Məhkəmə qərarları › İş №2(106)-1746/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1746/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1746/2025 10.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(055)-1254/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5500 manat maddi ziyanın, 3000 manat mənəvi ziyanın və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı göstərir ki, “Upsilon” şirkəti ilə Cavabdeh arasında bağlanmış müqavilənin icrası ilə bağlı cavabdehin tapşırığı əsasında 27 aprel 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il tarixədək Saatlı, Sabirabad, İmişli və Salyan rayonları ərazisində rabitə xətlərinin çəkilişi üzrə mühəndis və iş rəhbəri kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun əməyindən mütəmadi şəkildə istifadə edilməsinə baxmayaraq cavabdeh onunla əmək müqaviləsi bağlamamış, lakin aralarında razılaşma olmuşdur ki, verilmiş iş tapşırıqlarının əvəzində işlər başa çatanadək cavabdeh hər ay ona 1500 manat pul verəcəkdir. Bundan sonra o, üzərinə götürdüyü bütün tapşırıqları yerinə yetirmiş, cavabdeh isə aralarında olan razılaşmanı pozaraq 5500 manat pulu ona verməmişdir. Belə ki, ödənişsiz çalışması ona həm ciddi şəkildə maddi ziyan vurmuş, həm də ailəvi və psixoloji sıxıntılara, stress və sosial zərbə almasına səbəb olduğundan mənəvi ziyan çəkmişdir. Bundan başqa, cavabdeh tərəfindən çağırılmış və onun vasitəsi ilə işə cəlb edilmiş şəxslər də var ki, onların da pulları cavabdeh tərəfindən ödənilməmişdir. Həmin şəxslər hazırda şahid qismində ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq edə bilərlər. Beləliklə, cavabdehlə şəxsən və telefon vasitəsilə dəfələrlə əlaqə saxlayaraq ondan 5500 manat pulu tələb etmiş, cavabdeh həmin pulu qaytaracağını desə də, hazırki vaxtadək qaytarmamışdır. Bunda sonra cavabdehdən həmin pulu ala bilməyəcəyini düşünüb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Cavabdeh 5500 manat maddi ziyanın, 3000 manat mənəvi ziyanın və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(055)-1254/2025 saylı qətnaməsi ilə (Hakim: İxtiyar Abuşov) iddianın qismən təmin edilməsi, Cavabdeh 5500 (beş min beş yüz) manat alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddiaçının şirkətlə əlaqəsı olmamışdır. O, Cavabdeh işini görmüş, onu tanımışdır. Cavabdeh “Upsilon” şirkətinin nümayəndəsi olmuşdur, mühəndis olaraq işləmişdir. Cavabdeh dəfələrlə əmək müqaviləsi bağlamağı tələb etmiş, lakin qarşı tərəf fərqli bəhanələrlə yayınmışdır. 5 ay yarım onun işini icra etmişdir, lakin Cavabdeh ona əmək haqqını ödəməmişdir. Apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (təmsil olunmamış), səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminə İddiaçı barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. İşdən görünür ki, hər iki tərəf fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir, qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi sahibkar qismində vergi ödəyicisi kimi vergi orqanında uçota alınmışlar (VÖEN-ə malikdirlər), onlar arasında hüquqi mübahisə müxtəlif rayonlarda rabitə xətlərinin çəkilişinə görə xidmət haqqının ödənilməsi ilə əlaqədar yaranmışdır. MPM-in 24.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3.-cü maddəsinə əsasən Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il tarixli 18 sentyabr 10 saylı Qərarında müəyyən edilmişdir ki:

8. Nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir”. Kollegiya hesab edir ki, hazırkı mübahisə mahiyyət etibarilə kommersiya xarakterlidir və birinci instansiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə baxılması məhkəmə aidiyyəti qaydalarının pozulması ilə nəticələnmişdir. İş materiallarının təhlili göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək münasibətləri kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən əmək münasibətlərinin yaranması üçün tərəflər arasında əmək müqaviləsinin bağlanması zəruridir. Hazırkı iş üzrə isə tərəflər arasında əmək müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. İddiaçının öz izahatında əmək müqaviləsinin bağlanmadığını bildirməsi də bu halı təsdiq edir. Beləliklə, iddiaçının tələblərini “əmək haqqının ödənilməməsi” kimi təqdim etməsi hüquq münasibətlərinin real mahiyyətini dəyişmir. Mübahisənin predmeti əmək münasibətlərindən irəli gələn hüquq və vəzifələr deyil, tərəflər arasında faktiki olaraq formalaşmış mülki-hüquqi öhdəliyin icra edilməməsindən irəli gələn maddi tələblərdir. Bu isə münasibətlərin tapşırıq müqaviləsinə xas xüsusiyyətlər daşıdığını göstərir. Eyni zamanda iş materiallarından görünür ki, həm iddiaçı, həm də cavabdeh vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış, yəni sahibkarlıq fəaliyyəti subyekti qismində çıxış etmiş şəxslərdir. Tərəflər arasında yaranmış münasibətlər onların sahibkarlıq fəaliyyəti çərçivəsində, xidmətin göstərilməsi və həmin xidmətə görə ödənişin həyata keçirilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə görə isə məhkəmə aidiyyəti mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12–14-cü bəndlərində izah edilmişdir ki, ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə, delikt və ya birgə fəaliyyət münasibətlərindən irəli gələn mübahisələr kommersiya mübahisələri hesab olunur. Hazırkı işdə də tərəflər arasında münasibətlər sahibkarlıq fəaliyyəti çərçivəsində yaranmış mülki-hüquqi öhdəlikdən qaynaqlanır. Plenum qərarının 18-ci bəndində göstərilən əmək münasibətlərindən irəli gələn mübahisələrin müstəsna qaydada ümumi məhkəmələrə aid edilməsi qaydası isə yalnız tərəflər arasında əmək münasibətlərinin mövcudluğu sübuta yetirildiyi hallara şamil edilir. Hazırkı iş üzrə belə münasibətlərin mövcudluğu müəyyən edilmədiyindən, mübahisənin ümumi məhkəməyə aid edilməsi üçün hüquqi əsas yoxdur. Bundan əlavə, Plenum qərarının 28-ci bəndinə əsasən, fiziki şəxsin fərdi sahibkar kimi vergi uçotunda olması və fəaliyyətini müvəqqəti dayandırması onun sahibkar statusunu aradan qaldırmır. Eyni zamanda, fərdi sahibkarın vergi uçotunda göstərilən konkret fəaliyyət növündən fərqli sahədə fəaliyyət göstərməsi də mübahisənin kommersiya xarakterini dəyişmir. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı mülki-hüquqi münasibətlərdən irəli gəldiyindən, işə kommersiya məhkəməsində baxılmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən işin ümumi məhkəmədə baxılması məhkəmə aidiyyəti qaydalarının pozulması olmaqla, qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas yaradır. Kollegiya apellyasiya şikayətinin dəlillərini, tərəflərin subyektiv tərkibi, mübahisənin predmetini, eləcə də hüquq münasibətlərinin xarekterini nəzərə almaqla hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin (bax §§7-8) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə Plenum Qərarının 12-ci bəndində (bax §8) formalaşdırılmış hüquqi mövqelərdən də aydın olur ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu görünür. Lakin birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən, yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Saatlı rayonu olduğundan, hazırkı iş aidiyyəti üzrə onun rəsmi qeydə alındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Saatlı rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(055)-1254/2025 saylı qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(055)-1254/2025 saylı qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar