mart 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-865/2023 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 2(036)-979/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (X1 vasitəsilə Şirvan Apellyasiya Məhkəməsi üçün 50 manat) əlavə edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-865/2023 saylı qərardadından Cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayətində həmin qərardadın ləğv edilməsini və mülki işin apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətinə apellyasiya şikayətinin verilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə hesabına 50 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzin surətini əlavə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(102)-2879/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-865/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, mülki iş 22 iyul 2023-cü il tarixli göndəriş məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 22 avqust 2023-cü il tarixində isə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli göndəriş məktubu ilə isə mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmış, 30 avqust 2023-cü il tarixində İmişli Rayon Məhkəməsinə daxil olmuşdur. Cavabdeh 01 sentyabr 2023-cü il tarixində yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-979/2023 saylı, 09 fevral 2023cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə prosessual müddətin bərpa edilməsi haqqında ərizə əlavə edilmiş, ərizədə İmişli Rayon Məhkəməsinin 2(036)-979/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü hesab edilməklə, buraxılmış müddətin bərpa edilərək işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, o, İmişli Rayon Məhkəməsinin 2(036)-979/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə hüquqlarının pozulduğunu hesab edir. O, həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti tərtib edib elektron qaydada göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə İmişli Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti qanunvericiliyin tələblərinə əməl edilməməsi və dövlət rüsumunun ödənilməməsi göstərilməklə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, Ali Məhkəmə isə onun şikayətini təmin etməmişdir. Cavabdehə bildirilmişdir ki, işin İmişli Rayon Məhkəməsinə qaytarılmasını gözləsin, onda yenidən apellyasiya şikayəti verə bilər. Cavabdeh indi öyrənmişdir ki, iş rayon məhkəməsinə qaytarılmışdır. Ona görə də ödədiyi 50 manat dövlət rüsumuna dair qəbzi də əlavə etməklə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verir. İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Ülvi Qənbərov) ərizə təmin olunmuş, İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayəti vermə müddəti bərpa olunmuş və apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsi şikayət vermiş, şikayətində İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(036)- 979/2023 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin sabiq sədri olan Cavabdeh yenidən təkrar apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə verdiyi ərizə İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qərardadı ilə təmin edilmişdir. Qərardad tam qanunsuz və əsassızdır. İddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsinin sabiq sədri olan Cavabdeh qarşı təhvil-təslim aktının icra edilməsi tələbi İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Belə olan təqdirdə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında ərizə və məhkəmənin çıxardığı qərardad tam qanunsuzdur və açıq-aydın hüquq normalarına ziddir. Cavabdeh bələdiyyə sədri vəzifəsindən azad olunmasına baxmayaraq, heç bir səlahiyyəti olmadığı təqdirdə həmin qətnamədən bələdiyyə sədri qismində apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmadığına görə Şirvan Apellyasiya Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(106)-865/2023 saylı mülki iş üzrə qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh yenidən heç bir səlahiyyəti olmadığı təqdirdə bələdiyyə sədri qismində Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti versə də, 12 iyul 2023-cü il tarixli, 2(102)-2879/2023 saylı qərar ilə kassasiya şikayəti təmin edilməmişdir. Qərar qəbul edildiyi andan, yəni 12 iyul 2023-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Qərardadda göstərilir ki, İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qətnaməsi MPM-in 233.1ci maddəsində nəzərdə tutulan əsasa görə indiyədək qanuni qüvvəsini almamışdır. MPMin 233.1-ci maddəsinin hazırda sözügedən 09 fevral 2023-cü il tarixli qətnaməyə heç bir aidiyyəti yoxdur. Belə ki, MPM-in 233.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. MPM-in 233.3-cü maddəsində göstərilir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qərardadda adı çəkilməyən Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2023cü il tarixli, 2(102)-2879/2023 saylı qərarı ilə İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qətnaməsi öz hüquqi qüvvəsini almışdır. Daha sonra qərardadda göstərilir ki, Cavabdeh apellyasiya şikayəti vermə müddətini ötürməsi ondan asılı olmayan səbəbdən baş vermişdir. Niyə məhkəmə həmin səbəbi qərardadda göstərməmişdir? Məgər cavabdeh bilmirdi ki, onun artıq bələdiyyə sədri kimi heç bir səlahiyyəti olmadığına görə apellyasiya şikayətini imzalamaq səlahiyyəti yoxdur? İmişli Rayon Məhkəməsi apellyasiya şikayəti vermə müddətini bərpa etdiyinə görə əsaslı sübut, dəlil ortaya qoymalıdır. İmişli Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış, İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qərardadından İmişli rayon Qulubəyli bələdiyyəsi tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı öz şikayətinin əsas dəlili kimi ona istinad etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(102)- 2879/2023 saylı qərarı ilə İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)- 979/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının sözügedən qərarı işin mahiyyəti üzrə baxılması ilə əlaqədar qərar deyil. Belə ki, cavabdehin İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-865/2023 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş, cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(102)-2879/2023 saylı qərarı da məhz cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-865/2023 saylı qərardadından verdiyi kassasiya şikayəti ilə əlaqədar qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-865/2023 saylı qərardadı isə İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması nəticəsində qəbul edilmədiyindən, iddiaçının qeyd edilən dəlili əsaslı hesab edilə bilməz. Bundan başqa, iddiaçı şikayətində cavabdehin apellyasiya şikayətinin onun hazırda bələdiyyənin sədri olmaması səbəbindən geri qaytarıldığını qeyd etsə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli, 2(106)-865/2023 saylı qərardadından görünür ki, cavabdehin apellyasiya şikayəti ona qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin (X1 vasitəsilə Şirvan Apellyasiya Məhkəməsi üçün 50 manat) əlavə edilməməsi səbəbindən qeyri-mümkün hesab edilmişdir. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, cavabdehin ilk dəfə qanunla nəzərdə tutulmuş prosessual müddət ərzində verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə MPM-in 363.1.2-ci maddəsinə uyğun olaraq qeyri-mümkün hesab edilmişdir. Bundan sonra, cavabdeh qeyd edilən nöqsanı aradan qaldıraraq apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəmişdir. MPM-in 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, qanunverici MPM-in 363.1.2-ci maddəsində nəzərdə tutulmuş nöqsanın aradan qaldırılmasından sonra şikayət vermiş şəxsə yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ vermişdir. Həmçinin, iş materiallarından aydın olur ki, cavabdehin yenidən apellyasiya şikayəti ilə müraciət etməsinin 01 sentyabr 2023-cü il tarixində baş verməsi hazırkı mülki işin 30 avqust 2023cü il tarixində İmişli Rayon Məhkəməsinə daxil olması ilə əlaqədardır. Bu isə onu göstərir ki, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin dəlilləri əsaslıdır. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Cavabdeh MPM-in 133.3-cü maddəsinə uyğun olaraq müddətin bərpasına dair ərizəsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini də əlavə etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmiş, hər hansı prosessual hüquq normasını pozmamışdır. Bu baxımdan iddiaçının şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 11 sentyabr 2023-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də İmişli Rayon Məhkəməsinin 2(036)- 979/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Ona görə də iddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(036)- 979/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(036)-979/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1727/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1727/2023
30.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver