Məhkəmə qərarları › İş №2(106)-1768/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1768/2023

30.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1768/2023 30.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(018)-808/2023 saylı qətnaməsindən (hakim M.Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 14000 (on dörd min) manat pulun və ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir. Cavabdeh 27 fevral 2023-cü il tarixdə ondan 14000 (on dörd min) manat borc pul istəmişdir. O, Cavabdeh həmin tarixdə 14000 (on dörd min) manat borc pul vermişdir. Aralarında olan razılığa əsasən Cavabdeh bu barədə ona müvafiq qəbz də yazıb vermişdir. Aralarındakı razılığa əsasən Cavabdeh borcunu 10 aprel 2023-cü il tarixə kimi ona ödəməli idi. Ancaq Cavabdeh ona olan borcunu qaytarmamışdır. Bütün bunlar əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(018)-808/2023 saylı qətnaməsi ilə İddiaçının Cavabdeh qarşı "pul tələbi barədə” iddiası təmin olunmuş, Cavabdeh 14000 (on dörd min) manat borc pulun və ödənilmiş dövlət rüsumuna görə 134 (bir yüz otuz dörd) manat məbləğində olan pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, onun iddiaçıya 6000 manat borcu olmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 2, 8, 9 və 14-cü maddələrinin tələblərinə zidd olduğundan ləğv edilməlidir. MPM-nin 14-cü maddəsinin tələblərinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtəfəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaramalıdır. Bunun üçün işdə iştirak edən şəxslərə onların prosessul hüquq və vəzifələrini izah etməli və onların prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərilməlidir. Qeyd edilən maddənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Lakin məhkəmə qətnaməsindən görünür ki, cavabdehə məhkəmənin yeri və vaxtı barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Bildirir ki, Astara Rayon Məhkəməsinin hakimi tərəfindən xx.xx.2023-cü il tarixdə işə baxılarkən cavabdehə işin baxılması barədə nə telefon vasitəsilə, nə də rəsmi məktubla məlumat verilməmiş ona görə də cavabdeh məhkəmədə iştirak edə bilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, cavabdeh İddiaçı 14000 manat pul almışdır və bu barədə ona rəsmi surətdə qəbz vermişdir. Lakin qeyd etmək istəyir ki, cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixdə 14000 manat deyil, 7000 manat borc pul almışdır. 10 aprel 2023cü il tarixdə həmin pulu ödəməli idi. Həmin gün ona borclu olduğu 7000 manatdan 1000 manatını vermiş və bildirmişdir ki, bir neçə aya qalan 6000 manatı ödəyəkdir. Lakin iddiaçı cavabdehə bildirmişdir ki, ona inanmır və ona görə də cavabdehdən tələb etmişdir ki, cavabdeh ona 14000 manat pula qəbz yazıb versin və iddiaçı, cavabdeh onun pulunu tam ödəyib qurtardıqdan sonra həmin qəbzi cavabdehə qaytaracaqdır. Ona görə də cavabdeh məcbur qalıb iddiaçıya 14000 manat pul alması barədə qəbz yazmışdır və həmin dövrdə X2 ( yaşayış yeri Astara rayonu Siyakür kəndi, Əlaqə: ***-***-**-**) şahiddir. Cavabdeh bir daha etiraf edir ki, cavabdehin iddiaçıya 6000 manat borcu qalıb və qısa müddətdə çalışıb onun borcunu ödəyəcəkdir. Görünür ki, Zahirov cavabdehdən həmin qəbzi alan kimi guya cavabdehə 14000 manat pul verib və buna görə də məhkəmədə iddia qaldırmışdır. Apellyasiya Məhkəməsindən xahiş edir ki, işə Apellyasiya qaydasında baxılarkən qeyd etdiyi faktlar bir daha araşdırılsın və həmin 14000 min manata qəbzin yazılması zamanı yanında olan şahid X2 dəvət edilsin. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o uzun müddət Rusiyada yaşamışdır. Rusiyada yaşadığından həmkəndli olsalar da cavabdehin şəxsiyyətini elə də yaxından tanımamışdır. 2023-cü ildə Cavabdeh 14000 manat borc pul vermiş, o da öz növbəsində həmin pulu qısa zaman müddətində ona qaytarmağa qəbz yazmaqla söz vermişdir. Lakin sonradan öyrənmişdir ki, cavabdeh əvvəllər dələduzluq etdiyinə görə məhkum olunmuşdur. Həmçinin hazırda da onun başqa-başqa şəxslərə də borcu vardır. Qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarına da gəlməmişdir və əmindir ki, bu iclaslara da gəlməyəcəkdir. O, 200 km-dən çox məsafə qət edərək iclasa gəlmişdir. Buna görə də məhkəmə iclasının təxirə salınmasına etiraz edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh hər hansı bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. O, məhkəməyə teleqram vuraraq xəstəliyi ilə bağlı iclasda iştirak edə bilməyəcəyini bildirsə də müvafiq arayışı məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın 6000 manat hissəsində təmin edilməsini xahiş etməklə o, qətnaməni ondan 8000 manat pulun tutulmasına dair hissədə mübahisələndirmişdir. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Astara rayonu Siyəkü kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxx 1967-ci il tarixdə anadan olmuş və Astara rayonu Siyəkü kəndində yaşayır. Mülki işə əlavə edilmiş yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 27 fevral 2023cü il tarixdə 10 aprel 2023-cü il tarixə kimi qaytarmaq şərti ilə 14000 (on dörd min) manat məbləğində borc pul götürmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 134 (bir yüz otuz dörd) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan borc olaraq 14000 manat pul almışdır. İddiaçı cavabdehdən 14000 manat borcunu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı yazılı qəbzə əsasən 27 fevral 2023-cü il tarixdə, 10 aprel 2023-cü il tarixə kimi qaytarmaq şərti ilə 14000 (on dörd min) manat məbləğində borc pul götürmüşdür. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, götürmüş olduğu borcdan bu günə kimi ödəməmişdir. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Hazırda Cavabdeh qətnaməni qismən ondan tutulan 14000 manat pulun 8000 manat hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin şikayəti əsasında, qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Cavabdeh şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsində onun iştirakı təmin edilməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından da, müəyyən olunur ki, birinci instansiya məhkəməsində Cavabdeha məhkəmə iclaslarının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilmişdir. Hətta iş materiallarına əlavə edilmiş 03 avqust 2023-cü il tarixli, AZ1134/********** nömrəli poçt teleqramından da, müəyyən edilir ki, cavabdeh məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdehin xahişinə əsasən də, məhkəmə iclası təxirə salınmış, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Bu da, onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin cavabdeh özü məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin iddiaçıya cəmi 7000 manat borcunun olması, həmin borcdan 1000 manatının ödəməsini, 14000 manat borcun olması barədə qəbzin formal olaraq yazıldığı barədə şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ilkin olaraq həmin qəbzin formal olaraq bağlanmasını cavabdeh sübut etməlidir, lakin cavabdeh buna dair məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh borcun müəyyən hissəsini ödədiyini bildirirsə də, necə ki, iddiaçı qəbzlə cavabdehin ona borclu olduğunu sübut edir, cavabdeh də, borcun ödənilməsinə dair məhkəməyə müvafiq sübutlar təqdim etməlidir. Eyni zamanda məhkəmə kollegiyası şahidin dindirilməsi ilə bağlı cavabdehin şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak edərək şahidinin həmin məhkəmədə dinlənilməsi barədə vəsatət verə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 8000 manatdır, 5000 manatdan çoxdur. Buna görə də, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(018)-808/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar