Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1740/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin e- 2(064)-34/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc qismində 46352 manat, əsas borcun gecikdirməsinə görə cərimə qismində 4635,2 manat və dövlət rüsumuna görə ödənilmiş 242,96 manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2021-ci ildə Bakı Səadət Sarayında rəsmi nikah aktı qeydə alınmışdır. Cavabdeh İran vətəndaşı Marzieh Shafeipour ilə rəsmi nikahda olduğu halda, özünü subay şəxs kimi təqdim edərək, heç zaman evli olmadığını, İran vətəndaşı ilə nişanlı olub ayrıldığını söyləyərək iddiaçını aldadaraq nikaha girməyə nail olmuşdur. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlə birlikdə İrana səfər edərkən, İranlı xanımı tərəfindən İranda məhkəməyə verilməsindən xəbərdar olub. Daha sonra İranlı xanım iddiaçının ailəsiylə əlaqəyə keçərək toy görüntülərini, rəsmi nikah sənədlərini təqdim etmişdir. Cavabdeh 2 ilə yaxın müddətdə həm iddiaçı, həm İran vətəndaşı ilə rəsmi nikahda olmuşdur. Sonradan iddiaçıya cavbdehin əsl niyyətinin maddi maraq olduğu məlum olmuşdur. Belə ki, birgə toyları üçün çəkilmiş xərclərin hamısını iddiaçıdan almış, özünün işlərinin yubandığını, sonradan çəkilmiş xərcləri qaytaracağını demişdir. Hətta iddiaçıya hədiyyə edilmiş qızılları da toydan bir neçə gün sonra almışdır. Bundan əlavə, cavabdeh toy ərəfəsində Bank Respublikadan iddiaçının adına 10000 manat məbləğində, toydan sonra isə iddiaçının atasının adına 19700 manat məbləğində krediti götürərək özü ödəyəcəyini demiş, lakin ödəməkdən boyun qaçırmışdır. İddiaçı hər ay cavabdehin götürdüyü istəmədiyini deyərək işdən çıxarmış və işdən çıxması ilə əlaqədar ödənmiş 3400 manat məbləğində son haqq-hesabı almışdır. Qeyd edilən məsələlər barədə səs yazıları, WhatsApp və mail yazışmaları mövcuddur. Bundan əlavə, cavabdehin ailəsi də məsələni bilərəkdən gizlətmiş, xx.xx.2021-ci il tarixində baş tutmuş elçilik mərasimində cavabdehin atası X2 “Taqət heç zaman evli olmayıb, toyu olmayıb” deyərək cavabdehin subay şəxs olduğuna inandırmışdır. Cavabdehin İrandakı arvadı İran vətəndaşı Marzieh Shafeipour ilə əlaqə yarandıqdan sonra onlara məlum olmuşdur ki, cavabdeh onu da eyni məqsədlə aldatmış, özünü ona Rusiya Respublikasında diplomat və iş adamı kimi təqdim etmiş, həmin qadının da külli miqdarda pullarını ələ keçirmişdir. Ümumilikdə cavabdeh iddiaçıya 50.987,2 manat məbləğində (bank faizləri ilə birlikdə 12220 manat iddiaçının adına, 25732 manat isə iddiaçının atası X1 adına ayrılmış istehlak krediti, 3400 manat işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesab, 5000 manat dəyərindəki qızılları) maddi ziyan vurmuşdur. Füzuli Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Elmir İsmayılov) 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, caabdeh Cavabdeh İddiaçı adına götürülmüş 12220 manat bank faizləri ilə birlikdə kredit borcu, iddiaçının atası X1 adına götürülmüş 19700 manat məbləğində kredit borcu, 3400 manat iddiaçının işdən çıxması ilə bağlı ödənilmiş son haqq-hesab və 4300 manat tələb olunan qızıl-zinət əşyalarının əvəzi, gecikdirilmiş vaxt üçün 3962 manat və dövlət rüsumuna görə ödənilmiş 207,7 manat olmaqla cəmi 43789,7 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin e-2(064)-34/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vəsatət göndərərək, tərəflər arasında mediasiya sessiyası keçirilmədiyi üçün Füzuli Rayon Məhkəməsinin 2(064)-34/2024 saylı iş üzrə xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsi və 2(064)-34/2024 saylı mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, iş üzrə əvvəlki məhkəmə proseslərində iştirak etmədiyindən mediasiya prosesinin keçirilibkeçirilməməsi barədə məlumatı yoxdur. Hesab edir ki, iddia tələbinin bir hissəsinə münasibətdə mediasiya prosesinin keçirilməsinə zərurət var, eləcə də, tərəflər arasında faktiki cəhətdən ərarvad münasibətləri mövcud olmadığından mediasiya prosesinin keçirilməsinə zərurət yoxdur. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək iş üzrə qətnamənin ləğv olunmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, eləcə də cavabdehin nümayəndəsi və vəkili vəsatətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 150.0.8-ci maddəsininin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilən sənədlərdən biri kimi göstərilmişdir. Lakin hazırki mülki iş materiallarına tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.13-cü maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 2021-ci il iyulun 1-dən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə görə aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğunu yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə əməl olunmamış, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin mediasiya prosesində iştirakının qanundan irəli gələn imperativ tələb olduğu halda, onların mediasiya prosesində iştirak etməməsini, eləcə də birinci instansiya məhkəməsinin bu halı araşdırmadan müvafiq qətnamə qəbul etməsini nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməsi və mülki iş baxılmamış saxlanılmalıdır. MPM-in 387.2.8.-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq bildirir ki, iddianın baxılmamış saxlanılması üçün əsas olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxaraq prosessual hüquq normasını pozduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim etdiyi digər vəsatətlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından həmin vəsatətlərin araşdırılması və hüquqi qiymət verilməsi zərurəti yoxdur. Məhkəmə kollegiyası iddiaçıya bildirir ki, hazırkı iş üzrə qətnamənin ləğv edilərək, iddianın baxılmamış saxlanması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin e-2(064)-34/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1740/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1740/2024
06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver