Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1741/2023 22.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-775/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4512,80 manat, dövlət rüsumu üçün ödənilmiş 100 manat, əldən çıxmış faydaya görə 1000 manat, mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 7812,80 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin onun 6312,80 manatını dələduzluq yolu ilə ələ keçirməsi həm istintaq, həm də məhkəmə yolu ilə sübut olunmuşdur. Bununla bağlı, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü mövcuddur. Həmin hökmdən cavabdeh apellyasiya şikayəti verməmişdir. Qeyd edilən məbləğdən cavabdeh iddiaçıya cəmi 1800 manat ödəmişdir. Mülki qanunvericiliyin tələbinə görə iddiaçının əldən çıxmış faydanı və cavabdehin onun dələduzluq yolu ilə ələ keçirdiyi pulu ilə bağlı illərdir ki, çəkdiyi stress və sairəyə görə cavabdehdən mənəvi təzminat tələb etmək hüququ var. İddiaçı sonradan vəsatət verərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatətini onunla əsaslandırmışdır ki, cavabdehin onun 6312,80 manatını dələduzluq yolu ilə ələ keçirməsi həm istintaq yolu ilə, həm də məhkəmə yolu ilə sübut olunduğundan həmin hissənin yenidən sübuta ehtiyacı yoxdur. Cavabdeh həmin puldan cəmi 1800 manat qaytarmış və 4512,80 manat qaytarmamışdır. Onun iddiaçıya 1800 manatdan artıq pul qaytarmasına dair heç bir sübut yoxdur. Bundan əlavə, cavabdehin ələ keçirdiyi pul iddiaçının müalicəsinin pulu olmuşdur. İddiaçı da müalicəsinin davam etdirilməsi üçün məcbur qalıb həyətində olan ümumi dəyəri 7000 manatdan artıq olan iri və xırda buynuzlu heyvanları hissə-hissə cəmi 5000 manata satıb müalicəsinə sərf etmişdir. Həmçinin, cavabdeh keçirilən məhkəmə iclasında hamının qarşısında bildirmişdir ki, guya iddiaçı ilə 6 ay ər-arvad münasibətində olmuşdur. Həmin məhkəmə iclası açıq keçirilmiş və onun dediklərini hər kəs eşitmişdir. Onun iddiaçı haqqında söylədikləri iddiaçının ailəsinin və qeyrilərinin yanında yüngül əxlaqlı qadın kimi tanınmasına və onun ərə getməməsinə səbəb olmuşdur ki (iddiaçı ümumiyyətlə ərə getməmişdir), buna görə də iddiaçı dərin sarsıntı keçirmiş və hətta intihara belə cəhd etmək fikrinə düşmüşdür. Cavabdehlə onun arasında olan telefon danışığının səs yazısında o özü etiraf edir ki, onunla 6 ay ər və arvad münasibətində olması barədə dedikləri yalandır və bunu qəsdən demişdir. Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(018)-775/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim İlqar Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 4512,80 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(018)-775/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, tələbin mənəvi zərər hissəsini onunla izah edir ki, cavabdeh onun barəsində açıq keçirilən məhkəmə iclasında bütün şəxslərin yanında demişdir ki, guya onunla 6 ay ər-arvad kimi yaşamışdır. Onun bu dedikləri məhkəmə aktında qeyd olunmuşdur. Bundan sonra, iddiaçı onunla telefonla danışmış, onun nə üçün belə dediyini ondan soruşmuşdur. Cavabdeh ona demişdir ki, özünü müdafiə üçün qəsdən belə demişdir. Onunla olan telefon danışığını iddiaçı qeydə almış və həmin səs yazısı olan CD diski birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin işə baxan hakim həmin CD diskə qiymət verməmiş, belə bir CD diskin verilməməsi görüntüsünü yaratmış və mənəvi təzminatı nə üçün istədiyini belə qəbul etdiyi qətnamədə qeyd etməmişdir. Halbuki, iddiaçı ümumiyyətlə ailə qurmamışdır və onun hamının qarşısında iddiaçı ilə guya 6 ay ər-arvad kimi yaşadığını dedikdən sonra vətəndaşların arasında iddiaçıya qarşı münasibət tamam dəyişmiş və hər yerdə iddiaçı haqqında xoşagəlməz sözlər danışmağa başlamışlar. Cavabdehin guya iddiaçı ilə ər-arvad kimi yaşadıqlarına dair iddiaçı haqqında yalan danışması iddiaçının iztirab, stress çəkməsinə səbəb olmuşdur. Cavabdeh iddiaçıya borcundan 1100 manat verməmişdir və bununla bağlı heç bir sübut mövcud deyil. Cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş, iddiada göstərilənlərlə bağlı məhkəməyə etiraz verməmişdir. Amma bütün bunlara baxmayaraq məhkəmə iddiaçının iddiasını tam təmin etməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və onun məzmununa uyğun çıxış etdi. O, verilmiş suallara cavab olaraq bildirdi ki, X1 debitor mühəndisi vəzifəsində işləyir və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Həmçinin, o, mənəvi zərərin vurulmasının nə ilə bağlı olmasına dair verilmiş suala cavab olaraq bildirdi ki, cavabdeh cinayət işi üzrə keçirilən məhkəmə iclasında onunla 6 ay ər-arvad münasibətində yaşadığını bildirmiş, bunu orada iştirak edən hər kəs eşitmiş, bu isə iddiaçının ailəsi və cəmiyyət içərisində nüfuzunu ləkələmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(062)- 89/2022 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 23 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 günü azadlığın məhdudlaşdırılması 02 gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 10 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablanması qərara alınmışdır. İşdə surəti olan Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(062)- 89/2022 saylı hökmünün məzmunundan görünür ki, təqsirləndirilən şəxs Cavabdeh özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə sosial şəbəkə vasitəsilə tanış olduğu İddiaçı İsrail dövlətində bariotik (mədə kiçiltmə) əməliyyatı etdirəcəyi ilə bağlı yalan vəd verib 2019-cu ilin may ayından 2019-cu ilin iyun ayına kimi olan müddət ərzində hissə-hissə olmaqla, cəmi 6312,80 manat məbləğində qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşdə surəti olan Tovuz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(062)- 89/2022 saylı hökmünün məzmunundan görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Astara şəhəri, S.Vurğun küçəsi, bina 1A, mənzil 28-də qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 44-də ailə üzvləri ilə birlikdə yaşayır, taksi fəaliyyəti ilə məşğul olur. Tovuz şəhər sakini İddiaçı tanıyır, onunla təxminən 4 il bundan əvvəl internet vasitəsilə tanış olmuş, sonradan aralarında yaxın sevgi münasibətləri yaranmış və görüşməyə başlamışlar. Aybəniz Bakı şəhərinə tez-tez gəlmiş, onu qarşılamış və Bakı şəhərində onunla görüşmək üçün kirayə götürdüyü evdə bir yerdə qalmışlar. Aybənizlə təxminən 6 ay ər-arvad münasibətində olmuşlar. O özü ailəlidir, iki övladı var, ancaq Aybəniz onun ailəli olmağını bilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının hazırkı tələbi 4 hissədən ibarətdir: 1) 4512,80 manat, 2) dövlət rüsumu üçün ödənilmiş 100 manat, 3) əldən çıxmış faydaya görə 1000 manat, 4) mənəvi zərərə görə 2000 manat. Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(018)- 775/2023 saylı qətnaməsi ilə iddia tələbi 4512,80 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat ilə bağlı hissələrdə təmin edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, qətnaməni iddia tələbinin təmin edilməmiş hissələrində - əldən çıxmış faydaya görə 1000 manat və mənəvi zərərə görə 2000 manat hissələrində mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zaman iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, X1 debitor mühəndisi vəzifəsində işləyir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Məhkəmə kollegiyası iddiaçının bildirdiklərinə əsasən qeyd edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması müəyyən edilir və belə olan halda onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış faydanın) olması ağlabatan deyil. Ona görə də məhkəmə kollegiyası iddia tələbinin 1000 manat əldən çıxmış fayda tələbinə dair hissədə iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası iddia tələbinin 2000 manat mənəvi zərər hissəsi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri sayır: Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ və İİİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 326.1-ci maddəsinə əsasən, məhkəmə iclasında sədrlik edən dindirməni başlayarkən təqsirləndirilən şəxsə elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edir. Sadalanan normaların məzmunundan göründüyü kimi, cavabdehin bir vətəndaş kimi pozulduğunu hesab etdiyi hüquqlarının bərpası və müdafiəsi məqsədilə qanunla qorunan məhkəməyə müraciət etmək hüququ, eyni zamanda onun məhkəmə iclasında dinlənilmək hüququ var. Cavabdeh Tovuz Rayon Məhkəməsinin icraatında olmuş 1(062)- 89/2022 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə vermişdir. İddiaçı ona mənəvi zərərin vurulması əsasını izah edərkən bildirmişdir ki, cavabdeh qeyd edilən cinayət işi üzrə öz ifadəsində onunla 6 ay ər-arvad kimi yaşadığını bildirməklə onu mənəvi zərərə uğratmışdır. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, həmin ifadə iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Cavabdehin təqsirləndirilən şəxs qismində cinayət işi üzrə verdiyi ifadədə işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə ifadə verməsi belə nəticəyə gəlməyə əsas verir ki, həmin ifadələr iddiaçının şərəf və ləyaqətinə toxunan məlumatları yaymaq və ya iddiaçıya mənəvi zərər vurmaq məqsədi deyil, işin halları barəsində məlumat vermək məqsədi daşımışdır. Bu halda həmin ifadələr Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilmiş qaydada şərəfin və ləyaqətin ləkələnməsinə yönəlmiş məlumatlar kimi qiymətləndirilə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdehin cinayət işi üzrə verdiyi ifadə yalnız məhkəmə iclasında verilmiş, iddiaçının şərəf və ləyaqətinin alçaldılması məqsədilə qeyri-müəyyən şəxslər dairəsinə yayılmamışdır. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini mənəvi zərərin tutulması hissəsində də təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(018)-775/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(018)-775/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1741/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1741/2023
22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver